• cümə, 29 Mart, 11:04
  • Baku Bakı 5°C

Tarixi məqam yetişibmi?

13.01.17 11:00 919
Tarixi məqam yetişibmi?
40 ildən artıqdır ki, həlli tapılmayan Kipr problemi çözülmək üzrədir. Hər halda, tərəflərin atdıqları son addımlar bunu deməyə əsas verir. Kiprin liderləri onilliklərlə bölünmüş adanı yenidən birləşdirmək üçün BMT-nin rəhbərliyi ilə Cenevrədə keçirilən sülh danışıqlarını nikbinliklə başa çatdırıblar. Kipr müzakirələrinin son günündə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Mustafa Akıncı ilə yunan icmasının rəhbəri Nikos Anastasiadis öz xəritələrini BMT-yə təqdim ediblər.
Qeyd edək ki, Kipr görüşləri 9 yanvarda başlayıb və dünən başa çatıb. BMT Baş Katibinin Kiprüzrə xüsusi müşaviri Espen Bart Eide keçirdiyi mətbuat konfransında xəritələrin BMT-nin mühafizəsi altında olacağını və ictimaiyyətə açıqlanmayacağını bildirib. O, bəzi media orqanlarında yayımlanan xəritələrin həqiqəti əks etdirmədiyini də vurğulayıb. Diplomat sülh üçün iki lider arasında maneələrin olduğunu deyib və əlavə edib ki, "iki liderin göstərdiyi iradə və rəhbərliyi biz çoxdandır ki, Kiprdə görməmişik”. Onun sözlərinə görə, hər iki icma rəhbəri "birləşmə ideyasının uğurlu olmasını istəyir”. BMT-nin yeni baş katibi Antonio Guterres danışıqları "tarixi məqam” adlandırıb.
Danışıqlar artıq 19 aydır ki, davam edir və önəmli fikir ayrılıqları hələ də mövcuddur. Ən mühüm mövzu da Kipr yunanlarının 1974-cü ildə tərk etdiyi daşınmaz əmlaklardır. Onlara əvvəlki evlərini geri götürməyə icazə və ya kompensasiya verilməsi açıq qalır. Ən əsas məsələlərdən biri də Türkiyənin təxminən 30 min əsgərinin adanı tərk etməsidir. Belə olan halda, Kipr türklərinin təhlükəsizliyinin necə təmin ediləcəyi bəlli deyil. Eləcə də sülhün zəmanətçisi kim olacaq - Kiprin artıq üzvü olduğu Avropa İttifaqı (Aİ) və ya adada iki hərbi bazası olan Birləşmiş Krallıq? Dövriyyəli prezidentlikdən danışılsa da, praktiki baxımdan bunun necə icra olunacağı da açıq qalır. Kiprin türk prezidentinin ölkəni Aİ zirvə görüşlərində təmsil edə biləcəyi də hələ həllini tapmayıb. Kipr yunanlarının əhali üstünlüyünü əks etdirmək üçün onlar nə qədər torpaq qazanmalıdır? BMT sülhməramlı qüvvələri adanın şimalından təxminən 165 min Kipr yunanının və cənubdan təxminən 45 min Kipr türklərinin didərgin düşdüyünü hesablayıblar.
Yeri gəlmişkən, proses medianın da diqqət mərkəzindədir. Nüfuzlu "Die Presse” nəşri yazır ki, "Avropanın sonuncu divarı uça bilər”. Nəşr Kipr üzrə Sülh Problemləri Tədqiqatı Mərkəzinin rəhbəri Harri Çimitrasa istinadən yazır ki, hələ indiki kimi adanın birləşdirilməsi şansı yaranmayıb. Ekspertin qənaətincə, vahid ada tək Avropa deyil, bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Onun fikrincə, adanın birləşdirilməsi altı səbəbdən zəruridir. Birincisi, digər münaqişələrin həlli perspektivi yaranır. Bu sırada ilk olaraq İsrail-Fələstin münaqişəsi göstərilir. İkincisi, Türkiyə və Yunanıstan üçün daha asan ünsiyyət etmək imkanları yaranır. Üçüncüsü, Türkiyə və Avropa arasında "buzlar ərimiş” olur. Üzvlük danışıqları üçün problem minimuma enir. Dördüncü, Rusiya ilə bağlıdır. Adanın birləşməsi Rusiyanın xeyrinə olmaya bilər. Ekspertin qənaətincə, Rusiya prosesin ləngidilməsinə çalışır. Belə ki, adanın yunan hissəsində onun ciddi iqtisadi maraqları var. Tərəflər arasında hərbi anlaşma da var və rus hərbi gəmiləri adaya daxil olmaq imkanı əldə ediblər. Kipr Aİ üzvü olsa da, NATO üzvü deyil və Aralıq dənizində mühüm strateji əhəmiyyət kəsb edir. Ruslar adanın birləşməsi ilə onlara qarşı münasibətin dəyişəcəyindən ehtiyat edirlər. Beşincisi isə odur ki, birləşmə ilə NATO Aİ ilə daha sıx əməkdaşlıq edə biləcək. "Dondurulmuş” Kipr problemi Aİ və NATO arasında sıx əməkdaşlığa əsas maneə idi. Sonuncu məsələ enerji resursları uğrunda mübarizədir. Ekspertlər hesab edir ki, mərkəzi rolu həm də bu məsələ oynayır. Bu gün ada yaxınlığında aşkar edilən qaz yataqlarının kimə məxsus olması əsas mübahisə mövzusudur. Adanın birləşdirilməsi isə Kipri, eləcə də Türkiyə və İsraili də yaxınlaşdıra bilər.
Beləliklə, ümid etmək olar ki, doğrudan da uzun illərin problemi olan Kipr məsələsi tərəfləri qane edəcək sülh razılaşması ilə başa çatacaq. Bu da bir sıra münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirə bilər.
Azər
banner

Oxşar Xəbərlər