Masallı turizm mərkəzinə çevrilir - Fotolar
Unikal təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora-faunası və əsrarəngiz
təbiəti Masallını təkcə regionda deyil, həmçinin ölkəmizdə turizm məkanı kimi
tanıdıb. Təbiət gözəlliklərini bu yerlərə səxavətlə bəxş edib. Xəzər dənizi,
Talış sıra dağları, Viləş çayının, bumbuz bulaqların, kiçik göllərin yaratdığı
fərqli mənzərələr bu məkana ayaq basan insanları sözün həqiqi mənasında heyran
edir.Son vaxtlar müasir tələblərə cavab verən istirahət mərkəzlərinin və
turizm obyektlərinin tikintisi, yol infrastrukturunun yenilənməsi, həyata
keçirilən abadlıq işləri turistlərin bu bölgəyə axınına səbəb olur. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları
çərçivəsində bütün bölgələrdə olduğu kimi Masallıda da mühüm infrastruktur
layihələri reallaşdırılıb. Genişmiqyaslı abadlıq və quruculuq işləri turizmin
inkişafına öz müsbət təsirini göstərir.
Hazırda turizm Masallı rayonunun əsas inkişaf
istiqamətlərindəndir."Region”
layihəsi ilə bağlı Masallıya səfər
edərkən, turizmin inkişafı istiqamətində həyata keçirilən işlər və gələcək
planlarla tanışlıq, rayonun yaxın illərdə turizmin mərkəzlərindən birinə
çevriləcəyinə əminlik yaratdı.
Zəngin folklor ənənəsi
Masallının müasir siması göz oxşayır. Asfalt
çəkilmiş və işıqlandırılmış yollar, fasadı yenilənmiş binalar, yol kənarlarına
döşənmiş səkilər, yeni tikililər rayonda
quruculuq işlərinin uğurla davam etməsindən xəbər verir.
2012-ci ildə rayonun "Azərbaycanın folklor paytaxtı” elan edilməsi,
daha sonra ardıcıl olaraq Beynəlxalq Folklor Festivallarının keçirilməsi Masallının
adını ölkədən xaricdə də xeyli tanıdıb. Festivallarda Azərbaycanın folklor
kollektivləri ilə bərabər Türkiyə, Rusiya, İran, Gürcüstan, Ukrayna, Qazaxıstan, Latviya və digər
ölkələrin folklor kollektivləri də iştirak ediblər. Ölkəmizin milli
mədəniyyətinin təbliğində və tanınmasında bu festivalların mühüm əhəmiyyəti olub. Masallı Regional Mədəniyyət
və Turizm idarəsi əlamətdar günlərin qeyd
edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlayır. Rayonda
Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzi və Gənclər Mərkəzi fəaliyyət göstərir. Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin siyasi və
təşkilati irsinin öyrədilməsi ilə yanaşı, gənclərin dünyagörüşünün
genişləndirilməsində, bilik və bacarığının artırılmasında mühüm əhəmiyyət kəsb
edən xalçaçılıq, heykəltəraşlıq emalatxanaları, həmçinin kinostudiya, müxtəlif
xalq sənətkarlığı və poliqrafiya dərnəkləri fəaliyyət göstərir.
Bundan əlavə,
mərkəzdə internet kafe, 3D formatlı kinozal, intellektual oyunlar otağı,
elektron kitabxana, 250 yerlik tamaşa-konfrans zalı gənclərin və şagirdlərin istifadəsinə
verilib. Hazırda mərkəzdə müxtəlif kurslar, o cümlədən milli rəqs
dərnəkləri, xarici dil və rəssamlıq
kursları fəaliyyət göstərir. "Rayonda 5 folklor qrupu var ki, onlar ictimai
əsaslarla fəaliyyət göstərirlər. Rayonda ənənəvi sənətkarlıq məktəbləri var.
Həsirçilik, sandıqçılıq, dulusçuluq kimi sənətkarlıq növləri hələ də qorunub
saxlanır”- deyə idarənin rəhbəri Lətifə
Mövsümova bildirir: "Masallının, turistlərin
marağına səbəb olan görməli yerləri sırasında tarixi məkanlar xüsusi yer tutur.
