• çərşənbə, 24 Aprel, 23:20
  • Baku Bakı 23°C

TANAP üzrə imzalanan müqavilələrin dəyəri 5,36 milyard dolları ötüb

13.03.19 11:00 418
TANAP üzrə imzalanan müqavilələrin dəyəri 5,36 milyard dolları ötüb
TANAP boru kəməri layihəsi üzrə bu vaxtadək imzalanan müqavilələrin dəyəri 5 milyard 368 milyon dollara çatıb.
AZƏRTACTürkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. O qeyd edib ki, layihə çərçivəsində 108 milyon nəfər/saatdan çox iş görülüb.
"84 milyon dollarlıq büdcə isə sosial və ekoloji sərmayə proqramına ayrılıb. Təxminən 1000-dək layihəyə dəstək göstərilib”, - deyə S.Düzyol bildirib.
Xatırladaq ki, keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib.
Ötən il iyunun 30-dan bu il fevralın 28-dək TANAP-la ümumilikdə 1 milyard 250 milyon kubmetr təbii qaz Türkiyəyə çatdırılıb. İyunun sonunadək bu həcm 2 milyard kubmetr, 2019-cu ilin axırına kimi isə 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası (Faza-1) üzrə tikinti işlərinin 99 faizi başa çatıb və aprelin 15-dən sınaqlara başlanacaq. Bu hissənin iyulun 1-dən Avropaya qaz nəqli üçün hazır olacağı gözlənilir. Boru kəməri bu il "Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir.
TANAP-ın səhmlərinin 51 faizi "Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi "SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi "Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.
banner

Oxşar Xəbərlər