Tanınmış KİV nümayəndələri BSU-da imtahanların gedişini izləyib
Yanvarın 15-də Bakı Slavyan Universitetində
(BSU) qış imtahan sessiyası ilə bağlı ölkənin tanınmış KİV nümayəndələrinin
iştirakı ilə mediatur keçirilib. Tədbirə "Azərbaycan”,"Yeni Azərbaycan”, "Azərbaycan
müəllimi”, "İki sahil”, "525-ci qəzet”,”Həftə içi”,"Səs”, "Kaspi” qəzetlərinin,
AZƏRTAC Dövlət İnformasiya Agentliyi, Trend İnformasiya Agentliyi, Faktinfo.az
saytı, Moderator.az, Eduaz.az, Tehsilpress.az saytlarının nümayəndələri
qatılıblar. Qonaqları əvvəlcə BSU-nun
rektoru, professor Nurlana Əliyeva qəbul edib və onlara imtahan sessiyası ərəfəsində
universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verib. N.Əliyeva
BSU-da 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının uğurla davam
etdiyini bildirib. Rektor qeyd edib ki, təhsil nazirinin imtahan sessiyasının təşkili
və keçirilməsi barədə imzaladığı əmrinə əsasən, imtahanlar mövcud qaydalara
uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və
obyektivlik təmin olunur.
N.Əliyeva
vurğulayıb ki, BSU-da 357 fənn üzrə imtahan təşkil olunub. Hazırda
universitetin əsas və ikinci tədris binasında ümumi 44 auditoriyada imtahan
keçirildiyini diqqətə çatdıran N.Əliyeva
məlumat verib ki, bu imtahanlardan 33-ü əsas binada, 11-i ikinci tədris
binasında aparılır. Rektor imtahan sessiyası ərəfəsində hər bir kursun tələbələri
ilə ayrı-ayrılıqda görüş keçirdiyini, onlara öz tövsiyələrini verdiyini,
imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini bildirib. O,
imtahanlara hazırlıq üçün universitetdə hər cür lazımi şəraitin yaradıldığını,
məsləhət saatlarının keçirildiyini qeyd edib.
Rektor BSU-da keçirilən
imtahanların yazılı şəkildə aparılmasının tələbələrin orfoqrafik normalara
düzgün əməl etməsində mühüm rol oynadığını diqqətə çatdırıb. N.Əliyeva deyib:
"Prezident İlham Əliyev 1 noyabr 2018-ci il tarixində "Azərbaycan dilinin
saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Dövlət başçısının fərmanına əsasən,
BSU-da yazılı şəkildə aparılan imtahanlarda tələbələrin Azərbaycan dilinin orfoqrafik
normalarına düzgün əməl etməsinə xüsusi diqqət göstərilir. Ana dilinin
qaydalarına düzgün əməl olunmaması tələbənin imtahan balına təsir edir”.
O, imtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın
artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının "Modul 3” bölməsində bütün kurslar üzrə
imtahanların nəticələrinin dərhal elan olunduğunu deyib. Rektor adıçəkilən saytda yaradılmış onlayn əlaqə
bölməsindən təkcə tələbələrin deyil, valideynlərin də istifadə edərək onları
maraqlandıran hər bir sualla bağlı dolğun cavab ala biləcəklərini, imtahan qərargahı
ilə birbaşa əlaqə yarada biləcəklərini söyləyib. N.Əliyeva universitetdə
imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin
biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması,
daxil olan şikayətlərin qısa zamanda araşdırılıb, müvafiq qərarların qəbul
edilməsi üçün Operativ qərargah və Münaqişə komissiyası yaradılıb. Bu günə qədər
keçirilən imtahanlardan 40-a yaxın tələbənin Münaqişə komissiyasında müraciətinə
baxılıb, 23 nəfər tələbənin mövcud qaydalar uyğun şəkildə balları qaldırılıb. O
qeyd edib ki, qış imtahan sessiyasında BSU-da tələbələr üçün hər il olduğu kimi
bu il də imtahan qərargahı ilə canlı bağlantı imkanı yaradılır.
Sonra qonaqlar Operativ qərargahın
işi ilə tanış olublar. Qərargahın rəhbəri, professor Habil Məmmədov KİV nümayəndələrinə
qərargahın iş prinsipi, tətbiq olunan yeniliklər, şikayətlərin qəbul edilməsi,
cavablandırılması və s. barədə ətraflı məlumat verib. Qərargah rəhbəri tələbələrin
şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını,
buraxılmış səhvlərin bir-bir izah edildiyini, bir sözlə, ədalətə, obyektivliyə
tam zəmanət verildiyini vurğulayır. Habil Məmmədov qərargahın iş rejimi barədə
də məlumat verib. O, bildirib ki, qərargah imtahandan öncə, yəni saat 08:30-da
işə başlayır. Rektorun 26 dekabr 2018-ci il tarixli 146 saylı əmrinə əsasən
yaradılmış qərargah 13 nəfərdən ibarətdir. Qərargah rəhbərinin sözlərinə görə,
imtahandan əvvəl qərargah üzvləri tərəfindən auditoriyalara baxış keçirilir,
çatışmazlıqlar dərhal aradan qaldırılır. O, imtahanlarla bağlı şikayətlərə əvvəlcə
dekanlıq nəzdində fəaliyyət göstərən Münaqişə komissiyalarında, məsələ burada həllini
tapmadığı təqdirdə isə universitetin Münaqişə komissiyasında baxıldığını
bildirir. H. Məmmədov qeyd edir ki, yanvarın 3-dən etibarən başlayan
imtahanlardan qərargaha hələ müraciət daxil olmayıb. Hər gün saat 10:00-dan
13:00-a qədər tələbələrin şikayətləri qərargahda qəbul edilir. Saat 14:00-dan
etibarən şikayətlərə baxılır. Şikayətlərin araşdırılmasında valideynlər də
iştirak edir.
Sonra qonaqlar
3-cü, 4-cü, 5-ci mərtəbələrdə yerləşən auditoriyalarda imtahanların gedişini
izləyiblər. Onlar burada kameraların, ağıllı lövhələrin də iş prinsipləri ilə
tanış olublar. Jurnalistlər imtahanların gedişinə mane olmamaq şərti ilə
imtahan aparan müəllim və nəzarətçilərdən müsahibə alıblar.
Görüşün sonunda
jurnalistlərin imtahan sessiyası ilə bağlı təəssüratları dinlənilib.
Trend İnformasiya Agentliyinin
baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev BSU-da keçirilən
imtahanlarla bağlı müsbət fikirlər səsləndirib, tələbələr üçün yaradılan şəraiti
yüksək qiymətləndirib.
"Tehsilpress.az”
saytının baş redaktoru Əkbər Hüseynzadə BSU-da keçirilən tədbirlərin ölkəmizin
humanitar əlaqələrinin genişlənməsində mühüm əhəmiyyət daşıdığını dilə gətirib.
BSU-da keçirilən imtahanlarda biliyin yeganə meyar olmasının gənclər üçün əhəmiyyətindən
danışan Ə.Hüseynzadə rektor, professor Nurlana Əliyevaya yüksək səviyyədə təşkilatçılığa
görə minnətdarlıq edib.