• cümə, 26 Aprel, 10:41
  • Baku Bakı 12°C

Tariximizin ən şanlı və parlaq səhifəsi - Azərbaycan Xalq Cümhuriyyəti

15.03.18 09:00 2834
Tariximizin ən şanlı və parlaq səhifəsi - Azərbaycan Xalq Cümhuriyyəti
Xalqımızın tarixində və yaddaşında silinməz iz qoyan günlərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gündür. Belə ki, bu tarix xalqın tərəqqisində, milli mənəvi dəyərlərə sahib çıxmasında, gələcəyə ümid işığının yanmasında böyük rol oynadı. 23 ay yaşasa da, 100 ildir unudulmayan cümhuriyyətin xalqımızın taleyindəki rolu danılmazdır. Təsadüfi deyil ki, prezident İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Bu AXC-yə olan yüksək münasibətin ən bariz nümunəsidir.Cari ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasının və bu istiqamətdə görülən işlərin əhəmiyyətini öyrənməyə çalışdıq.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyir ki,dövlət başçısının cümhuriyyətə bu qədər önəm verməsi alqışa layiq bir addımdır: "2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi prezident İlham Əliyevin dövlətçilik tariximizlə bağlı atılan mühüm addımlarından biridir. Bu addım Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda böyük rəğbətlə qarşılanıb. Bu, dövlət başçısının cümhuriyyət tarixinə olan xüsusi ehtiramıdır. Hər il mayın 28-də Respublika Gününə həsr olunmuş qəbullar keçirən Azərbaycan Prezidenti bütün çıxışlarında cümhuriyyət tarixinə olduqca yüksək qiymət verir. Azərbaycan dövlətinin başçısının cümhuriyyətə bu qədər önəm verməsini institutun bütün tarixçiləri adından alqışlayıram”.

Deputat prezident İlham Əliyevin cümhuriyyət tarixi barədə araşdırmaların genişləndirilməsi ilə bağlı Tarix İnstitutuna ciddi tapşırıq verdiyini deyir: "Bu il biz Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan bir sıra beynəlxalq elmi konfransların təşkilini planlaşdırırıq. İnstitutun elmi şurasının qərarına əsasən, bu il "Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri”, "Azərbaycan Xalq Cümhuriyyəti və 1918-1920-ci illərdə Şimali Qafqaz dövlətləri” (rus dilində), "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” (rus dilində), "Şəki (Nuxa) bölgəsi (1917-1920)”, "Azərbaycanın Zəngəzur bölgəsi 1917-1920-ci illərdə” və "Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)” kitabları çapdan çıxacaq. Həqiqətən Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələsini təşkil edən AXC-nin tarixi, cümhuriyyət liderlərinin xalqımız qarşısındakı xidmətləri müasir Azərbaycan üçün qürur mənbəyidir”.
"AXC az yaşasa da, xalqımızda azadlıq və müstəqillik fikirlərini daha da gücləndirmiş oldu” deyən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun "Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev qeyd edir ki, həmin dövr xalqımızın tarixində silinməz izlər qoydu:"Hər bir xalqın tarixində böyük əhəmiyyət daşıyan unudulmaz və əzəmətli səhifələr var. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması xalqımızın dövlətçilik salnaməsinin belə yaddaqalan səhifələrindəndir. Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək, onun müstəqil, müasir, dünyəvi və hüquqi dövlət yaratmağa və idarə etməyə qadir olduğunu dünyaya sübut etdilər. AXC-nin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynayıb”.

Müsahibimiz deyir ki, cari ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi cümhuriyyət tarixinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir: "Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamına əsasən, cari ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, əslində, dövlətimizin başçısının XX əsr tariximizin ən mühüm hadisələrindən olan cümhuriyyət tarixinə verdiyi yüksək qiymətdir. Dövlətimizin başçısı dəfələrlə ziyalılarımız və yerli ictimaiyyətin nümayəndələri ilə keçirdiyi görüşlərdə tariximizin müxtəlif dövrlərinə və hadisələrinə münasibətini bildirib, tarixçilərimiz qarşısında prioritet tədqiqat istiqamətləri müəyyənləşdirib. Onların içərisində cümhuriyyət tarixinin obyektiv araşdırılması həmişə xüsusi yer tutub. Prezident İlham Əliyev çıxışlarında tarixi şəhərimiz olan İrəvanın Ermənistana verilməsi və Azərbaycan xalqına qarşı soyqırımları kimi məsələlərin dərindən araşdırılmasının vacibliyini dəfələrlə vurğulayıb. Hesab edirəm ki, cari ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi cümhuriyyət tarixinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir”.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun "Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr tariximizin ən şanlı və parlaq səhifələrindəndir: "Bu baxımdan Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi böyük əhəmiyyətə malikdir. Dövlətimizin başçısının bu qərarı, eləcə də AXC-nin 100 illik yubileyi haqqında verdiyi müvafiq Sərəncam cümhuriyyətin tariximizdə tutduğu şərəfli yerin müasir Azərbaycan dövləti tərəfindən bir daha təsdiq edilməsi kimi dəyərləndirilməlidir. Bu da təsadüfi deyil. Çünki Prezident İlham Əliyevin söylədiyi kimi, "Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır””.

N.Məmmədzadə qeyd edir ki, həmin dövrdə nümayiş olunmuş qəhrəmanlıq ənənəsinə sadiq qalaraq öz ərazi bütövlüyümüzü bərqərar edəcək, doğma Qarabağı erməni işğalçılarından azad edəcəyik: "AXC-nin xalqımız qarşısında müstəsna xidmətləri olub. Bu, özünü bütün sahələrdə - dövlət quruculuğu, siyasət, iqtisadiyyat, təhsil və mədəniyyətin inkişafında büruzə verdiyi kimi, dövlətin ərazi bütövlüyünün qorunmasında da göstərib. Fəaliyyətinin ilk günlərindən cümhuriyyət öz istiqlalı və ərazi bütövlüyü uğrunda mübarizə aparmağa məcbur olub. XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan yenidən erməni təcavüzü şəraitində milli dövlətçiliyini gücləndirməli olub. Cümhuriyyətin 100 illiyini qeyd edən güclü Azərbaycan dövləti, heç şübhəsiz ki, 1918-1920-ci illərdə nümayiş olunmuş qəhrəmanlıq ənənəsinə sadiq qalaraq öz ərazi bütövlüyünü bərqərar edəcək, doğma Qarabağı erməni işğalçılarından azad edəcək”.
Günel Azadə

banner

Oxşar Xəbərlər