• cümə, 19 Aprel, 05:07
  • Baku Bakı 18°C

TAP-ın tamamlanmasına çox qalmayıb

27.02.20 18:25 3037
TAP-ın tamamlanmasına çox qalmayıb
Artıq layihə üzrə aparılan işlərin 92 faizi tamamlanıb

Cənub Qaz Dəhlizi Azərbaycan qazını Avropaya nəql edəcək nəhəng qaz boru kəməri layihəsidir. Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) kimi hissələrdən ibarət Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Boru xəttinin uzunluğu 3500 kilometr, ümumi dəyəri təxminən 40 milyard ABŞ dollardır. 29 may 2018-ci il tarixində Bakıda Cənub Qaz Dəhlizinin, 12 iyun tarixində Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan TANAP qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının TANAP boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb.
"Şahdəniz” yatağının tam miqyaslı işlənməsi layihəsinin bir hissəsi olan CQBK-nin genişləndirilməsi işlərinə 2013-cü ildə başlanılıb və boru kəməri 2018-ci ildə istismara verilib. TAP layihəsi isə CQBK və TANAP-ın davamı olub, "Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da digər Avropa ölkələrinə nəqlini nəzərdə tutur. TAP qaz boru kəmərinin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub.
TAP-ın ilkin ötürücülük qabiliyyətinin ildə 10 milyard kubmetr olacağı, bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub. TAP Bolqarıstanın qaza olan tələbatının təxminən 33, Yunanıstanın 20, İtaliyanın 10,5 faizini təmin edəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün də böyük imkanlar yaradır. Ümumilikdə prosesin 2020-ci ildə yekunlaşacağı əvvəldən proqnozlaşdırılsa da hələlik bu, baş verməyib.


İqtisadçı ekspert Pərviz Heydərov mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında deyib ki, TAP-ın tamamlanmasına çox qalmayıb. Onun sözlərinə görə, Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP boru kəməri layihəsi üzrə aparılan işlərin 92 faizi tamamlanıb. Ekspert qeyd edib ki, hazırda boru kəməri tikinti mərhələsindədir: "TAP-ın inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa olunur. Ötən ilin noyabrında TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə də başlanılıb ki, Yunanıstandakı Evros çayı ilə Kipoidəki kompressor stansiyası arasında boru kəmərinin ikikilometrlik hissəsinə təbii qaz qəbul edilib. Bu, boru kəmərinin istismara verilməsi prosesinin ilkin mərhələsi hesab olunur. Həmin prosesin məqsədi boru kəməri infrastrukturunun tamamilə təhlükəsizliyini və işlər başa çatdıqdan sonra istismara hazır olmasını, eləcə də, milli və beynəlxalq təhlükəsizlik, həmçinin, istismar standartlarına uyğun olmasını təmin etməkdir. Təbii qazın boru kəməri sisteminə daxil edilməsi "Şahdəniz-2” qazının Avropaya tədarükünün başlanğıcı üzrə növbəti mərhələdir ki, TAP-la ticari məqsədlə qaz nəqlinin 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir. Bu layihə üzrə kapital xərclər 4,5 milyard avro təşkil edir. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir”.


P.Heydərov bildirib ki, TAP, Cənub Qaz Dəhlizi layihəsinin dördüncü seqmenti olaraq,əslində, indiyədək hazır ola bilərdi: "Birinci seqment "Şahdəniz-2” yatağı layihəsi olmaqla, ikinci Cənubi Qafqaz Boru Kəməri, üçüncü TANAP və sonuncu TAP-dır. Mənbə rolunda "Şahdəniz-2” çıxış edirsə, "Şahdəniz-2” olmasaydı, GQBK, TANAP və TAP da ola bilməzdi. GQBK-nın təməlinin qoyulması TANAP üçün əsas yaratdısa, sonuncu da TAP-ı qaçılmaz etdi. Bütün bu işlərə ümumilikdə əvvəl 45 milyard sərf olunacağı deyilirdisə, real olaraq 40 milyard ABŞ dollarından bir az çox vəsait qoyulub. Cənub Qaz Dəhlizi çox böyük strateji infrastruktur layihədir. Onun birinci hissəsi 2018-ci ilin mayında açılmışdı. Bu hadisə Prezident İlham Əliyevin kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salması ilə baş verdi. Həmin ilin iyun ayının 12-də isə Türkiyənin Əskişəhərində iki ölkə prezidentinin iştirakı ilə TANAP-ın istifadəyə verilməsi ilə bağlı rəsmi açılış olmuşdu. TANAP üzrə ilk qaz da məhz həmin ayın sonundan ötürülməyə başlandı. Ümumiyyətlə, həmin ilin sonuna qədər sözügedən kəmər vasitəsilə birmilyard kubmetr qaz ixrac olundu. Kəmərin keçən ilin noyabrın 30-da Azərbaycanla Türkiyənin dövlət başçılarının iştirakı ilə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP - Trans-Anadolu qaz boru xəttinin Avropa ilə birləşən hissəsinin açılış mərasiminin keçirilməsi iləCənub Qaz Dəhlizi layihəsinin Türkiyədən keçən hissəsinin də tikintisi başa çatdı. Bu, layihənin ikinci və sonuncu mərhələsinin başa çatdığı demək idi. Yənikəmərin Avropa ilə birləşən hissəsi tamamlandı. Qaldıonun yalnız TAP-a birləşdirilməsi ki, bu da cari ilin sonuncu rübünün başlanğıcında həllini tapacaq”.


İqtisadçı ekspertin sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə ötürücülük qabiliyyəti iki dəfəyədək, hətta bundan da çox artmaq imkanına malikdir: "Cənub Qaz Dəhlizi sayca hələlik yeddi ölkəni - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanı birləşdirir. Və daha üçBalkan ölkəsi - Monteneqro, Bosniya və Herseqovina, Xorvatiyanın da bu sıraya qoşulacaqları qaçılmaz hesab edilir. YəniAzərbaycan qazı gələcəkdə daha çox sayda ölkəyə ixrac olunacaq. O ki qaldı gəlirlərimizə, bunun 100 milyard ABŞ dollarından çox olacağı gözlənilir”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər