• cümə axşamı, 18 aprel, 19:14
  • Baku Bakı 21°C

Tarixdən ibrət götürmək lazımdır

04.06.14 09:00 1333
Tarixdən ibrət götürmək lazımdır
Düz 21 il bundan öncə Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. O zaman S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz oldu, hər iki tərəfdən 35 nəfər həlak oldu. Gəncəyə göndərilmiş hökumət rəsmiləri isə S.Hüseynovun dəstəsi tərəfindən girov götürüldülər. 4 iyun qiyamı kimi tarixə düşən bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı, ölkə vətəndaş müharibəsi astanasına gəlib çıxdı.
S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başladılar. Getdikcə daha da gərginləşən vəziyyətdən çıxış yolu tapa bilməyən o zamankı AXC-Müsavat iqtidarı Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı.
Həmin hadisələrin dövlətçilik tariximizə təsiri barədə fikirlərini “Kaspi”yə bölüşən Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Partiyanın Səbail Rayon Təşkilatının sədri Zahid Qaralov bildirdi ki, 1990-cı illərin əvvəllərində Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra bütün dövlət vəzifələri tutulsa da, ölkə faktiki olaraq öz müstəqilliyini yaşamayıb. Onun sözlərinə görə, parçalanmanın geniş vüsət aldığı o dövrlərdə ölkədə ayrı-ayrı şəxslər özlərinə qoşun yaradıb, hərbi-siyasi vəzifələrə səriştəsi olmayan insanları gətiriblər. Bu isə Azərbaycanda vəziyyəti getdikcə daha da ağırlaşdırıb və ölkəni vətəndaş müharibəsi vəziyyətinə gətirib çıxarıb: “Ümumən 2-3 ay bundan qabaq Ukraynadakı vəziyyət eyni ilə Azərbaycanda yaşanırdı. Bu vətəndaş müharibəsinin qarşısını almaq, ölkəni düşdüyü ağır vəziyyətdən xilas etmək üçün o zamankı respublika rəhbərliyi ümummilli lider Heydər Əliyevə müraciət etmək məcburiyyətində qaldı. 1993-cü il iyunun 9-da Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəldi. Həmin gün Ali Sovet Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə olaylarının araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul etdi. Bunun ardınca Heydər Əliyev bir qrup jurnalistin, həmçinin Arif Rəhimzadə, Asya Manafova və başqalarının müşayiəti ilə iyunun 13-də Gəncəyə yola düşdü, vəziyyəti yerindəcə öyrəndi. Faktiki olaraq, Surətin qoşunları Bakıya doğru irəliləyərkən bir neçə rayonu tutmuş, oradakı rəhbər strukturlarda öz adamlarını oturtmuşdu. Mərkəzdən qaçma, özbaşınalıq geniş vüsət almışdı. Məhz Heydər Əliyevin sayəsində Surət Hüseynovun başladığı qiyamın qarşısı alındı. Bununla da Azərbaycanın parçalanmasının, ölkənin ayrı-ayrı şəxslərin əlində cəmləşməsinin qarşısı alındı. Bununla da Azərbaycanda proseslər tədricən öz məcrasına düşməyə başladı. Amma bununla yanaşı, ölkədə təxribatlar, qarşıdurmalar yaratmaq istəyənlər də öz əməllərindən qalmırdılar. 1995-ci ilə kimi belə hadisələrin şahidi olduq”.
1993-cü ilin 4 iyun qiyamından Azərbaycan cəmiyyətinin və müxalifətinin çıxardığı nəticəyə gəlincə, Z.Qaralov dedi ki, bu hadisələrdən dərs alanlar lap çox olub. Partiya funksioneri onu da əlavə etdi ki, əgər 4 iyun qiyamından sonra ümummilli lider Heydər Əliyev düzgün yol tutmasaydı, onun siyasi kursunun layiqli davamçısı İlham Əliyev müasir dövrdə öz iradəsini ortaya qoymasaydı, bu gün Azərbaycanda vəziyyət Ukraynadakından qat-qat pis olardı: “O zaman AXC-də təmsil olunanlardan bir çoxu sonradan haqqın yolunu tutdular. Onlardan bir qismi müxalifətdə qalsalar da, Azərbaycanın ictimai-siyasi həyatında aktiv iştirak etdilər, Milli Məclisə deputat seçildilər və sair. Elə Əbülfəz Elçibəyin müavinlərindən 4-5 nəfəri deputat oldu. Ağıllı adamlardır deyə, hadisələrdən düzgün nəticə çıxardılar. Lakin onlar arasında nəticə çıxarmayanlar da var. Görünür, bundan sonra da hər hansı nəticə çıxara bilməyəcəklər. Buna onların nə hikkəsi yol vermir, nə də siyasi savadsızlığı. Onlar arasında hətta Azərbaycanı satanlar, ölkədə həyata keçirilən islahatları, görülən işləri pis qələmə verib maddi qazanc əldə edənlər də var. Bununla elə başa düşülməsin ki, biz fikir müxtəlifliyinin, müxalifətin əleyhinəyik. Sadəcə, biz dövlətçiliyin, xalqın, milli maraqlarımızın əleyhinə olanlara qarşıyıq. Dövlət başçısının fikrinə qarşı rəy bildirmək istəyən varsa, desin. Demokratiya, söz-mətbuat azadlığı olan ölkədə heç kim buna qadağa qoymur. Lakin həyata yalnız qara eynək arxasından baxmaq, bütün işlərə qara yaxmaq yolverilməzdir”.
Azərbaycan Vəhdət Partiyasının (AVP) sədri Tahir Kərimli 4 iyun hadisələrinin Azərbaycanın dövlətçilik tarixində həlledici təsirə malik olduğunu qeyd etdi. Onun fikrincə, bu qiyamdan sonra Azərbaycan hakimiyyəti Surət Hüseynovun hücumu qarşısında aciz qalıb və ümummilli lider Heydər Əliyevi Bakıya dəvət etməkdən başqa çıxış yolu tapmayıb: “O zaman iqtidarın mərhum prezident Heydər Əliyevə yalvarmaqdan başqa çarəsi qalmamışdı. Çünki ölkədəki parçalanma, vətəndaş müharibəsi çox acınacaqlı durum yaratmışdı. Şimalda “sadval”çılar, cənubda isə Əlikram Hümbətov kimi separatçılar muxtariyyət tələb edərək Azərbaycanı parçalamaq istəyirdilər. Cəbhədə ard-arda davam edən uğursuzluqlar torpaqlarımızın ermənilər tərəfindən işğalı ilə nəticələnirdi. Bütün bunlar Azərbaycanın suverenliyini, bütövlüyünü təhdid edirdi. Məhz Heydər Əliyevin siyasi uzaqgörənliyi və təcrübəsi sayəsində proseslər tədricən öz axarına düşdü, Azərbaycan xilas oldu. Amma məsələ burasındadır ki, özləri Heydər Əliyevi xilaskar kimi paytaxta dəvət edənlər sonradan ona qarşı müxalifət cəbhəsi yaratdılar. Həmin əqidə sahiblərindən bir çoxu indi də radikal mövqeləri ilə müxalifətdə təmsil olunur, Azərbaycanın uğurlarına, nailiyyətlərinə qarşı barışmaz mövqe sərgiləyir, ona qara yaxmağa çalışırlar. Təbii ki, bu təəssüf doğurur”.
Həmin hadisələr zamanı aktiv siyasətdə olan politoloq Qabil Hüseynli də 4 iyun qiyamının Azərbaycan dövlətçiliyini bir qədər geriyə atdığını söylədi. O, yenicə müstəqillik qazanan bir ölkədə 1990-cı illərdə dövlət quruculuğu istiqamətində müəyyən proseslər getdiyini diqqətə çatdıraraq, qiyamın baş verməsi ilə bütün bu proseslərin müvəqqəti olaraq dayandığını vurğuladı. Dedi ki, bununla da Qarabağ cəbhəsində ciddi geriləmələr başlayıb: “4 iyun qiyamı bir gündə baş verməmişdi. Bu hadisənin bir ucu Surət Hüseynovun korpus komandiri və baş nazirin müavini kimi cəbhədəki qoşunların böyük bir hissəsini döyüş mövqelərindən geri çəkib Bakıya toplamasına gedib çıxır. Martuni istiqamətindəki ağır artilleriyanın xeyli hissəsinin geri çəkilməsi cəbhədə ermənilərin əks-hücuma keçməsinə şərait yaratdı. Bunun ardınca da Kəlbəcər ermənilər tərəfdən işğal olundu. Bir sözlə, Surət Hüseynovun korpus komandiri kimi hərbi texnikanı geri çəkməsi və ardınca Rusiyanın göstərişi ilə qiyama qalxması həm cəbhədə ciddi məğlubiyyətlərimizin əsasını qoydu, həm də Azərbaycan dövlətçiliyinə ciddi zərbə vurdu. Yalnız Heydər Əliyevin Naxçıvandan paytaxta dəvət olunması, onun hakimiyyətə gəlişi bütün bu hadisələrin qarşısını almaqla yanaşı, dövlət və ordu quruculuğu prosesini sürətləndirdi. Bunun ardınca da Füzuli-Horadiz istiqamətində ordumuzun uğurlu əməliyyatları başlandı, 32 kənd işğalçılardan azad olundu. Ümumiyyətlə, tarixdən ibrət dərsi götürmək lazımdır. 4 iyun Gəncə qiyamının da özünəməxsus ibrət dərsləri vardır. Bu hadisədə mərkəzi hakimiyyətə tabe olmayan silahlı birləşmələrin nəzarət altına alınmasının vacibliyi, hakimiyyətdaxili çəkişmələrdən xilas olmağın yolları istiqamətində ciddi ibrət dərsləri vardır. Azərbaycan xalqı da gördü ki, hakimiyyət uğrunda mübarizə həm torpaq itkisinə, həm də hakimiyyətin zəifləməsinə gətirib çıxarır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər