• şənbə, 20 Aprel, 20:08
  • Baku Bakı 24°C

TANAP-ın Türkiyədəki layihələrə ayırdığı qrant 140 milyon lirəyə çatacaq

14.08.18 15:31 493
TANAP-ın Türkiyədəki layihələrə ayırdığı qrant 140 milyon lirəyə çatacaq
Trans-Anadolu (TANAP) təbii qaz boru kəməri layihəsi üzrə Türkiyədə 860 layihəyə ayrılan qrant ümumilikdə 140 milyon türk lirəsinə çatacaq.
AZƏRTACAnadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. O bildirib ki, TANAP-ın sosial və ekoloji sərmayə proqramları vasitəsilə layihələr davamlı dəstəklənir: "Bunun sayəsində Türkiyənin bölgələrindəki vətəndaşların iqtisadi və sosial inkişafına töhfə verilir. TANAP 11 vilayəti əhatə edən birinci qrant çərçivəsində 429 layihəyə 70 milyon türk lirəsindən çox vəsait ayırıb. İkinci qrant üçün isə 4 min layihə üzrə müraciət olub. Həmin layihələrdən 431-i seçilib və bu layihələrə təxminən 70 milyon türk lirəsi vəsait ayrılıb. Beləliklə, TANAP-ın Türkiyədə 20 vilayəti əhatə edən 860 layihəyə ayırdığı qrant ümumilikdə 140 milyon lirəyə çatacaq”.
Qeyd edək ki, TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk kommersiya qazının tədarükünə iyunun 30-dan başlanılıb. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz nəql olunacaq. Daha sonrakı üç il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq. TANAP-ın inşası üzrə ümumi işlərin isə 94,8 faizi icra olunub. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək 5,5 milyard dollar xərclənib.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Ümumi uzunluğu 1850 kilometr olan TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində Ardahandan başlayaraq Türkiyənin 20 vilayəti və 67 mahalında keçir.
TANAP-ın səhmlərinin 51 faizi "Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi "SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi "Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.
banner

Oxşar Xəbərlər