• cümə axşamı, 28 mart, 19:41
  • Baku Bakı 13°C

Tanrıya təşəkkür

25.04.16 10:03 3788
Tanrıya təşəkkür
Hə, yenə o gün... Bir müddətdən bir təkrarlanan o gün... Yenə səssizlik, yenə qaranlıq. Ətrafda yalnız 2-3 evin işığı yanır. Kim bilir, onlar niyə yatmır? Bəlkə dərd-sərləri var? Bəlkə də xoşbəxtlikdən sönmür işıqları. Baxıram qaranlıq evlərə, deyirəm "nə yaxşı yatıblar". Amma sonra da düşünürəm ki, bəlkə o qaranlıq evlərin də birində bir nəfər yata bilmir - səbəbli, ya da səbəbsiz - fərq etməz, gözünə yuxu getmir. Mənim kimi...
Bəlkə o qaranlıqların içərisində də ağlamaqdan gözləri yanan bir nəfər pəncərənin qarşısında dayanıb ətrafı seyr edir, hər yerə baxır, hər şeyi düşünür, Tanrıya dua edir. Mənim kimi... Deyə bildiyi və deyə bilmədiyi hər şeyi Allahla bölüşür. Günahsız, səhvsiz insan yoxdur. Buna görə də günahlarının bağışlanmasını istəyir. Fərqində belə olmadığımız o qədər saysız günahlarımız var ki... Qınamayın o insanı, dəli deməyin. Deməyin ki, nə dərdin var ki... Qınamayın ki, gör, necə günahları var ki, yata bilmir. Yox... O insanın danışacağı kimsə yoxdur ətrafında və öz içindəkiləri yalnız gecələr Allaha danışır, ondan kömək istəyir, ona sığınır. Mənim kimi... Və bilirəm. Bilirəm ki, o da yalnız bununla rahatlıq tapır, bundan sonra üzü gülür. Çünki yalnız Allah insanları qınamır, O, insanların sözünü kəsmədən onlara qulaq asır və əminəm, hər şeydən çox əminəm ki, O, insanları eşidir və Ona sığınan hər kəsin dualarını qəbul edir... Ətrafa baxdıqca vaxtın necə keçdiyini hiss etmirsən. Düşünüləcək o qədər şey var ki... Görəsən, ətrafımda gördüyüm bu evlərdəki yatmayan insanlar nə düşünür?
Əslində düşündüklərim məni təkcə gecələr narahat etmir, sadəcə, gecələr daha da şiddətlənir. Hər gün metroda gedəndə düşünürəm. Qarşımdakı, yanımdakı insanları görüb beynimdə o qədər suallar yaranır ki – “görəsən, bu insan nə düşünür”, “görəsən, onun nə dərdi var”, - deyə. Hər kəsin üzündə bir aqressivlik olduğu bəllidir. Fikir verirəm, çox az insan deyib-gülür, şənlənir. Onların da əksəriyyəti yaşca daha kiçik olan uşaqlardır. Sanki böyüdükcə problemlərimiz də bizimlə böyüyür. Ya da yanılıram, sadəcə, düşüncələrimiz dəyişir. Gecələr də bundan fərqli nələrsə düşünmürəm əslində. Yox, hər gecə yox, yalnız O gecələr... Elə günlər olur ki, düşünmək istəyirsən, düşünə bilmirsən. Səndən asılı olmadan. Sadəcə, yatmaq istəyirsən, elə bilirsən ki, səhər açılanda daha bu cür olmayacaqsan, hər şeyə fərqli, pozitiv yanaşacaqsan. Amma yox. Bax O gecə gəlib çatdığında, gözlərinə yuxu getmir. Pəncərədən baxıb yenə düşünürsən. Bilirsiz nə? Bax elə bu gecə, saat 02:20-dir, pəncərədən ətrafımdakı binalara, evlərə baxıb düşünürəm. Öz-özümə deyirəm, “bax, mən indi yatmıram, yata bilmirəm - yetərli səbəblərim olmasa da... Bəs görəsən, başqa insanlar nə edir? Deyirəm, Aytən, bax indi kiminsə evində toydur, kiminsə evində yas... Kiminsə ən unudulmaz, xoş günüdür, amma kimsə ən əziz insanını itirib bəlkə də bu gün... Biri sevdiyinə qovuşub, digəri isə ən doğma insanından kilometrlərlə uzaqda onu düşünür... Yağışlı bir gecədə birinin “evdə oturub, yağışın ləzzətini gəzməklə, əylənməklə, islanmaqla çıxara bilmədiyi” üçün şikayət etdiyi halda, digəri bəlkə də başını yağışdan gizlədə biləcək bir sığınacaq axtarışındadır?!”
Biri ailəsindən bezər, şikayət edər, ancaq düşünməz ki, nə qədər insanın ailəyə, isti yuvaya ehtiyacı var... Neçə körpə, ata-ana sevgisindən məhrum insanlar indi yatağında göz yaşları axıdır. Düşündükcə sıxılıram, nəfəs ala bilmirəm sanki. Və öz-özümə deyirəm: “Çox şanslı insanam mən, şükürlər olsun, Tanrım. Mənə bəxş etdiyin, yaşatdığın, nəsib etdiyin hər şey üçün, bütün sahib olduqlarım üçün şükürlər olsun”.
Aytən Mahal,
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi

banner

Oxşar Xəbərlər