AZE | RUS | ENG |

Masallı turizm mərkəzinə çevrilir - Fotolar

Masallı turizm mərkəzinə çevrilir - Fotolar
İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə çevirəcək

Unikal təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora-faunası və əsrarəngiz təbiəti Masallını təkcə regionda deyil, həmçinin ölkəmizdə turizm məkanı kimi tanıdıb. Təbiət gözəlliklərini bu yerlərə səxavətlə bəxş edib. Xəzər dənizi, Talış sıra dağları, Viləş çayının, bumbuz bulaqların, kiçik göllərin yaratdığı fərqli mənzərələr bu məkana ayaq basan insanları sözün həqiqi mənasında heyran edir. Son vaxtlar müasir tələblərə cavab verən istirahət mərkəzlərinin və turizm obyektlərinin tikintisi, yol infrastrukturunun yenilənməsi, həyata keçirilən abadlıq işləri turistlərin bu bölgəyə axınına səbəb olur. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları çərçivəsində bütün bölgələrdə olduğu kimi Masallıda da mühüm infrastruktur layihələri reallaşdırılıb. Genişmiqyaslı abadlıq və quruculuq işləri turizmin inkişafına öz müsbət təsirini göstərir. 
 
 
 
Hazırda turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir. "Region” layihəsi ilə bağlı Masallıya səfər edərkən, turizmin inkişafı istiqamətində həyata keçirilən işlər və gələcək planlarla tanışlıq, rayonun yaxın illərdə turizmin mərkəzlərindən birinə çevriləcəyinə əminlik yaratdı. 
 
 
 
Zəngin folklor ənənəsi 
 
Masallının müasir siması göz oxşayır. Asfalt çəkilmiş və işıqlandırılmış yollar, fasadı yenilənmiş binalar, yol kənarlarına döşənmiş səkilər, yeni tikililər rayonda  quruculuq işlərinin uğurla davam etməsindən xəbər verir.
 
 

2012-ci ildə rayonun "Azərbaycanın folklor paytaxtı” elan edilməsi, daha sonra ardıcıl olaraq Beynəlxalq Folklor Festivallarının keçirilməsi Masallının adını ölkədən xaricdə də xeyli tanıdıb. Festivallarda Azərbaycanın folklor kollektivləri ilə bərabər Türkiyə, Rusiya, İran, Gürcüstan,  Ukrayna, Qazaxıstan, Latviya və digər ölkələrin folklor kollektivləri də iştirak ediblər. Ölkəmizin milli mədəniyyətinin təbliğində və tanınmasında bu festivalların  mühüm əhəmiyyəti olub. Masallı Regional Mədəniyyət və Turizm idarəsi əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlayır. Rayonda Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzi və Gənclər Mərkəzi fəaliyyət göstərir. Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin siyasi və təşkilati irsinin öyrədilməsi ilə yanaşı, gənclərin dünyagörüşünün genişləndirilməsində, bilik və bacarığının artırılmasında mühüm əhəmiyyət kəsb edən xalçaçılıq, heykəltəraşlıq emalatxanaları, həmçinin kinostudiya, müxtəlif xalq sənətkarlığı və poliqrafiya dərnəkləri fəaliyyət göstərir.
 
 
 
Bundan əlavə, mərkəzdə internet kafe, 3D formatlı kinozal, intellektual oyunlar otağı, elektron kitabxana, 250 yerlik tamaşa-konfrans zalı  gənclərin və şagirdlərin istifadəsinə verilib. Hazırda mərkəzdə müxtəlif kurslar, o cümlədən milli rəqs dərnəkləri,  xarici dil və rəssamlıq kursları fəaliyyət göstərir. "Rayonda 5 folklor qrupu var ki, onlar ictimai əsaslarla fəaliyyət göstərirlər. Rayonda ənənəvi sənətkarlıq məktəbləri var. Həsirçilik, sandıqçılıq, dulusçuluq kimi sənətkarlıq növləri hələ də qorunub saxlanır”- deyə idarənin rəhbəri Lətifə Mövsümova  bildirir: "Masallının, turistlərin marağına səbəb olan görməli yerləri sırasında tarixi məkanlar xüsusi yer tutur. Rayonun qədim tarixinə, adət-ənənəsinə, mədəniyyətinə ekskurs etmək istəyənlər, tarixi yerlərə, ucqar kəndlərə səyahət edirlər”. Rayonun ərazisində 168 qədim abidə mövcuddur ki, bunlardan 51-i tarix və memarlıq, 70-i arxeoloji abidədir. Rayon ərazisində yerləşən, nadir quş və balıq növləri ilə məşhur olan Qızılağac qoruğu da diqqətçəkən məkanlardandır. 
 
 
 
Tarixə səyahət

Rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edənlər Masallının tarixi və müasir həyatı ilə bağlı bilgilər əldə edirlər. Müasir binada yerləşən muzeyin yaranma tarixi də maraqlıdır. Belə ki, muzey 1963-cü ildə Hişkədərə kənd sakini Rəhim Tağıyevin təşəbbüsü və rəhbərliyi ilə Hişkədərə kənd orta məktəbində yaradılıb. 15 il ictimai əsaslarla, heç bir dövlət vəsaiti sərf edilmədən fəaliyyət göstərən muzey, eksponatlarını xeyli zənginləşdirib. 1975-ci ildə toplanılan eksponatlar üçün muzey binası inşa edilib və 1978-ci ildən Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb. Ölkəmizdə muzey işinin yüksək səviyyədə təşkil olunması, bu sahədə daha modern layihələrin tətbiq edilməsi, əhali, xüsusilə də gənclər arasında tariximizə marağın artırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, muzeyin fəaliyyəti də yenidən təşkil olunub. Muzeyin təyinatına uyğun yeni binada yerləşdirilməsi zərurəti yaranıb.
 
 
 
2014-cü ildə tikintisinə başlanan muzey iki il əvvəl qapılarını ziyarətçilərin üzünə açıb. Hazırda muzeyin fondu və kolleksiyaları nəqqaşlıq, qrafika, heykəltəraşlıq, tətbiqi incəsənət, arxeologiya, numizmatika, etnoqrafiya, fotoşəkillər, sənədlər bölməsindən ibarətdir. Muzeyin əsas fondunda müxtəlif dövrləri əhatə edən 8000 eksponat var ki, onlardan 2000-i ekspozisiyada sərgilənib. Nümayiş etdirilən eksponatlar bölgənin təbiətini, qədim dövrünü ( daş silahlar, qablar, müxtəlif gil qablar), etnoqrafiyasını (əmək alətləri, toxuculuq məişət əşyaları, geyim və bəzək əşyaları), antik və müasir dövrə aid sikkə və əskinaslarını əks etdirir. Muzeydə əmək və müharibə qəhrəmanlarına, Masallı şəhidlərinə aid materialları özündə əks etdirən guşələr var. Muzeyin direktoru Əntiqə Tağıyeva bildirir ki, maddi-mədəniyyət nümunələri əsasən rayonun kəndlərindən təsadüfən əldə edilib: "Muzeydə eksponatlar qədim dövrdən tutmuş müasir dövrə qədər illəri əhatə edir. Bölgədə ilk dəfə olaraq muzeydə təbiət və eksponatlar həm də monitorlar vasitəsilə nümayiş etdirilir”. 
 
 

Muzeydə  müstəqillik tariximizə də xüsusi yer verilib. Müstəqilliyimizin banisi olan ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin həyat və fəaliyyətini, rayona səfərlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Muzeydə rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da yaradılıb. Muzey haqqında bizim təəssüratlarımızın da yer aldığı ürək sözləri 17 rəy kitabında cəmlənib.
 
 

Rayonda 300 şagirdin təhsil aldığı İncəsənət Məktəbi tikilərək istifadəyə verilib. Məktəbin direktor müavini Sevanə Rəhimova şagirdlərin əsasən fortepiano, tar, qarmon, balaban siniflərində təhsil aldıqlarını qeyd etdi: "Məktəbin binası müasir tələblərə cavab verdiyindən uşaqlar həvəslə gəlirlər. Onlar müxtəlif alətlər üzrə musiqin sirlərini öyrənir, rayonu müsabiqələrdə, konsertlərdə, festivallarda təmsil edirlər”. Bayraq Muzeyi də turistlər üçün görməli məkanlardandır. Muzeydə Azərbaycanın dövlət rəmzlərini əks etdirən eksponatlar nümayiş olunur. 
 
 
 
Yaşıllıqda istirahət 

Masallı rayonunda fəaliyyət göstərən 33 turizm obyekti ötən il 27550 nəfər turist qəbul edib ki,  onlardan 1892 nəfəri xarici vətəndaş olub. 33 turizm obyektində gün ərzində 1300-ə yaxın turistin istirahəti üçün hər bir şərait yaradılıb. Rayon İcra Hakimiyyətindən bildirdilər ki, şəhərin baş planında Viləş çayının şəhər ərazisindən keçən hissəsi rekreasiya zonası (piknik əraziləri) kimi nəzərdə tutulub. Həmin ərazidə təmizlik, yaşıllıqların salınması və ağacların əkilməsi işlərinə start verilib. Artıq 20 hektara yaxın ərazidə meşə zolağı salınıb. Eyni zamanda, park-bulvar kompleksinin yaradılması ilə bağlı müvafiq layihə təşkilatına layihələndirmə tapşırığı verilib və ərazidə parkın salınması ilə bağlı hazırlıq işlərinə başlanılıb. Bu dövr ərzində 30 hektar ərazidə istirahət mərkəzləri tikilərək istifadəyə verilib, 3 ərazidə isə tikinti işləri aparılır. Turizm obyektlərinin sayının artırılmasına, xidmət səviyyəsinin yüksəldilməsinə ehtiyac var: "Turizm sahəsində mövcud problemlərdən biri də obyektlərə nəzarət sisteminin və təsir vasitələrinin zəif olmasıdır. Bu sahəyə nəzarət sisteminin gücləndirilməsi, turizm infrastrukturunun yaxşılaşdırılması gələcəkdə rayonumuzun turizm potensialının inkişaf etdirməklə, iqtisadi cəhətdən daha böyük gəlirlərin əldə edilməsinə şərait yaradacaqdır”.
 
 
 
Min bir dərdin dərmanı – İstisu
 
İstisuyu Tanrının bu bölgəyə bəxşişi hesab edirlər. Rayonda turizmin inkişafını təmin etmək məqsədi ilə Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur. Məsələ ilə bağlı əlaqədar təşkilatlara müraciətlər ünvanlanıb və ilkin razılıq əldə olunub. Hazırda məsləhətləşmələr və araşdırmalar aparılır. Layihənin icrasının nəinki Masallıda, bütün regionda turizmin inkişafına təkan verəcəyinə əminlik var. "Sovet dövründən üzü bəri "İstisu” istirahət mərkəzi turistlərin daha çox üz tutduğu şəfa ocağıdır. Yerin dərinliklərindən çıxan isti sudan yel, oynaq, əzələ, əsəb sistemi, dəri, mədə-bağırsaq, qadın xəstəliklərinin və s. müalicəsində istifadə edilir. Təəssüf ki, yeraltı nemətdən lazımınca istifadə olunmur. Müalicəvi turizm şəhərciyinin salınması bölgəni böyük turizm məkanına çevirəcək. Bu istiqamətdə sahibkarların da fəallığı əhəmiyyətlidir”.
 
 

Rayonda müxtəlif turizm növlərini inkişaf etdirmək üçün münasib şərait var. O cümlədən, ekoturizm, mədəni turizm, kənd turizmi və s. turizm növləri üçün geniş potensial mövcuddur. Turizmin inkişafı isə təkcə Masallı üçün deyil, ümumilikdə Cənub bölgəsi üçün yeni sima və rifahdan xəbər verir. 
 
Təranə Məhərrəmova
Rufik İsmayılov
Masallı
 























 
    


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.3578
KWD 1 Küveyt dinarı 5.6134
SEK 1 İsveç kronu 0.1913
EUR 1 Avro 1.9658
CHF 1 İsveçrə frankı 1.7038
USD 1 ABŞ dolları 1.7000