• çərşənbə axşamı, 19 mart, 08:43
  • Baku Bakı 8°C

Tarix qoxulu şəhər çevriliş cəhdindən sonra - Reportaj - FOTOLAR

11.10.16 12:26 3623
Tarix qoxulu şəhər çevriliş cəhdindən sonra - Reportaj - FOTOLAR
Yolumuz İstanbuladır. "Türk Hava Yolları” aviaşirkətinin təşkilatçılığı ilə qədimiliklə müasirliyin, müxtəlif dinlərin, dillərin, irqlərin birləşdiyi şəhərə yön almışıq... Bir qrup hərbçi tərəfindən üç ay əvvəl dövlət çevrilişinə cəhd olan ölkənin əsas şəhəri olan İstanbulun bizi necə qarşılayacağını bilmirik. "İstanbul çoxmu dəyişib?”, "əvvəlki kimi küçələrdə, tarixi yerlərdə rahat və təhlükəsiz hərəkət mümkün olacaqmı?”, "görəsən, İstanbulun bəzəyi olan əcnəbi turistlərin sayı azalmayıb ki?”... Bu suallar beynimizdə "Türk Hava Yolları”nın biznes-klassı ilə İstanbul Atatürk Hava limanına çatırıq. Elə hava limanında İstanbuldakı vəziyyətin necə olacağını sezmək mümkündür. Liman yenə qaynayır...

Buradan qalacağımız yerə üz tuturuq. Türk Hava Yolları bizi beşulduzlu Radisson Blu Hotelində ağırlayır. Nahar verilən zalda səhər yeməyi zamanı bəlli olur ki, burada da turistlərin sayı az deyil...

Topqapı Sarayı, Aya Sofya, Sultan Ahmet məscidi, Yerəbatan Sarıncı... İstanbulun ürəyi sayılan tarixi məkanların ünvanı... Əvvəlki kimi əcnəbilərin əlindən "iynə atsan, yerə düşməz”. Yenə də dünyanın müxtəlif yerlərindən olan insanlar "Konstantinopol”u hiss etmək, ona toxunmaq üçün muzeylərin qarşısında növbəyə durublar...
Çevriliş cəhdindən əvvəl və sonra

Terrordan əvvəlki İstanbulla indiki arasında ikicə fərq sezirik. Əvvəllər İstanbul küçələrində, tarixi yerlərdə polis maşını, yaxud polis nəfəri tapmaq müşkül idisə, indi qanun keşikçiləri ilə tez-tez rastlaşırsan. Xüsusən şəhərin turistlər olan hissəsində hər addımda polis nəfərləri və müxtəlif formalarda olan polis maşınları gözə dəyir. Bir də böyük ticarət mərkəzlərində güclü yoxlama var. İkinci fərq isə xristian ölkələrindən gələn turistlərin müsəlman ölkələrindən gələn turistlərlə əvəz olunmasıdır. Müşahidələrimizə əsasən deyə bilərik ki, islam ölkələrindən gələnlərin sayında çoxalma, Avropa ölkələrindən gələnlərin sayında azalma var. Amma ümumilikdə tarix qoxulu bu şəhər yenə turistlərlə qaynayır...
Qeyd edək ki, ötən həftə dünyanın 15 ölkəsindən olan 60-a yaxın jurnalist "Türk Hava Yolları” aviaşirkətinin təşkilatçılığı ilə İstanbula təşkil olunan press-turda iştirak etdi. Bolqarıstan, Ukrayna, Serbiya, Rumıniya, Fransa, Macarıstan, Makedoniya və s. ölkələrdən olan jurnalistləri İstanbula yığmaqda məqsəd şəhərdəki vəziyyəti onların vasitəsilə dünyaya çatdırmaq, həmçinin "Türk Hava Yolları” aviaşirkətinin görəcəyi işlərlə tanış etmək idi.
Tarixdən xəbər verən məkan

İlk ziyarətimiz Yerəbatan Sarıncıdır. Yerin altında yarımqaranlıq muzey, mistik atmosferi saxlamaq üçün səsgücləndiricilərdən ətrafa yayılan həzin musiqi, arada sütunlardan daman damcılar, sudakı karp balıqları məkana mistik görkəm verir. Bizans imperatoru Yustinianusun 527-565-ci illərdə tikdirdiyi yeraltı su anbarında vaxtilə içməli su ehtiyatı saxlanılarmış ki, quraqlıq, yaxud şəhərin mühasirəsi zamanı ondan istifadə edilsin.

Daha sonra Sultan Əhməd məscidinə gedirik. 1609-1616-cı illərdə Sultan I Əhmədin əmrinə əsasən tikilən məscidin interyeri mavi, yaşıl və ağ rəngli İznik çiniləriylə bəzədildiyi və yarımqübbələrin, böyük qübbənin içi mavi tonlu əl işləri ilə bəzədildiyindən avropalılar məscidi "mavi cami” adlandırır. Girişdə xanımlara ətək və yaylıq verilir. Ziyarətçilər ibadətə gələnlər üçün ayrılan məkana daxil ola bilməzlər. Məhz bu qaydalar əcnəbilərin marağını daha da artırır.

Növbəti dayanacaq Topqapı Sarayıdır. Osmanlı sultanlarının iqamətgahları olmuş saray kompleksində adam özünü qəribə hiss edir. Dənizə açılan mənzərədə vaxtilə Osmanlı sultanlarının ətrafı seyr edərək dünyaya hakim kəsilmək arzuları gözümüzün özündə canlanır. Keçdiyimiz darvazadan neçə-neçə türk sultanı, əsgəri keçmişdi... Sarayda Məhəmməd peyğəmbərin əbası və qılıncı kimi müsəlmanlar üçün çox dəyərli olan müqəddəs əşyalar qorunur.

Bələdçimiz bizi Türkiyənin müxtəlif şirniyyatlarının, çiçək və meyvə qurularının, ədviyyatların, qızıl və gümüş zinət əşyalarının, Türkiyə istehsalı olan yaylıqların, ayaqqabıların, geyimlərin, ev əşyalarının, bir sözlə, Türkiyəyə aid istənilən məhsulu tapa biləcəyimiz Misir çarşısına aparır. Düzdür, qiymətlər, turistlərə uyğun olaraq şişirdilib, amma pulu olan turistlər üçün əla məkandır.
"Şəhərdə polis maşınları çoxalıb”
İmkanımız düşdükcə, əcnəbilərlə həmsöhbət oluruq. Rumıniyadan gələn İoan Baseskunun İstanbula ilk səfəridir. Deyir ki, fikirləşmədən bu ölkənin tarixi ilə tanış olmaq üçün yolunu buradan salıb: "Özümü başqa Avropa ölkələrindəki kimi hiss edirəm. Təhsilim tarixçi olduğundan buranın tarixi məni cəlb edir. Heç vaxt bu cür nəhəng şəhərdə olmamışdım. Kosmopolit şəhərdir. Məni bu şəhərdə ən çox təəccübləndirən isə yollarda tıxacların çox olmasıdır. Amma xoşuma gələn odur ki, tıxaca düşmək istəməyənlər xüsusi tıxacsız yollarla gedən sərnişin avtobuslarından, metrolardan istifadə edə bilirlər”.

İstanbul Amerika iş adamı Con Şirkin dünyada ən çox sevdiyi şəhərlərdən biridir: "İş üçün ildə iki dəfə buraya gəlirəm. Şəhərdən və buradakı insanlarla ünsiyyətdən zövq alıram. Əvvəlki gəlişlərimdəki İstanbulla indiki arasında heç bir fərq görmürəm. Əksinə, son gəlişimdən bu yana şəhər daha da inkişaf edib, yeni hotellər tikilib, yollar çəkilib. Yalnız küçələrdə daha çox polis maşınları görürəm. Onlar da mənim istirahətimə maneçilik törətmir”.

Kosovadan telegrafi.com saytının əməkdaşı Luszim Ahmeti İstanbulu hərtərəfli mədəniyyəti olan özəl bir şəhər adlandırır: "Buradakı dini binalar xüsusilə məni cəlb edir. Terrorizm hər yerdə var, partlayış təkcə İstanbulda olmur ki... Əksinə, son terror hadisəsindən sonra İstanbulda özümü daha çox güvəndə hiss edirəm. Çünki yollarda daha çox polis görürəm, daha çox yoxlama aparırlar. Bu, mənim çox xoşuma gəlir, mühafizənin güclü olmasından xəbər verir”.

Adının çəkilməsini istəməyən Birləşmiş Ərəb Əmirliklərindən olan turist həyat yoldaşı və iki övladı ilə ikinci ildir ki, İstanbulu ziyarət edir. Deyir ki, şəhərə o qədər vurulublar ki, terror ola biləcəyi fikrini ağıllarına gətirmədən bura üz tutublar: "Gəldiyimizə də peşman deyilik. Çünki ötən ildən fərqli olaraq, bu il güvənliyimizin daha çox qorunduğunu hiss edirik”.
"Yolçularımıza müştəri demirik”

Press-tur zamanı jurnalistlər İstanbulun tarixi yerləri ilə yanaşı, "Türk Hava Yolları”nın baş ofisində, "Türk Hava Yolları” təyyarələrini yeməklərlə təmin edən Do&Co şirkətində, "Türk Hava Yolları” Aviasiya Akademiyasında oldular. Eyni zamanda, "Türk Hava Yolları” aviaşirkətinin İdarə Heyətinin sədri İlker Aycı mətbuat konfransı keçirdi. 15 iyul dövlət çevrilişinə cəhddən söz açan İ.Aycı FETÖ terror qrupunun Türkiyədə formalaşmasından, eyni zamanda sərhədləri aşaraq digər ölkələrdə kök salmasından, böyüməsindən, güclənməsindən danışdı. O, insanların şübhələrini aradan qaldırmaq, dezinformasiya kampaniyalarını yerindəcə dünyaya anlatmaq üçün dünya ölkələrindən jurnalistləri bir araya yığdıqlarını dedi: "İstədik ki, öz gözlərinizlə gördüyünüz gerçəkləri ölkələrinizə qayıtdıqdan sonra qələminiz vasitəsilə həmvətənlərinizlə bölüşəsiniz. Yeni nəsil terror qrupuyla yaşadığımız bu hadisəni başqa ölkələrdəki insanlar yaşamasın deyə, təcrübəmizi sizlərlə bölüşməyi düşündük”.

"Türk Hava Yolları” aviaşirkətinin gələcək perspektivlərindən danışan Aycı sözügedən şirkətin dünyada ən yaxşı hava yolu şirkətlərindən biri, eyni zamanda dünyanın ən böyük şəbəkəsinə malik, ən çox məkana uçuşlar gerçəkləşdirən şirkət olduğunu dedi: "Türk Hava Yolları” olaraq markamızın, işimizin, şirkətimizin arxasında dururuq. Yolçularımızla olan birlik və bərabərliyimizi uzun yol yoldaşlığı kimi görürük, yolçularımızı sadəcə, bir uçuşluq qonağımız kimi qarşılayıb yola salmırıq. Türkiyənin adətlərinə uyğun olaraq biz yolçularımıza müştəri demirik, qonağımız deyirik. Bizdə də qonağı süfrənin yuxarı başında oturdurlar, ən gözəl xidmət göstərilər, evdəki ən gözəl qablarda, ən ləzzətli yeməklərə qonaq edirlər”.
"Dünyada ən böyük hava limanı olacağıq”

Natiq aviaşirkətin planlarından da danışdı: "Texnoloji yeniliklərə imza atırıq. Artıq yolçularımızın sifarişlərini ağıllı telefonlardan edə biləcəkləri sistemlər gətiririk. Qısa vaxtda bizimlə əlaqə yarada bilmək üçün yeni sistemlər quraşdırılacaq. Bu il təxminən 64 milyon sərnişin daşıyacağıq və bu göstərici də keçən ilkindən çox olacaq. 2018-ci ilin birinci yarısında dünyanın ən böyük hava limanlarından biri İstanbulda istifadəyə veriləcək. Bu hava limanının birinci hissəsi 90 milyon, ikinci hissəsiylə birlikdə isə 150 milyon sərnişin tutacaq. Bu gün İstanbul hava limanı dünyada dördüncü yerdə dayanır. Çox qısa zaman ərzində dünyada ən böyük hava limanı, ən çox ölkəyə uçuş həyata keçirən, daha çox qonaq qarşılaya bilən aviaşirkət olacağıq. "Türk Hava Yolları” kaqronu da genişləndirəcək. Bacardıqca daha çox yeniliklərə imza atmağa çalışırıq və inanıram ki, bunu bacaracağıq. Ətraf mühitin dostu olan aviaşirkət olmağa çalışırıq. Bunun üçün ilk növbədə plastik qablardan istifadəni ləğv etmək istəyirik. Daha sonra biznes klassdakı yolçularımıza uçuş zamanı darıxmamaları üçün tabletlər veririk. Ekonom klasda da kabelsiz internet vasitəsilə musiqi, film, cizgi filmi dinləyə bilmələri üçün şərait yaradırıq. Uçuş vaxtı sərnişinlərimizin əylənmələri üçün yaxınlarda kompyuter oyunları təqdim etməyi planlaşdırırıq. Həmçinin sağlıqlı yemək menyusunu təqdim etməyə çalışırıq. Bundan sonra menyuda yediyiniz yeməklərin kalori miqdarları göstəriləcək və pəhriz saxlayanlar nə yeyəcəklərinə rahat şəkildə qərar verə biləcəklər”.
"Bir-birimizi terrorla tərbiyə etmək xüsusiyyətindən vaz keçməliyik”

Sonda terrorun təkcə Türkiyənin deyil, bütün dünyanın problemi olduğunu xatırladan Aycı dedi ki, bu gün Amerika da, Fransada, London da, İspaniya da, İtaliya da, bir sözlə, dünyanın hər yerində bu problem yaşanır: "Hər keçən gün təhlükəsizlik sektorunda çıxan yeni kameraların, yeni cihazların quraşdırılması üçün çalışırıq. Bunlar bizim üçün önəmlidir və həyata keçirilməsi istiqamətində addımlar atırıq. Bütün beynəlxalq əməkdaşlarımızla məlumat mübadiləsindəyik. Təyyarəyə minmədən sərnişin haqqındakı bütün məlumatlar qarşı tərəfə ötürülür və orda təhlükəsizlik tədbirləri başlayır. Təhlükəsizlik məsələsində işbirliyimiz getdikcə artır. Yeni cihazlardan istifadə edirik, bəzilərinin bildiyi, bəzilərinin bilmədiyi yeni cihazlarımız var. Bizim hava limanımız son hadisələrə qədər Avropanın və dünyanın daha təhlükəsiz hava limanlarından biri idi. Bizdəki yoxlanış mərhələləri Avropadan daha çoxdur. Bəzi ölkələrdə tək, bəzilərində isə 2 yoxlama mərhələsindən keçirsiniz, bizdə isə 3 yoxlama mərhələsi var. Heç bir ölkə terrordan sığortalanmayıb. Biz beynəlxalq işbirliyimizi, beynəlxalq təhlükəsizlik məsələsində əməkdaşlığı artırmaq məcburiyyətindəyik. Ən önəmlisi isə terrorla mübarizə məsələsində səmimi və gerçəkçi olmaq məcburiyyətindəyik. Bir-birimizi terrorla tərbiyə etmək xüsusiyyətindən vaz keçməliyik”.
Lalə MUSAQIZI
Bakı-İstanbul-Bakı

banner

Oxşar Xəbərlər