Tariximizin Heydər Əliyev səhifəsi
Kainat kimi dünyamızın tarixi də sonsuzdur. O qədər sonsuz ki, bəzən
onu insanların sadəcə "baxıb keçdiyi bir pəncərə”yə də bənzədiblər. Tarixin pəncərəsindən
bu dünyaya baxıb keçənlərin sayı da sonsuzdur. Bu sonsuzluq zəncirində çox nadir
simalar olur ki, onlar sadəcə baxıb keçmir, öz baxışları ilə bəşəriyyətin
həyatını dəyişəcək qədər güclü bir iz buraxıb gedir. Məhz belə şəxsiyyətlərin
surəti Tarixin Şərəf Lövhəsində özünə daimi yer qazanır və tarix davam etdikcə
onların şərəfli əməlləri də yaşayır. Tariximizdə öz şərəfli yerini tutmuş,
milyonlarla insanın qəlbində öz heykəlini ucaltmış və müstəqillik tariximizin əbədiyyət
simvoluna çevrilmiş siması Heydər Əliyevdir. O əbədiyyətə qovuşub, onun yaratdığı tarix isə
öz uğurlu yoluna davam etməkdədir. Hər ötən il Heydər Əliyev dühasının
böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır.
Zaman Heydər Əliyevin siyasi
baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə
çox möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir. Dövrümüzün
ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər və bütün bu təlatümlərin fövqündə
dayanan müasir milli dövlətçiliyimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş
siyasi kursun mükəmməl bir məntiqdən – Heydər Əliyev zəkasından
yoğrulduğunu bir daha sübut edir. Böyük siyasi mütəfəkkir kimi, Heydər
Əliyevin keçdiyi həyat yolu və bütöv bir xalqın gələcəyini müəyyən edən uğurlu
siyasi kursunun kökündə dayanan səbəblər haqqında çoxsaylı dəyərli əsərlər
yazılır. Bu araşdırmalarda Heydər Əliyev
yeni tarixdə xalqımızın yetişdirdiyi ən böyük düha sahibi kimi xarakterizə
olunur və bu şəksizdir. Lakin Heydər
Əliyev şəxsiyyətinə təkcə Azərbaycan kontekstində deyil, daha geniş miqyasda –
XX əsrin qlobal siyasi aynasında baxmaq, dünya siyasətinin formalaşmasında
mühüm rol oynamış siyasi xadimlərlə bir sırada nəzər salmaq onun siyasi
portretini daha önəmli cizgilərlə zənginləşdirmiş olar. Məhz bu rakursda biz
Heydər Əliyevi bütün ömrü boyu müasir dünya siyasətinin qaynar məkanında, onun
yaradıcıları və yönləndiricilərinin ön sıralarında görürük. Xüsusən sovet
dövrünün son illərində, kommunist ideologiyasının agoniyası fonunda yürüdülən
Qorbaçov siyasətinə qarşı çıxması və heç kim tərəfindən anlaşılmayan qeyri-müəyyən
bir siyasəti dəstəkləməkdən imtina etməsi onu dövrün pozitiv siyasi perspektivlərini
düzgün müəyyən edə bilən yeganə sovet siyasətçisi kimi tanıdır. Hadisələrin
sonrakı inkişafı da göstərdi ki, Sovet liderləri arasında post-sovet məkanında
müstəqilləşmə epoxasının zərurətlərini duyan və siyasətdə yeni yolun
traektoriyasını dəqiqliklə cıza bilən, yeni dövrün qüsursuz siyasi-ideoloyi
kursunu ərsəyə gətirən yeganə siyasətçi məhz Heydər Əliyev oldu. . Məhz bu
baxımdan, öz dövrünün ən xarizmatik dövlət
xadimi və ən praqmatik siyasətçisi kimi tanınan Heydər Əliyev ümumbəşəri dəyərlərin
daşıyıcısı missiyasına yüksələn universal şəxsiyyət kimi regionun coğrafi sərhədlərinə
sığmayaraq ümumdünya kontekstinə çıxır.
Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən, XX əsrin ikinci yarısı ilə
bağlıdır. Bütövlükdə XX əsr bəşər tarixində bir çox təlatümlü hadisələrin baş
verdiyi, iki dünya müharibəsinin od ələdiyi, çoxsaylı milli dövlətlərin meydana
gəldiyi, siyasi və iqtisadi böhranların və eyni zamanda, dünya inkişafına təkan verən proseslərin
yaşandığı qlobal ziddiyyətlərlə dolu dramatik yüzillik kimi tarixə düşdü.. Baş
verən bütün bu proseslər dünyanın bu günkü mənzərəsini ərsəyə gətirməklə yanaşı
həm də siyasətdə aparıcı şəxsiyyətlərin dövlətlərin və bütövlükdə bəşəriyyətin
taleyində nə qədər önəmli rol oynadığını göstərdi. Bu yüzillikdə bəşəriyyət məhz
tarixi şəxsiyyətlərin sayəsində ziddiyyətli, odlu-alovlu dünyadan nisbətən
sabit və dayanıqlı dünyaya keçid aldı. XX əsrin tarixi məhz şəxsiyyətlərin
tarixdəki rolu baxımından ibrətamiz bir dövr oldu. Bu tarixi Çörçilsiz, De
Qollsuz, Kennedisiz, Mandelasız və eləcə də Heydər Əliyevsiz təsəvvür etmək və
şərh etmək mümkün deyil. Tarixi sınaqlar qarşısında öz xalqlarını məhv olmaq təhlükəsindən
böyük siyasi məharət hesabına çıxarmağa nail olmuş bu tarixi şəxsiyyətlər XX əsrin
müxtəlif dövrlərində təkcə öz ölkələrinin deyil, həm də regionun və bu regionda
yaşayan xalqların tarixində dönüş yaratmağa nail oldular. XX əsrin böyük siyasi
xadimlərindən biri kimi tanınan Uinston Çörçil siyasi karyerasının ən yüksək
pilləsində bütün bəşəriyyəti təhdid edən şər qüvvə ilə – imperialist işğalçılığının
ən qəddar forması olan faşizmlə üz-üzə
qalmışdı. Faşist Almaniyası artıq Britaniya şəhərlərini, paytaxt Londonu
bombalayırdı. Belə bir çətin məqamda düşmənin amansız həmlələrinin qarşısını
almaq, təcavüzə məruz qalmış xalqı ruh düşkünlüyündən çıxarmaq, ümummilli
müqavimət hərəkatını formalaşdırmaq Britaniya hökumətinin qarşısında duran ən
başlıca vəzifə idi. Məhz Çörçilin uzaqgörən
siyasi gedişləri və qətiyyətli siyasi duruşu nəticəsində faşist Almaniyasına
qarşı çox güclü ingilis cəbhəsini formalaşdırmaq mümkün oldu. Zaman və
geosiyasi faktorlar baxımından fərqli olsa da, hadisələrin kökündə dayanan səbəblər
və təhlükənin miqyası baxımından müstəqilliyimizin ilk illərində
qarşılaşdığımız təhdid və təhlükə ötən əsrin 40-cı illərində Britaniyanın üzləşdiyi
təhlükədən çox da fərqlənmir. Öz
şovinist ideoloji baxışlarına görə mənfur erməni millətçiliyi faşist düşüncəsindən
heç də geri qalmır. Ermənistan rəhbərliyinin Avropa Şurasının tribunasından azərbaycanlılarla
ermənilər arasında etnik uyuşmazlığın mövcudluğunu iddia etməsi elə nasistlərin
"ari”lərlə başqa millətlərin uyuşmazlıq düşüncəsinin eynidir. Məhz buna görə Azərbaycanın
üzləşdiyi təcavüz və ermənilər tərəfindən milli ayrı-seçkilik zəminində etnik təmizləmə
siyasəti artıq sadəcə milli təhlükəsizliyimizi deyil, eyni zamanda bəşəri dəyərləri
təhdid edən, beynəlxalq hüquqa zidd olan təhlükəli tendensiya xarakteri
almışdı. Belə bir məqamda erməni faşizminə qarşı ümummilli cəbhəni formalaşdıra bilməsi məhz
Heydər Əliyev şəxsiyyətinin qüdrəti idi. Xüsusilə, 1994-cu ilin aprelində düşmən
hücumlarının kəskinləşdiyi məqamda ümummilli liderimizin xalqa müraciətini xatırlamaq
yerinə düşər. Ağdam, Tərtər, Füzuli rayonları istiqamətində erməni qoşun birləşmələrinin
aramsız hücumlarını dəf etmək ümummilli səfərbərliyin ən yüksək şəkildə təşkili
zərurətini yaratmışdı. Belə bir anda Heydər Əliyevin soyuqqanlı və bir o qədər də
qətiyyətli, xalqın vətənpərvərlik hisslərini alovlandıran müraciətindən sonra
qısa zaman ərzində cəbhədə əhəmiyyətli dönüş yarandı, düşmən tapdağında olan
bir neçə qəsəbə və kəndlərimiz işğaldan azad olundu. Cəbhədə yaranan dönüş tez
bir zamanda düşməni atəşkəs sazişi imzalamağa məcbur etdi. Məhz bu tarixdən
başlayaraq, Azərbaycanda daha sistemli və vahid mərkəzdən idarə olunan ordu
quruculuğuna start verildi.
Bu epizodlarda iki fərqli zamanda, dövlətçiliyin məhvolma təhlükəsi
ilə üzləşdiyi ən çətin məqamlarda tarixi şəxsiyyətlərin üzərinə götürdükləri
missiyanın xalqların taleyində nə qədər mühüm rol oynadığını görürük. Öz
xalqlarının taleyüklü məqamlarında göstərdikləri cəsarət, siyasi qətiyyət və əzmkarlıq
keyfiyyətləri hər iki siyasət adamını bəşər tarixində öz dəst-xətti olan görkəmli
siyasi xadimlər kimi tanıtdırır.
XX əsrin aparıcı şəxsiyyətlərindən sayılan Şarl De Qoll "militarist”
Avropanın demokratikləşən Avropaya
transformasiyasında həlledici rol oynamış siyasi xadimlərdən biridir. Bəzi
hallarda aşırı milliyətçiliyə əsaslanan siyasət yürütdüyü iddia olunsa da, De
Qollun XX əsrin ən görkəmli siyasət adamlarından biri olduğunu inkar etmək
mümkün deyil. İkinci Dünya müharibəsi zamanında, Fransanın ağır məğlubiyyətlərə
düçar olduğu bir vaxtda onun rəhbərliyi ilə yaradılan Azad Fransız Qüvvələri
Fransanın nasist Almaniyasına qarşı mübarizəsində başlıca hərəkətverici qüvvə
oldu. Xüsusilə, müharibənin başlanğıc illərində De Qollun Fransa xalqına
davamlı radio müraciətlərinin düşmənə qarşı müqavimət hərəkatının
formalaşmasına təkan verən əsas səbəb olduğunu bu günün tarixçiləri və siyasət
adamları qələbənin əsas amili kimi dəyərləndirirlər.
Zaman-zaman Azərbaycan dövlətçiliyinə qarşı qəsdlərin, dövlət
çevrilişi cəhdlərinin müstəqilliyimizin və gənc dövlətimizin məhv olması təhlükəsini
ortaya çıxardığı anlarda Heydər Əliyevin
fövqəladə çevikliklə öz qətiyyətli mövqeyini birbaşa xalqa ünvanlaması və
bir anda bütün xalqı təhlükəyə qarşı birləşdirməyə nail ola bilməsi də onun
siyasi cəsarətinin və xalqla rəhbər arasında qarşılıqlı inamın nadir nümunəsidir.
1994-cü ilin oktyabrında Xüsusi Təyinatlı
Polis Dəstəsinin xarici dövlətlərin kəşfiyyat
idarələri ilə birgə ölkəmizdə dövlət çevrilişi cəhdinə qarşı Heydər Əliyevin
inamlı duruşu yaxın tariximizdə ən parlaq siyasi qətiyyət nümunəsidir. Oktyabrın 4-də
axşam radələrində televiziya və radio ilə xalqa müraciət edən Heydər Əliyev
böyük natiqlik məharəti ilə dövlətçiliyimizin təhlükə altında olduğunu açıq şəkildə
ifadə edərək milli maraqlarımızın müdafiəsi naminə insanları Prezident
Administrasiyasının qarşısına səslədi. Qısa zaman ərzində bu çağırışa səs verən
on minlərlə Azərbaycan vətəndaşı Prezident Administrasiyasının qarşısına
toplaşaraq dövlətimizin müdafiəsi yolunda Heydər Əliyevlə eyni mövqedə
dayandığını ifadə etdi. Məhz belə bir fövqəladə həmrəyliyin yaradılmasını təmin
edən xalq-rəhbər birliyi dövlət çevrilişinin qarşısını aldı. Örnək gətirdiyimiz
tarixi faktlar yenə də xalqların
taleyinin müəyyənləşdiyi həlledici məqamlarda tarixi şəxsiyyət amilinin nə qədər
önəmli rol oynadığını göstərir.
Bu kontekstdə Heydər Əliyev və Şarl De Qoll kimi iki tarixi şəxsiyyəti
birləşdirən mühüm bir keyfiyyət – xalqlarının ən çətin anlarında onları dövlətçilik
naminə səfərbərliyə ruhlandıran müstəsna natiqlik qabiliyyətlərinin və xalqın
onlara sonsuz inamının olmasıdır. Məhz bu keyfiyyət həmin tarixi şəxsiyyətlərin
uzaqgörən siyasi gedişlərinə uğur gətirərərək toplumun bir ideya ətrafında sıx
birləşməsinə rəvac verdi. Eyni zamanda, Şarl De Qoll və Heydər Əliyev
bir-birindən fərqli situasiyalarda, lakin eyni müdrikliklə totalitar rejimlərdən
demokratik təsisatlara keçməyin tarixi labüdlüyünü vaxtında dərk etdi və bu mütərəqqi
prosesin təşkilatçıları oldular.
Məşhur çex dissidenti və siyasətçisi Vaslav Havel Heydər Əliyevlə
eyni siyasi dövrün hadisələrinə şahidlik etmiş görkəmli şəxsiyyətlərdəndir.
Sovet imperiyasının Şərqi Avropada mövqelərini möhkəmləndirməsindən sonra aktiv
siyasi mübarizə meydanına atılan Havel uzun illər regionun kommunist
totalitarizmindən qurtulmasında, Şərqli Avropa dövlətlərinin bu imperiyadan
asılılığına son qoyulmasında müstəsna rol oynamışdır. Xüsusilə, Sovet İttifaqının
çökməsi ərəfəsində Şərqi Avropada baş qaldıra biləcək etnik münaqişələrin
qarşısını almaq, Çexiya və Slovakiyanın sülh şəraitində müstəqil dövlətlər kimi
dünya birliyinə inteqrasiyasına zəmin formalaşdırmaq Vaslav Havelin sülhpərvər
siyasətinin prioritet istiqamətləri idi. Vaslav Havellə Heydər Əliyevi birləşdirən
ortaq məziyyət isə bu tarixi şəxsiyyətlərin uzun müddət ərzində kommunist
ideologiyası sırınan cəmiyyətlərinə demokratik prinsipləri və Avropa dəyərlərini
aşılaya bilmək qabiliyyətləridir. Azərbaycan hələ müstəqilliyini bərpa etməzdən
əvvəl Sovet ideologiyasının artıq yeni zamanın reallıqları ilə ayaqlaşmadığını
və məhvə məhkum olduğunu dəfələrlə bildirən Heydər Əliyev hakimiyyətə dönüşündən
sonra demokratik dəyərləri, hüququn aliliyi prinsipini dövlət siyasətinin
aparıcı xəttinə çevirdi. Ölkədə hakimiyyətin üç əsas qolunun – qanunvericilik,
icra və məhkəmə hakimiyyətinin demokratik prinsiplər əsasında təşkilini təmin
etdi, siyasi partiyaların fəaliyyətinə geniş zəmin yaradaraq, hakimiyyətin sağlam
siyasi mübarizə yolu ilə formalaşdırılmasının əsasını qoydu.
Həyat və mübarizə yollarına nəzər saldığımız liderlər fəaliyyət göstərdikləri
məkanın coğrafi sərhədlərini aşaraq universal düşüncə sahibləri, dünyanın yeni
sosial yaşam və yeni siyasət reallıqlarını ərsəyə gətirən yaradıcı insanlar
kimi tanınmışlar. Onlar üçün məkan və zaman fərqi yoxdur. Bu baxımdan, Heydər
Əliyevin malik olduğu ali insani keyfiyyətlər və siyasi qabiliyyətlər ona istənilən
siyasi mühitdə və istənilən coğrafi məkanda
siyasi elitanın ən yüksək pilləsində qərarlaşmağı təmin edə bilərdi. Belə
bir dühanın məhz Azərbaycan xalqına mənsub olması və özündən sonra bu xalqın
tarixində yaradıcı iz və daha uzaq gələcəyə hesablanmış siyasi irs qoyması
bütövlükdə xalqımızın milli uğuru və iftixar mənbəyidir. Müasir dünya tarixində
yaradıcı iz qoymuş digər tarixi şəxsiyyətlərlə ortaq məziyyətlər daşıdığı üçün
və bəzi hallarda isə həmin siyasi xadimləri belə üstələyən keyfiyyətlərə malik
olduğu üçün Heydər Əliyev dünya miqyaslı fenomenal şəxsiyyətdir, Azərbaycan
xalqının hər zaman fəxr edəcəyi və həyat yolundan ibrət götürəcəyi böyük bir
mütəfəkkirdir.
Bütün oxşarlıqlarla yanaşı, Heydər Əliyev şəxsiyyətinin özünəməxsusluğu
da xüsusi əhəmiyyət kəsb edir. O, bir çox siyasətçi müasirlərindən fərqli
olaraq təkcə öz dövrünün deyil, daha geniş zaman çərçivəsində baş verən
ictimai-siyasi proseslərin axarını müəyyən edə bilən güclü siyasi iradə sahibi,
yeni dünya tarixinin rasional siyasətçisi, uzaqgörən bir dövlət xadimidir. Heydər
Əliyev təkcə Gələcəyi görmür, həm də o Gələcəyi
yaradırdı: Sabaha doğru gedən yolu açır və insanları o yolla getməyə səfərbər
edirdi.
Heydər Əliyevlə eyni zamanda SSRİ-nin siyasi elitasının ən yüksək
pilləsində qərarlaşmış siyasətçilər – Leonid Brejnev və Mixail Qorbaçov bu gün
siyasət tarixində ən miskin fiqurlar kimi görünür. 18 il ərzində Sovet
İttifaqına rəhbərlik etmiş Leonid Brejnevi retrospektiv baxımdan dəyərləndirməli
olsaq, onu əslində, Sovet İttifaqının durğunluq dövrünə qədəm qoymasına zəmin
hazırlayan siyasətçi kimi xarakterizə etmək mümkündür. Leonid Brejnev başında
dayandığı siyasi rejimi yalnız mühafizəkar qaydalarla idarə etməyi bacaran,
dövlətin təkamül və tərəqqi qanunlarını bilməyən, istənilən yeniliyi yaxına
buraxmayan tipik bir "homo-sovietikus”
idi. Onun şəxsində bir siyasət adamı üçün həyati vacib olan siyasi qətiyyət,
xarizma, zamanın reallıqlarını düzgün qiymətləndirmək, ictimai-siyasi
çağırışlara adekvat reaksiya vermək qabiliyyətini görmək olduqca çətindir.
Lakin az sonra eyni siyasi piramidanın kifayət qədər nüfuzlu və məsuliyyətli
pilləsində dayanmış Heydər Əliyevin o
zamankı və sonrakı həyat yoluna nəzər saldıqda tamamilə fərqli bir mənzərənin
şahidi oluruq. Heydər Əliyevin istər Azərbaycan SSR-ə rəhbərlik etdiyi, istərsə
də Sovet İttifaqının rəhbərliyində təmsil olunduğu zaman göstərdiyi siyasi əzmkarlıq
və yorulmaz siyasi fəaliyyəti ona həmkarlarından fərqli olaraq xarizmatik lider
imici qazandırmışdı.
Bütün siyasi karyerası boyunca Heydər Əliyevə qarşı qısqanc münasibətin,
zaman-zaman edilən xəyanətlərin kökündə də məhz onun öz zəhməti ilə qazandığı böyük nüfuzun "təhlükəsi”
dayanırdı. SSRİ-nin sonuncu rəhbəri olmuş Mixail Qorbaçovun Heydər Əliyevə
qarşı qərəzli münasibəti bunun bariz nümunəsidir. Malik olduğu keyfiyyətlərlə
tutduğu siyasi vəzifənin məsuliyyəti arasında dərin uçurum olan bu şəxsin
parlaq zəkaya malik bir şəxsiyyətə – Heydər Əliyevə qarşı qərəzli münasibəti də
məhz o "təhlükə”nin duyğusundan qaynaqlanırdı. Nahaq yerə deyilmir ki, zaman
tarix boyunca əsl həqiqətləri üzə çıxaran, kimin kim olduğunu tam çılpaqlığı ilə
göstərən ən dürüst mizan-tərəzidir. Tarixin üzə çıxardığı ədalət və reallıq isə
bundan ibarətdir: Qorbaçov öz adını tarixə böyük bir dövləti dağıdan, əli öz vətəndaşlarının
qanına bulaşmış cinayətkar bir şəxs kimi, Heydər Əliyev isə Azərbaycan adlı məmləkəti
yenidən quran, onun müstəqilliyini əbədi və sarsılmaz edən şəxsiyyət kimi
yazdırdı. Bu da tarixin mizan-tərəzisi!
Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən dövlətlərin
bugünkü siyasi-iqtisadi durumu, regional və qlobal miqyasda tutduqları yer həmin
dövlətlərə başçılıq etmiş şəxslərin seçdikləri siyasi xəttlə birbaşa bağlıdır.
Bunu post-sovet ölkələrinin keçmiş rəhbərlərinin fəaliyyətinə və həmin ölkələrin
bu günkü siyasi-iqtisadi durumuna nəzər saldıqda daha aydın görmək mümkündür.
Belə bir müqayisədə də Heydər Əliyev siyasəti öz möhtəşəmliyi ilə üzə çıxır. Həm
də bir faktı nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanın yerləşdiyi geopolitik məkan
digər post-sovet ölkələrindən öz mürəkkəbliyi və həssaslığı ilə fərqlənir. Bu
gün Gürcüstanın düşdüyü geopolitik çıxılmazlıq sindromu, aqressiv şəkildə şimal
qonşusunun təcavüzünə uğraması və demək olar ki, müdafiəsiz qalması bu ölkənin
sabit və tarazlı siyasətə nə qədər ehtiyacı olduğunu bir daha göstərir. Yəqin
ki, əgər zamanında ölkədə milli müstəqillik siyasətinin əsası düzgün qoyulsaydı,
orada da dövlətin sabit və dayanıqlı
inkişafı təmin edilmiş olardı. Regionda Rusiyanın forpostu funksiyasını kölə
sadiqliyi ilə yerinə yetirən, ümumiyyətlə, heç zaman öz mükəmməl dövlətçiliyini
qurmamış və yəqin ki, heç zaman da buna nail olmayacaq Ermənistanda isə heç bir müstəqil siyasətdən, "parlaq gələcək”
vəd edən siyasi düşüncədən, ənənədən və
liderlik institutundan danışmaq mümkün deyil. Görünür, bu çürük siyasətin, daha
doğrusu, siyasətsizliyin, öz ölkəsini böyük fəlakətlərə sürüklədiyini nə Ermənistan hakimiyyəti, nə də erməni xalqı əməlli-başlı
dərk edir. Lap yaxın dövrdə Qərblə Şərq arasında geo-politik çəkişmələrin
qurbanına çevrilmiş Ukraynanın da durumu ürəkaçan deyil. Bu dövləti 20 ildən
çox müstəqillik dövrü ərzində idarə etmiş siyasətçilər tərəfindən yürüdülən siyasi kursun dəyəri,
daha doğrusu, dəyərsizliyi bu gün göz qabağındadır. Bütün bu illər ərzində
formalaşan kövrək siyasi vəziyyət, xaotik siyasi gedişlər fonunda daim tənəzzülə
gedən iqtisadi durum və davamlı hakimiyyət dəyişmələri bu gün Ukrayna dövlətçiliyinin
möbcudluğunu belə təhlükə altına almışdır. Ukraynada baş verən hadisələr bir
çox cəhətlərinə görə Azərbaycan- Ermənistan münaqişəsini xatırladır. Lakin ən
böyük fərq ondan ibarətdir ki, cərəyan edən dramatik hadisələrin səhnəsində bu hadisələri
cilovlayıb dayandırmağa və bütün vətəndaşları Ukrayna xalqının milli maraqları ətrafında
birləşdirməyə qadir olan siyasi lider yoxdur. Ukrayna xalqının avtoritarizmdən
qurtulduğu bu həssas məqamda Ukraynaya məhz onların "Heydər Əliyevi” hava və su
kimi lazım idi.
Sovet İttifaqı dağıldıqdan sonra Rusiya da yenidən özünü tapmaq, etimadlı
tərəfdaş qismində sivil və beynəlxalq hüquq normalarına əsaslanan yeni siyasi xətt
seçmək şansı qazanmışdı. Lakin Boris Yeltsinin gələcək prosesləri düzgün qiymətləndirməyə
yetməyən siyasi savadsızlığı və sonrakı dövrlərdə də bu dövlətin gələcək
inkişafının kökündə dayanmalı olan milli
ideyanın hələ də tapılmaması bu gün
Rusiyanı irəli getdiyində də, geriyə döndüyündə də məğlubiyyətə aparıb çıxaracaq
bir duruma salmışdır. Bu gün neo-avrasiyaçılığı yeni imperialist siyasətin mərkəzi
xəttinə çevirən və bu ideyanın reallaşmasına uğursuz cəhdlər edən Rusiya beynəlxalq
sistemi kifayət qədər dərindən çalxalamaqla, özünə və bütün beynəlxalq birliyə
ciddi ziyan gətirməkdə və öz xalqını daha böyük fəlakətlərə sürükləməkdədir.
Belələiklə, Heydər Əliyevdən başqa vaxtilə Sovet Politbürosunun tərkibində
olmuş bütün siyasətçilərin adlarını Əlahəzrət
Tarix qısa müddət ərzində yaddaşlardan sildi. Onlardan
heç birinin siyasi irsi və siyasi kursu yeni, müstəqil bir dövlətin həyat
yoluna çevrilmədi. Dünya inkişafının perspektivini
aydın görən, ona doğru addımlayan
və ölkəsini, xalqını ona doğru istiqamətləndirən Heydər Əliyevin uzaqgörən
siyasəti isə müasir Azərbaycanın dünya birliyinə təbii inteqrasiyasıını təmin
edərək onun müstəqilliyini əbədi və dönməz
etdi. Bu siyasət, hər şeydən əvvəl, uzunmüddətli sabitliyin bərqərar olunmasına
yönəlmişdir; bu siyasət zaman çərçivəsi ilə məhdudlaşmır – gələcəyə hədəflənmişdir;
bu siyasət geopolitik maraqları toqquşdurmur, əksinə, həmin maraqların Azərbaycanın
milli mənafeləri ilə uzlaşan ideal harmoniyasını yaradır. Məhz bu siyasət hələ
uzun illər Azərbaycanın daxili və xarici
siyasət doktrinasının özəyini, milli inkişafımızın təməlini təşkil edəcəkdir. Məhz
bu cəhətləri Heydər Əliyev siyasətini qlobal siyasət səviyyəsinə yüksəldir və
onun özünü isə dünya miqyaslı şəxsiyyətə çevirir.
Heydər Əliyev Azərbaycan xalqının rifahını, milli dövlətçiliyimizin
daha da güclənməsini hər şeydən üstün tutan vətənpərvər lider idi. Xüsusilə,
ömrünün son on ilində Heydər Əliyevin fəaliyyəti
hətta bir insan ömrünə sığmayacaq qədər zəngin oldu. Xarici ölkələrə etdiyi
davamlı səfərlərlə, daxili və xarici siyasətimizin dayaqlarını yaratmaqla, ümumən,
bütün ölkənin yenidən qurulmasına rəhbərlik etməklə, Heydər Əliyev Yeni Azərbaycanın
əsasını qoydu. İstənilən xarakterli böhrandan sabitliyə keçidin uzunmüddətli və ağrılı
proses olduğu şübhəsizdir. Heydər Əliyev uzaqgörən siyasi gedişləri ilə bugünkü
sabitliyi qısa zaman kəsiyində bərqərar etməyə nail oldu. Gərgin iş rejiminin səhhətində
problemlər yaratmasına baxmayaraq, Azərbaycan uğrunda yorulmaz fəaliyyətini bir
an belə dayandırmadı. Yalnız Heydər Əliyevin güclü qətiyyəti, ölkəmizin
maraqlarına xələl gətirə biləcək məsələlərdə tutduğu prinsipial mövqeyi Azərbaycana
beynəlxalq miqyasda yanaşmanı dəyişdi. Məhz onun yorulmaz səyləri nəticəsində
Azərbaycan konservativ, tipik post-sovet ölkəsi kimi deyil, beynəlxalq və
regional müstəvidə sabit və davamlı inkişaf vəd edən bərabərhüquqlu tərəfdaş
kimi tanınmağa başladı.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri, regionda
sabitliyin bərqərar olunmasında oynadığı rol bir çox tanınmış dövlət adamları tərəfindən
də aydın şəkildə ifadə olunmuş və yüksək qiymətləndirilmişdir. ABŞ-ın keçmiş
prezidenti Corc Buş ümummilli liderimiz haqqında deyirdi: "Heydər Əliyev Cənubi
Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Onun mövqeyi və göstərdiyi
səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin
cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının
həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil
olmasına şərait yaratmışdır”. Bu fikirlər Heydər Əliyev tərəfindən yürüdülən
siyasətin ölkə daxilində sabitliyə və iqtisadi inkişafa təkan verdiyini ifadə
etməklə yanaşı, onun bütövlükdə regional müstəvidə kəsb etdiyi sülhyaradıcı və
qlobal inteqrasiyaya yol açan fəaliyyətinin əhəmiyyətini bir daha təsdiqləyir.
Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer də Heydər Əliyev
haqqında fikirlərini bölüşərkən sabitlik faktorunu xüsusilə vurğulayır: "Heydər
Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə
sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev şəxsiyyətinə Azərbaycan,
region və ümumdünya kontekstində yanaşaraq bildirir: "Heydər Əliyev Azərbaycanın
xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə
xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.” Doğrudan da, Heydər Əliyev öz xalqının tarixi
köklərinə bağlı olan elə bir şəxsiyyətdir ki, o, bütün siyasi fəaliyyəti ərzində
türk dünyasının birliyinə, bütövləşməsinə və vahid güc mərkəzinə çevrilməsinə
böyük inam bəsləmiş və bu prosesin də davamlı inkişafına çalışmışdır. Yeni
türk yüzilliyinin rəmzi başlanğıcı kimi, məhz Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ildə
Bakıda təşkil olunmuş Türk Dövlətləri Başçılarının Zirvə Toplantısı və bu
Toplantının sonrakı illərdə artan ideya-praktik nəticələri onun türk dünyasının
birliyi naminə göstərdiyi xidmətin parlaq nümunəsidir.
Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, istənilən aspektdən
yanaşdıqda onun intəhasız fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənildikcə
öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onun yaradıcı zəkası hələ
uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Və hər zaman bu şəxsiyyətin
tarixdə oynadığı əhəmiyyətli rol daha dərin və daha geniş məzmunda, daha konseptual şəkildə açılacaq. Amma bir həqiqət
heç zaman dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla
yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə
əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdəndir!
Cavanşir Feyziyev
Milli Məclisin deputatı,Fəlsəfə doktoru