TAP Azərbaycanı Avropaya nə qədər yaxınlaşdıracaq?
TAP (Trans Adriatic Pipeline)
boru xətti üzrə işlər başa çatmaq üzrədir, son tamamlama işləri
aparılır. İstifadəsi 2020-ci illin sonuna
nəzərdə tutulan bu qaz xəttinin ilkin nəql qabiliyyəti 10 milyard kubametr nəzərdə
tutulub ki, bu da Rusiyadan sonra Avropaya ixrac edilən alternativ əhəmiyyətli
qaz kəməri sayılır. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz
Boru Kəməri Türkiyə-Yunanıstan
sərhədində birbaşa TANAP-la birləşərək və Yunanıstan, Albaniya ərazilərindən,
həmçinin Adriatik dənizindən keçərək Xəzər dənizinin Azərbaycan sektorundakı
"Şahdəniz-2” yatağından hasil olunacaq qazı İtaliyanın cənubuna, oradan da
Qərbi Avropaya çatdıracaq.Bu layihənin uğurla tamamalanması əslində
Azərbaycan-Avropa ölkələri arasında siyasi münasibətlər üçün yeni mərhələ
sayıla bilər. Ümumilikdə kapital xərcləri 4.5 milyard avro dəyərində olan Trans
Adriatik Boru kəməri layihəsi TAP,
Avropa İttifaqının ən prioritet enerji layihələrindən biri oldu.
2015-ci ildə Avropa
Komissiyasının Enerji İttifaqı üzrə Vitse-Prezidenti Maros Sefcovic
Azərbaycanla Avropa İttifaqının strateji enerji tərəfdaşlığının mərkəzində
Cənub Qaz Dəhlizinin durduğunu demişdi. "Məqsədimiz 2019-2020-ci ilədək dəhliz
boyu bütün infrastruktur layihələrini işlək vəziyyətə gətirməkdir. Bu məsələ
Azərbaycanın gələcək iqtisadi inkişafı ilə bağlı olduğu kimi Avropanın enerji
təhlükəsizliyi baxımından da mühüm hesab edilir”, - deyə cənab Sefcovic
vurğulamışdı.
Azərbaycan Avropa üçün strateji
əhəmiyyətli ölkələr sırasındadır. Təbii qazın Avropaya ixracı Azərbaycana həm
iqtisadi, həm də siyasi baxımdan faydalar qazandıracaq. Covid -19-la gərgin və
ayalarla sürən mübarizədən sonra TAP boru kəmərinin istismara verilməsi və
xüsusilə qış aylarında Avropanın təbii qaza artan tələbatının ödəniləcəyi halda
bu layihə Azərbaycan üçün yeni nəfəs olacaq. Eləcə də pandemiya zamanı İtaliya
iqtisadiyyatına vurulan ziyan 2018-ci ildə İtaliya hökümət üzüvləri arasında
TAP layihəsi ilə bağlı yaranan fikir ayrılığına cavab sayıla bilər.
Hazırda TAP Türkiyə sərhədini
İtaliyanın cənubuna birləşdirən elə bir layihədir ki, Azərbaycan xəritənin bu
hissəsində enerji mərkəzinə çevrilir. TAP Avropa ölkələrini təbii qazla təmin
etməklə yanaşı, köhnə qitədə Azərbaycana sərf etdiyi şəkildə siyasi rolunu da artıracaq. Bunu 2012-ci ildə Türkiyənin o zamankı
baş naziri və indiki prezidenti Rəcəb Təyyub Ərdoğanın Azərbaycan prezidenti
İlham Əliyevlə TANAP müqaviləsinin imzalanma mərasimindən sonrakı açıqlaması da
sübut edir: ”Bu layihə, Türkiyə ilə Azərbaycan arasındakı arasındakı strateji
əlaqələri dərinləşdirməklə yanaşı, Azərbaycanla Avropa arasında Türkiyə üzərindən
orqanik bir bağ təmin edəcək”.
TANAP layihəsi Cənub Qaz
dəhlizinin əsas hissəsi kimi enerji təhlukəsizliyi məsələlərinin həlli üçün
önəmli infrasuktrutur layihəsi olmaqla yanaşı Avropa İttifaqı və Türkiyə ilə
münasibətlərin sabitliyinə də zəmin yaradır. Əlbəttə, bu layihə Türkiyə ilə
Avropa İttifaqı arasındakı bütün məsələləri həll etməyəcək, ancaq köhnə qitəyə
ötürülən qaz ən azı münasibətlərdə sabitlik amili rolunu oynayacaq. Digər
tərəfdən yeni layihə ilə Türkiyə Azərbaycanla har zaman olduğundan daha sıx
siyasi münasibətlər tarixinə keçid alırlar. Bu isə o deməkdir ki, Cənubi
Qafqazda enerji təhlükəsizliyi və sabitlik həm də Türkiyə dövlətinin
nəzarətində olacaq. Təsadüfü deyil ki, Azərbaycan və Türkiyə Respublikaları
arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən genişmiqyaslı döyüş
atışlı taktiki və taktiki-uçuş təlimləri keçirmək üçün Türkiyə hərbiçilərini və
zirehli texnikalarını Naxçıvana göndərərək Əlahiddə Ümumqoşun Ordunun hərbi
hissəsində yerləşdirdi. Boru xətlərinin təhlükəsizliyinin aktuallığı da artır.
Sərhəddəki son döyüşlər, Dağlıq
Qarabağ münaqişəsinin dünya birliyi üçün aktuallaşması və xaricdə yaşayan
həmvətənlərimizin erməni diasporasının qarşı güclü müqaviməti Azərbaycanın doğru
yolda olduğunu göstərir. Əksinə, Rusiyanın belə mühüm anda hadisələrə soyuq
münasibəti və susması Moskvanın Cənubi Qafqazda prioritetlərini bir daha
nümayiş etdirdi. Rusiya 1990-cı illərin
əvvəllərində Cənubi Qafqaz bölgəsində ermənipərəst siyasət yürüdərək
Azərbaycana təzyiq göstərməyə davam etdiyi anda Azərbaycan enerji mənbəyi kimi,
bir çox qlobal neft şirkətlərinin diqqətindən kənarda qalmadı. Çətinliklərə baxmayaraq, nəticədə 20 sentyabr
1994-cü ildə ölkəmizdə inkişafa səbəb olan
"əsrin müqaviləsi” imzalandı. Bu gün TAP enerji sahəsində əməkdaşlıqdan
əlavə regionda sabitlik və sülh tələb edən layihədir. Təhlükəsizlik məsələsi
birbaşa ön plandadır. Ancaq sülh və sabtilik həm də Azərbaycanın ərazi
bütövlüyünün təminatını diqtə edir. TAP layihəsinin tamamlanması Azərbaycanın
Avropaya siyasi baxımdan kifayət qədər yaxınlaşmasından və gələcək illərdə
təbii qaza minimum deyil maksimum tələbat yaranarsa bu əlaqələrin daha sıx və
zəmanətli olacağından xəbər verir.
Uzunluğu 878 km təşkil edən boru
kəmərinin 8 km-i İtaliya ərazisindən keçir. Almaniyadan sonra Avropanın ikinci
ən böyük qaz bazarı sayılan İtaliya, həm ölçüsü, həm də strateji çəkisi ilə
boru kəmərləri ilə təchiz edilmiş ən vacib qaz şəbəkəsinə çevriləcəkdir. TAP-ın
İtaliyaya təsiri şübhəsiz ki, müsbət olacaq. Trans-Adriatik Boru Kəməri
istifadəyə veriləndən sonra İtaliya və bütövlükdə
Avropa üçün dəyərli bir mənbəyə çevrilən vacib bir infrastrukturun şahidi ola
bilərik. Hazırda Avropa ölkələrində pandemiya ilə əlaqədar işsizlik problemi
yaşanır. İtaliya hökuməti vəziyyəti normallaşdırmağa çalışsa da turizm və
sənaye sahəsində itkiləri var, əmək bazarı da çox sarsılıb. Müqayisə üçün,
Milli Statistika İnstitutunun (İSTAT) hesabatlarına görə, may ayında 84.000 iş
yerleri, mart ayına nisbətən apreldə 274.000 iş yerleri itirildi. İqtisadi
böhran ölkə iqtisadiyyatını kifayət qədər durğunlaşdırdı.
2020-ci ilin fevral ayında İlham
Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri
ərəfasində İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab
Augusto Massari eksklyuziv müsahibəsində bildirmişdi ki, əsas məqsədimiz təkcə ikitərəfli əlaqələrin
inkişafı deyil: "Bakının Avropa ölkələri və qurumları ilə güclü və qarşılıqlı
faydalı əlaqələri qorumaq istəyini görürük, qiymətləndiririk və dəstəkləyirik”.
İtaliya Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini asanlaşdırmaq üçün
ardıcıl səy göstərir. Bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında yeni
tərəfdaşlıq sazişi əsas hədəfdir, eləcə də qoşulduğumuz digər əsas
təşkilatlarla və bunların arasında Bakı-NATO tərəfdaşlığını unutmayaq deyə
səfir vurğulamışdır.
TAP Avropa və İtaliya üçün niyə
bu qədər əhəmiyyətlidir sualına cavablardan biri odur ki, bu layihənin icrası
həm də ABŞ-ın maraqlarına cavab verir. 2018 -ci ildə Ağ Evin rəsmi saytında ABŞ
prezidenti Donald Trump İtaliya hökümətindən TAP layihəsinin başa çatdırılmaq
istəyi barədə xəbər yayımladı. İtaliyanın baş naziri Cuzeppe Kontenin
Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trumpla TAP layihəsini müzakirə olundu və cənab Trump
İtaliya baş nazirinə xitabən bunları dedi: "Bir boru olduğu təqdirdə ona rəqib
olan boru kəməri görmək istəyirəm. Elədirsə ümidvaram ki, cənab Baş nazir, siz
bu boru xəttini başa çatdıra biləcəksiniz”. 19 iyunda Florida ştatının Orlando
şəhərində prezident seçkisi kampaniyasına başlayan nitqində Donald Trump,
Avropa üçün enerji mənbələrini şaxələndirmək səylərinə toxunaraq bunları vurğulamışdı:
" Mən hərbi qüvvələr yaratdım, Rusiyaya sanksiyalar tətbiq etdim və dünya üçün
alternativ enerji mənbələrini təmin etdim ..." Şübhəsiz ki, ABŞ-ın da Avropa ölkələrinin
enerji və təhlükəsizlik siyasətində öz rolu var. Amma bu rolun nə qədər böyük
olduğunu 2020-ci ildən sonra izləməli olacağıq.
Rəsmi Vaşinqtonun mövcud siyasəti Xəzər regionunun
Avropaya meyl etməsi və yeni enerji partnyorları tapması birbaşa Rusiynın
Cənubi Qafqazda aparıcı rolunu zəiflətmək üçün yeni vasitə kimi görünə bilər.
Hasil ediləcək təbii qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan,
Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə
İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılması
layihəsini iki il əvvəl İtaliya hökumətinin ətraf mühit naziri Sergio Costa
mənasız görürdü. Ancaq hazırda İtaliya
borunun davamını və ya layihənin növbəti statusunu göstərəcək açar ölkələrdən
biridir. Beləliklə, Avropa ölkələrində boru xəttinə olan azsaylı etirazların
hamısı keçmişdə qaldı.
Fidan
Əzimova,
"Atlas”
Araşdırmalar Mərkəzinin eksperti