“Tanınmaq üçün oxumuram” - Fotolar
Festival tamaşaçılara bayram ab-havası bəxş edir.
Bu bayramda hər kəs sevinir - iştirakçılar da, tamaşaçılar da. Ötən ay Musiqili
Teatrın istedadlı aktrisası, solistimiz Eleonora Mustafayeva da böyük bayram
coşqusunu həm yaşayıb, həm də yaşadıb. Belə ki, aktrisa oktyabrın 11-dən 15-dək
Qazaxıstanın Karaqanda şəhərində XX beynəlxalq "Muzıkalğnaə Sarıarka” musiqi
festivalında iştirak edib. Müxtəlif üslub və janrlarda musiqilərin
səsləndirildiyi, bir neçə gün davam edən silsilə konsert proqramında
Qazaxıstanla yanaşı, Türkiyə, Rusiya, Qırğızıstan, Özbəkistan, Tatarıstan və
Azərbaycan da yer alıb. E.Mustafayeva ölkəmizi təmsil edərək təntənəli bağlanış
mərasimində Qırğızıstan Respublikasının Xalq artisti Baktıbek Ibıkeev və
Rusiyanın Xalq artisti Aleksandr Tsiqankovla bərabər konsertə yekun vurub.Aktrisa səfərdən döndükdən sonra qonağımız oldu və
səfər təəssüratlarını bizimlə bölüşdü.
- İstərdik ki, səfərlə
bağlı təəssüratlarınızı bizimlə bölüşəsiniz.
- Çox sevincliyəm və Azərbaycanı beynəlxalq
festivalda təmsil etdiyim üçün məmnunam. Bilirsiniz ki, mayda Türkiyəyə qastrol
səfərinə getmişdim. Orada "Birinci Beynəlxalq
Gaziantep Opera və Balet Festivalı”nda Azərbaycanı
təmsil edirdim. Festivalın təşkilatçıları ilə orada tanış olmuşdum və onlar məni
növbəti festivala dəvət etdilər. Musiqili Teatrın rəhbərliyinə, Əliqismət
Lalayevə məktub göndərdilər. Əliqismət müəllim də o festivalda iştirak etməyim
üçün razılığını verdi. Bunun üçün rəhbərliyimizə minnətdarlığımı bildirirəm.
Festivalda iştirak edən başqa xalqların
nümayəndələri ilə dostlaşdıq, səmimi müzakirələr apardıq. Sanki onları çoxdan
tanıyırdım. Onlar bizim solistləri də tanıyırlar və vasitəmlə onlara öz salamlarını
göndərdilər. Konsert öncəsi çox həyəcanlanırdım. Festivalda ilk çıxışımda Gülçöhrənin
"Aşiq oldum” ariyasını oxuyacağımı zənn edirdim. Ancaq gördüm ki, ifaçılar
Gülçöhrənin başqa ariyasını ifa edirlər.
-Bəs nə etdiniz?
- Onlara heç nə hiss etdirmədim. Onların ifa
etdikləri "Hicran dərdi” ariyasını səsləndirdim. Birinci "Azərbaycan” əsərindən
başladım və gördüm ki, bunu çox gözəl qarşılayırlar, bu onların ürəyincə idi.
- Orada sizi
kimlər müşayiət edirdi və nə səsləndirdiniz?
- Qırğızıstanın Əməkdar incəsənət xadimi Duysen
Ukibayın dirijorluğu ilə Tattimbeta
adınaQazaxıstanınDövlətXalq Çalğı AlətləriOrkestrinin
müşayiəti altında "Arşın mal alan” operettasından(Ü.Hacıbəyov)
Gülçöhrənin ariyasını, "Ne poy, krasavitsa pri mne” (S.Raxmaninov), "Bolero”
(Kyaro), "Gianni Schicchi” (C.Puççini) operasından Laurettanın ariyasını ifa
etdim.
- Festivaldan sonra
sizə hansı fikirləri bildirdilər?
- Festivalda iştirak etdiyimizə görə sertifikat və mükafat
təqdim edərək öz təşəkkürlərini bildirdilər. Bundan sonra da işbirliyimizin olacağını
qeyd etdilər. Mən oradan böyük ruh yüksəkliyi ilə ayrıldım. Dünyanın müxtəlif
ölkələrindən və türkdilli dövlətlərdən də ora iştirakçılar gəlmişdi. Biz
onlarla söhbət edir, bir sənət yoldaşı kimi müzakirələr aparırdıq.
- Ümumiyyətlə,
beynəlxalq festivallar ifaçıya nə qazandırır?
- Festival sənətçiyə birinci növbədə təcrübə, sonra
da dost qazandırır. Özünü çox xoşbəxt hiss edirsən. Sənətçi üçün öz sənətini göstərməkdən
gözəl nə ola bilər? Sənin ifan eşidilir və qiymətləndirilir. İncəsənət adamına bir
xoş söz deyirlərsə, bu onun üçün ən gözəl dəyərdir.
- Bilirik ki,
Musiqili Teatrda tam işçi olaraq, Opera və Balet Teatrında isə müqavilə ilə işləyirsiniz.
Hər iki teatr arasında tempi tutmaq sizə çətin deyil ki?
- Analıq məzuniyyətindən döndükdən sonra Musiqili
Teatrda çalışıram. Bir neçə aydır ki, teatra geri dönmüşəm. Əvvəllər də Musiqili
Teatrda işləmişəm. Qeyd edim ki, Musiqili Teatr mənə çox uğur gətirib. Bu teatrın
ayağı mənim üçün düşərli olub. Bu teatrda yarımı tapdım. Opera və Balet
Teatrının ayrı, Musiqili Teatrın isə tamam ayrı dəst-xətti, yolu var. Musiqili
Teatra dönüşüm düşərli oldu, festivallara dəvət aldım. Musiqili Teatrda Faiq
Sücəddinov və Tamara Vəliyevanın "Mən dəyərəm min cavana” tamaşasındaGülnaz,
Rauf Hacıyevin "Talelər qovuşanda” komediyasında isəNərgiz
rolunda çıxış edirəm. Yeni bir obraz üzərində çalışıram.
- Bu gün opera
sənətində baş verən yeniliklər birmənalı qarşılanmır. Sizin dünya opera
sənətindəki proseslərə münasibətiniz necədir?
- Ümumi dünya opera sənətindəki yeni nəfəsdən söhbət
gedirsə, mən bu tendensiyanı qəbul edirəm. Bu gün opera sənəti öz inkişaf
dövrünü yaşayır. Mən bu yeniliyin əleyhinə deyiləm. Hər bir köhnə əsəri yeni şəkildə
təqdim etməyin tərəfdarıyam. Opera sənətinə yeni gələn gənc nəsil klassik
əsərlərə yeni ruh, yeni nəfəs verir. Burda pis nə var? Opera bu gün də dinlənilir,
sevilir. Görün bizim neçə opera ifaçılarımız dünyanı fəth edib. Bu gün opera sənətinə
böyük maraq var.
- Bəzən Opera və
Balet Teatrında "Leyli və Məcnun”, "Şah İsmayıl” kimi klassik əsərlərə davamlı
olaraq müraciət edilməsini qınayırlar.
- Opera və Balet Teatrında yeni tamaşaların səhnələşdirilməsi
böyük maliyyə tələb edir. Güman edirəm ki, yeni tamaşalar da olacaq. Opera və
Balet Teatrı təmir olunduqdan sonra da yeni tamaşalar hazırlanacaq.
- Sizi bir ifaçı
olaraq yaxşı tanıyırıq. Efirə yaraşan və əsil Azərbaycan xanımını xatırladan
simaya maliksiniz. İstərdik, sizi yeni film və seriallarda da görək.
- Yaxşı bir obraz olsa, niyə də olmasın. Subay
olarkən Abbasqulu ağa Bakıxanov haqqında bədii-sənədli filmdə balaca bir rol canlandırmışdım.
Həmin obraza hazırlaşmamışdım da. Ancaq o kiçik obraz mənə çox uğur gətirmişdi.
Həmin film nümayiş olunduqdan sonra çoxlu film təklifləri aldım.
- Nə üçün qəbul
etmədiniz?
- Ailə həyatı qurdum və seçimimi etdim.
- Həyat yoldaşınız
sizin aktrisalıq fəaliyyətinizə icazə vermədi, yoxsa bu sizin öz istəyiniz idi?
- Həyat yoldaşım da incəsənət adamıdır. O, dünyanın
müxtəlif ölkələrini gəzir, geniş dünyagörüşünə sahibdir. Tamaşalarda quruluşçu
və kostyum rəssamı olaraq çalışır. O mənim bütün dostlarımı və sənət
yoldaşlarımı tanıyır. Biz bir-birimizi çox yaxşı başa düşürük. Yoldaşım mənim
səhnə fəaliyyətimə heç zaman mane olmayıb. Əksinə, hər zaman deyir ki, sən oxumalısan,
səhnəyə çıxmalısan. Ancaq mən ailəmi yerbəyer etməmiş, səhnəyə çıxmaq
istəmirdim. Kiçik övladımın 5 yaşı tamam olduqdan sonra səhnəyə geri döndüm. Mənim
üçün ailə hər şeydən önəmlidir. İnsan dünyaya bir dəfə gəlibsə, o, həyatda istədiyi
kimi yaşamalıdır. Bu mənim seçimimdir. Mən tanınmaq üçün oxumuram. Ona görə oxuyuram
ki, oxumağı və incəsənəti sevirəm. Özümü sənətdə sevmirəm, sənəti özümdə sevirəm.
Mən özümü rahat hiss etdikdən sonra səhnəyə çıxdım. Əvvəllər elə hiss etdirdim ki,
həyatımda nəsə çatmır.
- Həyatınızda çatışmayan
o hissə nə idi?
- Mənim ikinci hissəm, yoldaşlarım, ailəm. Tam səmimi
deyə bilərəm ki, öz yarımı tapdım. Adi misal çəkim, festivala dəvət alanda, özümdən
o qədər də əmin deyildim. Ancaq yoldaşım və qayınanam məni həvəsləndirirdilər ki,
sən getməli, oxumalı, səhnəyə çıxmalısan, Azərbaycanı təmsil etməlisən. Mən festivala
gedəndə düşünürdüm ki, ailə qayğılarım necə olacaq? Ancaq ailəm mənə dəstək oldu.
Doğulduğum ailədə belə görmüşəm və öz ailəmdə də belə davranıram. Güclü olmağa
çalışıram və mənim gücüm ailəmdir. Hara gedirəmsə, bilirəm ki, məni evdə ailəm gözləyir.
Allah hər kəsə belə ailə qismət etsin.
- Müsahibələrinizin
birində demisiniz ki, həyat yoldaşınız ən birinci sizin səsinizə vurulub.
- Elədir, mən Musiqili Teatrda çalışanda yoldaşım
teatrda Oqtay Mirqasımovun çəkdiyi bir filmdə quruluşçu rəssam olaraq çalışırdı.
Filmin bir kadrı kulisin arxasında çəkilirdi. Kulisdən səsimi eşitmişdi,
özlüyündə demişdi ki, bu səsdə nəsə var. Üzümü görmədən səsimi eşitmişdi və
səsimə vurulmuşdu. Deyir ki, üzünü çevirəndə gözümü səndən çəkə bilmədim. Qayınanam
da məni Musiqili Teatrda "Milyonçunun dilənçi oğlu” tamaşasında görmüşdü. Onun da
məndən xoşu gəlmişdi.
- Qaynınız Tural
Mustafayev rejissordur, qayınananız - tanınmış sənətkarımız Almaz Mustafayeva aktrisadır,
həyat yoldaşınız isə tanınmış rəssamdır. Belə bir ailədə yaşamaq necə bir hissdir?
- Biz böyük bir orkestrik (gülürük). Ailəmiz çox möhkəm
təməllər üzərində qurulub. Bizim üçün ailə dəyərlərimiz hər şeydən önəmlidir. Bundan
gözəl nə var? Adi bir səfərə gedəndə, ailə üzvlərimizin hamısı gəlir, ürək sözlərini
deyir, təkliflərini bildirir və böyük ruh yüksəkliyi ilə yola salırlar. Geri dönəndə
bunu böyük ruh yüksəkliyi ilə qeyd edirik. İndi səfərdədir, onun yolunu
gözləyirik. Tural sanki mənim doğma qardaşımdır. Çox sevinirəm ki, mənim belə
yaxınlarım, doğmalarım var. Bu həyatda ailəm, o cümlədən bacım Luiza hər zaman
mənə dəstək olub.
Xəyalə Rəis