• cümə, 26 Aprel, 15:42
  • Baku Bakı 23°C

“Tarix bizim üçün dərs olmalıdır”

12.10.18 11:08 461
“Tarix bizim üçün dərs olmalıdır”
1-5 oktyabr 2018-ci il tarixində Türkiyə Cümhuriyyətinin Ankara şəhərində 18-ci Türk Tarix Konqresi gerçəkləşdi. Türk Tarix Konqresi ilk dəfə olaraq 1932-ci ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən qurultay formasında keçirilmişdir. Elə o zamandan bəri hər 4 ildə bir dəfə olmaqla tarixçilərin bu qurultayı keçirilir, sonuncusu isə 18-ci Türk Tarix Konqresi oldu.
Dünyanın müxtəlif universitetlərinin qatıldığı Türk Tarix Konqresi 1000-ə yaxın tarixçinin bir araya gəldiyi akademik bir qurultay oldu. Mövzular Səlcuq tarixi və mədəniyyəti, Osmanlı tarixi və mədəniyyəti, Türk dünyası tarixi, Türkiyə Cümhuriyyəti tarixi, mədəniyyətlər tarixi: din və məzhəblər tarixi, Roma və Bizans tarixi və mədəniyyəti, hərb tarixi, milli-azadlıq hərəkatları tarixi, Türk – erməni münasibətləri, tarixşünaslıq, tarixi coğrafiya, şəhərlər və memarlıq, miqrasiya, türk dili və ədəbiyyatı tarixi, iqtisadiyyat, hüquq və diplomatiya, sənətkarlıq, vəqf (vakıf) tarixi, arxeologiya və s. başlıqlar altında türk və ingilis dillərində icra olundu. Türk Tarix Konqresinin gedişi prosesində Dövlət arxivləri tərəfindən təqdim olunan sənədlərdə "Ermənilər tərəfindən həyata keçirilən qətliamlar”, həmçinin 75 xəritədən ibarət "Xəritələrlə tarixə səyahət” və "Əngəlsiz tarix” sərgiləri də nümayiş etdirildi.
Türk xalqına, onun tarixinə və coğrafiyasına zaman-zaman olan böhtanlar, yalanlar belə bir qurultayın keçirilməsini zəruri etmişdir. Hələ vaxtilə ulu öndər Heydər Əliyev demişdir: "Tarix bizim üçün dərs olmalıdır”. Tariximizə, dövlətçiliyimizə qarşı həqarət, iftiralar davam etdikcə, tarixi həqiqət tarixçilərin qələmi ilə mənbələrə, faktlara söykənərək yazılmalı və dünyaya çatdırılmalıdır. Tarix bir millətin yaddaşı deyil, eyni zamanda onun inkişafı yollarını göstərəndir. Mütəfəkkirlərdən biri demişkən: "Mən yalnız Allah və tarix qarşısında məsuliyyət daşıyıram”.
Tarixin müxtəlif dövrlərində bu böhtanlar müxtəlif formalarda həyata keçirilmişdir. Gah köçəri türklər adı altında yaddaşlara aşılanır, gah ayrı-ayrı şəxsiyyətlər hədəfə alınır. Burada bir məqsəd olmuşdur – tariximizi tarixsizləşdirməyə, ondan qoparmağa, elə bir tarix təqdim etməyə yönəlmişdir ki, milləti öz tarixindən utandırsınlar. Lakin məlumdur ki, türkün tarixi çox qədimlərə – eramızdan əvvəlki minilliklərə gedib çıxır.
Hesab edirəm ki, yetişən gənc nəslə "tarix” şüurunu, "tarix” yaddaşını aşılamaq üçün bu qəbildən akademik tədbirlərin keçirilməsi vacibdir. Çünki tarixi sevdirmək, yaddaşlara köçürmək üçün yalnız kitablar kifayət etmir, həmçinin film, kino, təqdimat, müxtəlif layihələr bu işə xidmət edə bilər.
Naibə Əhmədova
Tarix üzrə fəlsəfə doktoru, dosent,
ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri
banner

Oxşar Xəbərlər