• cümə, 26 Aprel, 08:31
  • Baku Bakı 12°C

Tarix elminə dəyərli töhfələr - Fotolar

25.11.16 18:49 1294
Tarix elminə dəyərli töhfələr - Fotolar
AMEA Naxçıvan Bölməsində Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Emin Şıxəliyevin "İngiltərənin geosiyasi maraqlarında "erməni məsələləri”nin yeri və Azərbaycana təsiri (1917-1920)” və həmin institutun elmi işçisi Elnur Kəlbizadənin "Naxçıvan tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı)” adlı monoqrafiyaların təqdimatı olub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən "Kaspi”yə bildirilib ki, tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq geniş ictimaiyyətə təqdim olunan monoqrafiyaların yazılmasının əhəmiyyətindən, aktuallığından və bu cür mövzuların nəşrlərinin dəyərindən söhbət açıb. Qeyd olunub ki, sözügedən hər iki nəşr Azərbaycan tarixşünaslığı üçün çox dəyərli elmi əsər olmaqla yanaşı, müəlliflərin hər iki mövzunun üzərində dəqiqiliklə işlədikləri çoxsaylı tədqiqatlarının yüksək göstəricisidir. Bu cür mövzular üzrə ciddi tədqiqatların, araşdırmaların aparılmasının, öyrənilməsinin vacibliyini vurğulayan akademik tədbir iştirakçılarının diqqətə onu da çatdırıb ki, ilk dəfə olaraq 50-yə yaxın yeni arxiv materialları "İngiltərənin geosiyasi maraqlarında "erməni məsələləri”nin yeri və Azərbaycana təsiri (1917-1920)” monoqrafiyasında işıqlandırılıb. Eyni zamanda tədqiqatın xronoloji çərçivəsinə uyğun olaraq, Naxçıvan diyarının və onun ərazi vahidlərinin xərtələri müəllifin özü tərəfindən ilk dəfə tərtib edilərək "Naxçıvan tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı)” adlı monoqrafiyada ictimaiyyətə təqdim olunur. Azərbaycan tarixinə həsr olunan hər iki monoqrafiya sanballı elmi əsər olmaqla yanaşı, ermənilərin yersiz ərazi iddiaları elmi dəlillərlə əsassızlığı göstərilir, tarixi faktlarla sübut olunur.

Mərasimdə YAP Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin "Ermənilərin soyqırımı cinayətləri Böyük Britaniyanın arxiv sənədlərində” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi monoqrafiyanın oxucular üçün qiymətli mənbə, tarix elminə dəyərli töhfə kimi böyük əhəmiyyətindən bəhs edib.

Daha sonra "Naxçıvan tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı)” monoqrafiyası haqqında AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin məruzəsi dinlənilib. "Naxçıvanın tarixi coğrafiyasının tədqiqi yolunda” mövzusunda çıxış edən məruzəçi bildirib ki, giriş, 3 fəsil, 12 yarımfəsil, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısı, xəritə və şəkillərin yer aldığı monoqrafiyada XII-XVIII əsrin I yarısında Naxçıvan diyarının tarixi coğrafiyası tədqiq edilib. Kitabda bu dövrdə Azərbaycanın Naxçıvan diyarının daşıdığı inzibati statuslar, sərhədləri, ərazisi, şəhərləri, əhalisinin etnik və dini tərkibi öyrənilib. Mövzuya uyğun yeddi dildə olan ədəbiyyatlara, arxiv materiallarına istinad olunan eyni zamanda, 19 xəritə və bir neçə fotoşəkilin də yer aldığı monoqrafiya dəyərli kitabla yanaşı gələcəkdə tədqiqatçılar üçün də əvəzоlunmaz bir materialdır.

Mərasimdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov, "Naxçıvan” Unversitetinin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev mövzu ətrafında çıxış edərək geniş ictimaiyyətə təqdim olunan hər iki monoqrafiyanın nəşrini yüksək qiymətləndirərək, kitabların elmi dəyərindən danışıblar.

Tədbirin sonunda müəlliflər, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Emin Şıxəliyev, həmin institutun elmi işçisi Elnur Kəlbizadə çıxış edərək tədbir iştirakçılarına öz dərin minnətdarlıqlarını bildiriblər.


banner

Oxşar Xəbərlər