• cümə axşamı, 28 mart, 17:09
  • Baku Bakı 16°C

Tarixən kişiləri qadınlardan çox “sevən” ölüm

26.07.17 13:50 1070
Tarixən kişiləri qadınlardan çox “sevən” ölüm
Son dövrlər ölüm halları artıb. Xüsusilə də kişilər arasında ölümün geniş yayılması diqqəti çəkir. Azərbaycanda kişilər qadınlarla müqayisədə daha çox dünyasını dəyişirlər. Trend-in məlumatına görə, ötən il Azərbaycanda 58179 nəfər dünyasını dəyişib ki, onların da 30968-ı kişi, 27211 nəfəri qadın olub.
2013-cü ildə dünyasını dəyişən 54383 nəfərin 29096 nəfəri kişi, 25287 nəfəri qadın olub.
2014-cü ildə isə bu rəqəm müvafiq olaraq 55648, 29655, 25993 olub.
2015-ci ildə vəfat edən 54697 nəfərdən 29130-u kişi, 25567-i qadın olub.
2016-cı ildə dünyasını dəyişənlərin 1531 nəfəri 15-19 yaşlı şəxslər olub. Onların 1044-ü kişi, 487-i qadın olub.
Cəmiyyətdə ölüm hallarının nə üçün çoxaldığını, kişilərin qadınlara nisbətdə niyə daha çox öldüklərini aydınlaşdırmağa çalışdıq.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bu statistikanın həmişə belə olduğunu bildirir: "Kişilər arasında bəzi xəstəliklərin geniş yayılması bunun ilkin səbəbidir. Alkoqollu içkilərin və tütün məmulatlarının qəbulu, zərərli vərdişlər bu riski daha da artırır. Ümumiyyətlə, bundan əvvəlki statistikalara da nəzər salsaq, görərik ki, həmişə belə olub. Kişi ölümləri qadınlardan daha çox baş verib. Bu, həm də kişilərin yaşayış tərzi ilə də bağlı olan bir haldır. Statistik göstəricilərin kişilərin ziyanına olmasının bir digər səbəbi hormonal və bir sıra başqa faktorlardır. Məsələn, dünyanın hər yerində ürək-damar xəstəliklərindən baş verən ölüm halları daha çoxdur. Və bu xəstəlik də daha çox kişilər arasında rast gəlinir. Yəni bütün bu saydıqlarım statistikaya təsir edir”.
Prostat, ağ ciyər xərçəngi kimi xəstəliklərə kişilərdə daha çox rast gəlindiyini deyən həkim, bu kimi xəstəliklərə tutulmağın qarşısını almaq üçün həyat tərzini dəyişməyin zəruri olduğunu bildirir: "İlk olaraq zərərli vərdişlərdən uzaqlaşmaq, aktiv şəkildə idmanla məşğul olmaq lazımdır. Qidalanma rejimini qaydaya salmaq, təmiz, saf sudan daha çox istifadə etmək vacibdir. Qidalanarkən də keyfiyyət baxımından bütün standartlara cavab verən ərzaqlardan yararlanmaq məsləhət görülür. Bu gün ərzaq təhlükəsizliyi çox bərbad vəziyyətdədir. Zərərli qidalardan nə qədər uzaq olsaq, bir o qədər çox yaşayarıq”.
Psixoloq Narınc Rüstəmova deyir ki, qadın və kişi orqanizmi istər fizioloji, istərsə də psixoloji baxımdan bir-birindən fərqlidir: "Bədəndə olan fizioloji dəyişikliklər mütləq şəkildə psixologiyaya təsir edir. Bu, danılmaz bir faktdır ki, qadınlar baş vermiş hər hansı bir hadisəni 4, kişilər isə 3 lodla analiz edir. Qadınlarda emosional lodlar daha aktividir. Bu, əslində hormonal olaraq da kişilərdə testesteronun daha yüksək olması, hadisələrə daha soyuqqanlı yanaşması, ağlaya bilməməsi faktını göz önünə qoyur. Ümumiyyətlə, cəmiyyətdə "kişilər ağlamaz” deyə bir stereotip var. Əslində, bu sərhədi aşmaq lazımdır. Kişilər də ağlaya, içini boşalda bilərlər və buna haqları da var. Qadınlar ağlaya, hansısa bir rəfiqəsi ilə həmsöhbət olub dərdlərini bölüşə bilirlər, psixoloqa müraciət edirlər. Hətta sizə deyərdim ki, psixoloqa gedən insanların yarıdan çoxu qadınlardır. Çünki kişilər paylaşmağı sevmirlər, nə isə bir problemləri olsa belə, onu çox nadir hallarda biri ilə paylaşırlar. Bu kimi situasiyalar xırda-xırda yığışaraq kişilərdə daxili gərginliyi artırır. Bu da bəzi xəstəliklərin yaranmasına, ölüm hallarının baş verməsinə səbəb olur. Bundan başqa, qadın orqanizmində gedən bəzi proseslər kişilərdə olmadığı üçün bəzi məqamlarda ölümə gətirib çıxardır. Bayaq da dediyim kimi, kişilər ağlamadıqları üçün nə isə bir problem, çıxılmaz vəziyyət yaşandıqda alkoqola, siqaretə aludə olurlar. Bu da onları ölümə daha bir addım yaxınlaşdırır. Bundan başqa, yaxşı olardı ki, daimi sağlam cinsi həyatları olsun. Bu da vacib amillərdən biridir. Həmçinin kişilər çox zaman psixoloqlara müraciət etməyə birmənalı yanaşmırlar. Məsləhət görərdim ki, bu cür düşüncəni özlərindən uzaq etsinlər. Psixoloqa getsinlər, lazım gəldikdə peşəkar dəstək alsınlar”.
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zemfira Mustafayeva qeyd edir ki, bu proses tarixən belə olub. "Qadınlar kişilərdən daha çox yaşayırlar. 90, 100 yaş yaşayan xanımlardan bunun səbəbini soruşanda, onlar deyirlər ki, "həyat yoldaşım mənə yaxşı baxıb deyə, bu yaşa qədər gəlib çıxmışam”. Amma əslində, məsələ elə deyil. Qadınlarda infarkt keçirmə halları kişilərə nisbətən daha azdır. Kişilərdə infarkt göstəriciləri ona görə yüksək olur ki, qadınlar sözlərini deyə, ağlaya bilirlər, kişilərsə yox. Kişilərdən fərqli olaraq, qadınlar emosiyalarını istədikləri kimi ifadə edirlər amma kişilərdə bu, mümkün deyil. Onlar emosiyalarını daxildə gizlətməyə çalışırlar. Bu da sağlamlıqlarına mənfi təsir edir. Bundan başqa, problemlərin çoxu da kişilərin üzərinə düşür. Həm iş həyatındakı, həm də ailədəki problemləri həll etməyə cəhd göstərirlər. Bu da onlarda stressin artmasına, sağlamlığın zərər görməsinə səbəb olur. Bəzi qadınların heç iş həyatının çətinliklərindən xəbəri yoxdur. Onlar sadəcə, ev işləri ilə məşğul olurlar. İş həyatında olan qadınlar isə kişilər qədər problemlərlə rastlaşmır. Ona görə də, onların istər psixologiyasında, istər fiziologiyasında ciddi bir problem yaranmır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər