• çərşənbə, 24 Aprel, 05:25
  • Baku Bakı 14°C

Tarixi həqiqətləri tanıtmaq üçün “kədərli turizm” marşrutu

22.01.19 09:30 1394
Tarixi həqiqətləri tanıtmaq üçün “kədərli turizm” marşrutu
İki gün öncə xalqımız 20 Yanvar faciəsinin 29-cu ildönümünü qeyd etdi. Şəhidlər Xiyabanını ziyarətə gələn insanlar arasında ölkəmizə səyahət edən turistlər də vardı. Onlar ümumxalq hüznünə qoşulub, təkcə Xiyabanı ziyarət etmədilər, həmçinin xalqımızın başına gətirilən faciədən, qəhrəman övladlarımızın rəşadətindən xəbər tutdular.

Ölkələrin, keçmiş və müasir tarixini - qəhrəmanlıq və rəşadətini, xalqın yaşadığı fəlakətləri, soyqırımını tanıtmaq və əbədiləşdirmək üçün memorial abidə, park, muzey və məzarlıqlara turizm marşrutları təşkil etməsi artıq yeni deyil. Elmi izahı "Qəmgin turizm”, "Kədərli turizm” və ya "Qaranlıq turizm” (Dark tourizm) olan turizmin bu marşrutu dünyada xeyli populyarlaşıb. Vyetnamın paytaxtı Hanoyda Hoa Lo həbsxana-muzeyini, Londonda "London qəsri”ndə faraonların məzarlıqlarını, ”Varşavada muzeyə çevrilən "Şindlerin fabriki”ni, Belarusun Xatın şəhərində "Memorial kompleks”i ziyarət edərkən, dünyanın hər yerindən turistlərin böyük maraqla həmin tarixi məkanlara baş çəkdiklərinin və bələdçiləri maraqla dinlədiklərinin şahidi olmuşam. "Turizm marşrutu” adı ilə o qədər uzlaşmasa da, ölkələr əslində bu marşrutda öz rəşadətləri, mübarizə tarixləri və faciələri haqqında bilgi verir, tarixlərini dünyaya tanıdırlar. Hər bir memorial kompleksə səfər edəndən sonra aydın olurdu ki, turizmin bu marşrutunu yaratmaqda səbəb heç də asan qazanc əldə etmək deyil, öz ölkəsinin tarixini, faciəsini, başına gələnləri dünyaya tanıtmaqdır.
Faciə, soyqırımı və rəşadət tarixi

"Kədərli və ya Qaranlıq” turizmin yaranma tarixi 18-ci əsrin sonu -19-cu əsrin əvvəllərinə təsadüf edir. Belə ki, 1839-cu ildə ilk dəfə olaraq Böyük Britaniyada mühakimə olunan iki qatilin ölüm yeri olan Kornuellə dəmiryolu ekskursiyası təşkil olunub. 19-cu əsrin ortalarında Britaniya sahibkarı Tomas Kuk ABŞ-da vətəndaş müharibəsinin olduğu yerlərə turistlərin səfərlərini təşkil edib. Krım müharibəsindən bir neçə il keçəndən sonra Amerika yazıçısı Mark Tvenin başçılığı altında turistlər Sevastopola səyahət ediblər.

1937-ci ildə «Gindenburq» hava gəmisinin faciəli qəzasından sonra Nyu-Cersi ştatında turist agentlikləri Leykherstdəki hərbi dəniz bazasına turist səfərləri təşkil etməyə başlayırlar.

Baxmayaraq ki, bu cür məkanlara baş çəkmək ənənəsi ta qədim vaxtlardan var, turizmin bu növünün elmi mənasının o qədər də böyük tarixi yoxdur. 1996-cı ildə ilk dəfə Klarendon Universitetinin qonaqlama, turizm və menecment fakültəsinin əməkdaşları - Filip Stoun və Riçard Şarpli «Kədərli və ya Qaranlıq turizm»in elmi ifadəsini tapıblar. Birləşmiş Krallığın Lankaşir Mərkəzi Universitetinin əməkdaşları turizmin bu marşrutuna bazar prizmasından yanaşıblar. Onlar "kədərli turizm”in məhsullarını təklif edərək, bazarda istifadəsini qiymətləndiriblər. Universitetin əməkdaşları bu mövzuda çoxlu nəzəri işlər görərək Qaranlıq (Qəmgin) Turizm İnstitutunun əsasını qoyublar. Bu termin Avropa jurnallarında da yer almağa başlayandan sonra artıq turizm marşrutu kimi səyahət həvəskarlarını cəlb etməyə başlayır. Faciə, ölüm, soyqırımı, qətliamlar və qəzaları heç kim sevməsə də, bu tip hadisələrin baş vermə səbəbləri, yerləri, tarixləri ilə maraqlanmağa can atanlar tapılır.

2005-ci ildə Stoun qeyd edib ki, müasir dövrdə insanlar daim ölüm və iztirabla qarşılaşırlar və ona görə də onlar turizmin bu marşrutu üzrə hərəkət etməkdə maraqlı görünürlər. Onlar turizmin bu növünə ölümün sosial mədəni təzahürü kimi baxırlar.

Müntəzəm turist turları

Dünyanın bir çox yerlərində ölüm və faciələrlə dolu müxtəlif məkanlar var. Bu günlərdə "Atlasobscura” məşhur portalında kədərli turizmin daha çox səfər edilən 50 istiqaməti qeyd olunub. Siyahıya Peterburqun məşhur Yusubovski sarayı da daxildir ki, 1916-cı ilin 16 dekabrında orada Qriqori Rasputini öldürüblər. Deyirlər ki, mərhumun ruhu o vaxtdan qalanın dəhlizlərində dolaşır.

"Kədərli turizm” üçün görməli yerlər əsasən qalalar, yeraltı məkanlar, həbsxanalar seçilir. Təbii fəlakət, antropoloji faciələr üçün Yaponiyanın Xrosima şəhərində memorial park, Roma "Kolizey”ində qladiatorların döyüşü, ictimai edam və katakombların yerinə yetirildiyi yerlər, Ukraynada Çernobıl, Nyu-Yorkda "Qraund-Ziro” seçilir. Bundan əlavə, qəmgin turizm marşrutları soyqırımı və s. vəhşiliklərin həyata keçirildiyi yerlər üçün də nəzərdə tutulub. Məsələn, Polşada Osvensim hərbi düşərgəsində hazırda YUNESKO-nun ümumdünya siyahısına daxil olan memorial muzey fəaliyyət göstərir. Ölənlərin xatirəsini yad etmək üçün bu muzeyə hər il dünyanın bütün ölkələrindən minlərlə insanlar gəlir. O cümlədən Çernobıla da müntəzəm turist turları təşkil olunur. Kombociada «Tuolsleng» Soyqırımı Muzeyi, Novosibirsk Dünya Dəfn Mədəniyyəti Muzeyi, o cümlədən, Per-Laşez, Monparnas, Novodeviçye qəbiristanlığı, Qrim-Vud və s. qəbiristanlıqlarına turizm agentlikləri tərəfindən turlar təşkil olunur. Vaşinqtonda turistlər Holokost Memorial Muzeyini ziyarət edərkən, onlara faciə qurbanlarının yaşı, şəkli, cinsi və adının yazıldığı vəsiqələr təqdim olunur.
Tariximizi bilmək baxımından

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov paytaxt Bakının ekskursiya marşrutunda sonuncu dayanacağın Dağüstü Park olduğunu bildirərək, ölkəmizdə səfərdə olan qonaqların və turistlərin mütləq Şəhidlər Xiyabanını ziyarət etdiklərini deyir: "Ziyarət zamanı ölkəmizin və xalqımızın qəhrəmanlıq salnaməsindən turistlərə danışılır. O cümlədən, Qubaya səyahət edən, həmçinin orada qalan turistlər ekskursiya vaxtı rayonun görməli yerləri ilə yanaşı, Quba Soyqırımı Memorial Kompleksinə də səfər edirlər. Onlara Qubada yaşayan etnik qrupların soyqırımına məruz qalması ilə bağlı məlumat verilir. Bu məlumatlar qonaqlarda, erməni vandalizmi haqqında təəssürat yaradır. Təbii ki, başımıza gələn faciələri, xalqımızın yaşadığı hadisələri daha çox diqqətə çatdırmaq turizm bələdçilərindən və şirkətlərin fəaliyyətindən də asılıdır. Məsələn, proqrama, həmin məkanlara turistlər tərəfindən əklillərin qoyulması da daxil edilə bilər. Hesab edirəm ki, təkcə turistlər üçün deyil, yuxarı sinif şagirdləri, ali və peşə məktəblərində turizm təhsili alan tələbələr üçün də belə ekskursiyaların keçirilməsi vacibdir. O cümlədən gənc nəsil üçün tariximizi bilmək baxımından belə ekskursiyaların təşkili pis olmazdı. Təhsil şöbələri və təhsil ocaqları da tariximizin təbliği istiqamətində bu barədə düşünməlidirlər”.
Millətlərin ortaq tarixi

"Millenium Turizm-Konqres DMC” şirkətinin rəhbəri Ruslan Quliyevin sözlərinə görə, turizmin bu marşrutu təkcə hansısa məzarlığı, soyqırımı məkanını ziyarət etməklə bağlı deyil: "Tutaq ki, hər hansı bir ailə başçısı hansısa bir ölkədə müharibədə iştirak edib. O, döyüşlərdə olduğu yerləri göstərmək üçün ailəsi ilə həmin məkana səyahət edir. Və yaxud kimsə Məkkə və ya Kərbəla ziyarəti zamanı vəfat edibsə, ailə üzvləri onun məzarını ziyarət etmək üçün ora gedirlər. Çanaqqala savaşında ölən avstraliyalılar indi də öz əcdadlarını ziyarət etmək üçün ora gəlirlər. Hesab edirəm ki, bunun üçün millətlərin ortaq tarixləri axtarılmalı və işlənib hazırlanmalıdır. Bu isə tarixçilərin işidir. Yalnız bundan sonra bu məkanları turizm marşrutuna daxil etmək olar».
Ölkəmizin tanıdılması istiqamətində

"Luna Travel” şirkətinin direktoru Rəhman Quliyev bildirdi ki, millətimizin qürur yeri olan belə məkanları turizm marşrutlarına salmağa çalışırlar: «Bəzən turistlər belə yerlərdən yayınmaq istəyirlər. Bu, onların psixologiyasından asılıdır. Əgər turist ildə bir dəfə dincəlməyə gəlirsə, düşünür ki, xiyabanlara, məzarlıqlara, soyqırımı abidələrinə getməkdənsə, könlü xoş olmaq üçün başqa marşrutları seçsin. Ölkəmizə gələn türklər, o cümlədən Pakistandan gələnlər belə məkanlara maraq göstərirlər”. Turiz mütəxəssisinin sözlərinə görə, turistlərin qaldıqları otelin foyesində bu marşrutlar onlara təklif edilir: "Əlbəttə, gedib ziyarət etmək istəyənlər də olur, istəməyənlər də. Biz ölkəmizin tarixini, başımıza gələn faciələri, həmçinin qəhrəmanlıq tariximizi turistlərə anlatmağa çalışırıq. Çünki gələn qonaq geri qayıdanda ölkəmizlə bağlı məlumatları və təəssüratları aparır. Mən həmişə tur rəhbərlərinə, bələdçilərə də tapşırıram ki, məsələn, əgər turistlər Qubadakı Soyqırımı Kompleksinə getmək istəməsələr, heç olmasa onlara bu barədə yolboyu məlumat verilsin”. R.Quliyev bildirdi ki, ölkəmizə gələn turistlərin çoxaldığı bir vaxtda, bu sür səyahət Azərbaycanın tanıdılması istiqamətində çox vacibdir: "Biz onlara ölkəmizin görməli yerlərini, mətbəxini, mədəniyyətini, təbiətini, dənizini, dağını təqdim etməklə yanaşı, tariximizi də təqdim etməliyik. İstər taksi sürücüsü, istər otel meneceri, istər turizm əməkdaşları, istərsə də polis işçiləri gələn turistə fərdi yanaşmalı və onu məlumatlandırmağa çalışmalıdırlar».
Artıq bir çox ölkələr hesab edirlər ki, öz faciələrini, xalqlarına qarşı təcavüzü dünyaya hadisə kimi təqdim etməyə nail olublar. Həqiqətən də, kütləvi faciələrlə müşayiət olunan belə yerlərə baş çəkmək artıq müasir dünyada turistlərin diqqətini çəkməyə başlayıb. O baxımdan, biz də tariximizin qəhrəmanlıq və faciəli səhifələrini elmi, kinemotoqrafik, incəsənət, bədii dildə yaymaqdan savayı, turizm yolu ilə də təbliğ edə bilərik.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər