• çərşənbə axşamı, 19 mart, 12:08
  • Baku Bakı 8°C

Tarix İnstitutunda 20 Yanvar faciəsinin qurbanları yad edildi

19.01.18 17:01 597
Tarix İnstitutunda 20 Yanvar faciəsinin qurbanları yad edildi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı elmi konfrans keçirilib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil edilən konfransı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq bildirdi ki, 20 Yanvar Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Akademik bildirib ki, faciənin baş verməsindən sonra ümummilli lider Heydər Əliyev ona qarşı siyasi təzyiqlərə baxmayaraq, bəyanatla çıxış edib: "Eləcə də ulu öndərin təşəbbüsü ilə 1990-cı il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Sənəddə 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edilirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra da, 1993-cü ilə qədər, iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı”.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirdi ki, 20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq salnaməsinin parlaq nümunəsidir: "Kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı törətdiyi cinayətkar hərbi müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da həyata keçirdi. Lakin bu beynəlxalq qətliam, öz qəddarlığına görə, kommunist diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi. Fərq onda idi ki, Azərbaycana göndərilən peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar, Rostov və başqa yerlərdən səfərbərliyə alınan erməni əsgər və zabitlər, Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi”.
Y.Mahmudov vurğuladı ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsinin qarşısını almaq məqsədi daşıyırdı: "1988-1990-cı illərdə BDU-nun Tarix fakültəsinin qabaqcıl tələbələri xalq hərəkatında gənclərin demək olar ki, önündə gedirdi. BDU-nun Elmi Şurasında milli azadlıq hərəkatının fəalları olan bir qrup tələbənin universitetdən xaric edilməsi barədə qərar çıxarılmasına kəskin etiraz etdim və onları qovmağa qoymadım. Mənə qarşı elə rejim yaratdılar ki, Tarix fakültəsinin dekanı işləyə bilmədim və istefa verdim. O zaman Moskva məni Azərbaycandakı xalq hərəkatına qarşı mübarizəyə cəlb etmək istədi. Lakin bildirdim ki, bu, Azərbaycanın daxili işidir. Öz ölkəmdə təqib olunduğum üçün mənə Ukraynada ev verib, işə dəvət etdilər, amma Azərbaycanı tərk etmədim”.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova qeyd etdi ki, 20 Yanvar faciə olmaqla yanaşı, həm də Azərbaycanın müstəqilliyinə aparan yol idi: " Heç kim bu tarixi unutmayıb. Bununla yanaşı, qeyd etmək istərdim ki, faciə baş verdikdən sonra, yəni 1990-cı il yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqla birgə olduğunu bəyan etdi və 20 Yanvar faciəsinin Mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu dilə gətirdi”.
AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov 20 Yanvar faciəsinin baş vermə səbəbləri və bunun sonrakı hadisələrə təsiri barədə danışdı. O bildirdi ki, 20 Yanvar faciəsinin birbaşa səbəbkarı olan Mixail Qorbaçova Nobel sülh mükafatı verilib: "Bu adam sülhsevər və sülhün bərqərar olunmasına çalışan biri idisə, Bakıda niyə əliyalın insanları tankla qırdırdı? 20 Yanvar faciəsi Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi planlaşdırılmış ağır cinayətdir”.
Konfransda çıxış edən digər şəxslər də 20 Yanvar faciəsinin Azərbaycanın tarixinə qanla yazıldığını və xalqımızın azadlıq mübarizəsində şərəfli bir səhifə olduğunu söylədilər.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər