• cümə, 29 Mart, 01:12
  • Baku Bakı 7°C

Taxıl sahələrindən qısa müddətdə 171 min tondan çox məhsul yığılıb - zəmilərə 1079 kombayn çıxarılıb

07.06.20 14:15 558
Taxıl sahələrindən qısa müddətdə 171 min tondan çox məhsul yığılıb - zəmilərə 1079 kombayn çıxarılıb
Bu il ölkədə 1 milyon 9 min hektardan çox sahədə taxıl becərilib və indiyədək 58 min hektara yaxın sahədə biçin aparılıb. Zəmilərə 1079 kombayn cəlb edilib.
AZƏRTACxəbər verir ki, respublika ərazisində taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirib ki, becərilən sahələrin 640 min hektarını buğda, 369 min hektarını isə arpa sahəsi təşkil edir. Hazırda 24 rayon arpa sahələri biçilir. Bu günə kimi sahələrin 5,7 faizi, yəni 57 min 977 hektarı biçilib və 171 min 808 ton məhsul yığılıb. İlkin mərhələdə məhsuldarlıq 29,6 sentnerə bərabər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsuldarlıq yüksəkdir.
Biçin aparılan rayonlardan biri də Saatlıdır. Burada da göstəricilər yüksəkdir. Rayonda 22986 hektar taxıl sahəsi var. Zəmilərin 17731,5 hektarını buğda, 5254,5 hektarını isə arpa sahələri təşkil edir. Saatlıda bu günə kimi arpa sahələrinin üçdəbiri biçilib, orta məhsuldarlıq 37,6 sentner olub.
"Ümumiyyətlə, aran bölgəsində iyunun 15-dək arpa sahələrində biçinin yekunlaşdırılması nəzərdə tutulub. Daha sonra isə buğda sahələrində biçinə başlanılacaq. Ötən il orta məhsuldarlıq 32 sentnerə bərabər idi, builki hədəf isə daha yüksəkdir”, - deyə Vüqar Hüseynov bildirib.
Zəmilərin vaxtında və itkisiz biçilməsi üçün sahələrə müasir texnikalar çıxarılır. "Aqrolizinq” ASC-nin idarə heyətinin sədri Elmin Rəhmanovun sözlərinə görə, biçin işləri üçün hazırda zəmilərə 1079 kombayn cəlb olunub: "Kombaynların 359-u "Aqrolizinq” ASC-yə məxsusdur. Həmçinin sahələrdə biçinin optimal müddətdə və itkisiz aparılması üçün dağ rayonlarından da texnikalar dislokasiya olunub. Ənənəyə uyğun olaraq, ilkin mərhələdə 50 hektara qədər olan sahələr biçilir. Onu da qeyd edim ki, dağlıq rayonlarımızın relyefi nəzərə alaraq, ölkə rəhbərliyinin tapşırığına əsasən, artıq yeni nəsil kombaynlar da alınıb və yaxın vaxtlarda ölkəyə gətiriləcək”.
Saatlıdan olan fermerlər dövlətin onlara göstərdiyi qayğı nəticəsində sahələrdə builki məhsuldarlığın daha yüksək olduğunu söyləyirlər. Fermer Gəray Qəniyev deyir ki, bu il 165 hektar sahədə taxıl əkib. Sahələrin 30 hektarı arpa, 135 hektarı isə buğdadır. "Dövlət dəstəyi sayəsində sahələrə vaxtında lazımi aqrotexniki qulluq göstərildiyi üçün hazırda hər hektara 30-35 sentner olmaqla məhsul yığırıq. Bu da ötən illə müqayisədə daha yüksəkdir. Həmçinin zəmilərə çıxarılan texnikalar yeni və müasir olduğu üçün itkiyə yol verilmir”, - deyə Gəray Qəniyev vurğulayıb.

banner

Oxşar Xəbərlər