• cümə, 19 Aprel, 18:51
  • Baku Bakı 24°C

Tanıdığımız və tanımadığımız Elçin

26.05.16 12:16 1632
Tanıdığımız və tanımadığımız Elçin
Xalq yazıçısı Elçinin ad günü may ayına təsadüf edir. Bu münasibətlə Elçini yaxından tanıyanlardan biri, uzun müddət onunla bir yerdə işləmiş filologiya elmləri doktoru, tanınmış tədqiqatçı-publisist Abid Tahirli ilə müsahibəni təqdim edirik.
-Abid müəllim, Elçin haqqınızda yazdığı bir məqalədə tanışlığınızın az qala 30 il əvvələ təsadüf etdiyini göstərir. Mümkünsə, ilk tanışlığın tarixi haqqında bir qədər ətraflı danışardınız.
- 1987- ci ilin son günlərində, lap dəqiq desəm, dekabr ayının 28-də Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən” Cəmiyyəti təsis edildi. Elçin müəllim Cəmiyyətin Rəyasət Heyətinin sədri seçildi. O zaman mən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlər üçün nəşr etdiyi "Vətənin səsi” qəzetində çalışırdım. ”Vətən” Cəmiyyəti fəaliyyətə başladıqdan sonra həmin qəzet "Odlar yurdu” adı ilə onun orqanı kimi nəşrini davam etdirdi və qəzetin əməkdaşları, o cümlədən mən də "Vətən” Cəmiyyətində işə başladıq. Hələ "Odlar yurdu” qəzetinin ilk nömrəsinin buraxılmasına hazırlıq zamanı Elçin müəllim qəzetin baş redaktoru Ramiz Əsgərlə məni qəzetin məsələləri ilə bağlı görüşə dəvət etdi. Sözün düzü, görüş çox gərgin keçdi. İndiki kimi yadımda, gözümün qarşısındadır. Elçin müəllim bizi mehriban, gülərüzlə qarşıladı, hal-əhval tutdu, sonra gözləmədiyimiz halda söhbətə sərt şəkildə davam etdi: "Mən Yazıçılar Birliyində işləyəndə ara-sıra sizin qəzet əlimə keçirdi. Hər dəfə də o qəzeti əlimə alanda, onu vərəqləyəndə əsəbləşirdim. Təsəvvür etmək çətin deyil ki, o bərbad qəzeti oxuyanda Vətən həsrəti ilə alışıb –yanan o yazıq həmvətənlər hansı hissləri keçirir?! Hansı səhifəni açırsan çoban, sağıcı, pambıqçı, sosializm yarışı, partiya qurultayı, öhdəçilik, kolxoz, sovxoz... başqa heç nə yoxdur. Əmək qəhrəmanlarından yazmaq olar və lazımdır. Lakin qədərində, həm elə yazmaq ki, onun Vətən eşqi, Vətən məhəbbəti, ülvi hiss və duyğuları təsirli olsun, oxucuda unudulmaz təəssürat yaratsın. Məqalənin hər sətrini oxuduqca həmvətənin qəlbi Vətən üçün titrəməli, Vətən sevgisi ilə dolmalı, Vətən üçün çırpınmalıdır. Həmvətən məqaləni oxuduqca Vətənlə qürur duymalı, onunla, soydaşları ilə fəxr etməlidir, ucadan, ağızdolusu deməyi bacarmalıdır ki, "Azərbaycan mənim Vətənimdir”. Elçin müəllim danışdıqca hiss olunurdu ki, onun qəzetin fəaliyyəti və bizimlə bağlı çox ciddi fikirləri var. O, qəzetin ünvanına bir qədər də kəskin iradlarını bildirdikdən sonra niyyətini açıq bildirdi: "Siz inciməyin, "Vətən” cəmiyyətinə belə qəzet lazım deyil. Mən sizi birinci dəfə görürəm, sizinlə heç bir qərəzim yoxdur. Sizin əvəzinizə kimisə bura gətirmək arzum da yoxdur. Lakin bu şəkildə yolumuzu davam etdirə bilmərik. Mən "Vətən” Cəmiyyətinin orqanını tamamilə başqa cür təsəvvür edir, o cür də görmək istəyirəm. "Odlar yurdu” qəzeti tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin, milli-mənəvi, dini dəyərlərimizin, adət-ənənələrimizin, dilimizin güzgüsü olmalıdır. Zaman bunu tələb edir. İndi yenidənqurma bizə tarixi şans yaratmışdır ki, özümüzü dünyaya təqdim edək. Siz Azərbaycan Xalq Cümhuriyyəti tarixini yazın, liderlərini, onların milli dövlət quruculuğu ilə bağlı fəaliyyətlərini, arzu və istəklərini təbliğ edin, ilk müstəqil dövlətimizin atributlarından, Xalq Cümhuriyyətinin süqutu səbəblərindən bəhs edin. Qəzetdə dilimizlə, tariximizlə, ədəbiyyatımızla bağlı ayrıca guşələr açın. Azərbaycan generallarını, sərkərdələrini xalqa tanıdın. Bəli, doğrudur, onların böyük qismi çar generalı idi. Amma dost da, düşmən də bilsin ki, xalqımız böyük sərkərdələr yaratmağa qadirdir. Qəzetdə elm, sənət, mədəniyyət xadimlərindən oçerklər dərc edin. Bunları bacarsanız, bir yerdə işləyəcəyik, yoxsa, açığını deyirəm, yollarımız ayrılacaq.
Sonra Elçin bizə müraciətlə soruşdu:
-Bəlkə sizin sözünüz, sualınız, təklifiniz var?
Elçinin iradlarının tamamilə haqlı olduğunu qeyd edib qəzetin fəaliyyətində əsaslı dəyişikliklər edilməsinə çalışacağımızı, etimadı doğruldacağımızı bildirdik. Beləliklə, görüş başa çatdı. Bir neçə gündən sonra - 1988-ci il yanvarın əvvəllərində "Odlar yurdu” qəzetinin ilk nömrəsi işıq üzü gördü. Elə birinci nömrədən də təqdir olundu və uğur qazandı və biz bir yerdə işləməli olduq. Bax, Elçin müəllimlə tanışlığımızın tarixi belə olmuşdu.
- "Vətən” Cəmiyyətinin fəaliyyət istiqamətləri hansılar idi və onların nəticələri barədə nə deyə bilərsiniz?
- "Vətən " Cəmiyyətinin fəaliyyət istiqamətləri çoxşaxəli, irimiqyaslı, nəticələri isə faydalı və məhsuldar olmuşdur. Onlardan bir qismini tezis şəklində xatırlamağa çalışacağam:
- "Vətən” Cəmiyyəti tarixdə ilk dəfə xaricdə yaşayan həmvətənlərlə, onları birləşdirən mədəniyyət mərkəzləri ilə sıx əlaqə yaratmağa, əməkdaşlıq etməyə nail oldu;
-Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında, azadlıq mücadiləsində misilsiz xidmətlər göstərmiş, lakin sovet rejimi və kommunist ideologiyasının düşməni kimi böhtan və iftiralarla gözdən salınan, unudulmasına çalışılan şəxsiyyətlərin, o cümlədən Əli bəy Hüseynzadənin, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Ceyhun bəy Hacıbəylinin, Şəfi bəy Rüstəmbəylinin, Nəsib bəy Yusifbəylinin, Mirzə Bala Məmmədzadənin, Xəlil Xasməmmədovun, Xudadat bəy Rəfibəylinin, Nağı Şeyxzamanlının həyat və fəaliyyətinin, irsinin gerçək mənzərəsi ilk dəfə Azərbaycan xalqına təqdim olundu. Şərqin, islam dünyasının ilk dünyəvi, demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında geniş ictimai rəy formalaşdırıldı;
- "Vətən” Cəmiyyəti 20 Yanvar faciəsi haqqında rus qoşunlarının Bakıda vəhşilkilər törətdiyi vaxtdan başlayaraq bütün çətinliklərə, komendant saatına, fövqaladə vəziyyət rejiminə baxmayaraq, teleks, telefon, videokasetlər və qəzet vasitəsi ilə həqiqəti bütün dünyaya yaydı;
-"Vətən” Cəmiyyəti çirkin "erməni məsələsi”nin əsl mahiyyətinin açılması və bədnam qonşularımızın Dağlıq Qarabağdakı separatizminin acı, ağır fəsadları, erməni vandalizmi barədə, ümumiyyətlə, Cənubi Qafqazda gedən proseslərlə bağlı həqiqətlərin həmvətənlərə, dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirdi;
-”Vətən” Cəmiyyətinin fəaliyyəti ilə uzun müddətdən- 1946-cı ildən sonra ilk dəfə Cənubi Azərbaycan mövzusu yenidən gündəmə gəldi, aktuallaşdı;
-”Vətən” Cəmiyyəti yeni əlifbanın üstünlüklərinin təbliği ilə kifayətlənmədi, ölkəmizdə ilk dəfə latın əlifbası ilə qəzet buraxdı.
-Siz əslində dediklərinizlə bir görkəmli ictimai xadim obrazı yaratmış oldunuz. Bəs Elçin müəllimin yaradıcılığı barədə qənaətləriniz necədir?
-Elçinin bədii irsi, tərcümələri, ədəbi tənqid və onun problemləri haqqında məqalələri ilə bağlı çox yazılmış, əsərlərinin ideya-məzmunu, sənətkarlıq məsələləri, dili, üslubu, süjet və kompozisiyası barədə sanballı tədqiqatlar aparılmış, dissertasiyalar qələmə alınmış, əsərləri bir çox dillərə tərcümə olunmuş, xarici ölkələrdə nəşr edilmiş, pyesləri respublikanın, Türkiyənin, İngiltərənin nüfuzlu teatrlarında oynanılmış, ssenariləri əsasında filmlər çəkilmişdir. Elçin ilk yaradıcılığından ədəbi mühitin, ədəbi tənqidin, ən əsası isə oxucu auditoriyasının daim diqqət mərkəzindədir. «Bədii dərk duyğusu güclü və cəlbedici» (Məmməd Cəfər), «sinəsində şəfqətli sənətkar ürəyi gəzdirən» (Əziz Mirəhmədov) Elçin «rəmzdən, bədii-fəlsəfi şərtilikdən, kəskin məcazdan cəsarətlə istifadə edir, psixoloji əhvali-ruhiyyəni detalda əyaniləşdirən mizanlar və cizgilər axtarır, onlara görümlü, baxımlı, obrazlara çevirən epitetlər tapır» (Yaşar Qarayev ), odur ki, «əsərlərində ən xırda, gözəgörünməz obraz belə az və ya çox dərəcədə, öz dünya tutumunda filosofdur» (Aydın Məmmədov). Bütün bunlar və onlarca bu cür qənaətlər 1959-cu ildə «O inanırdı» adlı hekayəsi ilə ədəbiyyata qədəm qoyan, sonralar çox sayda hekayənin, «Toyuğun diri qalması», «Dolça», «Poçt şöbəsində xəyal», «Bir görüşün tarixçəsi» və sair kimi povestlərin, «Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü» adlı romanların, son dövr ədəbi, mədəni həyatında əks-səda doğuran bir sıra pyeslərin müəllifi Elçinin - «Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən birinin» (Kamal Talıbzadə) özünəməxsus, təkrarsız yaradıcılığına layiqli, qədirli münasibətin təzahürüdür. Əlbəttə, Elçin yaradıcılığı haqqında söz demək məsuliyyət tələb edir. Mən yazıçının əsərləri barədə 10-a yaxın məqalə yazmış və mətbuatda dərc etdirmişəm. Həmin məqalələrin birində yazdığım kimi, «Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü» adlı romanları, «Bir görüşün tarixçəsi», «Toyuğun diri qalması», «Dolça» və s. kimi povestləri, «Dəlixanadan dəli qaçıb, yaxud mənim sevimli dəlim», «Mənim ərim dəlidir» və s. kimi pyesləri, onlarla hekayəsi, çoxlu kinossenariləri, sanballı elmi monoqrafiyaları, uğurlu tərcümələri ilə ədəbi mühitdə özünəməxsus yer tutan Elçinin təbirincə desək, bədii yaradıcılıqla, tədqiqatlarla məşğul olarkən ən əsas qayəsi, məqsədi, amalı ideologiyaya yox, ədəbiyyata, sənətə xidmət etmək olmuşdur. Elə buna görədir ki, onun əsərlərini azərbaycanlılarla bərabər rus, ingilis, fransız, alman, ispan, macar, ərəb, türk, fars oxucuları da məhəbbətlə mütaliə edir, elə buna görədir ki, onun pyeslərinin tamaşaları anşlaqla keçir, elə buna görədir ki, onun ssenarilərinin əsasında çəkilən filmlər ekranlardan düşmür. Elçinin əsərləri məhz müəllifin ədəbiyyat və sənətə xidmət amalı ilə yazıldığı üçün yaşamaq hüququ qazanmışdır.
- Siz Elçin yaradıcılığından bəhs edərkən onun çoxşaxəli olduğunu vurğulamışdınız.
- Təəssüf ki, bu barədə indi geniş danışmağa, bir müsahibə çərçivəsində bütün fikirləri söyləməyə imkan yoxdur. Lakin Elçinin publisistikasının, ədəbi tənqidinin, tərcümələrinin hərəsinin ayrı-ayrılıqda ədəbiyyatımızda öz çəkisi, öz yeri olduğu inkaredilməz həqiqətdir.
- Son vaxtlar Elçinin "Baş” romanı gündəmdən düşmür. Bu əsər haqqında fikriniz maraqlıdır.
- Yəqin, Siz də mənim bu sözümə şərik olarsınız ki, Azərbaycanın müstəqillik illərində "Baş” romanı qədər geniş əks-səda doğuran, ədəbi ictimaiyyətin, mətbuatın diqqətini çəkən ikinci bir əsər olmamışdır. Bir cümlə ilə desəm, çağdaş Azərbaycan ədəbiyyatında "Baş”ın yeri başdadır. Təsadüfi deyil ki, qısa müddət ərzində bu əsərlə bağlı bəlkə də onlarca məqalə yazılmışdır. Əsərin sorağı Türkiyədən, Almaniyadan, Avropanın digər ölkələrindən gəlməkdədir.
-İstərdim ki, bir qədər də Elçinlə münasibətləriniz haqqında danışasınız. İnciməyin, inandırıcı deyil ki, 30 ildə bir dəfə də olsun narazılıq, irad olmasın.
-İş olan yerdə müəyyən kəm-kəsirlərin, xırda qüsurların olması təbiidir, qaçılmazdır. O ki qaldı narazılığa, bəli, bir dəfə Elçin müəllim çox ciddi, kəskin şəkildə mənə iradını bildirmiş, açığını deyim ki, incimişdir. Mən və Milli Arxiv İdarəsinin Anar adlı bir əməkdaşı Əhməd Ağaoğluna aid sənədləri onun Türkiyədə yaşayan nəvəsi Təkdaş Ağaoğlundan almaq və bizim Milli Arxiv İdarəsinə təhvil vermək məqsədi ilə İstanbula ezam olunduq. Burada da, Türkiyədə də hamı bu fikirdə idi ki, bu səfər əbəs yerədir və biz də o sənədləri əldə edə bilməyəcəyik. Buna baxmayaraq, biz getdik, çox çətinliklə də olsa, 85 yaşlı Təkdaş bəyi dilə tutub sənədləri aldıq və Milli Arxiv İdarəsinə təhvil verdik. Səfərlə bağlı təəssüratlarımı Elçin müəllimə danışmaq istəyəndə o, sual verdi: "Əhməd bəyin qəbrini ziyarət etdinizmi?” Mən gərgin işlədiyimizi, sənədləri aldıqdan sonra da ezamiyyət vaxtının bitdiyini, təyyarə biletlərinin əvvəlcədən alındığını, ona görə də məzarı ziyarət edə bilmədiyimizi təəssüflə bildirəndə Elçin müəllim bərk əsəbiləşərək: "Heç nə sizə bəraət qazandırmır, mən bunu səndən heç gözləmirdim. Sənədləri gətirdiyinizə görə sağ olun, amma, bu bağışlanılmağa əsas vermir” - dedi.
-Elçin müəllimin ad günündə ona arzularınızı bilmək istərdik.
-Elçin müəllim bu gün də gənclik həvəsi ilə yazıb yaradır, ölkənin görkəmli, nüfuzlu dövlət xadimi kimi müstəqil Azərbaycanın daha da tərəqqisi naminə fədakarlıqla çalışır, qarşıya qoyulmuş vəzifələrin icrası üçün səy və bacarığını əsirgəmir. Mən Elçin müəllimə möhkəm can sağlığı, yaradıcılıq uğurları, dövlət quruculuğu işində ona etibar edilmiş məsul sahədə yeni nailiyyətlər arzulayıram.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər