• cümə, 29 Mart, 03:53
  • Baku Bakı 7°C

TAT baş tutacaqmı?

13.10.16 12:45 885
TAT baş tutacaqmı?
Rəsmi Aşqabad noyabr ayında Asiya beynəlxalq TAT (Türkmənistan-Əfqanıstan-Tacikistan) dəmir yolu dəhlizini istifadəyə verməyə hazırlaşır. Prezident Qurbanqulu Berdıməhəmmədov bəyan edib ki, dəhliz gələcəkdə Asiya və Avropanı birləşdirməyi qarşıya məqsəd qoyub. Lakin məsələ ondadır ki, dəmir yolu xətti ilə bağlı qeyri-müəyyənlik də qalır. Belə ki, nə Kabul, nə Düşənbə dəmir yolu xəttinin onların ərazisindən keçib gedəcək hissəsi ilə bağlı işlərə başlamayıblar. Yeri gəlmişkən, Q.Berdıməhəmmədov inşa edilən yolun statusunu qaldıraraq ona transmilli polad magistral xətti - Asiya beynəlxalq dəmiryolu nəqliyyat dəhlizi adı verib. O hesab edir ki, TAT gələcəkdə beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olacaq. Rəsmi Aşqabadı narahat edən hal odur ki, onları mütəmadi olaraq tələsdirirdilər ki, xətt 2018-ci ilə kimi istifadəyə verilməlidir. Lakin layihənin iki digər iştirakçısı - Tacikistan və Əfqanıstan hələ də, yolun digər hissələrinin inşasına başlamayıblar. Türkmənistan isə TAT layihəsinin inşasına 2013-cü ildən başlanılıb. Təməlqoyma mərasiminə üç ölkənin prezidentləri – Həmid Kərzayi, (Əfqanıstan) İmamoli Rahmon (Tacikistan) və Qurbanqulu Berdiməhəmmədov (Türkmənistan) təşrif buyurmuşdular. O zaman planlaşdırılırdı ki, Türkmənistan və Əfqanıstan ərazisindən keçəcək xətt Məzari-Şərifdən, Qunduz və Şərxon-Bəndər sərhəd buraxılış məntəqəsinə, oradan isə Tacikistanın Cəloliddin Bəlxi və Xatlon rayonlarının ərazisinə keçəcək. Sonra isə xətt Qırğızıstana uzanacaq, oradan isə Çinin dəmiryolu xətti ilə birləşəcək. Son olaraq isə xəttin Asiya-Sakit Okean regionu ölkələrinin dəmir yolu xətti ilə birləşdirilməsi planlaşdırılır.

"Türkmən dövlət xəbərləri” dövlət agentliyinin yaydığı xəbərə görə, bu trassın istismara verilməsindən ən böyük sosial-iqtisadi effekt Əfqanıstanda gözlənilir: "Transmilli dəmiryolu magistralının özülünün qoyulduğu ərazidə paralel olaraq avtoyol, elektrik xətləri, boru kəmərləri və enerji daşıyıcıları xətti inşa edilir”. Dəmiryolu xəttinin istismara veriləcəyi "İmamnazar” gömrük postu ərazisində neft məhsullarının saxlanılması və yüklənməsi üzrə terminal da açılmalıdır. Q.Berdıməhəmmədov hökumətin iclasında bildirib ki, beynəlxalq nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi, inkişaf etdirilməsi Türkmənistanın iqtisadi maraqlarına cavab verir. Onun sözlərinə görə, gələcək plan beynəlxalq və regional infrastruktur xətlərə çıxış əldə etməkdən ibarətdir: "Hər bir türkmən vətəndaşının bundan faydalanmaq imkanı olacaq”. Lakin Əfqanıstanda vəziyyətin pisləşməsi bu layihənin reallaşmasını gecikdirir. Ötən ildən ölkənin şimal regionları "Taliban” yaraqlılarının hücumlarına məruz qalır. Dəmiryolu xəttinin əfqan hissəsini maliyyələşdirən Asiya İnkişaf Bankı bəyan edib ki, vəziyyətin gərginləşməsi səbəbindən layihədə iştirakını dayandırır. Tacikistan da layihənin reallaşmasına tələsmir. Ötən il hakimiyyət orqanları dəmiryolu xətinin keçəcəyi yolun tədqiqi ilə bağlı işlərə başlayıb. Sonra isə Əfqanıstanla imzalanan protokolla bağlı ziddiyyətlər meydana gəlib. "Asiya +”un yaydığı məlumata görə, Tacikistanın nəqliyyat naziri Şirəli Qandjalzadə bildirib ki, protokol 2014-cü ildə imzalanıb. Bundan sonra isə baxılmaq üçün Türkmənistan hökumətinə göndərilib. Nazirin sözlərinə görə, ziddiyyət Əfqanıstan üzrə marşrutla bağlıdır. "İki marşrut təklif olundu - Tacikistan 160 km-lik kiçik yol təklif etdi. Əfqan tərəfinin təqdim etdiyi marşrut isə 500 km. idi. Nəticədə tərəflər müvafiq razılaşma əldə edərək müvafiq protokolu imzalayıb Aşqabada göndərdilər”, - deyə tacik nazir bildirib. Bütün bunlarla yanaşı, tacik tərəfi dəmir yolu xəttinin onların ərazisindən keçən hissəsini 2018-ci ildə istifadəyə verəcəyini bəyan edib. Xəttin tacik tərəfdən keçən hissəsi 392 km. təşkil edir.

Ekspertlər isə hesab edirlər ki, hazırda heç bir Asiya beynəlxalq dəmiryolu nəqliyyat dəhlizindən söhbət gedə bilməz. Sərhədyanı planlaşdırma Assosiasiyasının rəhbəri Aleksandr Sobyanin hesab edir ki, yaxın zamanlarda nə Qırğızıstandan Çinə, nə Türkmənistandan Əfqanıstana və İrana hər hansı bir dəmiryolu daşınmaları aparılmayacaq: "Həm qlobal, həm də regional oyunçular üçün ölkələrin geosiyasi cəlbediciliyi azalır. İkinci amil onunla bağlıdır ki, Əfqanıstan iqtisadiyyatının yüksəltmək üçün Rusiya və Çin zəruri dövlətlərdir. Lakin Əfqanıstanda ABŞ qoşunları və qərb koalisiyası var. Bu siyasi faktor da yüklərin hərəkətini məqsədəuyğun etmir”, - deyə ekspert vurğulayıb. O xatırladıb ki, 10 il bundan əvvəl ABŞ Pənc vilayətindən Əfqanıstana və Tacikistana gedəcək körpü inşa edib: "Lakin iri həcmdə yüklərə rast gəlinmədi. Çünki, bu, Düşənbənin Amerika və əfqanlardan asılılığını artıra bilər. Siyasi məqsədəuyğunsuzluq birinci plana keçir. Aşqabad bu gün də eyni vəziyyətdədir. Türkmənistan bu gün ərə verilməyə hazırlaşan qızın vəziyyətinə oxşayır. Dünyada baş verən hadisələr dəyişir. Bəllidir ki, Türkmənistanın neytrallığının səbəbi Saparmurad Niyazovun ağıllı olmasında deyildi. Sadəcə, Rusiya və Birləşmiş Ştatların regionda münaqişənin olmamasında maraqlarının üst-üstə düşməsi ilə bağlı idi. Bu gün isə vəziyyət fərqlidir. Əfqanıstandan Türkmənistana yaraqlıların axını güclənib. Üstəlik, Türkmənistan Rusiyanın yumşaq təzyiqi altındadır”, - deyə Sobyanin vurğulayıb. Onun qənaətincə, TAT-ı digər "piar” layihələrin taleyi gözləyir. Məsələn, Çin-Qırğızıstan, Tacikistan-İran layihələri kimi. "Lent kəsilir, sonra isə heç nə baş vermir, yükdaşımalar aparılmır. Lakin başqa tərəf də var - bu, sərhədyanı əməkdaşlıqdır. Türkmənistan üçün siyasi sabitlik çox vacibdir. Bunun üçün isə Əfqanıstanın türkmən, xəzərlər, tacik və digər xalqlarının yaşadığı şimal regionlarının daha əlverişli olması gərəkdir. TAT ölkələr arasında sərhədyanı əməkdaşlığı inkişaf etdirmək qabiliyyətindədir. Və bu da hərbi, təhlükəsizlik risklərini yumşaldan faktordur. Özü də hazırkı məqamda söhbət kiçik məbləğdən, az məsafəli dəmir yolu xəttindən gedir”, - deyə ekspert fikirlərini tamamlayıb.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər