AZE | RUS | ENG |

Tarixi oyunlarda Azərbaycana ilk medalı qazandıran xanım - Portret

Tarixi oyunlarda Azərbaycana ilk medalı qazandıran xanım - Portret
O, karatesiz yaşaya bilmir

Dörd ilə yaxın vaxt keçsə də, I Avropa oyunlarının xatirələri tükənmək bilmir. Görünür, Yay Olimpiya Oyunları səviyyəsində baş tutan bu möhtəşəm yarışın xoş təəssüratları hələ uzun illər "köhnə qitə"nin yaddaşından silinməyəcək. Şübhəsiz ki, yerli idmansevərlər üçün oyunları unudulmaz edən məqamlar daha çoxdur. Bu baxımdan, ilk növbədə təmsilçilərimizin yüksək səviyyədə çıxışını qeyd etmək lazımdır. Xatırladaq ki, Azərbaycan komandası 56 medalla yalnız Rusiyadan geri qalmaqla, ikinci olmuşdu. Bu gün tarixi oyunlarda ölkəmizin aktivinə ilk medalı yazdıran idmançıdan - karate üzrə qadınlardan ibarət yığmamızın kapitanı İlahə Qasımovadan söhbət açacağıq.
 
Sadəcə, tamaşaçı kimi...
 
Qasımova İlahə İlqar qızı 14 oktyabr, 1992-ci ildə Bakıda dünyaya gəlib. İlahənin karateyə gəlişi 9 yaşına təsadüf edib. Uşaqlıqdan döyüş filmlərini, əsasən də Brüs Linin çəkildiyi kinoları izləməyi sevsə də, əslində, ilk vaxtlar niyyəti peşəkar karyera qurmaq olmayıb. Qasımova karateyə gəlişinin sırf təsadüf olduğunu deyir. Belə ki, tez-tez evlərinin yaxınlığında fəaliyyət göstərən karate zalına gedib-gələn qızcığaz, Cahangir Babayevin keçdiyi məşqlərə baxa-baxa yapon döyüş təlimini sevməyə başlayıb. Bir müddət sonra isə sözügedən mütəxəssisin təklifi ilə özü də məşqlərə qatılıb. 10 yaşında respublika birinciliyində bürünc medalı boynundan asan İlahə, ardınca qonşu Gürcüstanda və Rusiyanın müxtəlif şəhərlərində baş tutan yarışlara da qatılaraq, mükafatçılar sırasında yer alıb. Beləcə, karateyə qarşı sevgisi birə on artıb. Valideynlərinin və Cahangir müəllimin böyük dəstəyini hiss edən Qasımova, potensialına güvənərək, gələcəyini tatamiyə bağlamağı qərara alıb. 
Bu arada, nəzərə çatdıraq ki, qəhrəmanımız hələ də Babayevlə birgə çalışır.
 

 
Uğurların davamı
 
Aşağı yaş kateqoriyalarında dəfələrlə ölkəmiqyaslı yarışlarda fərqlənən, davamlı olaraq beynəlxalq arenalarda mükafata layiq nəticələr qazanan İlahənin ən diqqətçəkən uğuru 2010-cu ilə təsadüf edib. Belə ki, o, həmin ildə Yunanıstanda baş tutan gənclərin dünya kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2012-ci ildə Bakıda təşkil olunan Avropa birinciliyində isə bürünc medalı boynundan asıb. 2012-ci ildə həm də ənənəvi karate (şotokan) üzrə gənclərin dünya birinciliyinin qalibi olan Qasımova, bu uğuru növbəti il də təkrarlayıb. Bu arada o, "Doha Open" və bu kateqoriyadan olan turnirlərdə də bir neçə dəfə fərqlənib.
 

