• şənbə, 20 Aprel, 01:39
  • Baku Bakı 15°C

Tariximizin iki məşhur siması

08.10.16 10:20 1701
Tariximizin iki məşhur siması
Nəriman Nərimanov və Hacı Zeynalabdin Tağıyev... Azərbaycan ictimai-mədəni fikir tarixinin ötən səhifələrində bu iki şəxsiyyəti qovuşduran bir çox nöqtələr, cəhətlər mövcuddur; onların hər ikisi birinci növbədə soydaşlarının tərəqqisi, fikri və həyati inkişafi, gələcək firavanlığı uğrunda sözün həqiqi mənasında fədakarlıqla çalışmışlar. Biri maddi, digəri isə intellektual, siyasi və ədəbi sərvətini əsirgəməmişdir. Təsadüfi deyil ki, Hacı Zeynalabdın Tağıyevin maliyyə dəstəyi ilə ali təhsil alan istedad və qabiliyyət sahibi olan onlarla gəncdən biri Nəriman Nərimanov olmuşdur. Hacı bu və digər sahələrdə öz pullarını xalqının xoş gələcəyi naminə sərf edirdi. Onun yeganə təmənnası da həmin gənclərin məhz bu işə- vətənin və xalqın işıqlı sabahına əsl vətəndaş təəssübkeşliyi və qeyrəti ilə xidmət göstərmək üçün yetişmələri idi. Hacı ölkədə və cəmiyyətdə meydana çıxıb getdikcə sürəkli, davamlı şəkildə irəliləyən sosial-mədəni, ictimai-əxlaqi tərəqqi və inkişafı gördükcə ruhlanır və həmin prosesə maddi, maliyyə dəstəyini daha da artırırdı. Bütün bunların təkcə XIX əsrin ikinci mərhələsi haqda N.Nərimanov 1901-ci ildə çap etdirdiyi "Hacı Zeynalabdin Tağıyevin 50 illiyi məişətdə və cəmaətə xidmətləri” kitabçasında ətraflı məlumat verilmişdir.
Həmin kitabçada Zeynalabdinin 1838-ci ildə Bakıda anadan olması, atası Tağı kişinin xeyir-duası ilə 12 yaşından sonra bənna yanında palçıq daşımaqla əmək fəaliyyətinə başlaması, boş vaxtlarda bənna və mühəndislərin necə çalışmalarını diqqətlə izləyib ondan bacardığı qabiliyyəti mənimsəməsi və nəhayət, getdikcə öz səylərini artıraraq bənna, podratçı, neft işlərinin aparıcı simaları sırasına daxil olması və s. məsələlər mərhələ-mərhələ təsvir edilmişdir. Bütün hallarda N.Nərimanov H.Z.Tağıyevin dəfələrlə əlində olan sərvətdən məhrum olsa da, əzmkarlığı, çalışqanlığı, iradə və bacarığı sayəsində yenidən özünü dikəltməsini diqqət mərkəzində saxlamış, həmin keyfiyyətləri gənc nəslə, ümumən oxuculara örnək kimi təqdim etmişdir. Hacının var-dövlət əsiri olmadığını, qazancını öz soydaşları, xalq və vətən yolunda sərf etməsini isə dövlətlilərə, imkanlı şəxslərə nümunə göstərmişdir.
H.Z.Tağıyevin teatra olan marağının, onun əhəmiyyətini yüksək qiymətləndirməsinin nəticəsi olaraq teatr binası tikdirməsi, aktyorların təşkil etdikləri müsamirələr zamanı onları icarə haqqından azad etməsi, demək olar ki, hər bir tamaşaya öz lojasında əyləşib baxması, ayrı-ayrı əsərlərin— "Nadir şah” tarixi dramı, S.M.Qənizadə və başqalarının əsərlərinin nəşrinin xərcini çəkməsi, Bakıda rus dilində çıxan "Kaspi” qəzetini 1895-ci ildə 57 min manata satın alıb onun nəşrini Azərbaycan ziyalılarına – Ə.Topçubaşov, Ə.Ağayev və Ə.Hüseynzadəyə həvalə etməsi, hər gün əvvəlcə rus, sonra Azərbaycan dilində çıxan mətbuat nümunələrini oxuyub onlarda yazılanlara vaqif olması, ümumən 1872-ci ildən Bakı dumasının üzvü kimi şəhərin təsərrüfat və sosial - mədəni həyatının nizama salınmasında yaxından və fəal iştirak etməsi, 20 minlik zavodunu 5 minə sataraq, bez fabriki tikdirib bezin ucuzlaşmasını təmin etməsi və s. haqda ətraflı məlumat və həmin işlərin hər birinə yüksək qiymət vermişdir.
Milli-mədəni tərəqqiyə, gənc nəslin layiqli vətəndaş kimi yetişdirilməsinə nail olmaq üçün təhsil ocaqları tikdirib orada mümkün qədər çox uşağın təhsil almasına çalışmış, eyni zamanda qızların təhsil almalarını, gələcək nəslin savadlı analar qucağında böyümələrini təmin etmək üçün qız məktəbi də açmışdır. Bütün bu və digər işlər haqqında ətraflı dəyərlə məlumat verən N.Nərimanov "Dəbistan” jurnalının nəşrinə icazə alınması xəbəri ilə bağlı yazıb 9 mart 1906-cı ildə "İrşad” qəzetində çap etdirdiyi "Türk dilində yeni jurnal” başlıqlı məqaləsində Hacının xidmətlərini yenidən xatırlayıb, onun qız məktəbi açmağına belə qiymət verirdi: "...Tərbiyə, mədəniyyət və tərəqqi yolu təbii olmaq üçün şu məsələyə artıq diqqət etməlidir. Bizim təsəvvürümüzə görə millətpərəst cənab Hacı Zeynalabdin əfəndinin qız balalarına məktəb açmağı millət yolunda etdiyi hamı qulluqlardan artıq bir qulluqdur. Böylə məktəblərin çox olmağı gələcəkdə millətin böyük xoşbəxtliyinə səbəb olacaqdır”.
N.Nərimanov xarici mədəni xalqların özlərinin bu cür xadimlərinin xatirəsini həmişə əziz tutduğunu, onların yüz il bundan əvvəl vəfat edib məzarlarında vücudlarının ancaq külü qalmasına baxmayaraq adlarının və əməllərinin hələ də diri saxlanıb yaşadıldığını diqqətə çatdırır. Bildirir ki, H.Z.Tağıyev bu cür haqqa dünyanın bir çox məşhur xadimlərindən də artıq layiqdir.
...N.Nərimanov H.Z.Tağıyev haqda qədirşünaslıq münasibətini təkcə bu yazdıqları ilə bildirmədi; Azərbaycanda bolşevik Rusiyası hakimiyyətə gələndən sonra hər şey milliləşdiriləndə Hacı da bütün mülk və əmlakından məhrum olduğu zaman o (Nərimanov) vəzifə səlahiyyətlərindən istifadə edərək, Hacı Zeynalabdin Tağıyevin arzusu ilə onun Mərdəkandakı mülkünün özünə qaytarılmasını təmin etdi. Hacı Zeynalabdin Tağıyev ömrünün sonunadək həmin malikanəsində yaşadı.
Alxan Bayramoğlu
Filologiya elmləri doktoru,professor
banner

Oxşar Xəbərlər