• cümə, 29 Mart, 03:27
  • Baku Bakı 7°C

TANAP-la Türkiyəyə 400 milyon kubmetrədək Azərbaycan təbii qazı daşınıb

02.10.18 15:45 483
TANAP-la Türkiyəyə 400 milyon kubmetrədək Azərbaycan təbii qazı daşınıb
Trans-Anadolu (TANAP) boru kəməri ilə bu vaxtadək Türkiyəyə təqribən 400 milyon kubmetr Azərbaycan təbii qazı nəql olunub.
AZƏRTACxəbər verir ki, bu barədə "SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib.
"İyun ayında TANAP-ın Əskişəhərə qədər olan hissəsi istifadəyə verilib. Boru kəməri ilə indiyə qədər Türkiyəyə təxminən 400 milyon kubmetr qaz daşınıb. Bu həcm dekabrın sonuna kimi 1 milyard kubmetrə çatacaq”, - deyə STEAŞ-ın baş direktoru bildirib.
Zaur Qəhrəmanov deyib: "TANAP-la 2019-cu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə daşınacaq. TANAP-ın ikinci fazası üzrə tikinti işlərinin 97 faizi başa çatıb. Boru kəməri gələn ilin birinci yarısında "Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq”.
Qeyd edək ki, TANAP layihəsinə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilib. Avqustun əvvəlində Avropa İttifaqı TANAP layihəsinə qrant ayırıb. Avropa Komissiyasının qitənin bir neçə mühüm enerji infrastrukturu layihəsinə "CEF Energy” (Connecting Europe Facility) proqramı çərçivəsində ümumilikdə 48,4 milyon avro dəyərində qrantın ayrılmasına dair təklifini Avropa İttifaqı müsbət cavablandırıb. Qərara görə, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP layihəsinə "Boru kəmərinin katod mühafizəsinin quraşdırılmasının yoxlanılması və infrastrukturda remodifikasiya işləri ilə əlaqədar çertyoj və diaqramların yenilənməsi” sahəsində iş həcmlərinə ümumilikdə 5 milyon 44 min 394 avro qrant ayrılıb.
TANAP CEF Energy proqramı çərçivəsində maliyyələşdirmə üçün seçilmiş iki qaz layihəsindən biridir. Avropa Komissiyası 2017-ci ilin noyabr ayında 173 layihənin daxil olduğu Ümumi Maraq Layihələrinin (PCI) siyahısını dərc edib. 2014-cü ildən bu günə qədər TANAP layihəsi çərçivəsində müxtəlif mühəndislik və layihələndirmə işləri üçün CEF Energy proqramı vasitəsilə əldə olunan vəsait 15 milyon avronu ötüb.
İyulda isə Dünya Bankının Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) TANAP boru kəməri layihəsinin maliyyələşdirilməsi üçün 1,1 milyard dollarlıq zəmanət verib. 15 illik zəmanət "Cənub Qaz Dəhlizi” QSC ilə "AKA Bank”, "Citi”, "Crédit Agricole CIB, "ING”, "LBBW”, "Santander and Société Générale” bankaları ilə imzalanan kredit müqavilələrini əhatə edir. "Cənub Qaz Dəhlizi” QSC TANAP layihəsində əsas səhmdarıdır və Azərbaycanın maraqlarını qoruyur.
Bu il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək TANAP layihəsinə 5,6 milyard dollar xərclənib.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
TANAP-ın səhmlərinin 51 faizi "Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi "Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.
banner

Oxşar Xəbərlər