• cümə, 29 Mart, 17:00
  • Baku Bakı 14°C

Tarixi XVII əsrə gedib çıxan turizm bağlılığı

24.01.19 09:30 929
Tarixi XVII əsrə gedib çıxan turizm bağlılığı
Hindistanlı turistlərin Azərbaycana marağı get-gedə artır. Bunu keçən ilin statistikası da təsdiqləyir. Belə ki, Azərbaycan Turizm Bürosunun açıqlamasına görə, 2018-ci ildə Azərbaycana səfər edən hindistanlı turistlərin sayında 175% artım olaraq 40 min nəfərə çatıb. Hindistan həmçinin Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyinin açıldığı ilk altı ölkə sırasındadır. ATB Hindistan bazarı haqqında daha əvvəldən araşdırma aparıldığını, potensial turistlərin maraqlarının öyrənildiyini bildirir: "Azərbaycanın yeni turizm konsepsiyası ilə ölkənin turizm imkanları haqqında məlumat daha yaxşı çatdırılacaq. Həmçinin hindli turistlər üçün müxtəlif bayram, toy və s. kimi korporativ və qrup tədbirlərinin keçirilməsi üçün də təkliflər mövcuddur. Hətta Azərbaycanda Hindistan kinolarının çəkilişini dəstəkləyəcək qaydalar müəyyənləşdirən sənəd üzərində iş gedir”.
Nəzərə alsaq ki, bu gün xaricə turist axını olan ölkələr sırasında Hindistan öncül yerlərdən birini tutur, onda bu fürsətdən yararlanmaq üçün ölkəmiz də öz turizm məhsullarını təklif etməyi bacarmalıdır. Hindistanla ta qədimdən əlaqələrimizin mövcud olması, XVII əsrdə atəşpərəst hindli tacirlər - parslar tərəfindən Bakının yaxınlığındakı Suraxanı kəndində ”Atəşgah” məbədinin inşa edildiyi də bu istiqamətdə müsbət amillərdən ola bilər. XVIII əsrdə Hindistandan Suraxanıya əbədi oda sitayiş üçün hind zəvvarlarının gəldiyi mənbələrdə yer alıb. Həmçinin varlı hind tacirləri Suraxanıda nadir abidə-od məbədi və hindli zəvvarlar üçün hücrələr tikdirirdilər. Qeyd edək ki, əvvəllər olduğu kimi, məbədə yenə də hər il yüzlərlə turist gəlir. Onların arasında müxtəlif dinlərin nümayəndələri də var. Bu insanların əksəriyyətini Atəşgaha gətirən heç də turist marağı deyil. Onlar bu müqəddəs məkana - Od Məbədinə öz ulu əcdadları kimi, həm də ziyarətə gəlir, oda, atəşə, xeyirxah ruhlara dualar oxuyurlar. YUNESKO siyahısına daxil edilən Suraxanı "Atəşgah”ı milli- maddi sərvət kimi bu gün də qədim din olan zərdüştiliyin ardıcılları haqqında ən müfəssəl məlumat verən, bütün yer üzündəki iki nadir atəşgahdan birincisi olaraq qalmaqdadır. İndi qarşıda hindlilərin kütləvi surətdə öz əcdadlarının izi ilə ölkəmizə gəlmələrini - bu məbədi ziyarət etmələrini təmin etmək turizmçilərin qarşısında duran işdir.
Marketinq, tələbat və təbliğat
Dövlət Turizm Agentliyinin əməkdaşı Kənan Quluzadə də hindistanlı turistlərin ölkəyə cəlb edilməsinin konsepsiyasının hazırlandığını deyir. Bu konsepsiya Turizmsənayesinin inkişafına dair StratejiYol Xəritəsi üzərində hazırlanıb və Hindistan da prioritet istiqamətlərdən biridir: "Hindistanda Azərbaycanın rəsmi turizm nümayəndəliyi açılıb. Həmin nümayəndəlik vasitəsilə Azərbaycana daha çox turizm cəlb edilməsi işləri aparılacaq. Bu, təbliğat xarakterli işlərdir. Həm media, həm sərgilər vasitəsi ilə, həm turizm şirkətləri ilə birbaşa əlaqələrin qurulması, həm də sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Hazırda Hindistan bazarı öyrənilir və orada marketinq araşdırmaları aparılır. Həmçinin onların Azərbaycandan hansı gözləntilərinin olduğu araşdırılır ki, tələbatları əsasında təkliflər formalaşdırılsın. Hesab edirəm ki, Hindistanla tarixi-mədəni bağlantılarımız da bu əlaqələrdə rol oynayacaq”. K.Quluzadə xüsusən «Atəşgah» və «Yanardağ» məbədlərinin hindlilər üçün cəlbedici məkanlar olduğunu bildirir: "Hindistanlı turistlər üçün Azərbaycan turizm məhsullarını daha cəlbedici etməkdən ötrü daxildə iş aparılır. Marketinq araşdırmaları, tələbatın öyrənilməsi, tələbata uyğun daxildə təklifin formalaşdırılması və təbliğat işi bu sahədə inkişafa yol açacaq».
Turistlərin maraqlarına uyğun dəyişiklik
Turizm üzrə mütəxəssis Ceyhun Aşurovun sözlərinə görə, təkcə Hindistanda yaşayanlar deyil, ayrı-ayrı ölkələrdə yaşayan hindlilər də turist kimi səyahətə çıxırlar: "Hindlilər əlamətdar günlərini və toylarını xaricdə qeyd etməyi xoşlayırlar. Özü də bu toylara qohum-əqrəbalarını da dəvət edirlər. Hindlilərin bir qismi böyük məbləğdə vəsait xərcləməklə, toy şənliklərini xarici ölkələrdə keçirirlər. İmkanlı hindlilər də səfər edirlər. Onlar xüsusən qrupla səyahət etməyi xoşlayırlar». Yanvar ayında Dehlidə turizm sərgisinin keçirildiyini bildirən turizmçi Azərbaycan nümayəndələrinin də «Luxurious tourizm” (Dəbdəbəli turizm) olaraq öz turizm məkanlarımızı göstərmək üçün həmin sərgidə iştirak etdiklərini bildirdi: "Bu, turistləri cəlb etmək üçün maraqlı və vacib bir sərgi idi. Bakının lüks otelləri, tarixi yerləri hindlilər üçün cəlbedici turizm məkanları sayılır”. C.Aşurov hindistanlı turistləri cəlb etmək üçün dünya ölkələrində müxtəlif üsullardan istifadə olunduğunu bildirdi. Məsələn, hindliləri cəlb etməyin yollarından biri kino sənayesindən geniş istifadədir: " Almaniyada məşhur hind aktyorlarının çəkilişlərini həyata keçirirlər. Həmin ərazidə filmlərin çəkilməsi də hind turistlərini cəlb edən məqamlardır. Xüsusən, onların kino qəhrəmanlarının olduğu, hadisələrin baş verdiyi yerlər həmin əraziyə düşürsə, bəzi ölkələr bundan marketinqdə geniş istifadə edirlər. Bu da effektiv nəticə verir. Onlar öz ölkələrini tanıtmaq üçün Hindistan aktyorlarını müəyyən güzəştlərlə dəvət edir, hətta, müəyyən maliyyə dəstəyi də verirlər ki, kinolar məhz o məkanda çəkilsin”. C.Aşurovun sözlərinə görə, artıq Hindistanla bağlı bəzi kino elementlərinin, kliplərin çəkilməsi təcrübəsi Bakıda da var: "Bununla belə bu, çox azdır. Hindistanda bir milyarddan çox insan yaşayır. Onların böyük bir qismi xaricə turist kimi səfər edən insanlardır. Hindistanda ölkədən gedən turistlərin sayı, ölkəyə gələn turistlərin sayından daha çoxdur. Bu baxımdan biz öz ölkəmizə gələn hindlilərin sayını artıra bilərik. Bunun üçün müxtəlif yollar düşünülür. Məsələn, iki ölkə arasında birbaşa reyslərin açılması barədə danışıqlar gedir. Düşünürəm ki, hindistanlı turistlər Azərbaycana gəlib maraqlı turizm məhsulları tapa bilərlər”. Son iki ildə Hindistandan gələn turistlərin sayında aktivlik müşahidə olunduğunu deyən turizmçi bildirdi ki, sadəcə, hindlilərin gəlişini stimullaşdırmağa ehtiyac var. Turistlərin "Yanardağ” və "Atəşgah” məbədinə cəlb edilməsinə gəlincə, turizmçi hesab edir ki, abidələr bunun üçün hazır olmalıdır: "Dini inanc nöqteyi-nəzərindən "Atəşgah”a xüsusi zəvvar qrupları gəlirdi. Hesab edirəm ki, abidənin ətrafında da bu günün şərtlərinə və gələn turistlərin maraqlarına uyğun müəyyən dəyişikliklər olmalıdır».
Turizm paketlərinin ucuz olması
AzərbaycanTurizmAssosiasiyası sədrinin müşaviriMüzəffərAğakərimov hesab edir ki, hindistanlı turistləri ölkəyə cəlb etmək üçün turizm agentliklərinin arzu və tövsiyələrini səbir və təmkinlə dinləmək lazımdır. Yəni turist paketini hazırlayanda nəqliyyat xidmətlərinin yüksək olması nəzərə alınmalıdır: "Ona görə, turizm paketlərinin qiyməti artır. Xüsusən təyyarə biletləri baha olduğundan, qiymətlərə nəzarət edilməlidir. Müşavirin fikrincə, ölkələr arasında birbaşa reyslərin olması turizmin inkişafında düşünülmüş addımdır: "Yenə də turizm paketlərinin ucuz olması üçün təyyarə biletlərinin ucuzlaşması daha məqsədəuyğundur. Yalnız bu yolla turistləri cəlb edə bilərik. Kütləvi turizm də məhz bu yolla inkişaf edə bilər. Bu, eyni zamanda, yeni turizm istiqamətlərinin inkişafına təkan ola bilər”. M.Ağakərimov hesab edir ki, «Yanardağ» və «Atəşgah» kimi turizm obyektləri hindistanlı turistləri cəlb etmək baxımından əhəmiyyətlidir: "Azərbaycanda ümumiyyətlə, təkcə hindliləri deyil, başqa ölkələrin vətəndaşlarını da cəlb edəcək obyektlər var». Müşavirin fikrincə, digər tərəfdən, yeni otellərin inşasına start verilərsə, bu, yeni iş yerlərinin yaranmasına da səbəb olar: "Bizim gənc kadrlarımız və ya tələbələr yeni iş yerləri ilə təmin oluna bilərlər”.
Hazırda dünya ölkələrinin, turizmin inkişafı ilə bağlı müxtəlif konsepsiyalar hazırladıqlarını, turistləri cəlb etmək üçün yollar düşündüklərini nəzərə alsaq, qeyri-neft sektoru kimi turizmin inkişafını prioritet istiqamətə çevirən Azərbaycan üçün bu, xüsusən önəmlidir. Əgər söhbət təkcə hindli turistlərdən gedirsə, bazarda onları cəlb etməyə çalışan Türkiyə, Özbəkistan və s. ölkələrin də olduğunu unutmamalıyıq. Turistləri cəlb etməyin yolu isə onlara təqdim olunan turizm məhsullarından çox asılıdır.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər