• şənbə, 20 Aprel, 16:17
  • Baku Bakı 23°C

“TANAP tarixə əsrin layihəsi kimi düşəcək”

19.03.15 19:28 3705
“TANAP tarixə əsrin layihəsi kimi düşəcək”

Dünya mediası Trans Anadolu Təbii qaz Boru Xətti Layihəsinə geniş yer ayırır
Azərbaycan qazının Trans Anadolu Təbii qaz Boru Xətti Layihəsi - TANAP vasitəsi ilə Avropaya çatdırılması dünya mediasının diqqət mərkəzindədir. Beynəlxalq və Türkiyə mediası TANAP-ın Avropa qaz bazarında xüsusi bir çəkiyə malik olacağından yazır.
Türkiyənin nüfuzlu “Yeni Şafak” qəzeti TANAP-ı alternativi olmayan bir layihə kimi təqdim edir. Məqalədə qeyd olunur ki, TANAP layihəsi vasitəsi ilə Azərbaycan qazı Gürcüstandan və Türkiyədən keçərək Avropa bazarlarına çıxacaq: “12 milyard dollar dəyərində olan Trans Anadolu Təbii qaz Boru Xətti Layihəsinin təməli srağagün Qars şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Georgi Marqvelaşvili tərəfindən qoyulub. TANAP layihəsi vasitəsi ilə 2026-cı ildən Azərbaycan qazı ildə 31 milyard kubmetr olmaqla Avropaya çatdırılacaq”. Yazıda ilk qaz nəqlinin 2018-ci ildə başlayacağı bildirilir: “İlk vaxtlar bu layihə vasitəsi ilə ildə 16, daha sonra isə 24 və 31 milyard kubmetr qazın nəqli nəzərdə tutulub. TANAP Türkiyə üçün ən böyük təbii qaz layihəsi kimi tarixə düşəcək”.
“Yeni Şafak” qəzetində, həmçinin TANAP layihəsi haqqında yazar Erdal Tanasın məqaləsi dərc olunub. Məqalədə bu layihə vasitəsi ilə Türkiyənin dünya enerji məkanında xüsusi yer tutacağı bildirilir: “Hazırda Avropa ölkələri enerji resurslarının təhlükəsiz daşınmasına xüsusi əhəmiyyət verir. Həmçinin Türkiyə başda olmaqla, Avropanın bir çox ölkələrində təbii qaza olan ehtiyac daha da artıb. Buna görə də Avropa dövlətləri təbii qazın əldə olunması üçün alternativ qaz ixrac edən ölkələrlə əməkdaşlıq etməkdə maraqlıdırlar. TANAP-ı bu baxımdan uğurlu layihə hesaba etmək olar. Bu layihə Türkiyənin 12 il ərzində dəyişdiyinin göstəricisidir”. Yazar qeyd edir ki, TANAP layihəsi ilə Azərbaycan və Türkiyə arasında yeni bir dövr başlayacaq: “Bu layihə iki qardaş ölkəni enerji resurslarının Avropa bazarlarına çıxarılmasında əhəmiyyətli dövlətlərə çevirəcək. TANAP tarixə əsrin layihəsi kimi düşəcək”.
Məqalədə qeyd olunur ki, ilk vaxtlar TANAP layihəsinin həyata keçməməsi üçün bəzi qüvvələr fəaliyyətə başladı: “Bu layihənin iqtisadi və siyasi baxımdan uğurlu olmayacağını bildirən bəzi qüvvələr TANAP-ın reallaşmaması üçün əllərindən gələni etdilər. Bəziləri bu layihəni “NABUCCO” ilə müqayisə edirdi. Lakin TANAP-ın təməlqoyma mərasimin keçirilməsi həmin qüvvələrin proqnozlarını alt-üst etdi. Bu layihə təkcə Türkiyənin 12 ildə əldə etdiyi iqtisadi və siyasi uğurlarının göstəricisi deyil, həm də “Yeni Türkiyə”nin 2023-ci ilə iri addımlarla irəlilədiyinin göstəricisidir. Bu layihə enerji resurslarından asılı olan Türkiyəni tranzit ölkəyə çevirəcək. Bunun vasitəsi ilə Türkiyə Avropa qaz bazarının təhlükəsizliyini təmin edəcək”. Yazar sonda Türkiyənin TANAP vasitəsi ilə daha da yüksələcəyini qeyd edir.
Bolqarıstanın ingilisdilli “Novinite.com” saytı da TANAP layihəsi haqqında məqalə dərc edib. Yazıda bildirilir ki, bu layihə Avropa ölkələrinin Rusiyadan qaz asılılığını azaldacaq: “Türkiyə ilə Azərbaycan TANAP layihəsinin təməlini qoyub. Təməlqoyma mərasimində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri iştirak edib. Bu layihə vasitəsi ilə Xəzər dənizində və Yaxın Şərqdə çıxarılan təbii qaz Avropa bazarlarına nəql olunacaq. Bununla da Avropa dövlətlərinin Rusiyadan təbii qaz asılılığı daha da azalacaq”. Məqalədə TANAP-ın 1850 kilometr uzunluğunda olduğu və Azərbaycanın “Şahdəniz 2” yatağından qazın Türkiyə vasitəsi ilə Avropa bazarlarına çıxarılacağı vurğulanır: “Bu layihə vasitəsi ilə artıq 2018-ci ildən başlayaraq qaz nəql edilməsi gözlənilir. TANAP layihəsinin payçıları “Cənub Qaz Dəhlizi” şirkəti 58%, BOTAŞ 30%, BP 12% olmaqla müəyyənləşib”.
Türkiyənin nüfuzlu “Ahaber” saytında da TANAP haqqında məqalə dərc olunub. Yazıda TANAP-ın region və dünya üçün əhəmiyyətli bir layihə olduğu bildirilir: “Bu layihə vasitəsi ilə təkcə Azərbaycan qazı nəql olunmayacaq. Gələcəkdə Türkmənistan və İran qazının bu kəmərlə nəql ediləcəyi gözləniləndi. Bununla da Türkiyə dünyada enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi dövlətə çevriləcək. Həmçinin yaxın gələcəkdə İraq qazının TANAP-a qoşulması perspektivləri mövcuddur”. Məqalədə layihənin 10 milyard dollara həyata keçiriləcəyi qeyd olunur: “Kəmərin çəkilməsində 15 mindən çox insanın işlə təmin olunacağı gözlənilir. TANAP vasitəsi ilə artıq 2026-cı ildən başlayaraq 31 milyard kubmetr qaz nəql olunacaq”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər