Tarixçilərə də vəzifələrini xatırladan çəfakeş araşdırmaçı
Biz,
günümüzün türk ziyalıları… Hər bir türk xalqının əsərlərini öz əsərlərimiz kimi
qəbul edəcəyik. Hər birindəki incəlikdən və zəriflikdən zövq alacağıq. Hər türk
əsərini başqalarına tanıtmadan öncə özümüz tanımaq üçün cəhd edəcəyik.
Muhsin Kadıoğlu
Böyük
Britaniya muzeylərində türk və islam dininə aid olan əsərlərinin araşdırılması,
öyrənilməsi, bir çox maraqlı və əhəmiyyətli məsələlərin ortaya çıxarılmasında
Türkiyənin tanınmış yazar, tədqiqatçı alim və türkçü ideoloq Muhsin Kadıoğlunun
böyük rolu vardır. Dünya muzeylərində sərgilənən əsərlərimizi sadəcə, yalnız
milli mədəniyyətin Qərbə inteqrasiyasında bir vasitə kimi qiymətləndirmək doğru
olmaz. Bu əsərlər həm də öz milli-mənəvi dəyərlərimizi öyrənmək, təmsil
olunduğumuz sənət nümunələrinin dünya tarixindəki yerini anlayaraq,
qiymətləndirmək yoludur.
Muhsin
Kadıoğlu təkcə Böyük Britaniyada deyil, dünyanın bir çox ölkələrinin məşhur
muzeylərində qorunub saxlanılan türk və islam dininə aid əsərlərin tədqiqi
sahəsində mühüm işlər görmüş və görməkdə davam edir.
Məlum
olduğu kimi, Qərbin zəngin və möhtəşəm muzeylərindəki eksponatlar, eləcə də
Şərqə, xüsusilə də islam Şərqinə aid nümunələr çox fərqli yollarla
aparılmışdır. Bunların arasında qaçırılmış əsərlərə də təsadüf etmək mümkündür.
Bütün bunları diqqətə alan Muhsin Kadıoğlu Qərb muzeylərini və o cümlədən,
Böyük Britaniya sənət məbədlərini araşdırarkən, beş əsas məsələyə diqqət
yetirmişdir:
1. Türk və islam əsərlərinin Qərb muzeylərinə hansı
yollarla aparılmasını araşdırmaq.
2. Türk və islam əsərlərini araşdıraraq, müəyyən bir
tədqiqat əsərində toplamaq və təqdim etmək.
3. Türk və islam dünyasına məxsus əsərlərin muzeylərdə
hansı formada təqdim olunmasını, onlar haqqındakı məlumat və izahatların
həqiqətlərlə nə dərəcədə səslənməsini müəyyən etmək.
4. Qərb müəlliflərinin əsərlərində türk və islam
izlərini araşdırıb ortaya çıxarmaq, həmin əsərlərdə Şərq motivlərinin
gerçəklərə uyğun olması, yaxud qərbçilik tendensiyasının hakim olmasını nəzərə
çatdırmaq.
5. Ayrılıqda türk əsərlərinin öyrənmək, bəzən yanlış
olaraq türk əsərlərinin digər ölkə və millətlərin eksponatları kimi təqdim
olunmasına münasibət göstərmək.
6. İslam ölkələrinə məxsus əsərlərin siyahısını tərtib
etmək.
Sözügedən
əhəmiyyətli məsələlər Muhsin Kadıoğlunun türk və islam tarixinə, mədəniyyətinə
yaxından bələd olması, rəssamlıq, memarlıq, dənizçilik, dulusçuluq, metal
işləmə, keramika, xalçaçılıq, silah və döyüş sursatları, medalçılıq, ədəbiyyat
və digər sahələri əhatə edən muzey nümunələrində türk və islam izlərini müəyyən
edə bilməsi nəticəsində ərsəyə gəlmişdir. Yazarın öz sözləri burada tam yerinə
düşür: "Muzey yaratmaq bir mədəniyyət olduğu kimi, onu gəzmək də bir
mədəniyyətdir. Bu "görmək” ilə "baxmaq” arasındakı fərq kimidir. Bir çox
insanlar muzeyləri gəzir və əsərlərə baxır. Bəziləri isə muzeydə əsərlərdəki
detalları, incəlikləri görür. Tarixi əsərləri seyr etmək də belədir.
Muzeylərdəki əsərlərə sadəcə baxan birisinizsə, siz baxmağa davam edin, mən isə
"görənlərə” səslənirəm. Lakin "görmək” də kifayətdirmi? Gördüyünüz əsərləri
adlandırmaq, mənalandırmaq və digər əsərlərlə əlaqələndirmək "yüksək kültür” tələb
edir. Heç şübhəsiz ki, bunun birinci yolu da çox oxumaqdır. Bir qədər coğrafi,
tarixi, mifoloji və sənət bilikləri sizi başqalarına görə bir neçə addım önə
çıxaracaqdır”.
"Avrupa
Müzelerinde Türk, İslam Bilim Aygitlari” adlı e-pub kitabı Muhsin Kadıoğlunun
gəzdiyi 17 Avropa ölkəsindəki muzeylərdə
çəkdiyi rəsmləri və onlar haqqındakı şərhləri əhatə edən əhəmiyyətli
əsərdir. Dünyanın 152 ölkəsində satılacaq həmin kitabın mədəniyyətimizin
təbliği və dünyaya çatdırılmasında rolu əvəzsiz olacaqdır. Oxucular çox yaxın
zamanda bu əsərlə tanış olmaq imkanı əldə edəcəklər.
Muhsin
Kadıoğlu’nun "İskoçya’da Türk İslam Eserleri” (2015), "Edinburgh Gezi Rehberi”
(2015), "Glasgow Gezi rehberi” (2015), "Stirling Gezi Rehberi” (2015) "Aberdeen
Gezi Rehberi” (2015) kimi kitablarında da Böyük Britaniyanın muzey və tarixi
məkanlarındakı türk və islam əsərləri geniş şəkildə təqdim olunmuş, onlar
haqqında ətraflı məlumatlar verilmiş və yazarın fikirləri öz əksini tapmışdır.
Bu kitablarda toplanılmış şəkillər, heç bir ayrı-seçkilik olmadan, bütün türk mədəniyyətini və islam Şərqini
əhatə edir.
Bildiyimiz kimi, islam Şərqi daim
müxtəlif sülalələrin hakimiyyətə gəlməsi, mədəniyyətdə türk, fars və ərəb
elementlərinin ön plana keçməsi ilə zəngin və keşməkeşli tarix yaşamışdır.
Dünya tarixi və mədəniyyətinin ən qədim nümunələrindən biri kimi türk
mədəniyyəti bütün mərhələlərdə misilsiz sənət əsərləri ilə seçilmişdir. Təbii
ki, müasir Şərq ölkələrinin coğrafi
ərazisi XX əsrə qədərki ərazi ilə üst-üstə düşmür. Bu da muzeylərdəki
türk eksponatlarının sərgilənməsi zamanı hansı ölkəyə mənsub olması məsələsində
müəyyən problemlər doğurmuşdur.
Muhsin
Kadıoğlunun kitablarının da ən mühüm əhəmiyyəti həmin kontekstdə meydana çıxır.
Belə ki, müəllif muzey nümunələrini araşdırarkən, onların yaradıldığı dövrün
tarixi ərazisi və şərtlərinə diqqət yetirir, həmin tarixi mərhələdə hansı
dövlətin həmin coğrafi məkanda mövcud olmasını, hansı mədəniyyətin üstünlük
təşkil etdiyini, həmin əsərləri yetişdirən insanların milli mənşəyinin,
ənənələrinin əsərlərdə necə təzahür olunduğunu mifoloji ünsürləri araşdırmaq
yolu ilə oxuculara çatdırır.
Yazarla
söhbətimizdə o, çox maraqlı şəkildə muzey gəzmək mədəniyyətini, oradakı türk
əsərlərinin aşkarlanmasının yollarını açıqladı: "Qlazqodakı muzeyləri gəzərkən,
orada doktorantura təhsili alan bir neçə gənci də dəvət etdim. Muzeydəki
əsərlərin məlumat kartında "İsfahan, XII əsr İran”, Yozqat, XII əsr Anadolu,
Kiyev, XII əsr Ukrayna” kimi qeydləri oxuyuruq. Doktorantura səviyyəsində
olsalar da, gənclərin əsərləri anlaya bilmədiklərini gördüm. Onlara "siz
üzərində "İsfahan, XII əsr İran”, Yozqat, XII əsr Anadolu, Kiyev, XII əsr
Ukrayna” qeydləri yazılmış əsərləri qeyri-türk əsərləri kimi qəbul etməyin”
dedim. Gənclərdən birinin "siz də hər bir əsəri türklərə aid etmək
istəyirsiniz” sözlərinə də Muhsin Kadıoğlu tarixi həqiqətlərə dayanaraq
məntiqli bir cavab vermişdir: "Bizim millətimizin başqasına aid əsərləri
mənimsəməsinə ehtiyacı yoxdur. Tarix boyu dəfələrlə böyük və uzun zaman davam
edən imperatorluqlar qurmuş türk milləti hər sahədə bənzərsiz əsərlər
yaratmışdır. Siz bu günün coğrafiyasına görə düşünürsünüz. Bunlar türk əsərləridir.
Çünki həmin tarixlərdə İranda Səlcuq, Ukraynada Kuman, Yozqatda, Anadoluda
Səlcuq (Rum) imperatorluqları hakimiyyətdə idi”.
İstər İspaniyada
islam izlərinin meydana çıxarılması, istər Avropada Osmanlı mədəniyyətinin
nümunələri olaraq, türk motivlərinin aşkarlanması, istərsə də İran adı ilə
təqdim olunmuş incəsənət əsərlərinin türk mənsubiyyətinin müəyyənləşdirilməsi
Muhsin Kadıoğlunun Böyük Britaniya muzeyləri ilə bağlı yazdığı kitabların ana
xəttidir.
Muzeylər məlum
olduğu kimi, dünya mədəniyyətinin çox müxtəlif dövrlərə və xalqlara aid çeşidli
sənət nümunələrini təqdim edir. Bu baxımdan da həmin önəmli məkanlardakı türk
və islam əsərlərinin öyrənilməsi eksponatlarımıza dünya mədəniyyəti
kontekstində baxmağa, onların yerini daha qlobal anlamda dəyərləndirməyə imkan
verir. Eyni zamanda, bu araşdırmalar bizə Qərb dünyasına öz təsirini göstərən
milli və mənəvi mədəniyyət nümunələrimizin varlığını təsdiq etməyə şərait
yaradır.
Qərb muzeylərində araşdırmalar aparan
Muhsin Kadıoğlu rəssamlıq əsərlərində Qərb sənətkarlarının türk
tarixi və mədəniyyətinin möhtəşəm nümunələrinə istinad etdiklərini, onları öz qəhrəmanlarına çevirdiklərini qürur hissi ilə qeyd edir. Muhsin
Kadıoğlu tarixi qaynaqlardan gələn fikirləri öz şəxsi təcrübəsində rastlaşdığı nümunələr və tədqiqatlar nəticəsində bir daha təsdiq edərək, o qənaətə gəlir ki, Qərbi Avropada türk sənəti və mədəniyyəti, xüsusilə, XVI əsrdən XVIII əsrə qədər böyük təsir qüvvəsinə sahib olmuşdur. Qərbli qadın və kişilər türk məhsullarına, incəsənətinə, musiqisinə, memarlığına heyranlıqla yanaşmışlar. Bu
xalqlar içərisində Muhsin Kadıoğlu fransızların xüsusi seçildiyini də diqqətə çatdırır.
Muhsin
Kadıoğlunun 2016-cı ildə e-pub olaraq yayınladığı "Türk Modasıyla Giyinen
Batılı Meşhur Kadınlar” ("Türk modası ilə geyinən məşhur Qərb qadınları”) kitabı
türk qadınlarının qürurla oxuyacaqları və Qərb dünyasındakı
insanlara tövsiyə edə biləcəkləri möhtəşəm bir kitabdır. Araşdırmaçı yazar başda Böyük Britaniya olmaqla, gəzdiyi bütün dünya ölkələri muzeylərində türk modası ilə geyinən Qərb qadınlarının
portretlərinin şəklini çəkərək, bir yerə toplamışdır. Bu rəsmlər geyim incəsənəti baxımından da çox əhəmiyyətlidir. Çünki burada
çox qədim dövrlərə aid türk qiyafətlərini detallarına qədər araşdırmaq,
onlardakı sənət incəliklərini izləmək mümkündür. Muhsin
Kadıoğlu, haqlı olaraq düşünür ki, həmin nümunə və onlar haqqında
yazılan məlumatlar türk kültür və mədəniyyətinə aid bir çox izləri gələcəyə ötürəcəkdir. Elə yazarın kitabının
milli tariximizdə rolu da onun gələcək nəsillərə qiymətli bir kolleksiya təqdim etməsidir.
Muhsin
Kadıoğlunun "Türk modası ilə geyinən məşhur Qərb qadınları” kitabında italyan, fransız, holland, ingilis, irland,
ispan və digər Avropa xalqları rəssamlarının türk dəbi ilə geyinən qadın portretləri təqdim edilmişdir.
Bu sənət əsərləri
kitabın nə qədər geniş əhatəyə
malik, müəllifinin Qərb
incəsənətinə, rəssamlıq sənətinə
yaxından bələd olmasından, türk tarixi və mədəniyyətinə
göstərdiyi fədakar
xidmətdən xəbər
verir. Təbii ki, bu kitab oxuculara bir tərəfdən
türk kültürü və Qərb mədəniyyəti
haqqında məlumat verir, Şərq
və Qərb dünyasının qarşılıqlı mədəni əlaqələrinin
nümunələrini təqdim
edir, türk insanının öz keçmişi ilə
qürur duymasını göstərir, digər tərəfdən
isə Qərb muzeylərində
türk izlərini toplu olaraq göstərməklə,
oxucuları istiqamətləndirir, onlara bələdçilik
edir. Muhsin Kadıoğlunun muzeylə bağlı kitablarından tarixi faktlar və onlara
Qərb dünyasının münasibətini öyrənmək baxımından da maraqlı məlumatlar almaq
mümkündür. Bəzən hətta tarixi mənbələrdə geniş şəkildə yer almayan hadisələri
əks etdirən əsərlərə daha çox diqqət yetirən yazar, tarixçilərin də
vəzifələrini onlara xatırlatmış olur.
Bəsirə ƏZİZƏLİYEVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent