Tarixi şəxsiyyətlərimizə sahib çıxaq
Müstəqillik tariximizin ən mühüm nailiyyətlərindən
biri də tarix elmimizin inkişafı sahəsində əldə olunan
böyük uğurlardır. Azərbaycan tarixşünaslığını müstəqil inkişaf yoluna ulu öndər
Heydər Əliyev çıxarmışdır. Dahi şəxsiyyət doğma xalqına, vətən torpağına həsr
olunmuş ömrünün bütün çağlarında tariximizin azərbaycançılıq məfkurəsi əsasında
doğru-düzgün araşdırılmasını və gənc nəslin doğma vətənə sədaqət ruhunda tərbiyə
olunmasını daim diqqət mərkəzində saxlayırdı. Erməni-daşnak quldurlarının
xalqımıza qarşı törətdikləri soyqırımları və deportasiyalarla bağlı mühüm dövlət
sənədləri imzalayan, XX əsrin 20-30-cu illərində ziyalılarımıza qarşı həyata
keçirilmiş repressiyaların ağır nəticələrindən dönə-dönə bəhs edən Heydər
Əliyev, əslində, tarixçilər qarşısında tarix elmini keçmiş zərərli
konsepsiyalardan uzaqlaşdırmaq, saxtalaşdırmalardan və təhriflərdən təmizləmək
kimi çox mühüm və şərəfli vəzifə qoymuşdur.
Ulu öndərin tarix elminin inkişafı ilə bağlı bütün
ideyalarını, planlarını dönmədən həyata keçirən Prezident İlham Əliyev tarixçi
alimlər qarşısına yeni və daha konkret vəzifələr qoydu. Ölkə başçısının
çağırışları, təşəbbüsü və birbaşa tövsiyəsi ilə ilk dəfə olaraq "Azərbaycan
Tarixi Atlası”, mükəmməl tədqiqat əsərləri olan "Qarabağ: real tarix, faktlar,
sənədlər”, "Naxçıvan: tarixi və abidələri”, erməni-daşnak quldur rejimləri tərəfindən
Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilmiş soyqırımları barədə
ayrı-ayrılıqda çoxsaylı kitablar nəşr olundu. Stepan Şaumyanın başçılıq etdiyi
"26 Bakı komissarları” adlanan daşnak-bolşevik güruhunun soyqırımı cinayətləri
sübuta yetirildi. Ölkə başçısının birbaşa tapşırığı ilə yazılmış fundamental
elmi tədqiqat əsəri olan "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali
Azərbaycan torpaqlarına köçürülməsi” kitabı, həmçinin "Real tarix və "Böyük Ermənistan
uydurması” tədqiqatı və digər çoxsaylı əsərlər rus, ingilis, italyan, ispan, ərəb
və başqa dillərə tərcümə olunaraq dünyada yayıldı. Bununla ermənilərin guya Cənubi
Qafqazın "ən qədim əhalisi olması” barədə saxta və uydurma "konsepsiyaya”
sarsıdıcı zərbə vuruldu. Dünyanın mühüm elm mərkəzlərində, arxivlərində
saxlanılan tariximizlə bağlı külli miqdarda arxiv sənədləri ölkəmizə gətirildi.
Tarixçilərimiz ilk mənbələrə,
o cümlədən zəngin arxiv sənədlərinə əsaslanaraq vətənimizin
saxtalaşdırılmalardan, təhriflərdən təmizlənmiş yeni tarixini yazırlar. Beş
kitabdan ibarət olan ikicildlik "Azərbaycan Respublikasının tarixi (1991-2016)”
fundamental araşdırması isə artıq işıq üzü görmüşdür.
Ölkə başçısı tarix
elminin inkişafını daim diqqət mərkəzində saxlayır, tarixçilərin əməyinə yüksək
qiymət verir. Milli Elmlər Akademiyasının Tarix İnstitutu Prezidentin
çağırışlarını, tapşırıq və tövsiyələrini yerinə yetirmək üçün var qüvvəsi ilə çalışır,
alimlərimiz xalqımızın şanlı tarixini düzgün və dolğun əks etdirən əsərlər
yazırlar. Cəsarətlə demək olar ki, artıq Azərbaycan tarix elmi müstəqil inkişaf
yoluna çıxmışdır.
Müstəqil Azərbaycanın
bütün sahələrdəki nailiyyətləri kimi tarix elminin inkişafında əldə olunmuş
böyük uğurlar da bədxahlarımız tərəfindən (eyni zamanda daxili dönüklər tərəfindən!)
birmənalı qarşılanmır. Tarix elmimiz "ənənəvi” konsepsiyalardan uzaqlaşdıqca,
saxtalaşdırmalardan və təhriflərdən təmizləndikcə Milli Elmlər Akademiyasının
Tarix İnstitutu bundan narahat olan xarici qüvvələrin, xüsusilə erməni
saxtakarlarının kəskin hücumlarına məruz qalır. Vaxtaşırı işğalçı ölkənin
paytaxtında keçirilən "elmi” toplantılarda qaraqışqırıq salanlar Tarix
İnstitutunun uğurlarını iftira və böhtan "atəşinə” tuturlar. Əlbəttə, biz
bundan böyük qürur duyuruq! Çünki doğru yoldayıq! Deməli, hədəfləri düz
seçmişik!
Nə qədər təəccüblü olsa
da, ölkəmizin daxilində də xaricdəki bədxahlarımızla səs-səsə verənlərə
ara-sıra rast gəlinir.
Müasir mərhələdə müstəqil
Azərbaycanın tarix elmi bədxahlarımıza qarşı başlıca olaraq üç istiqamətdə
mübarizə aparır: dövlətçilik tariximizin təhrif olunmasına qarşı; xalqımızın
yaratdığı qədim və zəngin mədəniyyətə sahib çıxmağa çalışanlara qarşı; görkəmli
tarixi şəxsiyyətlərimizə qarayaxanlara qarşı.
Gizli deyil ki, 1918-ci
ilədək Cənubi Qafqazda dövlətçilik tarixi olmayan və bu regiona Çar Rusiyası tərəfindən
köçürülüb gətirilmiş ermənilər, habelə uzun tarixi dövrlər ərzində böyük Azərbaycan
imperiyalarının tərkibində olmuş digər ölkələrin bəzi "alimləri” ya kağız üzərində
özlərinə "dövlət yaratmağa” çalışır, ya da Azərbaycanın qədim dövlətçilik mədəniyyətinin
tarixini təhrif etmək üçün hər cür saxtakarlığa əl atırlar. Bu iyrənc məqsədə
xidmət edənlər ən adi mənəviyyat və əxlaq normalarını belə pozaraq Azərbaycan
xalqına məxsus olan mədəniyyət abidələrinə, nadir sənətkarlıq nümunələrinə,
xalqımızın mətbəx mədəniyyətinə də sahib çıxmağa və özlərinə oğurluq mədəniyyət
yaratmağa cəhd göstərirlər.
Son zamanlar müxtəlif
informasiya vasitələrində Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir tarixi
şəxsiyyətlərə hücumlar da kütləvi xarakter almışdır. Məqsəd aydındır: yenidən
öz müstəqilliyinə qovuşmuş xalqımızın özünün minillər boyu davam etmiş dövlətçilik
tarixinə, qədim və zəngin mədəniyyətinə, qüdrətli tarixi şəxsiyyətlərinə sahib
çıxmasına əngəl törətmək, Azərbaycan gəncliyinin, bütövlükdə xalqımızın
işğalçılara, antiazərbaycan qüvvələrinə qarşı mübarizə ruhunu güclənməyə
qoymamaq!
Bu bir həqiqətdir ki, hər
bir xalq, onun milli-mənəvi varlığı doğma elinə, torpağına bağlı olan tarixi şəxsiyyətlərin
fəaliyyəti və mübarizəsi sayəsində yaşayır, qeyri-millətlər içərisində əriyib
yox olmaq təhlükəsindən qurtulur. Məhz qüdrətli şəxsiyyətlər sayəsində xalq həm
də tarixin yaddaşında qalır.
Qədim dövlətçilik mədəniyyətinə
malik olan Azərbaycan xalqı üçün böyük qürur mənbəyidir ki, o dünyaya olduqca
görkəmli tarixi şəxsiyyətlər bəxş etmişdir.
Müstəqil
respublikamızın ərazisinin 20 faizinin təcavüzkar Ermənistan silahlı qüvvələrinin
işğalı altında olduğu bir dövrdə, informasiya müharibəsinin gedişində beynəlxalq
aləmdə, əsasən də vikipediya və digər müxtəlif internet resurslarında ölkəmizə
qarşı informasiya hücumları, qarayaxmalar, böhtan və iftira kampaniyaları daha
da genişlənməkdədir. Əsas məqsəd tariximizə qara yaxmaq, tarixi şəxsiyyətlərimizi
ləkələmək, ermənilərin guya Cənubi Qafqazın "aborigen əhalisi”, yəni "ən qədim
sakinləri” olması barədə saxta konsepsiya ilə bağlı uydurma "elmi” fikirləri
dünya ictimaiyyətinin beyninə yeritməkdən ibarətdir.
Çox təəssüf ki, ölkəmizin
daxilində də xalqın yaddaşında yüz illər ərzində özünə layiqli yer tutmuş görkəmli
dövlət xadimlərinə və digər tarixi şəxsiyyətlərə, o cümlədən Babək, Cavanşir, Şəmsəddin
Eldəniz, Uzun Həsən, Şah İsmayıl Səfəvi, Şah Təhmasib Səfəvi, Şah Abbas Səfəvi,
Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar və digər tarixi şəxsiyyətlərə qarşı
saxta, elmdən uzaq, sağlam məntiqdən kənar fikirlərlə, qarayaxmalarla çıxış edənlər
də tapılır.
Azərbaycan xalqının
milli qüruru olan və millətimizə bütün dünyada başucalığı gətirən nadir tarixi
şəxsiyyətlərimizin, hətta dahi füzulilərin, Üzeyir bəylərin, görkəmli dövlət və
siyasi xadimlərimizin, sərkərdələrimizin, xalq qəhrəmanlarımızın yaxın keçmişdə
televiziya ekranlarında "dahilərin divanı” kimi üzdəniraq verilişlərdə "tənqid”
və lağ hədəfinə çevrilməsi yadımızdan çıxmayıb!
Təəccüblü deyilmi, bir
tərəfdən torpaqlarımıza yiyələnməyə çalışan işğalçı dövlətin nümayəndələri
bizim dahilərimizə sahib çıxmaq üçün guya onların "erməni mənşəli” olduğunu
sübut etməkdən ötrü dəridən-qabıqdan çıxırlar, digər tərəfdən isə bizim içərimizdəki
bəzi dönüklər bir çox dahi şəxsiyyətlərimizin "mənşəcə azərbaycanlı
olmadıqlarını” sübuta yetirmək üçün əllərindən gələni edirlər, necə deyərlər,
özlərini oda-közə vurmaqdan belə çəkinmirlər. İstər-istəməz düşünməli olursan:
bu iki şər qüvvə eyni məqsədə xidmət etmirmi?!
Nə qədər acı olsa da,
Azərbaycan xalqının yadelli işğalçılara qarşı mübarizəsinə 20 ildən artıq bir
dövr ərzində rəhbərlik etmiş və böyük bir imperiyanın - Ərəb xilafətinin
ordularını dəfələrlə ağır məğlubiyyətlərə uğratmış ölməz xalq qəhrəmanımız Babəkin
şəxsiyyətini müzakirəyə çıxaranlar, onun soykökünün axtarılmasına, daha
doğrusu, azərbaycanlı olmadığını sübut etməyə cəhd göstərənlər də var. Belələri
düşünmürlər ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biridir. Başqa
xalqlar kimi, onun da formalaşmasında müxtəlif türk etnosları, habelə digər
etnoslar iştirak ediblər. Xalqımızın yaranışı tarixin ən qədim qatlarından
başlayıb və erkən orta əsrlərdə başa çatıb. Buna görə də, üstündən yüzillər
keçdikdən sonra formalaşmış vahid adı, dili, dövləti, mədəniyyəti olan bir
xalqı yenidən "sortlara ayırıb” onun qəhrəmanlarını ümumazərbaycan gövdəsindən
qopararaq ayrı-ayrı etnoslara aid etmək düşmən dəyirmanına su tökməkdən başqa
bir şey deyil!
Belələri, həm də
unudurlar ki, xalq öz kökünü, tarixini hamıdan yaxşı bilir, dost-düşmənini də,
qəhrəmanlarını da hamıdan yaxşı tanıyır. Məhz ümumxalq sevgisinin nəticəsidir
ki, bu gün 60 milyonluq Azərbaycan xalqı öz ailələrində yüzlərlə babəklər,
cavanşirlər tərbiyə edir!
Təəssüf ki, tarixi şəxsiyyətlərimizə
sayğısız, laqeyd münasibət, hətta onları özgəninkiləşdirmək meyilləri səngimək
bilmir. Hətta bəzi televiziya kanallarının hazırladığı verilişlərdə də Şah İsmayıl,
Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar kimi görkəmli şəxsiyyətlərimizi Azərbaycandan
qoparmaq cəhdi açıq-aşkar nəzərə çarpır.
Bu gün təcavüzkar Ermənistanın
işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edən Tarix
İnstitutu ölkə başçısının çağırışları, tapşırıq və tövsiyələri ilə mükəmməl
elmi araşdırmalar ortaya qoymaqla yanaşı, həm də yeniyetmələr arasında "Tarixi
şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində
Bakı şəhərinin müxtəlif orta məktəbləri, təhsil kompleksləri və liseylərində, Şəki
şəhərindəki 10 nömrəli orta məktəbdə "Heydər Əliyev”, "Şah İsmayıl Səfəvi”,
"Şah Təhmasib Səfəvi”, "Şah Abbas Səfəvi”, "Nadir şah Əfşar”, "Ağa Məhəmməd şah
Qacar”, "Vətən qeyrətli qadın hökmdarımız - Tomiris”, "Hacı Çələbi xan”
mövzularında elmi-praktik konfranslar keçirilmişdir. Orta məktəb şagirdlərinin
çox fəal iştirak etdiyi bu konfransların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə
olunmasında rolu əvəzsizdir.
Yuxarıda göstərilən
elmi-praktik konfransların gedişində çox qabarıq nəzərə çarpan sevindirici bir
hal da bundan ibarətdir ki, gənc nəsil, onlara təhsil və tərbiyə verən tarix müəllimləri
tarixi şəxsiyyətlərimizi yaxşı tanıyır, onların fəaliyyətini yeniyetmələrimizə
doğru-düzgün öyrədirlər. Bu da səbəbsiz deyil. Çünki müstəqillik dövründə yeni
- azad Azərbaycanın təhsil sistemi üçün yeni tarix dərslikləri yaradılmışdır. Təhsil
Nazirliyinin çox ciddi şərtlər çərçivəsində həyata keçirdiyi müsabiqələr sayəsində
ərsəyə gələn tarix dərslikləri bu gün xalqımızın çox qısa zaman kəsiyində əldə
etdiyi böyük nailiyyətdir.
Bütün bunlarla yanaşı,
ciddi narahatlıq doğuran haldır ki, hələ də sovet dövrünün zərərli və zəhərli
konsepsiyalarının təsirindən yaxa qurtara bilməyən, tariximizin bir çox
problemlərindən baş açmayan bəziləri Azərbaycanın oğuz-türk mənşəli Şah İsmayıl
Səfəvi, Şah Təhmasib Səfəvi, Şah Abbas Səfəvi, Nadir Şah Əfşar, Ağa Məhəmməd
şah Qacar kimi böyük tarixi şəxsiyyətlərini, onların yaratdıqları qüdrətli
imperiyaları başqalarına aid edirlər, "ən yaxşı halda” isə Azərbaycana aid
etmirlər. Bu böyük sərkərdələri Azərbaycanla, xüsusilə Şimali Azərbaycanla
bağlı olaraq "işğalçı” kimi qələmə verirlər. Doğma dildə ana südü qədər dadlı və
təmiz şeirlər yazan, divan bağlayan, Azərbaycan türkcəsini böyük Səfəvi
imperiyasının dövlət dili səviyyəsinə yüksəldən, öz xalqı üçün vahid mərkəzləşdirilmiş
dövlət yaradan Şah İsmayıl Səfəvinin bunca tarixi xidmətlərini bir tərəfə
ataraq onu "islam dinini və türk dünyasını parçalamaqda” günahlandıranlar isə
"daha dərinə gedərək” xalqı öz şanlı tarixindən, nadir şəxsiyyətlərindən məhrum
etmək qədər zərərli addım atırlar. Bu cür təşəbbüslərlə çıxış edənlər həm də
unudurlar ki, tarix elmində islam dininin nə vaxt və harada məzhəblərə
parçalanması tarixi də yaxşı məlumdur, türk dünyasının parçalanması səbəbləri də,
onu parçalayan qüvvələr də!
Kimin və ya kimlərinsə
necə yozmasından asılı olmayaraq tarixi reallığı ört-basdır etmək olmaz. Çünki
o həqiqətdir. Həqiqətin isə ancaq bir adı var: həqiqət! İskəndər, Atilla,
Çingiz xan, Böyük Karl, Şəmsəddin Eldəniz, Alp Arslan, Əmir Teymur, Uzun Həsən,
Fateh Sultan Mehmet, Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas, Pyotr, Nadir Şah,
Napoleon Bonapart kimi tarixi şəxsiyyətlər öz xalqlarına misilsiz xidmətlər
göstərməklə yanaşı, qüdrətli imperiyalar yaratmış, işğallar həyata keçirmiş,
dünya tarixində dərin iz qoymuşlar. Bəs nədən və nə üçün İskəndərin, Böyük
Karlın, Fateh Sultan Mehmetin, Əmir Teymurun, Pyotrun, Napoleon Bonapartın və
onlarla başqa tarixi şəxsiyyətlərin mənsub olduğu xalqlar öz şəxsiyyətlərinə,
bu şəxsiyyətlərin yaratdıqları imperiyalara sahib çıxdıqları halda biz Şəmsəddin
Eldənizdən, Uzun Həsəndən, Şah İsmayıldan, Şah Təhmasibdən, Şah Abbasdan, Nadir
Şahdan, Ağa Məhəmməd Şah Qacardan və digər onlarla qüdrətli şəxsiyyətlərimizdən
üz döndərməli və onların yaratdıqları imperiyaların tarixindən imtina etməliyik?!
Və ya onları başqalarına "bağışlamalıyıq”?! Səfəvi-qızılbaş türkləri, Əfşarlar,
Qacarlar bizim kökümüzdə duran türk elatları, daha doğrusu, bizim özümüz
deyilikmi? Necə olur, biz xalq qəhrəmanımız Cavad xan Ziyadoğlu ilə
qürurlanırıq, yadellilərə qarşı qəhrəmancasına duruş gətirən İrəvan xanları
olan Qacarlarla fəxr edirik, amma Ağa Məhəmməd Şah Qacarı özümüzdən hesab
etmirik - "yadelli işğalçı” adlandırırıq?!
Daha ağrılı, daha dərin
təəssüf doğuran hal budur ki, bəzən dünyanın hər yerində, çox görkəmli tədqiqatçıların
olduqca yüksək qiymət verdiyi Nadir şah Əfşar kimi dahi tarixi şəxsiyyətlərimizi
də öz içərimizdə özümüz ləkələyirik! Belə addımı ixtisası tarixçi olan alimlər
atdıqda lap mat qalırsan (Məsələn, bax: Əsədov F. Nadir şah Əfşar. Bakı,
"İqtisad Universiteti” nəşriyyatı, 2011). İnana bilmirsən ki, çökmüş Səfəvi
imperiyasını yenidən dirçəldən, həmin imperiyanı öz aralarında bölüşdürmüş Çar
Rusiyası və Osmanlı hərbi qüvvələrini, Şərqdən hücum etmiş əfqan müdaxiləçilərini
qovub ölkədən çıxaran, yeni Azərbaycan Əfşarlar imperiyası kimi geniş ərazili
bir dövlət yaradan, Hindistanı öz imperiyasından asılı hala salan, misilsiz sərkərdəlik
istedadı ilə tarixi inkişafın gedişini öz ölkəsinin xeyrinə dəyişdirə bilən, mənsub
olduğu xalqın ağır faciəsi olan məzhəb ayrılığını ləğv etməyə çalışan, həyata
keçirdiyi inzibati ərazi islahatı ilə bütün tarixi Azərbaycan torpaqlarını bir
vilayətdə birləşdirən və dünyada "Şərqin Napoleonu” kimi məşhur olan dahi sərkərdəni
dünyanın heç bir tarixçisi aşağılamadığı halda tarix üzrə fəlsəfə doktoru olan
bir azərbaycanlı alim onu "quldurluqla məşğul olan vücud” adlandırır,
"quldurluğu özünə peşə seçməkdə”, "quldurluq peşəsi ilə ad qazanmaqda”, "özünəməxsus
quldur dəstəsi olmaqda” təqsirləndirir, hətta heç bir əsas olmadan böyük sərkərdəni
"ermənilərin dostu” kimi qələmə verir. Çox təəssüf, lap çox təəssüf!
Nadir şah kimi dahilər
barədə yazı yazmaq üçün əlinə qələm alanlar unutmamalıdırlar ki, bu cür şəxsiyyətlərə
gördükləri böyük işlərə görə qiymət verilir. Məgər İskəndər, Böyük Karl, Pyotr,
Napoleon, Bismark və başqaları öz məqsədlərinə qan tökmədən nail olmuşdular?!
Əgər kasıb, zəhmətkeş
bir əfşar ailəsindən çıxmış igid-dəliqanlı öz hərbi sərkərdəlik istedadına,
göstərdiyi qəhrəmanlıqlara görə böyük Səfəvi imperiyasının hərbi qüvvələrinin
başçısı səviyyəsinə yüksələ bilmişsə, son Səfəvi hökmdarlarının maymaqlığı
ucbatından ölkə dövlət müstəqilliyini itirdiyi zaman bütün xarici qüvvələri məğlub
edib çökmüş imperiyanın yerində yeni Azərbaycan - Əfşarlar imperiyası yarada
bilmişsə, hətta Hindistan kimi böyük ölkəni də öz dövlətindən asılı hala
salmağa nail olmuşsa, biz nə üçün belə şəxsiyyətin və onun kimi dahilərin fəaliyyətində
qüsurlar axtarışına çıxmalıyıq?!
Bəli, Nadir Şah sərt
bir mühitin övladı idi. Yeniyetmə ikən atasını, sonra da anasını itirmiş, bütün
ailəni dolandırmaq yükü onun boynuna düşmüş, hər cür məhrumiyyət görmüşdü.
Tayfasının düşmənlərindən qisas almaq üçün başına dəliqanlılar toplamış, döyüşlərdə
göstərdiyi şəxsi igidliyə görə ad-san qazanmışdı. Belə istedadlı sərkərdələrə
möhtac olan Səfəvi şahları da onu xarici müdaxiləçiləri dəf etmək üçün köməyə
çağırmış, imperiya ordusunun taleyini bu igid sərkərdəyə tapşırmışdılar. Bu cür
başlanmışdı böyük sərkərdənin həyat yolu!
Bəli, Nadir şah
satqınları, xainləri, dedi-qoduçuları, çuğulları, qorxaqları, saray hiyləgərlərini
sevmirdi və onlara layiq olduqları cəzanı verirdi! Lakin dara çəkmək üçün
çağırtdırdığı Şəki hakimi Hacı Çələbi kimi sözü qorxmadan üzə deyə bilən cəsurların
isə boynundan ipi çıxartdırıb azad edirdi!
Bu da tarixi həqiqətdir
ki, Nadir şah Əfşar son səfəvilərdən fərqli olaraq başçılıq etdiyi imperiyanın
torpaq itirməsinə yol vermirdi, ən ağır döyüşlərdə şəxsi igidlik göstərərək
azad etdiyi torpaqlarda mərkəzi hakimiyyətə qarşı qiyamlar qalxarkən amansız
olurdu, dövlətin sərhədlərinin pozulmasına imkan vermirdi.
Unutmaq olmaz ki, məhz
Nadir şah dövründə xalqımızın düşmənləri nə Azərbaycan torpaqlarına, nə də onun
yaratdığı böyük Əfşar imperiyasına hücum etməyə cəsarət göstərə bildilər! Lakin
onun ölümündən sonra tarixi inkişafın gedişi dəyişdi və Azərbaycan torpaqları
bölüşdürüldü...
Ölkə başçısının mütəmadi
qayğısı sayəsində Milli Elmlər Akademiyasının Tarix İnstitutunda görkəmli
tarixi şəxsiyyətlərimizin nəsillərə örnək olan fəaliyyətlərinin araşdırılmasına
xüsusi diqqət yetirilir, dissertasiyalar yazılır, monoqrafiyalar, sənəd
topluları nəşr olunur.
İnstitutda tarixdə
mövcud olmuş böyük imperiyalarımız, qüdrətli tarixi şəxsiyyətlərimizin fəaliyyətləri
barədə geniş tədqiqat işləri aparılmış, ciddi elmi uğurlar qazanılmışdır.
Müasir mərhələdə dünyanın ən güclü səfəvişünaslıq məktəbi məhz Azərbaycanda -
Milli Elmlər Akademiyasının Tarix İnstitutundadır.
Azərbaycanın müxtəlif
dövrlərdə itirdiyi torpaqların tarixinin araşdırılması ilə məşğul olan son dərəcə
gərəkli bir elmi məktəbin formalaşması son illərin ən böyük elmi nailiyyətlərindən
biridir. Bu baxımdan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli alim
Ramiz Mehdiyevin Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin banisi Şah
İsmayıl Səfəviyə və dahi Azərbaycan sərkərdəsi Nadir şaha həsr etdiyi tədqiqatlar
("Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi”. "Azərbaycan” qəzeti, 4
dekabr, 2012; "Şah İsmayıl Səfəvi: Döyüşçü və hökmdarın portreti”. Bakı, "Şərq-Qərb”,
2014; "Nadir şah Əfşar: diplomatik yazışmalar”. (Ön sözün müəllifi akademik
Ramiz Mehdiyev) Bakı, "Şərq-Qərb”, 2015) xüsusi əhəmiyyətə malikdir. Alimin hər
iki tarixi şəxsiyyət barədə ilk mənbələrə əsaslanan elmi nəticələri, apardığı
ümumiləşdirmələr həm bu sahədə tədqiqat aparan alimlər üçün, həm də maraqlanan
ziyalılardan ötrü istiqamətverici əhəmiyyətə malikdir. Akademik Ramiz Mehdiyev
Şah İsmayıla həsr etdiyi "Şah İsmayıl Səfəvi: Döyüşçü və hökmdarın portreti” əsərində
yazır: "Həqiqi alimlər, nüfuzlu tarixçilər üçün Şah İsmayıl böyük dövlət xadimi
və istedadlı sərkərdə olaraq qalır. Azərbaycanlıların şüurunda isə Şah İsmayıl
Azərbaycan torpaqlarını birləşdirmiş, mərkəzləşdirilmiş Azərbaycan dövlətini
yaratmış şəxsiyyətdir” (s.32). Alimin Nadir şaha həsr edilmiş sənədlər
toplusuna yazdığı geniş həcmli "Ön söz”də isə oxuyuruq: "Nadir şah Əfşar
(1688-1747) nəinki Azərbaycanın və İranın, həm də bütün müsəlman Şərqinin
tarixində silinməz iz qoymuş böyük fateh, görkəmli dövlət xadimi, mahir sərkərdədir.
Təsadüfi deyil ki, Avropanın ən tanınmış şərqşünasları "Şərqin Napoleonu”
adlandırdıqları Nadir şahın adını Makedoniyalı İskəndərlə, Yuli Sezarla, Böyük
Fridrixlə yanaşı çəkirlər. İftixar hissi ilə qeyd edə bilərik ki, qərbdə
xalqımızın ən böyük oğlunun şəxsiyyətinə, siyası fəaliyyətinə və hərbi dühasına
maraq belə onun sağlığında yaranmışdı... XVIII əsrin 20-ci illərində Azərbaycan
Səfəvilər dövlətinin süquta uğradığı, ölkə torpaqlarının bir qisminin çar
Rusiyası, digər qisminin isə Osmanlı dövləti və əfqan tayfaları tərəfindən
istila edildiyi ağır, ümidsiz dövrdə siyasi səhnəyə çıxan və yaranmış faciəli mənzərəni
cəmi 10 il ərzində aradan qaldıraraq, dövrünün ən qüdrətli imperiyasını qurmağa
müvəffəq olan Nadir şah Əfşar tariximizin bu qəbildən parlaq simaları
sırasındadır” (Nadir şah Əfşar: diplomatik yazışmalar..., Titul vərəqi; s.6-7).
Fikrimizcə, alimin hər
iki tarixi şəxsiyyətə verdiyi bu qiymət ilk mənbələrin təkzibolunmaz məlumatlarına
əsaslanmaqla yanaşı, həm də Heydər Əliyevin bizə əmanət etdiyi azərbaycançılıq
məfkurəsinə sədaqət örnəyidir.
Unutmaq lazım deyil ki,
tarix yalnız dahi şəxsiyyətlərin gördükləri böyük işlər, onların həyata
keçirdiyi islahatlar və nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk
olunur. Azərbaycan xalqı dünya tarixinə Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Məhəmməd
Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Səfəvi, Şah Təhmasib Səfəvi,
Şah Abbas Səfəvi, Nadir şah Əfşar kimi qüdrətli şəxsiyyətlər bəxş etmişdir.
Əsrlər keçdikdən sonra
- XX yüzillikdə xalqımız daha bir dahi şəxsiyyət yetirdi. Dünyanın Atatürk,
Vaşinqton, Nehru, De Qoll kimi nadir tarixi simaları sırasında Heydər Əliyev şəxsiyyəti
öz layiqli yerini tutdu.
Yazdığımız hər bir əsərdə,
söylədiyimiz hər bir fikirdə azərbaycançılıq ruhunu uca tutaraq qüdrətli tarixi
şəxsiyyətlərimizi xalqımıza olduğu kimi təqdim etmək, tarixi keçmişimizə sahib
çıxmaq Azərbaycan ziyalısı olaraq hər birimizin müqəddəs borcudur.
Yaqub Mahmudov,
AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Dövlət
mükafatı laureatı