 
"Heç kim onu udacağımı gözləmirdi"
 
"Bakı-2015" I Avropa Oyunlarında əsas ümid yerimiz güləş və boks idisə, taekvondo və o zamanlar olimpiya növü olmamasına rəğmən, yarışın proqramına salınan karatedən də gözləntilərimiz az deyildi. Mütəxəssislər ən azından iki "qızıl" qazanacağımızı planlaşdırırdı. Tatami ustalarımız isə gözləniləndən də yaxşı səviyyədə mübarizə aparıb, yarışın startındaca bizləri, dördü qızıl olmaqla, altı medalla sevindirdilər. Yuxarıda vurğuladığımız kimi, ilk medalımızın sahibi də 55 kiloqram çəki dərəcəsində yarışan Qasımova olur. Belə ki, Lüksemburq, Türkiyə və Xorvatiyadan olan həmkarları ilə bir qrupda yer alan İlahə, yalnız adı sonuncu qeyd olunan ölkənin təmsilçisi ilə dueldən məğlub ayrılaraq, qrup ikincisi kimi yarımfinala adlayır. Burada o, adlı-sanlı rəqibi, sonradan oyunların qalibi olan fransalı Emili Toya uduzur. "Bürünc" medal üçün ispaniyalı Kristina Qarsiya Ferrerə seçim yeri buraxmayan İlahə, adını Azərbaycan idman tarixinə əbədi həkk etdirir: İlk Avropa oyunlarının ilk azərbaycanlı medalçısı. Qürurvericidir!
 
Yarışdan sonra verdiyi müsahibədə isə Qasımova deyirdi: "Avropa Oyunlarına 2 ilə yaxın idi ki, hazırlaşırdıq. Məşqlərimi mütəmadi davam etdirirdim. Bilirdim ki, yarışa gələn qızların heç biri məndən artıq deyil. Özümə daim bu cür təsəlli verirdim. Doğma meydanımızda medalsız qalmaq istəmirdim. Bunu heç vaxt özümə bağışlamazdım. İlk rəqibim Avropa çempionu idi. Heç kim onu udacağımı gözləmirdi. Digər rəqiblərim kimi, ikinci rəqibim də güclü idi. Bəlkə də, rəqiblərimin meydana rahat çıxmaları və özündən əminlikləri mənim qalibiyyətimə kömək etdi. Udanda heç bilmədim hansı reaksiyanı verim. Ağlayım, yoxsa sevinim?! Çox qəribə hisslər idi. Qələbə qazananda öncə müəllimə işarə elədim ki, qələbə sizin üçündür. Cahangir müəllim çox həyəcanlı idi. Bu qələbəni çoxdan gözləyirdik".
Bu uğurdan sonra o, Azərbaycan prezidenti İlham Əliyevin fərmanına əsasən, "Tərəqqi" medalı ilə təltif edildi. Öz dili ilə desək, Avropa oyunları 22 yaşlı İlahənin həyatında əsl dönüş nöqtəsi oldu.
 

 
Doğma "divarlar" arasında daha bir nailiyyət
 
"Bakı-2015"dən sonra ölkə idman camiəsinin diqqət mərkəzinə düşən qəhrəmanımız, üzərində əvvəlkindən ikiqat artıq məsuliyyət hiss etməyə başlayır. Növbəti uğurlar da özünü gözlətmir. 2016-cı ildə Avropa çempionatının komanda yarışında çempion olan Qasımova, növbəti ilin mayında Bakıda təşkil olunan daha bir mötəbər yarışda - IV İslam Həmrəyliyi Oyunlarında fərqlənir. Finala qədər qarşısıalınmaz olan İlahə, yalnız misirli Yasmin Attiayla bacarmır - 2-3.
 

 
İdmandan uzaqlaşmaq istəyirdi...
 
Bu yaşadək kifayət qədər adından söz etdirib, bəlli bir pilləyə çatsa da, "hələ əsas hədəflərimə çatmamışam" deyir. Hər bir idmançı kimi o da böyüklərin dünya və Avropa çempionatının mükafatçıları sırasında yer almaq, Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq arzusundadır. Uğura gedən yolun gərgin məşqlərdən keçdiyini anlayan təcrübəli karateçi, usanmadan, yorulmadan hazırlığını davam etdirir. Deyir ki, əvvəllər bir neçə dəfə karateni buraxmaq fikrinə düşsə də, son illər bu haqda ümumiyyətlə, düşünmür: "Bir ara uğursuzluq zolağına düşmüşdüm deyə, idmandan getmək istəyirdim. Lakin bacarmadım. Əslində, gedəsi bir yerim də yox idi. İdman mənim bacardığım yeganə işdir. Məşqlərdən uzaqlaşdığım vaxtlarda daha aydın hiss elədim ki, mən karatesiz yaşaya bilmərəm".
 


"Qızınız oğlumuzu döyüb"
 
Təbiətcə çox sakit olan İlahə, istənilən halda, təmkinini pozmur. Dediyinə görə, bu günə qədər sadəcə, bir dəfə əks cinsin nümayəndəsinə gücünü göstərmək məcburiyyətində qalıb: "Mənim işim ancaq qızlarladır. O da sadəcə, tatamidə. Həyatda xoşuma gəlməyən insanlar olub. Amma heç vaxt onları döymək fikrim olmayıb. Oğlanlarla məşqdə döyüşürük. Bizim onlara heç vaxt gücümüz çatmaz. Ola bilər ki, 1-2 xal irəli keçək. Amma oğlanlar bizi hər zaman məğlub edir. Heç vaxt oğlanla tatami üzərinə çıxmaq istəmərəm. Həyatda da oğlanlarla döyüşmərəm. Çünki ümumiyyətlə, davakar deyiləm. Həm də oğlanla küçədə döyüşməyi özümə sığışdırmaram. Heç vaxt idmançı olduğumu bildirmirəm və bildirmək də istəmirəm. Əgər kimsə həddini aşarsa, onda nəsə etməyə məcbur olaram. İndiyədək bircə dəfə oğlana istəmədən cavab vermək məcburiyyətində qalmışam. Qonşu oğlan mənə söz atırdı. Bu, çox davam etdi, bir dəfə özümdən asılı olmayaraq ona yumruq vurdum. Gözünün altı şişmişdi. Valideynləri gəlib mənim valideynlərimə deyiblər ki, qızınız oğlumuzu döyüb. Düzdür, həmin oğlan sonra çox peşman oldu, üzr istədi. Özüm də pis oldum, gərək o cür bərk vurmazdım".
 

 
Evdən məşqə, məşqdən evə...
 
Ənənəyə çevrilən kumir və hobbi ilə bağlı suallarımızı İlahə belə cavabladı: "Kumirim yoxdur. Heç vaxt özümü kiməsə bənzətmək istəməmişəm. Hobbiyə gəldikdə, açığı, əlavə məşğuliyyətə çox da vaxtım olmur. Evdən məşqə gedirəm, ordan da evə dönürəm. Çox yorğun oluram deyə, gələn kimi yatıram. Boş vaxt tapanda isə komanda yoldaşlarımızla, məşqçimizlə görüşüb, söhbətləşirik. Hərdən də dostlarla kinoya gedirəm".
 

 
Portret

"Təsadüf” adlandırdığı karate ilə tanışlıq, onu hazırkı pilləyə çatdırıb. Əbəs yerə demirlər ki, təsadüflər zərurətdən yaranır. "Karate mənim yaşam tərzimdir" deyən Qasımova, bu gün özünü ən xoşbəxt idmançılardan biri hesab edir. Özünü xoşbəxt hiss etməsi üçün səbəblər isə yetərincədir. Ələlxüsus, İlahə ölkəmizdə kifayət qədər tanınır, sevilir. Təəccüblü deyil ki, o, bir neçə olimpiya mükafatçımızla birgə "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri arasında da yer almışdı.

Portretini formalaşdırarkən, idman uğurları ilə yanaşı, digər pozitiv xüsusiyyətlərini vurğulamasaq, olmaz. Gülərüzlüyü, səmimiliyi ilə seçilən Qasımova, zahiri gözəlliyinə görə də daim diqqət mərkəzindədir. Yəqin razılaşarsınız ki, ilk baxışdan onu idmançıdan çox, məşhur geyim brendinin reklam simasına bənzətmək olar. Elə özü də deyir ki, karateçi olmasaydım, çox güman modellik peşəsini seçərdim.

Sahib


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966