AZE | RUS | ENG |

Tarixə işıq salacaq tamaşa hazırlanır

Tarixə işıq salacaq tamaşa hazırlanır
Xaqani Əliyev: “Ehsan xan böyük faciələrə səbəb ola biləcək bu hadisənin qarşısını aldı”

C.Məmmədquluzadə adına Naxçıvan Xaqani Əliyevin Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr etdiyi, elmi məsləhətçisi AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev olan  "I Ehsan xan Kəngərli” tarixi dramı əsasında Xalq artisti, rejissor Kamran Quliyevin hazırladığı eyni adlı tamaşanın premyerasına hazırlıqlar gedir. Bununla bağlı tarixi dramın müəllifi Xaqani Əliyevlə söhbətləşdik. 
- Xaqani müəllim, bu günlərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnələşdirilmiş " I Ehsan xan Kəngərli” tarixi dramınız əsasında hazırlanmış eyni adlı tamaşanın premyerası oynanılacaq. Bu, əsasında tamaşa hazırlanmış sayca beşinci dram əsərinizdir. Bilirik ki, bədii yaradıcılıqla məşğul olmaq çox çətin bir işdir və xüsusilə, pyes yazmaq dramaturqdan xüsusi istedad və  məharət tələb edir.  Çünki dram əsərində, səhnədə aktyorun hərəkəti ilə təsdiq olunmayan artıq söz işlədilməməlidir. Hər sözlə ifadə olunmuş fikir hərəkətlə təqdim olunmaqla, söz və hərəkətin dramaturji vəhdəti tapılmalıdır. Bu, mürəkkəb bir prosesdir.
 
- Dediklərinizə tarixi hadisəni təhrif etmədən, saxtalaşdırmadan, olduğu kimi bədiiləşdirmək lazım olduğunu da əlavə etsək, xüsusi ilə tarixi dram yazmağın nə qədər məsuliyyətli bir iş olduğu aydınlaşar. Bu da bəzi yazarları tarixi pyeslər yazmaqdan ehtiyatlandırır. Alman filosofu F.Şillerin gözəl bir fikri var: "Epopeya, roman, povest, sadə hekayə öz forması ilə hadisələri bizdən uzaqlaşdırır, indiki zamanı keçmiş zamana keçirir. Dram əsərləri isə keçmişi bu günə gətirir”.  Bu nöqtədən baxsaq, tarixi dram əsərləri mütəmadi olaraq yazılmalıdır. Çünki keçmişimizi gənc nəsillərə, həm də teatr dili ilə öyrətməklə, onların vətənpərvər ruhda böyüməsinə kömək etmiş olarıq. Ona görə də, dramaturq tarixi mövzuda yazdığı dram əsərlərində, tarixi hadisələri müasirlik müstəvisində təqdim etməyə çalışmalıdır.
 
- Necə oldu ki, bu çətin və məsuliyyətli işə başlamaq və    Naxçıvan xanlığından bəhs edən tarixi dram əsəri  yazmaq qərarına gəldiniz?
 
- Görüşlərimizin birində, ürəyi həmişə Naxçıvanla, Naxçıvan teatrı ilə döyünən, Xalq artisti, rejissor  Kamran Quliyev səhnələşdirmək üçün tarixi dramların azlığından gileyləndi. İrəvan xanlığının tarixindən bəhs edən " İrəvan-üzü günəşə baxan şəhər” və Şəki xanı Hacı Çələbi xana həsr etdiyim " Qızılqaya xəyanəti” adlı tarixi dramlarımla tanış olduqdan sonra, Kamran müəllim  I Ehsan xan Kəngərli haqqında dram əsəri yazmağı məsləhət bildi. Naxçıvan xanlığının tarixini daha dərindən öyrənməyə başladım. AMEA-nın Naxçıvan bölməsinin sədri, Akademik İsmayıl Hacıyevin mütəxəssis kimi verdiyi məsləhətlər maraqlı bir dram əsərinin ərsəyə gəlməsində çox böyük yardımçım oldu. Naxçıvan xanlığı haqqında olan materialları oxuyarkən Naxçıvan şəhəri və Ehsan xan haqqında, çoxlarının bilmədiyi maraqlı faktlarla qarşılaşdım ki, həmin hadisələrdən biri dramın süjet xəttinin əsasını təşkil etdi.
 
- Tariximiz sirli, hələ sona qədər araşdırılmamış hadisələrlə zəngindir. Çox hallarda isə, tarixçi alimlərimizin tarix kitablarında yazdıqları məlum həqiqətlərdən xalqın əksər hissəsinin xəbəri olmur. 
 
 - Tarixi dram yazılanda məhz belə hadisələrdən daha çox bəhs etmək lazımdır ki, əsər əsasında hazırlanmış tamaşalara baxanlar, incəliyinə qədər hər şeydən xəbərdar olsunlar. Fikir verin: keçmişini, tarixini, bu gününü  göz bəbəyi kimi qoruyan, tarixi qəhrəmanlarına, ağsaqqallarına, ziyalılarına, sadə adamlarına, sözə, sənətə ehtiramla yanaşan, Nuhun gəmisindən düşən insanların yaşadığı qeyrət  və namus qalası, əzəməti və gözəlliyi ilə ruha dinclik gətirən, qədim məkan... Naxçıvan ... dilə gətirilməsi nə qədər qorxunc da olsa ... İrəvan şəhərinin i yaşaya bilərdi... İndi bu gözəl diyarda biz yox, nankor qonşularımız  yaşaya bilərdilər. Təsəvvür edirsiniz?
 
-  Azərbaycanı Naxçıvansız təsəvvür edə bilmədiyimə görə, inanmağım gəlmir.
 
 -  Amma, tarixə nəzər salıb görərik ki, qəti və uzaqgörən qərarı ilə Ehsan xan Kalbalı xan  oğlu Kəngərli, nankor qonşularımıza bu gün də göz dağı olan Naxçıvanı, birdəfəlik itirməyimizin qarşısını alıb.
 
- Maraqlıdır... Bu hadisə necə baş verib?
 
 - Bir anlıq arxaya boylanıb, zamanın o  biri üzünə baxıb, xatırlayaq... 1827-ci ilin yayı... Naxçıvan xanlığı rus ordusu tərəfindən işğal edilib. Şah rejimi ağır məğlubiyyətinin acısını Naxçıvan əhalisindən çıxaraq onları zorla, silah gücünə dədə- baba torpaqlarından İrana köçürür. Çarizmin erməni sevgisi hopmuş siyasətini Cənubi Qafqazda həyata keçirən komandan İ.F. Paskeviç, erməni katalikosu Nersesin rus çarının fərmanlarına əməl edilməsi çağırışından sonra, Urmiya gölü ətrafında yaşayan, Naxçıvana köç etməyə, "Rusun ot-ələfini” yeməyə hazır olan 15 min erməni ailəsini, boşaldılmış Naxçıvanda məskunlaşdırmağa hazırlaşır. Hətta, onlara yola düşmələri üçün xəbər də göndərir. Bu, baş verərsə, sonralar böyük fəsadlara səbəb olacağını, şəhərin  həmişəlik itiriləcəyini dərk edən, Abbasabad qalasındakı Kəngərli süvarilərinin başçısı Ehsan xan Kəngərli, qəti siyasi addımlar atır, İ.F. Paskeviçlə danışıqlara gedir və ermənilərin köçürülməsinə imkan vermir, onların Naxçıvan "arzularını” gözündə qoyur.
 
-   Naxçıvanın istilasından sonra  qədim yaşayış məskənimiz olan İrəvan xanlığı süqut etdi. İşğaldan bir qədər əvvəl şah rejimi, Naxçıvanda olduğu kimi, İrəvandan da  əhalini  zorla İrana köçürmüşdülər. 
 
 -   Bəli...  Nəyin bahasına olursa-olsun Azərbaycanın səfalı torpaqlarında məskunlaşmaq istəyən,  Naxçıvana köçmək "arzuları” gözlərində qalmış  həmin ermənilər İrəvan şəhərinə köçürülür. Nəticəsi məlumdur. Elə o vaxtdan "Üzü Günəşə doğru baxan şəhərin” - İrəvanın acı taleyi bizi yandırıb yaxır.  Bu hadisə Naxçıvanın da başına gələ bilərdi... Ehsan xan böyük faciələrə səbəb ola biləcək  bu hadisənin qarşısını alır.
 
-  Dramda hansı tarixi obrazlar var?
 
-  "I Ehsan xan Kəngərli” dramında  Kalbalı xan, A.A.Bakıxanov, A.S.Qriboyedov, İ.F. Paskeviç, Kərim xan Kəngərli, Şıxəli bəy, Nəzərəli xan kimi tarixi obrazlar əks olunmuşdur. Müxtəlif  siyasi məqsədlərə xidmət edən bu tarixi şəxslər, Ehsan xanın uzaqgörənliyi nəticəsində, Naxçıvanın taleyi həll olunan zaman, bir məqsəd ətrafında birləşməyi bacarırlar.  Bu işdə  komandan İ.F. Paskeviçin tərcüməçisi, Bakı xanları nəslindən olan A.A.Bakıxanov və onun dostu, şair, diplomat A.S.Qriboyedovun  xidmətləri olur.
 
- A.S.Qriboyedovun?
 
-  Bəli, Qriboyedovun ermənilərin Azərbaycana köçürülməsində iştirak etdiyi bəllidir. Bəs onun ermənilər haqqında söylədiyi fikirləri bilirikmi? O Rus çarına yazdığı məktubda qeyd edir: "Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına  icazə vermək olmaz. Ermənilər elə tayfadırlar ki, bir neçə il yaşadıqdan sonra dünyaya hay-küy salıb, "bura bizim qədim dədə-baba torpağımızdır” deyəcəklər”. Bu gün, ermənilərin ərazimizə gəlmə tayfa olduqlarını sübut edən bu sözlərin müəllifi məhz Qriboyedovdur. O, erməni xislətini necə də düz anlamışdır.  Dramda, onun xalqımıza olan isti münasibətinə, xoş sözlərinə, Ehsan xanla olan dostluğuna geniş  yer verilmişdir.
 
- Maraqlıdır, Qriboyedovun xalqımıza qarşı bu isti münasibəti hardan qaynaqlanır?
 
 - Rus İmperatorunun gizli dəftərxanasının xəfiyyəsi, şair, dramaturq, diplomat olan  Qriboyedov fransız, ingilis, italyan, alman, ərəb və başqa dillərdə sərbəst danışa bilirdi. Fars və türk dillərini isə Sankt-Peterburq universitetinin müəllimi, əslən Gəncədən olan, Azərbaycanın siyasi xadimi Əlimərdan bəy Topçubaşovun əmisi Mirzə Cəfər Topçubaşovdan öyrənmişdi. Xalqımıza olan münasibəti, bəzi adət-ənənələrimizi bilməsi, dostluğa sadiq olduğumuza əminliyi məhz burdan qaynaqlanır. Yeri gəlmişkən, Qriboyedov İrana səfir kimi gedəndə, Ehsan xanın Naxçıvan şəhərindəki evində, gürcü qızı olan gənc xanımı ilə qonaq olmuşdur. Bir neçə aydan sonra Tehranda, ermənilərə etdiyi yaxşılıqların cavabı olaraq, nankor ermənilərin qurduqları kələyin qurbanı olur.  Amansızcasına öldürülən Qriboyedovun meyitini  dostu Ehsan xan qarşılayıb Kəngərli süvarilərinin  müşayiəti ilə Tiflisə yola salmışdır. Kim bilir, bəlkə Naxçıvana köçə bilməmələrinin heyfini ondan belə aldılar...
 
- Bizim xalqın mərd oğulları həmişə dostluq etməyi bacarıblar.
 
- Bəli. Paskeviç Ehsan xanınla olan dostluğuna böyük önəm vermişdir. O, Varşavada qulluğunu davam etdirərkən, Ehsan xan və A.A.Bakıxanov onun yanında olmuşlar. Naxçıvanın taleyi həll olunarkən yaranmış dostluq bu şəxslər arasında uzun müddət davam etmişdir. Ehsan xan xalqımızın ləyaqətli oğlu kimi tarixə düşmüşdür. Tarixi dramda Ehsan xan gözlərimiz önündə Kalbalı xan kimi mahir dövlət xadimi və diplomatın  tərbiyəsi ilə böyümüş,  mərd, qəti, ailəcanlı, özü haqqında yox,  xalqı haqqında fikirləşən bir obraz kimi canlanır.
 
- Siz əvvəldə Naxçıvan xanlığının son xanı Kərim xan Kəngərlinin adını xatırladınız. Bilirik ki, Naxçıvan xanlığı istila ediləndən sonra İrana getmiş Kərim xan bir daha vətənə dönə bilməmişdir. 
 
- Kərim xan İrana köçürülmüş naxçıvanlıların şəhərə qaytarılmasında Ehsan xana kömək etsə də, özü qürbətdə qalır və orda da vəfat edir. Taxtını, var-dövlətini  itirməklə bərabər, ailəsi iki yerə parçalanan Kərim xanın  faciəsi dəhşətlidir. Naxçıvan xanlığının istilasından sonra Azərbaycan da, onun ailəsi kimi iki yerə bölündü. Biz bu faciəni indi də yaşayırıq. Dramda onun ailə faciəsinin fövqündə, vətənimizin ikiyə bölünməsinin nə dərəcədə faciəli olduğunu göstərməyə səy etmişəm. 
 
- Hər bir yazıçının yazdığı əsərdə daha çox sevdiyi bir obraz olur. Sizin ən çox sevdiyiniz obraz hansıdır?
 
- Əlbəttə ki, Ehsan xan obrazı. Bu mürəkkəb dövrdə, iki nəhəng dövlətin  əlləri uzanmış Naxçıvan xanlığı müstəqilliyini itirsə də, onun sayəsində Azərbaycan Naxçıvanı itirmədi.  Dramda bir-birinə düşmən iki qüvvə  arasında qalan Ehsan  xanın,  Naxçıvanı xilas etmək üçün hansı yolu seçməyin daha əhəmiyyətli və mütərəqqi ola biləcəyini düşünən  zaman keçirdiyi daxili sarsıntılarına, xalqının gələcəyi haqqında  düşüncələrinə  geniş  yer verilmişdir.  Sonralar Naxçıvanın naibi təyin edilən Ehsan xan arzularının bir qismini həyata keçirmiş, abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirmişdir. Çeşməbasar kəndində çeşmələr qazdırmış, Ərəzin kəndinin yaxınlığındakı təpədən keçən tunel vasitəsilə Nehrəm kəndinə su gətirmiş, Naxçıvanda ilk rus-Azərbaycan qəza məktəbi açmışdır. 
 
- Zaman keçdi və Ehsan xanın nəsli Naxçıvanski soyadı ilə bütün Azərbaycanda və onun sərhədlərindən kənarda da  məşhurlaşdı.  
 
-  Nə qədər cəhd etsək də, Ehsan xanın Naxçıvanın xilası üçün etdiklərinin dəyərini  sözlə ifadə etmək çətindir. Amma əsərdə təsvir edilmiş hadisəni xatırlayanda bir qənaətimiz daha da möhkəmlənir: O xalq xoşbəxtdir ki, onun taleyüklü məsələlərini lazımı anda həll etməyi bacaran və öhdəsinə götürməkdən çəkinməyən, qorxmayan oğullar, şəxsiyyətlər yetişdirə bilir. Onların danılmaz xidmətləri isə mənsub olduğu xalqın tarixində və yaddaşında  əbədi olaraq qalır. Necə ki, Ehsan xan xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
 
-  "I Ehsan xan Kəngərli” tarixi  dramı da keçmişimizi unutmadığımızın sübutlarından biridir. 
 
-  Ehsan xan Kəngərlinin ruhu qarşısında əsas borcumuz, onun Naxçıvanı qoruyaraq  qaldırdığı yüksəkliyi anlamaq və Naxçıvanı o yüksəklikdə  də saxlamaqdır! İnşallah, Naxçıvan həmişə indiki yüksəkliyində də dayanacaq. 
 
Zülfiyyə İsmayılova,
sənətşünaslıq üzrə fəlsəfə doktoru 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805