• şənbə, 20 Aprel, 17:52
  • Baku Bakı 23°C

TAP-a kimlər əngəl törədir?

04.06.15 11:56 1179
TAP-a kimlər əngəl törədir?
“Bu ilin mart ayında biz Türkiyədə TANAP layihəsinə start verdik. Artıq Cənub Qaz Dəhlizi reallıqdır, icra edilir. TANAP layihəsinin 3 ildən sonra icra ediləcəyinə əminəm. Beləliklə, "Şahdəniz" qazı Türkiyə və Gürcüstana ixrac ediləcək. TAP layihəsinin icrasında da problem yaşanacağına inanmıram”.
Bu fikirləri bir neçə gün öncə Bakıda keçirilən 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisinin açılış mərasimində Prezident İlham Əliyev bildirib. TAP layihəsi ilə bağlı heç kimin əlavə güzəştlər əldə etməyə çalışmasına ehtiyac olmadığını deyən ölkə başçısı buradan hər kəsin mənfəət götürdüyünü xatırladıb. Prezident onu da diqqətə çatdırıb ki, qarşıda heç bir süni əngəl olmamalıdır, yalnız bu halda Azərbaycan qazının Avropaya nəqlinə başlanıla bilər.
Prezidentin bu ifadələri təsadüfən səsləndirmədiyi məlum məsələdir. Bəs süni əngəlləri yaradanlar kimlərdir, məqsəd nədir? Bu haqda fikirlərini bizimlə bölüşən ekspertlərin fikrincə, Qərb dövlətləri TAP layihəsi ilə bağlı konkret mövqe qoymurlar. Əgər onlar Azərbaycan qazı ilə enerji təhlükəsizliklərini təmin etmək istəyirlərsə, bu layihəyə seyrçi qalmamalıdırlar.
İqtisadçı ekspert Vüqar Bayramov qəzetimizə açıqlamasında dedi ki, Cənub Qaz Dəhlizinin reallaşması və Xəzəryanı ölkələrin qazının Avropa bazarına çıxarılması birbaşa Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olur: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verməyə çalışır. Amma bizim apardığımız monitorinqlər, tədqiqatlar göstərir ki, bu təşəbbüsə yenə də ikili münasibət var. Çox təəssüf ki, bir sıra beynəlxalq təşkilatlarda, dövlətlərdə ölkəmizə qarşı aparılan ikili münasibət özünü təkcə siyasətdə, idman oyunlarında deyil, ixrac məsələlərində də göstərir. Bütün problemlər bunun nəticəsində yaranır. Azərbaycan 2013-cü ilin dekabrında dünyanın ən böyük enerji və investisiya layihəsi olan “Şahdəniz-2” qaz yatağının işlənməsi ilə bağlı anlaşmanı imzaladı. Bu anlaşmanın dəyəri 45 milyard dollardır. Onun imzalanması nəinki Azərbaycan, anlaşma çərçivəsində iştirak edən ölkələr - Gürcüstan, Türkiyə və s. ölkələrə də imkan verəcək ki, öz iqtisadiyyatlarına ciddi şəkildə investisiya qoyuluşu həyata keçirə bilsinlər. Daha sonra isə Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi baş tutdu. Bütün bunlar Azərbaycan tərəfindən Avropa bazarına çıxışla bağlı bir mesaj idi. Bu layihə Avropa bazarına birinci mərhələdə illik 10 milyard, sonra isə 20 milyard kubmetr mavi qazın nəqlinə imkan verəcək. TAP layihəsinin ötürmə qabiliyyəti 60 milyard kubmetrədək olacaq. Amma göründüyü kimi, müəyyən maneələr var. Vəsaitin, yəni investisiyanın qoyuluşunda konsensusa, Qərb ölkələrinin iştirakına ciddi şəkildə ehtiyac var”.
V.Bayramov qeyd etdi ki, bu layihədə iştirak edən bütün tərəflər udur: “Süni maneələrin yaradılması hər kəsin uduzması deməkdir. Çox təəssüf ki, maliyyələşmə ilə bağlı məsələlərdə Qərbin seyrçi mövqe tutması, alternativ mənbələr və alternativ kəmərlərlə bağlı danışıqların aparılması ondan xəbər verir ki, süni maneələr şirkətlər tərəfindən deyil, Qərb ölkələri tərəfindən yaradılır. Əngəllər imkan vermir ki, işləri sürətləndirmək mümkün olsun. Azərbaycan öz mavi qazını dünya bazarına çıxarmaqda maraqlıdır. Bu prosesdə mavi qazın hasilatında, kəmərlərin inşa edilməsində, mavi qazın Avropa bazarına çıxarılmasında və s. məsələlərdə investisiya dəstəyinə ehtiyac var. Amma bu, hələlik hiss olunmur. Cənub Qaz Dəhlizinin reallaşması, təməlqoyma mərasimi və s. bu kimi istiqamətdə Azərbaycanın qərar qəbul etməsi asan olmadı. Ölkəmiz kifayət qədər balanslı xarici siyasət yürütməklə Cənub Qaz Dəhlizinin reallaşdırılmasını həyata keçirdi, müqavilələr imzalandı. Təbii ki, Qərb və istehlakçı ölkələr bunu qiymətləndirməlidirlər. Düşünmürəm ki, bəzi təzyiq vasitələri, süni maneələrlə Azərbaycan qazının xarici bazara çıxışına problem yaranacaq. Çünki Azərbaycan öz mavi qazını Avropa bazarına çıxarmasa belə, ölkəmiz üçün kifayət qədər ənənəvi bazarlar var. Türkiyə bazarı, Rusiya bazarı buna misaldır. “Qazprom” Azərbaycan qazını almaq üçün ümumi bazar qiymətlərinə uyğun qiymət təklif edir. Yəni Azərbaycan öz qazını qonşu ölkələrin bazarına çıxarmaqla enerji ixracatını genişləndirmək, şaxələndirmək imkanlarına malikdir. Amma biz açıqlamışıq ki, mavi qazı Avropa bazarına çıxarmaqda da maraqlıyıq. Təəssüf ki, Azərbaycanın kifayət qədər səmimi təşəbbüsünə və ölkə Prezidentinin bu istiqamətdə siyasi iradəsinə Qərbin münasibəti, mövqeyi arzuolunan deyil”.
İqtisadçı onu da bildirdi ki, Qərbin ikili yanaşması bütün digər sahələr kimi, enerji məsələlərinə də mənfi təsir edir: “Azərbaycan qazına ehtiyacı olanlar həm də Avropa İttifaqı ölkələridir. Hesab edirəm ki, onlar bu işlərdə səmimi mövqe nümayiş etdirməklə Azərbaycanın bu istiqamətdəki təşəbbüsünü dəstəkləməlidirlər”.
Politoloq Elçin Mirzəbəyli də Qərbin Azərbaycana ciddi şəkildə dəstək vermədiyini düşünür: “Azərbaycanın gerçəkləşdirdiyi layihəyə bir neçə istiqamətdən süni əngəllər yaradılır. Bu kimi maneələri həyata keçirmək istəyən güclərin isə maraqlarının olduğu şübhəsizdir. Təbii ki, hər şeydən öndə geosiyasi maraqlar durur. Heç kimə sirr deyil ki, Azərbaycanla təbii qaz sektorunda rəqabətdə olan ölkələr var ki, onlar bu layihənin həyata keçməsində maraqlı deyillər. O siyahıda region dövlətləri də var. Digər məqam isə iqtisadi maraqlardır. Bəzi güclər bu layihədən daha çox gəlir götürmək üçün ölkəmizə qarşı bu və ya digər formada təzyiqlər göstərmək istəyirlər. Şübhəsiz ki, belə təzyiqlər heç də yalnız enerji sektoru ilə bağlı deyil. Müxtəlif qondarma adlar, qondarma iddialar altında ölkəmizə qarşı təhdid və təzyiqlər həyata keçirilir. Məqsədlər fərqlidir. Burada korporativ maraqlar da var. Ayrı-ayrı şirkətlərin üzə çıxan maraqlarını nəzərdə tuturam. Şirkətlərlə yanaşı, ayrı-ayrı dövlətlərin də iqtisadi maraqlarının olduğu məlum məsələdir. Düşünürəm ki, Azərbaycan dövləti bu illər ərzində enerji sektorunda kifayət qədər geniş təcrübə toplayıb. Mövcud təzyiqlərin, maneələrin qarşısının alınması üçün şübhəsiz ki, profilaktik, önləyici tədbirlər nəzərə alınıb”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər