• cümə, 29 Mart, 15:26
  • Baku Bakı 14°C

Tariximizin sirli qalası Fotolar

24.12.14 19:47 1932
Tariximizin sirli qalası Fotolar
(Əvvəli ötən sayımızda)

Ən maraqlı məqamlardan biri budur ki, indiyədək qalanın tarixi ilə bağlı əsl həqiqətləri üzə çıxaracaq araşdırmalar aparılmayıb. Hazırda da bu istiqamətdə hər hansı elmi fəaliyyət yoxdur. Yəqin elə bu səbəbdəndir ki, internet resurslarında belə Xanagah Qız qalası haqqında hər hansı ətraflı məlumat əldə etmək mümkün deyil. Axtarış sistemlərində qala haqqında qısa məlumat xarakterli informasiyadan başqa heç nə yoxdur. Xanagahda kəşfiyyat xarakterli ilk araşdırmalar Fazil Qasımov tərəfindən keçən əsrin altmışıncı illərində aparılıb. 70-ci illərin sonlarında F.Osmanov və memar Cəfər Qiyasi də qalanın tədqiqinə dair sanballı məqalə dərc etdiriblər. Amma hələlik Xanagah Qız Qalasında arxeoloji qazıntılar aparılmayıb.
R.Baloğlanov deyir ki, əsas çətinlik Azərbaycan tarixinin erkən əsrlər dövrü haqqında yazılı mənbələrin olmamasıdır: «Bizdə olan yeganə tarixi mənbə «Dədə Qorqud» dastanıdır. Bu dastanda da çəkilən yer adları bütün Azərbaycanı əhatə etmir. Hər halda Oğuzlar arasında yaranmış bu dastan çox böyük mənbədir, ancaq bütün tarixi abidələri əhatə eləmir. Tutarlı bir mənbə olsa yəqin ki, elə Xanagah Qız qalası haqqında da maraqlı bir tarix yaranardı».
Bütün bunlar olmadığına görə əsl həqiqətləri üzə çıxarmaq üçün qalada qazıntı işləri aparmaq lazımdır. Çünki dağılmış divarların altında nələrin qalmasını, gizlənməsini heç kim deyə bilmir. Adətən tarixi öyrənmək üçün üzdə olan qalıqları, eksponatları qalanı ziyarət edənlər götürürlər. Amma arxeoloji qazıntılar daha tutarlı faktları üzə çıxara bilər. Professor Qafar Cəbiyev də deyir ki, indiyədək Xanagah Qız Qalasında heç bir arxeoloji qazıntı aparılmayıb. Amma onun fikrincə, bunun müsbət tərəfləri də var. Çünki konservasiya təminatı olmadan aparılan arxeoloji qazıntılar sonradan tarixi abidənin dağılması ilə nəticələnə bilir. Dünyanın bir çox ölkələrində, elə lap Türkiyədə
artıq konservasiya olunmadan arxeoloji qazıntıların aparılmasına icazə verilmir. «Bilirsiniz, torpaq tarixi çox gözəl saxlayır. Onu açandan sonra qiymətli tarix bir ay belə qalmır».
Q.Cəbiyev hesab edir ki, bu abidənin öyrənilməsinə dövlətlə yanaşı qeyri-hökumət təşkilatları da dəstək verə bilərlər. Onun sözlərinə görə İsmayıllıya qonşu Qəbələ və Ağsu rayonlarında arxeoloji qazıntıların aparılmasına elə QHT-lər vasitəsilə dəstək verilir.
Bir qalanın sirri

Bütün bunlar Xanagah Qız Qalasının həm də tariximizin sirli qalası olduğunu deməyə əsas verir. Bir tərəfdən öyrənilməmiş, öyrənilməyini gözləyən məsələlər, bir tərəfdən də el arasında gəzən rəvayətlər bu qalanın sirrini artırır. Məsələn, belə bir ehtimal var ki, bu qalanı Cavanşir qalası ilə birləşdirən yeraltı yollar var.
R.Baloğlanov da deyir ki, Cavanşir qalası ilə Qız qalası arasında yeraltı yolun olması barədə eşidib, amma bunu o qədər inandırıcı hesab etmir. Onun sözlərinə görə, qalanın elə giriş divarında bir neçə boru şəklində yerlər var. Ancaq ora insan girə bilmir. Bunun görə də həmin yolların hara getdiyini də müəyyənləşdirmək mümkün deyil. Ehtimal var ki, qaladan Ax-ox çayına gizli bir yol olub. Çünki adətən qalalar mühasirədə olarkən onları ətraf ərazilərlə əlaqələndirən gizli yollar mütləq olur. Bakıdakı Qız Qalasının özündə də belə yolların olduğu məlumdur.
Qalanın turizm əhəmiyyəti

Bir maraqlı məqam da Xanagah Qız qalasının turizm əhəmiyyətidir. Bu tarixi abidə elə bir yerdə yerləşir ki, yay boyu həmin ərazilərdə turist əlindən tərpənmək olmur. Amma təəssüf ki, indiyədək abidənin turizm potensialından istifadə olunmayıb.
Dünyanın müxtəlif ölkələrində bu cür tarixi abidələr həm də turizm üçün əla gəlir mənbəyidir. Dövlətlər həm tarixlərini nümayiş etdirir, həm də bundan pul qazanırlar. Amma təəssüf ki, biz hələlik tarixi turizmi lazımınca inkişaf etdirə və onun imkanlarından istifadə edə bilməmişik. Xanagah Qız qalasının potensialından da demək olar ki, istifadə edilmir. Düzdür, həmin ərazidə istirahət mərkəzləri yaradılıb, insanların istirahəti üçün infrastruktur formalaşdırılıb. Amma qalanın relyef baxımından yerləşdiyi əraziyə adı şəraitdə sıravi turistlərin getməsi çox çətin və risklidir. Buna görə də ilk olaraq qalaya qalxan yolu düzəltmək lazımdır. Bir müddət öncə İsmayıllı-Qəbələ magistralından qalanın yerləşdiyi dağın ətəyinə kimi asfalt yol çəkilib. Amma həmin ərazidən yuxarıya çıxmaq üçün də nəsə fikirləşmək lazımdır.
R.Baloğlanov deyir ki, qalaya Qarasu çayının yatağı ilə piyadaların rahat hərəkət edə biləcəyi yol çəkilə bilər. Müsahibimiz deyir ki, o yataqda da elə bir problemli yerlər yoxdur, sadəcə içi sudur. Suyun axdığı yerlərlə getmək bir az çətinlik yaradır. İstək olsa, həmin yatağın kənarı ilə qalaya qalxan yaxşı yol hazırlamaq olar. Dərənin yuxarı tərəfindən qalaya doğru isə qədimdən araba yolu olub. O yoldan indi də rahat istifadə etmək mümkündür. Bir problem var ki, çayda daşqınlar olarsa, tikiləcək yolu dağıda bilər. Bunun üçün iki variant var. Birincisi odur ki, çay yatağı ilə çəkiləcək yol elə materiallardan istifadə edilməklə inşa edilməlidir ki, sel suları onu yuyub aparmasın.
Digər variant isə dağın ətəyindən qalaya kimi funikulyorun qurulmasıdır. Q.Cəbiyev deyir ki, o bir neçə il əvvəl Ağsuda arxeoloji qazıntılarda iştirak edən İtaliyadan gəlmiş memar-konservasiya mütəxəssisi Professor Luici Skrinzi İsmayıllıya qonaq aparıb. O, qonaqlıq zamanı qalalara funikilyor çəkilməsi təşəbbüsü ilə çıxış edib: «Luici Skrinzi Milan Politexnik Universitetinin professorudur. Romada, Milanda onlarla tarixi abidələrin konservasiyası onun layihəsi əsasında işlənilib. Bizim Ağsu tədqiqatlarında tədqiqatçı kimi çox fəal iştirak edib. Mən onu İsmayıllı qalaları ilə tanış etdim. İnanın ki, heyran qalmışdı. Biz orada gəzdikcə, işlədikcə, gördüm ki, bu artıq nəsə cızır, yazır. Mənə dedi ki, bura ilə bağlı bir layihə hazırlayacağam. Çaydan qalaya qədər funikulyor çəkmək olar. Çox yüngül xərclə düzələsi bir şeydir. Heç yeri qazıb dağıtmayacağıq. Funikulyor özü turistlər üçün cəlbedicidir. Təsəvvür edin həm ondan istifadə edəcəklər, həm də tarixi abidəylə tanışlıq imkanı qazanacaqlar».
Q.Cəbiyevə görə, Xanagah Qız qalasının turizm üçün əlverişli edən həm də yaxınlıqda Qəbələ aeroportunun olması, paytaxta yaxın ərazidə yerləşməsi və Bakıdan ora keyfiyyətli yolun olmasıdır. Digər tərəfdən, bu regionların hamısında işıq, qaz problemi həll olunub. İndi sahibkarlar təşəbbüskarlıq göstərib bu sahəyə investisiya qoymalıdırlar. «Biz tarixi turizmi inkişaf etdirməyi ləngitməklə çox şey itiririk. Milyonlarla vəsait əlimizdən axıb gedir» - deyir Qafar Cəbiyev. Təbii ki, bütün bunlar mümkündür. Sadəcə, bunun üçün vəsait və istək lazımdır. Amma hələlik qalaya maraq elə İsmayıllı çərçivəsindədir. Yəni İsmayıllı məktəbliləri, əslən buralı olanlar gəlib qalanı ziyarət edirlər. Kənar yerlərdən ora gələnlər isə təsadüf olur. Bir neçə il bundan əvvəl İctimai Televiziya qala ilə bağlı televiziya filmi hazırlayıb.
Q.Cəbiyev də hesab edir ki, Xanagah Qız qalasının turizm üçün çox böyük bir potensialı var. Onun sözlərinə görə, məsələyə turizm nöqteyi- nəzərdən yanaşanda ümumiyyətlə bölgədəki tarixi abidələr toplusu nəzərdə tutulmalıdır. Belə ki, Azərbaycanın şimal-qərb bölgəsi mühüm turizm regionlarından biridir. Bu bölgə Bakıdan çıxandan sonra Qobustan ərazisindən başlayır, Şamaxı, İsmayıllı, Qəbələ ilə davam edir. Şamaxıda Azərbaycanın ilk möhtəşəm məscidlərindən biri olan Cümə məscidi, şəhərin içərilərində aşkar olunmuş ilk orta əsrlərə aid tikinti kompleksləri, saray qalıqları, Gülüstan qalası var. İsmayıllının özü də canlı tarixdir. Basqal, Lahıc orta əsrlərin fəaliyyətdə olan muzeyləri kimidir. Bu yaşayış məntəqəlrində hər bir ev, hər bir küçə, hər bir dalan, hər bir bulaq eksponatdır. Sanki onlar bu günlərimiz üçün muzey guşələri kimi yaradılıblar. Bundan əlavə, İsmayıllıda Azərbaycan tarixinin ən möhtəşəm qalalarından olan Cavanşir qalası və Xanagah Qız qalası var.
Qalanın turizm potensialının artırılması üçün orada restavrasiya və bərpa işlərinin aparılması da lazım ola bilər. Mütəxəssislər deyir ki, bu, xeyli vəsait tələb edə bilər. Çünki qalanın divarlarının bir hissəsi dağılıb və materialları dağın zirvəsindən aşağı yuvarlanıb. Restavrasiya üçün həmin daşları təzədən qalaya qaldırmaq lazımdır. Bir də nəzərə almaq lazımdır ki, qala sadə bir bina deyildir. Onun ərazisi hektar yarımlıqdır və içərisində onlarla tikili var. Amma ilkin olaraq qalanın kənar divarlarının dağılmış yerlərini bərpa etmək olar.
R.Baloğlanov deyir ki, qalanın Qərb tərəfdəki - əsas giriş olan istiqamətdəki divarları daha salamat qalıb, ancaq digər kənar yerlərdə divarlar xeyli dağılıb.
Təəssüf ki, hazırda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu səviyyəsində qalanın tarixi ilə bağlı heç bir araşdırma aparılmır. İndi kimsə qala ilə bağlı yeni söz demək istəyirsə, hökmən orada tədqiqat işi aparmalıdır. Bu istiqamətdə isə heç bir təşəbbüs yoxdur. Ramiz müəllim deyir ki, əgər qalada elmi tədqiqatlar aparılarsa, bəlkə də tarixin ən böyük sirlərindən biri açıla bilər. «Bizim bildiyimiz də, öyrəndiyimiz də hələ ancaq üzdə olanlardır. Ancaq tarixdə belədir ki, qədim dövrün çox məlumatları, məsələləri torpağın altında qalır. Onları isə ancaq tədqiqat aparıldıqdan sonra müəyyənləşdirmək olar. Mən elə bilirəm ki, o qalada tədqiqat işlərinin aparılması çox vacibdir. Bu, tariximiz üçün də çox əhəmiyyətli olar» - deyə R.Baloğlanov vurğuladı.
Professor Q.Cəbiyev də hesab edir ki, ilk növbədə Xanagah Qız qalası və onun kimi digər abidələr videolaşdırılmalıdır. Onların heç olmasa elektron bazası yaradılmalıdır. Vaxt itirmədən bunların fotofiksasiyası, elektron fiksasiyası yaradılmalı, sənədli filmləri çəkilməlidir. Bununla paralel olaraq tədqiqat və konservasiya işləri aparılmalıdır.
Bütün bunlar göstərir ki, tariximizin sirli qalası olan Xanagah Qız qalası öyrənilmək üçün alimlərin, ziyarət üçün turistlərin yolunu gözləyir.
İlham QULİYEV
Fotolar Elçin Muradındır

Bu məqalə Bakcell şirkətinin dəstəyi ilə hazırlanıb
Yazının əvvəlki hissəsi ilə buradan tanış olmaq mümkündür:
http://kaspi.az/news.php?id=18827Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar">

banner

Oxşar Xəbərlər