• çərşənbə axşamı, 16 aprel, 12:24
  • Baku Bakı 19°C

TANAP və TAP-a təhlükə yoxdur

03.12.14 11:51 1110
TANAP və TAP-a təhlükə yoxdur
Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Türkiyəyə səfəri bu günün ən çox diqqət mərkəzində olan siyasi hadisələrindən birinə çevrilib. Hazırda Rusiya və Türkiyə dövlət başçılarının verdiyi aşıqlamalar təhlil olunur. Həm Rəcəb Tayyib Ərdoğanın, həm də Vladimir Putinin mediaya verdiyi açıqlamalardan məlum oldu ki, danışıqlar heç də asan keçməyib. Tərəflər iqtisadi əməkdaşlıq barədə asanlıqla razılığa gəlsələr də, siyasi məsələlərdə, daha doğrusu, Suriyadakı vəziyyətlə bağlı mövqeləri üst-üstə düşməyib.
Qeyd edək ki, Türkiyə bu səfər zamanı Rusiyadan ixrac etdiyi qazın həcmini artırmağı və buna qarşılıq olaraq “Qazprom”dan mavi yanacağın satış qiymətinin aşağı salınmasını təklif edirdi. Prezidentlər bu barədə razılığa gəldiklərini bəyan ediblər. V.Putin qazın ixrac qiymətinin 2015-ci il yanvarın 1-dən 6 faiz endiriləcəyini bildirib. Xatırladaq ki, Rusiya Türkiyəyə mavi qazın 1000 kubmetrini 440 dollara satır. RF prezidenti gələcəkdə qazın satış tariflərində növbəti endim etməyə hazır olduqlarını da diqqətə çatdırıb. Həmçinin Rusiya cari ildə Türkiyəyə 27 mlrd.kubmetrə yaxın qaz ixrac edib ki, hazırda rəsmi Ankara bu rəqəmin 35 mlrd.-a qədər artırılmasını təklif edir. Putinin açıqlaması bu istiqamətdə anlaşma əldə edildiyini xəbər verir. Hətta Rusiyanın dövlət başçısı Türkiyəyə “Cənub axını”ndan başqa ikinci bir qaz kəmərinin çəkiləcəyini də istisna etməyib. V.Putin jurnalistlər üçün keçirilən mətbuat konfransında “Cənub axını” layihəsindən Rusiyanın məhrum edilməsinə görə Avropanı ittiham edib. O, deyib ki, Avropa Komissiyası “Cənub axını” layihəsinə mane oldu. Üstəlik, Bolqarıstan da konkret iradə ortalığa qoymadı və sözündən qaçdı: “Bununla da Bolqarıstan əldə edəcəyi 400 milyon avrodan məhrum oldu”.
Qeyd edək ki, “Cənub axını” layihəsi üzrə Qara dənizin dibi ilə çəkilməli olan qaz kəməri Cənubi və Mərkəzi Avropaya çıxaraq “Qazprom”a əlavə marşrut verməli idi. Türkiyəyə səfəri zamanı çıxış edən Putin bəyan edib ki, bu layihənin əvəzində Rusiya Türkiyə-Yunanıstan sərhədində “qaz qovşağı” yaratmağı düşünür. Belə ki, “Qazprom” və BOTAŞ şirkətləri arasında 63 milyard kubmetr gücündə qaz kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Bu qazın 14 milyard kubmetrini Ankara alacaq, yerdə qalan həcm isə Türkiyə və Yunanıstan sərhədinə çatdırılacaq.
Qeyd edək ki, “Cənub axını” layihəsi üzrə 930 kilometrlik kəmərin tikinti işlərinə 2013-cü ildə Bolqarıstanda başlanmışdı, lakin Avropa Komissiyasının işə qarışması ilə proses iyun ayında dayandırıldı. Komissiya bildirirdi kİ, kəmərin tikintisi Avropa İttifaqının rəqabət qaydalarına ziddir. Rusiya rəsmiləri Avropa Komissiyasının bu mövqeyini “başdan ayağa siyasi motivli” kimi qiymətləndiriblər.
Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız deyib ki, Rusiya və Türkiyə arasında qaz tədarükləri barədə əldə olunan razılaşma Trans-Anadolu boru kəməri (TANAP) layihəsinin reallaşdırılmasına heç cür təsir etməyəcək.
TANAP-ın 2018-ci ildə istismara veriləcəyi gözlənilir. Layihənin qiyməti 10-11 milyard dollar həcmində qiymətləndirilir.
Prosesi dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, Rusiyanın “Cənub axını” layihəsindən imtina etməsinin bir neçə səbəbi var: “Birincisi, Avropa Birliyi ölkələri Rusiyanın növbəti qaz şantajı üçün alətə çevrilə biləcək layihəyə qarşıdır. İkincisi, bu layihə Krım üzərindən həyata keçiriləcək, bu isə Ukraynanın ərazi bütövlüyünün pozulması demək olardı. Üçüncüsü, dünyada trend və texnologiyalar sürətlə dəyişir, artıq boru xətləri vasitəsilə qazın daşınması çevikliyini, bazara uyğunlaşma üstünlüyünü itirir. Boru xətləri baha başa gəlir, istismarına və təhlükəsizliyinə izafi xərclər tələb edir, ərazisindən keçdiyi ölkələrə tranzit xərclərin ödənilməsi ilə daha da bahalaşır.
Yeni trend – sıxılmış qazın tankerlərlə daşınmasıdır. Soyudulma texnologiyası ilə normal qaz 600 dəfəyə yaxın sıxılır və daşınmaq üçün təhlükəsiz, həcmcə kiçik hala gətirilir. Tankerlər 145-155 min ton sıxılmış qaz daşıya bilir, bu da sonradan 90-95 milyon kubmetr normal qaza çevrilir. 2016-cı ildə Cənubi Koreya və Yaponiya şirkətləri daxilində qazın həm sıxılmasını, həm də əks əməliyyatı həyata keçirə biləcək mini zavod olan, 180-200 milyon kubmetr qaz daşıya bilən tankerləri istifadəyə buraxacaqlar. Bu tankerlər Avstraliyadan, Kanada və ABŞ-dan qazı dünyanın istənilən nöqtəsinə çatdıra biləcək”.
Ekspert hesab edir ki, 2020-ci ildə dünyada qazın qiyməti indikindən xeyli aşağı olacaq və bu baxımdan da Azərbaycanın indi reallaşdırdığı boru layihələri ölkəyə gəlir gətirməyə bilər: “Bu gün Avropada orta qiymət 1000 kubmetr qaza görə 350-370 dollardır, 2020-ci ildə biz daha aşağı rəqəm görəcəyik. Qiymət ən yaxşı halda 300 dollar olacaq və Azərbaycan ildə 10 milyard kubmetr qaza görə, hasilat xərclərini, tranzit xərclərini, pay bölgüsünü çıxanda, cəmi 1,7-1,8 milyard dollar qazanacaq”.
Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şabanın sözlərinə görə, TANAP-TAP onsuz da tikiləcək və onlarla qaz gedəcək: “Bu boruları şübhə altına alan yoxdur. Burada əsas məsələ Türkiyə və Qərb arasında olan ambisiyalılıqdır. Qərb gələcəkdə Türkiyədən asılı vəziyyətə düşmək istəmir. Buna görə də, indən sonra Ankaranın gələcək rıçaqlarını mümkün qədər azaltmaq siyasəti yürüdüləcək. Onlar hazırda kluarlarda bunu deyirlər ki, biz Rusiyadan ona görə enerji asılılığımızı azaltmırıq ki, digər “iqtisadi imperiya” arzusu ilə yaşayanın əlinə keçək”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər