AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tar qalmaqalında erməni izi ARAŞDIRMA

Tar qalmaqalında erməni izi ARAŞDIRMA

Mədəniyyət
13 Dekabr 2012, 16:13 3151
YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında təşkilatın Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısının müzakirəsindən və Azərbaycan tar ifaçılıq sənətinin bu siyahıya daxil edilməsindən sonra qonşu İranın narazılığı eşidildi. Belə ki, İran Musiqi Evi tar musiqi alətinin YUNESCO-da Azərbaycanın musiqi irsi kimi qeydiyyatdan keçməsinə etiraz edib. Belə ki, təşkilatın mətbuat katibi Dariuş Pinyakan bildirib ki, artıq İranın YUNESCO-dakı nümayəndəsi bu məsələ ilə bağlı etirazını rəsmiləşdirib. İran tərəfinin iddiasına görə, tar İranın cənubunda yaradılıb. İran tərəfi tarın YUNESCO-da İran və Azərbaycan musiqi aləti kimi qeydiyyatdan keçirilməsini istəyir.

“Tehran Times”ın yazdığına görə, İran Musiqi Evinin direktoru Məhəmməd Sarir məsələ ilə bağlı ekspertlərdən ibarət tədqiqat qrupunun yaradılmasını təklif edib. “Bu, beynəlxalq problemdir və məsələni köklü araşdırmalar olmadan müzakirə etmək olmaz”.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi öz növbəsində İran tərəfinin etirazını cavablandırıb. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə APA-ya İran tərəfinin tarla bağlı istədiyi vaxt UNESCO-ya müraciət edə biləcəyini açıqlayıb:

“Qeyri Maddi-Mədəni İrs üzrə Konvensiyanın şərtlərindən biri də ondan ibarətdir ki, əgər hər hansı bir mədəni elementi bir ölkə təqdim edirsə, bu element həmin ölkənin adından daxil olursa, həmin element və mədəni irsin daşıyıcıları digər ölkələrdə varsa, həmin ölkələr gələcəkdə UNESCO-ya bununla bağlı müraciət edə bilərlər. Təbii ki, ilk təqdim edən ölkə Azərbaycan olduğu üçün onlar bunu Azərbaycan tərəfi ilə müzakirə etməlidirlər. Bu hər bir ölkənin öz suveren hüququdur.

Azərbaycan tərəfi Azərbaycan tar ifaçılıq sənətini UNESCO-ya təqdim etməklə, həm beynəlxalq hüququn bütün normalarına, həm də Qeyri-Maddi Mədəni İrsin Qorunmasına dair Konvensiyanın bütün şərtlərinə riayət edib. Bu şərtlər daxilində xüsusi fayl hazırlanıb UNESCO-ya təqdim olunub”. V. Eyvazzadə bildirib ki, Azərbaycan tərəfinin təqdim etdiyi fayllar, film və digər məlumatlar sırf Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınmış ərazisi daxilində göstərilən fəaliyyətlərlə bağlıdır: “Yəni burada hər hansı bir ölkəyə iddia göstərilmir. Faylın özündə də hətta qeyd olunub ki, tar sənəti - İran, Türkiyə, İraq kimi ölkələrdə var. Amma Azərbaycan tarı spesifik xüsusiyyətlərə malikdir”.

Dünyəvi alət

Məsələyə münasibət bildirən ayrı-ayrı sənət adamlarının fikirləri də nazirlik rəsmisinin fikirləri ilə üst-üstə düşür. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, tarzən Vamiq Məmmədəliyevin sözlərinə görə, Azərbaycan tarının min ildən də artıq tarixi var: «Tar cürbəcür formalarda yaranıb - diz üstə, sinə üstə çalınıb. Yavaş-yavaş təkmilləşərək indiki formasına gəlib çatıb». Tarzənin sözlərinə görə, İranın da öz tarı var: «Mən gözümü açandan İranın tar alətini görmüşəm. Onlar diz üstə, biz isə sinə üstə çalmışıq. Əgər onlar tar alətinin yalnız İranın musiqi aləti olmasına iddia edirlərsə, bunu sübut etməlidirlər. Məsələn, tarın hansı əsrdən ifasına başlanılıb, ifaçılar kimlər olub deyə sənədlər ortaya qoymalıdırlar», V.Məmmədəliyev bildirib ki, əvvəllər bizdə tar aləti muğam ifaçılığı üçün yalnız üçlüyün tərkibində çalınıb:

“Amma bu gün tarın 22 pərdəsi elə qurulub ki, dünya musiqisini bizim tarda ifa etmək olar. Qərb ölkələrinin bəstəkarlarının, o cümlədən Rusiya bəstəkarlarının əsərlərini Azərbaycan tarında ifa etmək mümkündür. Bizdə simfonik orkestr üçün tar konsertləri yazılır. Biz tardan yalnız muğam çalmaq üçün deyil, musiqinin bütün janrları üçün istifadə edərək alətin imkanlarını bütün dünyaya çatdırmışıq”.

V.Məmmədəliyevin sözlərinə görə, İranda tar alətində bu gün də yalnız muğam ifa olunur: «Biz tarı təbliğ etmişik. Ona görə ixtiyarımız var deyək ki, tar Azərbaycan alətidir. Yəni bu alət təkmilləşib və biz onu dünyaya bu formada təqdim etmişik. Tarın inkişafı Azərbaycanla bağlıdır. Çünki onu biz inkişaf etdirmişik. Biz yerimizdə oturmamışıq ki, tarda yalnız muğam çalaq, biz onu dünyəvi alətə çevirmişik».

Biz onları qabaqladıq

Sənətşünaslıq namizədi, YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırova qeyd edib ki, tarın qədim forması Azərbaycana İrandan gəlib. Belə ki, XVIII əsrin sonu XIX əsrin əvvəllərində İran tarı Azərbaycanda çalınıb. Qarabağlı tar ustası Mirzə Sadıq Əsədoğlu aləti təkmilləşdirib. Hazırkı Azərbaycan tarı tam fərqli bir alətdir: «Tar sözü bir neçə alətə şamil edilə bilər. Tarın müxtəlif formaları olub. Tar «sim» deməkdir. Onun iki və üçsimli formaları da olub. İran tarı isə beşsimli tardır. Bu gün də dəyişməyib, yenə də beşsimli tardır. Azərbaycan tarı isə «Sadıqcan» tarıdır. Sadıqcan tarı dizdən sinəyə qaldırıb, pərdələr əlavə edib. Azərbaycan tarı 11 simli, 22 pərdəlidir». S.Bağırovanın sözlərinə görə, həm İran tarının, həm də Azərbaycan tarının öz ölkələrində yeri fərqlidir. Belə ki, Azərbaycanda alətlərin şahı tar sayılır: “Bizim muğamda lad sistemimiz tara bağlıdır. İranda isə əsas alətlər tar və santurdur. Hər bir alətin musiqidə öz yeri var. Azərbaycan mədəniyyətində tar üçün çoxlu musiqilər yazılıb. «Tar» deyəndə iranlılar yalnız öz tarlarını fikirləşirlər. Biz tarı YUNESKO-nun siyahısına salmaqla onları qabaqladıq».

Ekspertin sözlərinə görə, Azərbaycan tarı siyahıya salınarkən İran tərəfi heç bir etiraz etməyib: «Bu barədə əvvəlcədən danışıqlar gedəndə onların heç bir etirazını eşitməmişdik. Hətta, iclasda «bizim də tarımız var» deyə dillənmədilər. Sonradan onların bu məsələni qabartması bir az anlaşılan deyil. Heç kəs də onların öz tarlarının YUNESKO-nun siyahısına salınmasına etiraz etmir. Biz əgər «Sadıqcan» tarından danışırıqsa, qoy onlar da İran tarından danışsınlar. Məncə ortada hansısa ziddiyyət olmamalıdır».

İran tərəfinin «Tar musiqi alətinin YUNESKO-nun siyahısına Azərbaycanın və İranın birgə aləti kimi salınmalıdır» iddiasına gəlincə, ekspert bildirib ki, bu barədə məsələni YUNESKO-nun sessiyasında Ermənistan tərəfi qaldırıb: «Ermənistanın sessiyada çıxış etməyə hüququ yoxdur. Çünki dövlətlərarası komitənin 24 üzvü var və Azərbaycan da həmin komitənin üzvüdür. Dörd ildən bir həmin üzvlər dəyişir. Bizim də artıq 2014-cü ildə üzvlüyümüzün vaxtı bitir və biz müşahidəçi qismində iştirak edəcəyik. Ermənistan isə hələ komitənin üzvü deyil. Ona görə də bu fikirləri özlərinin səsləndirməyə ixtiyarı yox idi. Onlar həmin fikirləri Latviya və Uruqvay kimi dövlətlərin dilindən səsləndirib dedilər ki, Ermənistanın da tarı var».

Ekspertin sözlərinə görə, o, hələ iki il bundan əvvəl Azərbaycan tarının YUNESKO-nun siyahısına salınması üçün təklif irəli sürüb: «Çünki mən ayrı-ayrı saytlarda «erməni tarı» fikirlərinə rast gəlirdim. Əslində isə onlarda olan alət, o cümlədən bir çox yerlərdə – Cənubi Qafqazda, Orta Asiyada çalınan tar aləti Azərbaycan tarıdır, bizim tarımızın modelidir». S.Bağırovanın sözlərinə görə, sessiyada tar alətinin «çoxmillətli nominasiya» kimi təqdim olunması ilə bağlı təkliflər də səslənib:

«Bizim YUNESKO-dakı nümayəndəmiz də bildirdi ki, biz İranla da danışmışıq, amma belə bir təklif eşitməmişik. Həmçinin başqa ölkələr tərəfindən də belə bir iddia yoxdur». Gələcəkdə belə bir iddianın olub-olmamasına gəlincə, ekspert qeyd edib ki, bütün hallarda bu iddiaya bulunan dövlətlər Azərbaycandan icazə almalıdırlar». S.Bağırova hesab edir ki, əgər musiqi alətini sadəcə «Azərbaycan tarı» kimi yox, «Sadıqcan tarı» kimi siyahıya daxil etdirsəydik, onda ayrı iddialar da meydana çıxmazdı: «Çoxmillətli» iddiası gündəmə gələrsə, Azərbaycan tərəfinin də razılığı olmalıdır. Ancaq bir artıq öz alətimizi siyahıya daxil etdirmişik. İnanmıram ki, təzədən nəyisə dəyişək».

«İran sübut etməlidir»

Milli Konservatoriyanın prorektoru, «Azərbaycan tarı» kitabının müəllifi Vaqif Əbdülqasımov hesab edir ki, bu iddianı İran tərəfi yox, elə özümüzünkülər qaldırır: «İran tarı» adlı bir ifadə yoxdur. Mən «Azərbaycan tarı» adlı kitab yazmışam. Bu kitab ingilis dilinə tərcümə edilərək YUNESKO-ya gedib çıxıb. Fars dilində İranda çap olunub. Mən kitabda tarın Azərbaycana məxsus olduğunu sübut etmişəm. Hətta, İran musiqişünasları özləri də yazırlar ki, tar İranın deyil. Onlar bildirirlər ki, tarın mənşəyini İranda yox, Azərbaycanda axtarmaq lazımdır. Bunun müqabilində isə bizimkilər səhnəyə çıxıb «İran tarı» ifadəsini işlədirlər. Bu ifadələri yığışdırmaq lazımdır».

V.Əbdülqasımovun sözlərinə görə, İranda çalınan beşsimli tarın özü də Azərbaycan - Şiraz tarıdır. «Tar bizim alətimiz ola-ola biz niyə əl-ayağa düşməliyik? Əgər kitabım İranda çap olunanda onların etirazı olsaydı, bu barədə mənə yazardılar. Tarımızın min ildən artıq tarixi var. Bu tarixi saxtalaşdırmaq olmaz». V.Əbdülqasımov bu mövzunun gündəmə gəlməsində erməni barmağı olduğuna şübhə etmir: «1984-cü ildə Moskvada Attestasiya Komissiyasında tarın Azərbaycan aləti olmasını öz dissertasiyamla sübut etmişəm. Komissiyanın elmi katibi erməni idi. O, dedi ki, tarı Orta Asiya, İran da çalır, bu, Azərbaycan aləti deyil. Mən sənədlərlə Amerika, fransız, rus və İran alimlərinin yazdıqlarını ortaya qoydum. Dedim ki, bu ölkələrin alimləri tarın Azərbaycan aləti olmasını bildirirlər. Komissiyanın sədri məni təbrik etdi. Buna görə də İran tərəfi bu iddiasını sübut etməlidir».

Məsələnin daha da qabardılıb beynəlxalq səviyyəyə qalxacağı təqdirdə təbii ki, sübut və dəlillərə, dərin araşdırmalara ehtiyac yaranacaq. Azərbaycan tarının yoxsa İran tarının daha qədim olmasının tədqiqatlarını isə zamanın ixtiyarına buraxmaq olmaz. Konkret iş və fəaliyyət lazımdır. Ən azı «Sarı gəlin»in aqibəti kimi nümunəmiz var.

Təranə Məhərrəmova