• cümə, 29 Mart, 18:28
  • Baku Bakı 14°C

Tarix və əbədiyyət Peyğəmbər dilində danışarkən

27.10.19 11:30 1302
Tarix və əbədiyyət Peyğəmbər dilində danışarkən
Romantizm estetikasının açarı
Dünya İntibahı – böyük idealların, klassizimi – cilalanmış ölçünün, romantizmi – böyük təzadların mədəniyyətidir. Romantizm tarixin bütün arsenalını hərəkətə gətirir və özünün poetik-fəlsəfi "ehtiraslar” meydanında orada nə varsa hamısını toqquşdurur: harmoniya ilə xaosu, dinlə siyasəti, oğulla atanı, qəhrəmanla yadelli işğalçını, şəxsiyyətlə dövləti, daxma ilə sarayı, azadlıqla köləliyi, doğru ilə avantüranı, əxlaqla çamırı, natura ilə qondarmanı, mələklə iblisi, ariflə cahili – yeni ilə köhnənin bütün cinahlarını... və sonda özü ilə özünü. Bu çarpışmalardan doğan qığılcımlardan romantizmin estetikası biçilir, fəlsəfəsi tikilir. Romantizm iradəsi öz ideallarınca tarixi mifləşdirir, mifi tarixləşdirir. Bütün mifik və tarixi konfliktlərdən öz həyat dramaturgiyasına material-qaynaq götürür. Buna görə də dünyasını "konflikt modelində” yaşayan, fitrən dünyanın çarpış-gərdişinə nə qədər üsyan etsə də, bu dramatizmdən ləzzət alan Romantizm mədəniyyətində dramaturgiya və esseistika yaradıcılığın əsas formalarındandır. Romantiklər də gülür, hətta qəhqəhə çəkir: ancaq komediya ilə yox, faciə ilə.

Azərbaycanda və Amerikada

Romantizmin inkişafının yalnız son çağlarına doğru tarix dramatizmi düşüncə dramatizmində toxdayır. Bu təkamül prosesi dünyanın iki böyük romantikinin – ömrünün sonunadək tarix dramatizmi ilə vidalaşmayan Hüseyn Cavid (1882 – 1941) və düşüncə dramatizminin sədlərini də aşan Cibran Xəlil Cibranın (1883 – 1931) yaradıcılığında özünü gerçəkləyir. Hüseyn Cavid heç səhnədə oynanılmasını rəva görmədiyi "Peyğəmbər” dramını Azərbaycanda, Cibran Xəlil Cibran əlyazmasını özündə dörd il saxladığı, "öz varlığının bir hissəsi” hesab etdiyi "Peyğəmbər” essesini Amerika Birləşmiş Ştatlarında eyni ildə – 1923-cü ildə çap etdirib. Həm bu dövrün, həm də müəlliflərinin bütöv yaradıcılığı kontekstində baxılırkən, Cavid və Cibran "Peyğəmbər”ləri Birinci Dünya müharibəsindən sonrakı bəşəriyyətin – müəyyən mənada öz keçmişindən və bir-birindən qırılmış bəşəriyyətin öz bütövlüyünü hansı mənəviyyat təməlləri üzərində bərpa etmə, kəskin sosial-siyasi transformasiyaların söküntülərindən qorunma, gələcəyin cığırlarını arama səmtində atılmış qətiyyətli addımlar idi. Peyğəmbərliyin əzəl missiyası – çaşqın toplumsal hərəkətləri yönlətmək, dolaşıq situasiyalara nizam gətirmək, inkişafın sonrakı dövrələrinə keçid üçün mənəvi mühit yaradaraq cəsarəti enerjiləndirmək – Cavid və Cibran "Peyğəmbər”lərinin dərin ideya qatlarının gizlinindədir.

Həqiqətin seçim anı

Cavid və Cibran Peyğəmbərləri həqiqətin seçim anıdır. Hər iki Peyğəmbər bəşəriyyətin iradəsinin fatalizmə güc gəlməsinin təsdiqidir. Hər iki Peyğəmbərlik dünya mənəviyyatı təcrübəsinin itirilməzliyi, onun topar sərvətləri təməlindən ideya-əməl prosesinə keçmə zərurətidir. Cavid və Cibran Peyğəmbərləri bircə dənə də olsun adi söz işlətmirlər, hikmət saçırlar! Hər iki romantikin sənətinə bəzək olan aforizmlərin (Cavid: "Məhəbbətdir ən böyük din”; "Qadın gülərsə, şu ıssız mühitimiz güləcək, // Sürüklənən bəşəriyyət qadınla yüksələcək”; "Kəssə hər kim tökülən qan izini, // Qurtaran dahi odur Yer üzünü”; "Hər düha başqa bir cihan istər, // Kimsə olmaz evində Peyğəmbər...” [Tolstoyla səsləşmə]; Cibran: "Müqəddəslərin belə qalxdığı elə yüksəklik yoxdur ki, sizin hər biriniz o zirvəyə qalxa bilməyəsiniz. Elə bir alçaqlıq da yoxdur ki, siz ora enə bilməyəsiniz!..”; "Həyatla ölüm birdir, çayla dəniz kimi”; "Ağacın istəyi olmadan onun bircə yarpağı da saralmır...”) – əslində, böyük həyat məramını ifadə edən düşüncə incilərinin çoxu onların "Peyğəmbər” əsərlərində toplanıb. "Peyğəmbər”ləri onların canından qopan ruh əsərləridir. Buna görə də Cibran deyirdi: "Peyğəmbər”siz mən olmazdım”. Elə Cavid də belə deyərdi...

XX əsr: yenidən Vəhdət fəlsəfəsinə doğru

Hüseyn Cavidin Peyğəmbəri – tarixin Peyğəmbəri, İslam dininin yaradıcısı Hz. Məhəmməddir. Cibran Xəlil Cibranın Peyğəmbəri – əbədiyyətin Peyğəmbəridir. Buna görə də Caviddə, təbii olaraq, konkretləşdirmə, Cibranda universallaşdırma qabarıqdır. Cavid Məhəmməd peyğəmbəri – həm İslam dininin, həm İslam dövlətinin, həm də İslam ideologiyası və fəlsəfəsinin, İslam mədəniyyəti və əxlaqının banisi kimi, bütün həyat və mübarizəsinin əsas (Bi’sət, Də’vət, Hicrət, Nüsrət) mərhələləri ilə, eyni zamanda, onun İslam Şərqinin dini, fəlsəfi, irfan ədəbiyyatında ucaldılan möhtəşəm obrazına uyğun olaraq yaratmışdır. Daha dəqiq, Cavid Peyğəmbəri – İslam Peyğəmbərinin obrazlaşdırılmış portretidir. Cavid "Peyğəmbər”i – "Quran”dakı açar ayələrin və Məhəmməd peyğəmbərin hədislərindəki kəlamların poetik izharı ilə süslənmişdir. Məhəmməd peyğəmbərin "Allah-təala buyurur: "Ey insan! Əgər ancaq mənim qanunlarıma riayət etsən, mənim kimi olarsan...” – hədisi Şərq irfan ədəbiyyatında, eyni zamanda, Cavidin sələfləri Nəsimi və Füzulidə Allahla İnsanın Böyük Vəhdəti fəlsəfəsinə məqam açdığı kimi, mütəfəkkir Cavidin də Peyğəmbərinin son bəyanının əsas ideyası olur: "Əvət, arif düşünür, Haqqı bulur, // Aqibət kəndisi bir Tanrı olur”. Yalnız bundan sonra əsərin tamamı kimi əzan səsi gəlir: "Allahu əkbər... Allahu əkbər...” Cavid Peyğəmbəri bütpərəst bəşəriyyətin tarixini – vahid Allaha etiqad tarixinə, Kəbəni – "Vəhdət ocağı”na çevirən gerçək qurucudur: "Qırılıb bütləriniz oldu hədər, // Şimdi yox Kəbədə onlardan əsər. // Dəyişib dünkü sənəmlər yatağı, // Oldu Allah evi, Vəhdət ocağı”. Cibranın Peyğəmbəri isə bütün zamanların və dinlərin peyğəmbərliyini özündə təcəssüm etdirən ümumiləşmiş obrazdır.

Enişlə yüksəliş: Göydən enən və Yerdən göyərən din

Öz qayəsinin özül istiqamətinə görə, Cavidin Peyğəmbəri – ilahi iradəyə, Cibranın Peyğəmbəri – bəşəriyyətin həyat təcrübəsindən doğan məntiqə əsaslanır. Cavid Peyğəmbəri – Allahdan insana və cəmiyyətə enir, Cibran Peyğəmbəri – insan və cəmiyyətdən Allaha yüksəlir. Cavid Peyğəmbəri bəşəriyyətin yeni mənəviyyat tarixini – vahid Allaha inanmaq və inandırmaqla başlayır, İslamı – səmavi din kimi bərqərar edir. Cibran Peyğəmbəri isə – əslində, bütün din və etiqadların panteonu kimi, onlardan süzülmüş insanilik cövhərində yeni "din” yaradır. Bu – Yerdən göyərən dindir. Deməli, Böyük Yol açıqdır: Cavid Peyğəmbəri ilahi həqiqətləri göydən yerə endirən, Cibran Peyğəmbəri isə insan həqiqətlərini Yerdə əkib becərə-becərə ilahi məqama qaldıran Allah elçisi tək o yolun üzərində, dünən, bu gün və sabah hərəkətdədirlər. Cavid Peyğəmbəri – o ilahi həqiqətləri imperativ kimi səsləndirir, İslam dinini yaradan Peyğəmbər missiyasında, həm də dünyanın ilk müsəlmanı olaraq, həmin dinin iradəsinə və bütün şərtlərinə əməl edir. Cibran Peyğəmbəri – insan həqiqətlərini min illər boyunca fəsillənən həyatın dürlü sınaq və gələnəklərindən dərərək toplayır, kristallaşdırır, sonra da onları imperativləşdirmədən elə insanların öz mühakimələrinə buraxır. Cavid – Mütləqdən başlayır, Cibran – Mütləqlə sona çatır.

Klassik paradiqma necə dəyişir

Klassik paradiqma – "subyekt-obyekt” münasibətlərində subyekt başlanğıcına, qeyri-klassik paradiqma – obyekt başlanğıcına, son dövrün post qeyri-klassik paradiqması isə – hər iki başlanğıcın qarşılıqlı etgiləndirmə keyfiyyətinə aktuallıq verir. Cavid və Cibran "Peyğəmbər”lərində isə sanki "Quran” məntiqincə, "subyekt-obyekt” münasibətlərindəki tərəflərin dominantlığı "itir”, Allahın fövqəlnəzarəti altında bütün dünya hər tərəfdən hər tərəfə müraciətin sintez-monoloqunda – öz-özü ilə danışır. Cavidin "Peyğəmbər”ində mələk və imsan (Peyğəmbər) "Allah lisanı ilə”, Allah yaratdığı yəbiətim dili ilə, təbiət isə bütün nemətləri ilə insanla danışır. Və nəhayət, insanın Tanrı məqamına yüksəlməsi (Arif... Haqqı bulur... Tanrı olur”) – Yaradılışın ən böyük mənası kimi qutlanır. Bununla da Vəhdət dövrəsi kamilcə tamamlanır. Cibran Peyğəmbəri də bəyan edir: "Unutmayın, unutmayın ki, sizin yalın ayaqlarınıza toxunmaq – torpaq üçün də xoşdur və küləklər həsrət çəkir iki, sizin saçlarınızla oynasın...”

Sitayişdən qurtulmayınca...

Cavid və Cibran "Peyğəmbər”lərində qutsallığı ilə yanaşı, insanı uçuruma aparan əməllərinin hansı yanlışlardan bünövrələnməsi də diqqətə çəkilir: Cavid sanki çağımızdan və gələcəkdən müsəlmanlığın binə tarixinə nəzər yetirərək, bütpərəstlikdən fərqlənməyəcək qədər kor bir axınla ziyarət müqəddəsliyini də heçə endirən, uca dini alverə döndərən riyakar hərəkət və niyyətlərin başlanğıcını hələ İslamın Məkkədə zəfər günündə daxili inamdan deyil, çarəsizlikdən Peyğəmbərə iman gətirən Baş Rəisin dilindən – onun iblisanə qəhqəhələri içərisindən səsləndirir: "Burda hiç bir yeni şey varmı? Yenə // Qonacaqdır Qaradaş (Həcər-ül-əsvəd) büt yerinə. // Büt də bir daş, o da, adlar başqa... // Dünkü bütxanə bu gün beyti-xuda!.. // Ərəbin var-yoxu dün nəysə, bu gün // Olacaqdır daha yüz qat üstün. // Bir Hicaz əhli deyil, hər millət // Tökəcək Kəbəyə altın, sərvət. // Buraxıb yurdunu hər ac, çılpaq, // Sizə kor, duyğusuz ellər qoşacaq... // Şimdi kərtənkələ yerkən bir ərəb, // Sürəcək ömrünü püreyşi tərəb. // Yurdumuz başqa səadət bulacaq, // Səbəb ancaq şu böyük din olacaq...” Cibran Peyğəmbəri də kölə mənəviyyatı ilə ediləcək inqilab və reformasiyaların aqibətini irəlicədən görür: "Güclünü yıxmamışdan öncə, bir baxın görün – onun sizin qəlbinizdə ucaltdığı taxt-tac dağılmayıb ki ?!.”
Cavid və Cibranın ilahi nuru alıb da özündən keçirən, ötürən və bitirən Peyğəmbərləri Cavid Mələyinin dili ilə sanki bir nəfəslə deyir: "...Dinlə həp Kainatı!..”
Rahid Ulusel
banner

Oxşar Xəbərlər