• cümə axşamı, 18 aprel, 12:35
  • Baku Bakı 22°C

Tarixə işıq salacaq tamaşa hazırlanır

08.03.19 09:30 2050
Tarixə işıq salacaq tamaşa hazırlanır
C.Məmmədquluzadə adına Naxçıvan Xaqani Əliyevin Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr etdiyi, elmi məsləhətçisi AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev olan "I Ehsan xan Kəngərli” tarixi dramı əsasında Xalq artisti, rejissor Kamran Quliyevin hazırladığı eyni adlı tamaşanın premyerasına hazırlıqlar gedir. Bununla bağlı tarixi dramın müəllifi Xaqani Əliyevlə söhbətləşdik.
- Xaqani müəllim, bu günlərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnələşdirilmiş " I Ehsan xan Kəngərli” tarixi dramınız əsasında hazırlanmış eyni adlı tamaşanın premyerası oynanılacaq. Bu, əsasında tamaşa hazırlanmış sayca beşinci dram əsərinizdir. Bilirik ki, bədii yaradıcılıqla məşğul olmaq çox çətin bir işdir və xüsusilə, pyes yazmaq dramaturqdan xüsusi istedad və məharət tələb edir. Çünki dram əsərində, səhnədə aktyorun hərəkəti ilə təsdiq olunmayan artıq söz işlədilməməlidir. Hər sözlə ifadə olunmuş fikir hərəkətlə təqdim olunmaqla, söz və hərəkətin dramaturji vəhdəti tapılmalıdır. Bu, mürəkkəb bir prosesdir.
- Dediklərinizə tarixi hadisəni təhrif etmədən, saxtalaşdırmadan, olduğu kimi bədiiləşdirmək lazım olduğunu da əlavə etsək, xüsusi ilə tarixi dram yazmağın nə qədər məsuliyyətli bir iş olduğu aydınlaşar. Bu da bəzi yazarları tarixi pyeslər yazmaqdan ehtiyatlandırır. Alman filosofuF.Şillerin gözəl bir fikri var: "Epopeya, roman, povest, sadə hekayə öz forması ilə hadisələri bizdən uzaqlaşdırır, indiki zamanı keçmiş zamana keçirir.Dram əsərləri isə keçmişi bu günə gətirir”. Bu nöqtədən baxsaq, tarixi dram əsərləri mütəmadi olaraq yazılmalıdır. Çünki keçmişimizi gənc nəsillərə, həm də teatr dili ilə öyrətməklə, onların vətənpərvər ruhda böyüməsinə kömək etmiş olarıq. Ona görə də, dramaturq tarixi mövzuda yazdığı dram əsərlərində, tarixi hadisələri müasirlik müstəvisində təqdim etməyə çalışmalıdır.
- Necə oldu ki, bu çətin və məsuliyyətli işə başlamaq və Naxçıvan xanlığından bəhs edən tarixi dram əsəri yazmaq qərarına gəldiniz?
- Görüşlərimizin birində, ürəyi həmişə Naxçıvanla, Naxçıvan teatrı ilə döyünən, Xalq artisti, rejissor Kamran Quliyev səhnələşdirmək üçün tarixi dramların azlığından gileyləndi. İrəvan xanlığının tarixindən bəhs edən " İrəvan-üzü günəşə baxan şəhər” və Şəki xanı Hacı Çələbi xana həsr etdiyim " Qızılqaya xəyanəti” adlı tarixi dramlarımla tanış olduqdan sonra, Kamran müəllim I Ehsan xan Kəngərli haqqında dram əsəri yazmağı məsləhət bildi. Naxçıvan xanlığının tarixini daha dərindən öyrənməyə başladım. AMEA-nın Naxçıvan bölməsinin sədri, Akademik İsmayıl Hacıyevin mütəxəssis kimi verdiyi məsləhətlər maraqlı bir dram əsərinin ərsəyə gəlməsində çox böyük yardımçım oldu. Naxçıvan xanlığı haqqında olan materialları oxuyarkən Naxçıvan şəhəri və Ehsan xan haqqında, çoxlarının bilmədiyi maraqlı faktlarla qarşılaşdım ki, həmin hadisələrdən biri dramın süjet xəttinin əsasını təşkil etdi.
- Tariximiz sirli, hələ sona qədər araşdırılmamış hadisələrlə zəngindir. Çox hallarda isə, tarixçi alimlərimizin tarix kitablarında yazdıqları məlum həqiqətlərdən xalqın əksər hissəsinin xəbəri olmur.
- Tarixi dram yazılanda məhz belə hadisələrdən daha çox bəhs etmək lazımdır ki, əsər əsasında hazırlanmış tamaşalara baxanlar, incəliyinə qədər hər şeydən xəbərdar olsunlar. Fikir verin: keçmişini, tarixini, bu gününü göz bəbəyi kimi qoruyan, tarixi qəhrəmanlarına, ağsaqqallarına, ziyalılarına, sadə adamlarına, sözə, sənətə ehtiramla yanaşan, Nuhun gəmisindən düşən insanların yaşadığı qeyrət və namus qalası, əzəməti və gözəlliyi ilə ruha dinclik gətirən, qədim məkan... Naxçıvan ... dilə gətirilməsi nə qədər qorxunc da olsa ... İrəvan şəhərinin i yaşaya bilərdi... İndi bu gözəl diyarda biz yox, nankor qonşularımız yaşaya bilərdilər. Təsəvvür edirsiniz?
- Azərbaycanı Naxçıvansız təsəvvür edə bilmədiyimə görə, inanmağım gəlmir.
- Amma, tarixə nəzər salıb görərik ki, qəti və uzaqgörən qərarı ilə Ehsan xan Kalbalı xan oğlu Kəngərli, nankor qonşularımıza bu gün də göz dağı olan Naxçıvanı, birdəfəlik itirməyimizin qarşısını alıb.
- Maraqlıdır... Bu hadisə necə baş verib?
- Bir anlıq arxaya boylanıb, zamanın o biri üzünə baxıb, xatırlayaq... 1827-ci ilin yayı... Naxçıvan xanlığı rus ordusu tərəfindən işğal edilib. Şah rejimi ağır məğlubiyyətinin acısını Naxçıvan əhalisindən çıxaraq onları zorla, silah gücünə dədə- baba torpaqlarından İrana köçürür. Çarizmin erməni sevgisi hopmuş siyasətini Cənubi Qafqazda həyata keçirən komandan İ.F. Paskeviç, erməni katalikosu Nersesin rus çarının fərmanlarına əməl edilməsi çağırışından sonra, Urmiya gölü ətrafında yaşayan, Naxçıvana köç etməyə, "Rusun ot-ələfini” yeməyə hazır olan 15 min erməni ailəsini, boşaldılmış Naxçıvanda məskunlaşdırmağa hazırlaşır. Hətta, onlara yola düşmələri üçün xəbər də göndərir. Bu, baş verərsə, sonralar böyük fəsadlara səbəb olacağını, şəhərin həmişəlik itiriləcəyini dərk edən, Abbasabad qalasındakı Kəngərli süvarilərinin başçısı Ehsan xan Kəngərli, qəti siyasi addımlar atır, İ.F. Paskeviçlə danışıqlara gedir və ermənilərin köçürülməsinə imkan vermir, onların Naxçıvan "arzularını” gözündə qoyur.
- Naxçıvanın istilasından sonra qədim yaşayış məskənimiz olan İrəvan xanlığı süqut etdi. İşğaldan bir qədər əvvəl şah rejimi, Naxçıvanda olduğu kimi, İrəvandan da əhalini zorla İrana köçürmüşdülər.
- Bəli... Nəyin bahasına olursa-olsun Azərbaycanın səfalı torpaqlarında məskunlaşmaq istəyən, Naxçıvana köçmək "arzuları” gözlərində qalmış həmin ermənilər İrəvan şəhərinə köçürülür. Nəticəsi məlumdur. Elə o vaxtdan "Üzü Günəşə doğru baxan şəhərin” - İrəvanın acı taleyi bizi yandırıb yaxır. Bu hadisə Naxçıvanın da başına gələ bilərdi... Ehsan xan böyük faciələrə səbəb ola biləcək bu hadisənin qarşısını alır.
- Dramda hansı tarixi obrazlar var?
- "I Ehsan xan Kəngərli” dramında Kalbalı xan, A.A.Bakıxanov, A.S.Qriboyedov, İ.F. Paskeviç, Kərim xan Kəngərli, Şıxəli bəy, Nəzərəli xan kimi tarixi obrazlar əks olunmuşdur. Müxtəlif siyasi məqsədlərə xidmət edən bu tarixi şəxslər, Ehsan xanın uzaqgörənliyi nəticəsində, Naxçıvanın taleyi həll olunan zaman, bir məqsəd ətrafında birləşməyi bacarırlar. Bu işdə komandan İ.F. Paskeviçin tərcüməçisi, Bakı xanları nəslindən olan A.A.Bakıxanov və onun dostu, şair, diplomat A.S.Qriboyedovun xidmətləri olur.
- A.S.Qriboyedovun?
- Bəli, Qriboyedovun ermənilərin Azərbaycana köçürülməsində iştirak etdiyi bəllidir. Bəs onun ermənilər haqqında söylədiyi fikirləri bilirikmi? O Rus çarına yazdığı məktubda qeyd edir: "Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə vermək olmaz. Ermənilər elə tayfadırlar ki, bir neçə il yaşadıqdan sonra dünyaya hay-küy salıb, "bura bizim qədim dədə-baba torpağımızdır” deyəcəklər”. Bu gün, ermənilərin ərazimizə gəlmə tayfa olduqlarını sübut edən bu sözlərin müəllifi məhz Qriboyedovdur. O, erməni xislətini necə də düz anlamışdır. Dramda, onun xalqımıza olan isti münasibətinə, xoş sözlərinə, Ehsan xanla olan dostluğuna geniş yer verilmişdir.
- Maraqlıdır, Qriboyedovun xalqımıza qarşı bu isti münasibəti hardan qaynaqlanır?
- Rus İmperatorunun gizli dəftərxanasının xəfiyyəsi, şair, dramaturq, diplomat olan Qriboyedov fransız, ingilis, italyan, alman, ərəb və başqa dillərdə sərbəst danışa bilirdi. Fars və türk dillərini isə Sankt-Peterburq universitetinin müəllimi, əslən Gəncədən olan, Azərbaycanın siyasi xadimi Əlimərdan bəy Topçubaşovun əmisi Mirzə Cəfər Topçubaşovdan öyrənmişdi. Xalqımıza olan münasibəti, bəzi adət-ənənələrimizi bilməsi, dostluğa sadiq olduğumuza əminliyi məhz burdan qaynaqlanır. Yeri gəlmişkən, Qriboyedov İrana səfir kimi gedəndə, Ehsan xanın Naxçıvan şəhərindəki evində, gürcü qızı olan gənc xanımı ilə qonaq olmuşdur. Bir neçə aydan sonra Tehranda, ermənilərə etdiyi yaxşılıqların cavabı olaraq, nankor ermənilərin qurduqları kələyin qurbanı olur. Amansızcasına öldürülən Qriboyedovun meyitini dostu Ehsan xan qarşılayıb Kəngərli süvarilərinin müşayiəti ilə Tiflisə yola salmışdır. Kim bilir, bəlkə Naxçıvana köçə bilməmələrinin heyfini ondan belə aldılar...
- Bizim xalqın mərd oğulları həmişə dostluq etməyi bacarıblar.
- Bəli. Paskeviç Ehsan xanınla olan dostluğuna böyük önəm vermişdir. O, Varşavada qulluğunu davam etdirərkən, Ehsan xan və A.A.Bakıxanov onun yanında olmuşlar. Naxçıvanın taleyi həll olunarkən yaranmış dostluq bu şəxslər arasında uzun müddət davam etmişdir. Ehsan xan xalqımızın ləyaqətli oğlu kimi tarixə düşmüşdür. Tarixi dramda Ehsan xan gözlərimiz önündə Kalbalı xan kimi mahir dövlət xadimi və diplomatın tərbiyəsi ilə böyümüş, mərd, qəti, ailəcanlı, özü haqqında yox, xalqı haqqında fikirləşən bir obraz kimi canlanır.
- Siz əvvəldə Naxçıvan xanlığının son xanı Kərim xan Kəngərlinin adını xatırladınız. Bilirik ki, Naxçıvan xanlığı istila ediləndən sonra İrana getmiş Kərim xan bir daha vətənə dönə bilməmişdir.
- Kərim xan İrana köçürülmüş naxçıvanlıların şəhərə qaytarılmasında Ehsan xana kömək etsə də, özü qürbətdə qalır və orda da vəfat edir. Taxtını, var-dövlətini itirməklə bərabər, ailəsi iki yerə parçalanan Kərim xanın faciəsi dəhşətlidir. Naxçıvan xanlığının istilasından sonra Azərbaycan da, onun ailəsi kimi iki yerə bölündü. Biz bu faciəni indi də yaşayırıq. Dramda onun ailə faciəsinin fövqündə, vətənimizin ikiyə bölünməsinin nə dərəcədə faciəli olduğunu göstərməyə səy etmişəm.
- Hər bir yazıçının yazdığı əsərdə daha çox sevdiyi bir obraz olur. Sizin ən çox sevdiyiniz obraz hansıdır?
- Əlbəttə ki, Ehsan xan obrazı. Bu mürəkkəb dövrdə, iki nəhəng dövlətin əlləri uzanmış Naxçıvan xanlığı müstəqilliyini itirsə də, onun sayəsində Azərbaycan Naxçıvanı itirmədi. Dramda bir-birinə düşmən iki qüvvə arasında qalan Ehsan xanın, Naxçıvanı xilas etmək üçün hansı yolu seçməyin daha əhəmiyyətli və mütərəqqi ola biləcəyini düşünən zaman keçirdiyi daxili sarsıntılarına, xalqının gələcəyi haqqında düşüncələrinə geniş yer verilmişdir. Sonralar Naxçıvanın naibi təyin edilən Ehsan xan arzularının bir qismini həyata keçirmiş, abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirmişdir. Çeşməbasar kəndində çeşmələr qazdırmış, Ərəzin kəndinin yaxınlığındakı təpədən keçən tunel vasitəsilə Nehrəm kəndinə su gətirmiş, Naxçıvanda ilk rus-Azərbaycan qəza məktəbi açmışdır.
- Zaman keçdi və Ehsan xanın nəsli Naxçıvanski soyadı ilə bütün Azərbaycanda və onun sərhədlərindən kənarda da məşhurlaşdı.
- Nə qədər cəhd etsək də, Ehsan xanın Naxçıvanın xilası üçün etdiklərinin dəyərini sözlə ifadə etmək çətindir. Amma əsərdə təsvir edilmiş hadisəni xatırlayanda bir qənaətimiz daha da möhkəmlənir: O xalq xoşbəxtdir ki, onun taleyüklü məsələlərini lazımı anda həll etməyi bacaran və öhdəsinə götürməkdən çəkinməyən, qorxmayan oğullar, şəxsiyyətlər yetişdirə bilir. Onların danılmaz xidmətləri isə mənsub olduğu xalqın tarixində və yaddaşında əbədi olaraq qalır. Necə ki, Ehsan xan xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
- "I Ehsan xan Kəngərli” tarixi dramı da keçmişimizi unutmadığımızın sübutlarından biridir.
- Ehsan xan Kəngərlinin ruhu qarşısında əsas borcumuz, onun Naxçıvanı qoruyaraq qaldırdığı yüksəkliyi anlamaq və Naxçıvanı o yüksəklikdə də saxlamaqdır! İnşallah, Naxçıvan həmişə indiki yüksəkliyində də dayanacaq.
Zülfiyyə İsmayılova,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər