• cümə axşamı, 25 aprel, 16:36
  • Baku Bakı 23°C

TANAP-la Türkiyəyə 750 milyon kubmetr Azərbaycan təbii qazı göndərilib

18.12.18 14:00 557
TANAP-la Türkiyəyə 750 milyon kubmetr Azərbaycan təbii qazı göndərilib
TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 750 milyon kubmetr Azərbaycan təbii qazı nəql edilib.
Bu barədəAZƏRTAC-a eksklüziv açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
"İyulun əvvəlindən indiyədək TANAP-la Türkiyəyə 750 milyon kubmetr kommersiya qazı nəql olunaraq "Botaş” şirkətinə çatdırılıb. İlin sonuna bu həcm 1 milyard kubmetr civarında olacaq. TANAP-la 2019-cu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək”, - deyə SOCAR rəsmisi bildirib.
Xatırladaq ki, bu il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a 5,7 milyard dollar xərclənib.
TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 97,6 faizi başa çatıb. Boru kəməri gələn ilin birinci yarısında "Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
TANAP-ın səhmlərinin 51 faizi "Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi "SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi "Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.
banner

Oxşar Xəbərlər