• cümə, 19 Aprel, 14:00
  • Baku Bakı 25°C

TAP layihəsi ilə bağlı irəliyə doğru mühüm addım

07.01.14 08:59 2311
TAP layihəsi ilə bağlı irəliyə doğru mühüm addım
Trans-Adriatik qaz kəməri (TAP) layihəsi konsorsiumu və Yunanıstan-Bolqarıstan birləşdirici boru kəmərinin (IGB) hazırlanması, maliyyələşdirilməsi və tikintisi ilə məşğul olan ICGB şirkəti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb
«APA-Economics»in TAP-ın yaydığı xəbərə istinadən verdiyi məlumata görə, memorandum regionda strateji infrastrukturun gələcək inkişafı üçün texniki əməkdaşlığı əhatə edir. Belə ki, anlaşma memorandumu Komotni (Yunanıstan) yaxınlığında boru kəmərlərinin mümkün birləşdirilməsinin reallaşdırılması üzərində birgə çalışacaq iki şirkət arasında əməkdaşlığın inkişafı üçün imkan yaradır. Bu, Bolqarıstanın qazpaylayıcı şəbəkəsinə və sonradan Cənub-Şərqi Avropaya qazın ixracı üçün yol açacaq.
TAP-ın kommersiya direktoru Luts Qardner bildirib ki, konsorsium bu memoranduma Xəzər qazının Bolqarıstana nəqli üçün, eləcə də onun həm bu ölkədə, həm də ümumilikdə Cənub-Şərqi Avropa regionunda etibarlılığının yüksəldilməsi imkanı kimi baxır: «TAP və ICGB arasında gələcək əməkdaşlıq hər bir layihənin texniki tələblərin araşdırılması, qabaqcıl təcrübə mübadiləsi və digər məsələləri əhatə edəcək».
Qeyd edək ki, TAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq təbii qazın Avropaya nəql edilməsini nəzərdə tutur. Boru kəmərinin uzunluğu təxminən 870 km-dir. Kəmər Yunanıstan, Albaniya və Adriatik dənizi keçərək İtaliyaya çıxışı təmin edəcək. TAP-ın səhmdarları BP ( 20%), ARDNŞ (20%), «Statoil» (20%), «Fluxys» (16%) , «Total» (10%), «E.ON» (9%) və «Axpo» (5%) şirkətləridir.
banner

Oxşar Xəbərlər