Rayonun qədim tarixinə, adət-ənənəsinə, mədəniyyətinə ekskurs etmək istəyənlər,
tarixi yerlərə, ucqar kəndlərə səyahət edirlər”. Rayonun ərazisində 168 qədim
abidə mövcuddur ki, bunlardan 51-i tarix və memarlıq, 70-i arxeoloji abidədir.
Rayon ərazisində yerləşən, nadir quş və balıq növləri ilə məşhur olan Qızılağac
qoruğu da diqqətçəkən məkanlardandır.
Tarixə
səyahət
Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edənlər Masallının tarixi
və müasir həyatı ilə bağlı bilgilər əldə edirlər. Müasir binada yerləşən
muzeyin yaranma tarixi də maraqlıdır. Belə ki, muzey 1963-cü ildə Hişkədərə
kənd sakini Rəhim Tağıyevin təşəbbüsü və rəhbərliyi ilə Hişkədərə kənd orta
məktəbində yaradılıb. 15 il ictimai əsaslarla, heç bir dövlət vəsaiti sərf
edilmədən fəaliyyət göstərən muzey, eksponatlarını xeyli zənginləşdirib.
1975-ci ildə toplanılan eksponatlar üçün muzey binası inşa edilib və 1978-ci
ildən Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. Ölkəmizdə muzey
işinin yüksək səviyyədə təşkil olunması, bu sahədə daha modern layihələrin
tətbiq edilməsi, əhali, xüsusilə də gənclər arasında tariximizə marağın
artırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, muzeyin
fəaliyyəti də yenidən təşkil olunub. Muzeyin təyinatına uyğun yeni binada
yerləşdirilməsi zərurəti yaranıb.
2014-cü ildə tikintisinə başlanan muzey iki
il əvvəl qapılarını ziyarətçilərin üzünə açıb. Hazırda muzeyin fondu və
kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltəraşlıq, tətbiqi incəsənət,
arxeologiya, numizmatika, etnoqrafiya, fotoşəkillər, sənədlər bölməsindən
ibarətdir. Muzeyin əsas fondunda müxtəlif dövrləri əhatə edən 8000 eksponat var
ki, onlardan 2000-i ekspozisiyada sərgilənib. Nümayiş etdirilən eksponatlar
bölgənin təbiətini, qədim dövrünü ( daş silahlar, qablar, müxtəlif gil qablar),
etnoqrafiyasını (əmək alətləri, toxuculuq məişət əşyaları, geyim və bəzək
əşyaları), antik və müasir dövrə aid sikkə və əskinaslarını əks etdirir.
Muzeydə əmək və müharibə qəhrəmanlarına, Masallı şəhidlərinə aid materialları
özündə əks etdirən guşələr var. Muzeyin
direktoru Əntiqə Tağıyeva bildirir ki, maddi-mədəniyyət nümunələri əsasən
rayonun kəndlərindən təsadüfən əldə edilib: "Muzeydə eksponatlar qədim dövrdən
tutmuş müasir dövrə qədər illəri əhatə edir. Bölgədə ilk dəfə olaraq muzeydə
təbiət və eksponatlar həm də monitorlar vasitəsilə nümayiş etdirilir”.
Muzeydə müstəqillik tariximizə
də xüsusi yer verilib. Müstəqilliyimizin banisi olan ulu öndər Heydər Əliyevin
və prezident İlham Əliyevin həyat və fəaliyyətini, rayona səfərlərini əks
etdirən fotolardan ibarət guşələr yaradılıb. Muzeydə rəsm otağı, sərgi zalı,
fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da
yaradılıb. Muzey haqqında bizim təəssüratlarımızın da yer aldığı ürək sözləri 17
rəy kitabında cəmlənib.
Rayonda 300 şagirdin təhsil aldığı İncəsənət Məktəbi tikilərək istifadəyə verilib. Məktəbin direktor
müavini Sevanə Rəhimova şagirdlərin əsasən fortepiano, tar, qarmon, balaban
siniflərində təhsil aldıqlarını qeyd etdi: "Məktəbin binası müasir tələblərə
cavab verdiyindən uşaqlar həvəslə gəlirlər. Onlar müxtəlif alətlər üzrə musiqin
sirlərini öyrənir, rayonu müsabiqələrdə, konsertlərdə, festivallarda təmsil
edirlər”. Bayraq Muzeyi də turistlər
üçün görməli məkanlardandır. Muzeydə
Azərbaycanın dövlət rəmzlərini əks etdirən eksponatlar nümayiş olunur.
Yaşıllıqda istirahət
Masallı rayonunda fəaliyyət göstərən 33 turizm obyekti
ötən il 27550 nəfər turist qəbul edib ki,
onlardan 1892 nəfəri xarici vətəndaş olub. 33 turizm obyektində gün
ərzində 1300-ə yaxın turistin istirahəti üçün hər bir şərait yaradılıb. Rayon
İcra Hakimiyyətindən bildirdilər ki, şəhərin baş planında
Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası (piknik
əraziləri) kimi nəzərdə tutulub. Həmin ərazidə təmizlik, yaşıllıqların
salınması və ağacların əkilməsi işlərinə start verilib. Artıq 20 hektara yaxın
ərazidə meşə zolağı salınıb. Eyni zamanda, park-bulvar kompleksinin yaradılması
ilə bağlı müvafiq layihə təşkilatına layihələndirmə tapşırığı verilib və
ərazidə parkın salınması ilə bağlı hazırlıq işlərinə başlanılıb. Bu dövr
ərzində 30 hektar ərazidə istirahət mərkəzləri tikilərək istifadəyə verilib, 3
ərazidə isə tikinti işləri aparılır. Turizm
obyektlərinin sayının artırılmasına, xidmət səviyyəsinin yüksəldilməsinə
ehtiyac var: "Turizm sahəsində mövcud problemlərdən biri də obyektlərə nəzarət
sisteminin və təsir vasitələrinin zəif olmasıdır. Bu sahəyə nəzarət sisteminin
gücləndirilməsi, turizm infrastrukturunun yaxşılaşdırılması gələcəkdə
rayonumuzun turizm potensialının inkişaf etdirməklə, iqtisadi cəhətdən daha
böyük gəlirlərin əldə edilməsinə şərait yaradacaqdır”.
Min bir dərdin dərmanı – İstisu
İstisuyu Tanrının bu bölgəyə bəxşişi hesab
edirlər. Rayonda turizmin inkişafını təmin etmək məqsədi ilə Masallıda
müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur. Məsələ ilə bağlı
əlaqədar təşkilatlara müraciətlər ünvanlanıb və ilkin razılıq əldə olunub.
Hazırda məsləhətləşmələr və araşdırmalar aparılır. Layihənin icrasının nəinki
Masallıda, bütün regionda turizmin inkişafına təkan verəcəyinə əminlik var. "Sovet
dövründən üzü bəri "İstisu” istirahət mərkəzi turistlərin daha çox üz tutduğu
şəfa ocağıdır. Yerin dərinliklərindən çıxan isti sudan yel, oynaq, əzələ, əsəb
sistemi, dəri, mədə-bağırsaq, qadın xəstəliklərinin və s. müalicəsində istifadə
edilir. Təəssüf ki, yeraltı nemətdən lazımınca istifadə olunmur. Müalicəvi
turizm şəhərciyinin salınması bölgəni böyük turizm məkanına çevirəcək. Bu
istiqamətdə sahibkarların da fəallığı əhəmiyyətlidir”.
Rayonda müxtəlif turizm növlərini
inkişaf etdirmək üçün münasib şərait var. O cümlədən, ekoturizm, mədəni turizm,
kənd turizmi və s. turizm növləri üçün geniş potensial mövcuddur. Turizmin
inkişafı isə təkcə Masallı üçün deyil, ümumilikdə Cənub bölgəsi üçün yeni sima
və rifahdan xəbər verir.
Təranə Məhərrəmova
Rufik İsmayılov
Masallı