"Tarladan süfrəyədək” - Qida Təhlükəsizliyi Agentliyi
Bu günlərdə Azərbaycan
prezidentiİlham Əliyev ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Azərbaycanda qida məhsullarının
təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və
qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini),
risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik
sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən
qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları
istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və "tarladan süfrəyədək”
prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsulları
istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin
etmək məqsədilə, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. Qeyd
edək ki, Qida Təhlükəsizliyi Komissiyasının sədri Azərbaycan Respublikası Baş
nazirinin müavini Əli Əhmədovtəyin edilib. Agentlik fəaliyyətə 2018-ci il yanvarın 1-dən
başlayır və həmin gün Komissiyanın səlahiyyət müddəti başa çatır.
Bəs görəsən
agentliyin fəaliyyəti hansı istiqamətlərə yönələcək və hansı məsələləri tənzimləyəcək? Belə bir qurumun fəaliyyətindən dünya təcrübəsində istifadə edilirmi?
"Qida təhlükəsizliyinin
təmin edilməsi yaxın on il ərzində əhalinin orta ömründə artıma səbəb ola bilər”
"Azad
İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında belə bir qurumun
yaradılmasının faydalı olacağını
bildirdi: "Hesab edirəm ki, bu, vaxtında atılan bir addımdır və bizim
üçün ən vacib məsələlərdən biridir. Yeri
gəlmişkən, qeyd edim ki, dörd il öncə beynəlxalq təşkilatlar qida təhlükəsizliyinə
dair qanun layihəsini hökumətə təhvil
vermişdilər. Həmin qanun layihəsində nəzərdə
tutulan işçi qrupunun tərkibinə Azərbaycanda yeganə qeyri-hökumət təşkilatı
olaraq "Azad İstehlakçılar” Birliyi də
daxil edilmişdi. Bu gün bir çox biznes
qurumları onlar üçün yaradılan şəraitdən
sui-istifadə edir. Heç kim inkar etmir ki, ölkənin əmtəə bazarında təhlükəli
qidalar var və bu tendensiya getdikcə artmaqdadır. Elə bu gün məşhur bir firmanın vaxtı keçmiş məhsullarının satılması barədə firmaya məlumat versəm də,
onlar heç bir reaksiya bildirmədilər. Bu, sadəcə, bir nümunədir. Əmtəə
bazarında təhlükəli qidalar daim satılır. Düşünürəm ki, bu qurum yaradılsa və
effektiv fəaliyyət göstərsə, bu kimi məsələlər
öz həllini tapa bilər”.
Eyyub Hüseynov bəzi vacib məqamlara da diqqət çəkdi:
"Qurumun fəaliyyətinin uğurlu olacağını və bir sıra məsələləri tənzimləyəcəyini
hesab edirəm. Qida təhlükəsizliyinin təmin edilməsi yaxın on il ərzində əhalinin
orta ömründə artıma səbəb ola bilər.
İkinci bir tərəfdən, bu tənzimlənmə insanların apteklərdə və klinikalarda olan növbəsinə son qoyacaq. Bütün bunlarla yanaşı, ən
vacib məsələ isə qurumun fəaliyyəti Azərbaycanın qida sektorunu inkişaf etdirəcək və xarici bazarlara
çıxışını təmin edəcək. Bütün bu fikirlərlə bağlı bu gün mən baş nazirin
müavininə rəsmi məktub yazmışam. Agentliyin fəaliyyətinə gəldikdə isə deyə bilərəm
ki, qurum yalnız qida sektorunun tənzimlənməsinə xidmət göstərəcək. Bununla da
ölkədə təhlükəsiz qidanın istifadəsi, yəni
"tarladan süfrəyə” sistemi tətbiq olunacaq”.
"Dünyanın bir
çox ölkələrində belə bir təcrübə var”
Müsahibim dünya təcrübəsindən də nümunələr göstərdi:
"Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar da bu məsələdən narahat idilər. Biz hələ 2011-ci ildə bununla
bağlı ABŞ-a müraciət etdik və ölkədə təhlükəsiz qida istehsal edən müəssisələrin lobbisinin
yaradılmasını xahiş etdik. Beləliklə, dünyada ilk dəfə olaraq "Azərbaycan İstehlakçılarının
Qida Təhlükəsizliyi” deyilən nişanı qeydiyyata aldırdıq. Qeyd edim ki, 2011-ci
ildən bəri 6 müəssisəyə bu nişan şamil olunub. Beynəlxalq təşkilat
olaraq dünyanın 120 ölkəsində Azərbaycanda istehsal olunan təhlükəsiz qidanın
lobbiçilik işini aparmışıq. Dünyanın bir
çox ölkələrində belə bir təcrübə var. Misal olaraq, Yeni Zelandiyada belə bir
agentliyin fəaliyyət göstərdiyini deyə
bilərəm. Sözügedən ölkədə bütün
funksiyalar ictimai təşkilatın əlindədir. Həmçinin, Almaniyada və digər ölkələrdə
də buna bənzər təcrübələr var. Bu mənada
bizim fəaliyyətimiz də şübhəsiz ki, dünya təcrübəsinə əsaslanacaq. Biz də təşkilat
olaraq hökumətin bu siyasətinin uğurla həyata keçirilməsinə öz dəstəyimizi verəcəyik”.
"Qida təhlükəsizliyi bütün dünyada Milli Təhlükəsizlik
Konsepsiyasının tərkib hissəsi hesab olunur”
Tibb üzrə
ekspert Adil Qeybulla deyir
ki, sözügedən qurum sırf qida təhlükəsizliyi ilə bağlı bir struktur
olacaq: " Dünyada qida və dərman təchizatına nəzarət edən qurum FDA (Food And
Drug Adminstration) bir çox dünya ölkələrində
rast gəlinir. Xüsusən ABŞ-da bu kimi məsələlərə çox ciddi nəzarət olunur. Bu,
konkret olaraq, ərzaq növünün ölkə ərazisinə istifadəsinə icazə verən qurumdur.
Ona görə də hesab edirəm ki, belə bir
qurumun yaradılması çox vacibdir. Həmin qurumun iş mexanizmi ölkəyə ekoloji
baxımdan təhlükəsiz, parametrləri yüksək
olan qidaların daxil olmasına şərait
yaradacaq. Hesab edirəm ki, istənilən dövlət qurumu yaradılan zaman dünya təcrübəsinə, analoqlara oxşar mexanizmlərə baxmaq mütləq lazımdır. Çünki bu,
işlək mexanizmin necə təmin olunacağı bilmək baxımından çox vacibdir. Əgər agentliyin fəaliyyəti təcrübəyə əsaslanmasa,
onun fəaliyyətinin heç bir faydası olmayacaq. Onu da qeyd edim ki, adıçəkilən
qurumun fəaliyyəti sırf ərzaq təhlükəsizliyi məsələsini əhatə edəcək ki, bu da ən vacib məsələlərdən
biridir. Qida təhlükəsizliyi bütün dünyada Milli Təhlükəsizlik Konsepsiyasının
tərkib hissəsi hesab olunur. Bu baxımdan, belə bir qurumun bizdə də yaradılması
çox müsbət haldır”.
Şəbnəm
Mehdizadə