AZE | RUS | ENG |

TANAP-ın istismara verilməsi tarixi hadisədir - Rəylər

TANAP-ın istismara verilməsi tarixi hadisədir - Rəylər
"12 iyun TANAP layihəsinin istismara verilməsi tarixi kimi yaddaşlarda qaldı”.
 
Bunu APA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
 
E. Nəsirov bildirib ki, Cənub Qaz Dəhlizinin 4 mühüm elementi sırasında mühüm yer tutan TANAP-ın istismara verilməsinin həm böyük iqtisadi, həm də böyük siyasi əhəmiyyəti var: "Azərbaycan prezidenti İlham Əliyev TANAP layihəsinin istismara verilməsi mərasimində çıxışında xüsusi ilə vurğuladı ki, TANAP-ın istismara verilməsi tarixi məna və əhəmiyyət kəsb edir. Bu, eyni zamanda, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının nümunəsi kimi qiymətləndirilə bilər. Dövlət başçısı onu da qeyd etdi ki, bu, ilk növbədə iki dövlətin əməkdaşlığının birbaşa nəticəsidir. Prezident xüsusi vurğuladı ki, Azərbaycan-Türkiyə əlaqələri öz inkişafının elə bir mərhələsinə çatıb ki, əslində bu, bütün dünya dövlətləri üçün nümunədir. Həqiqətən də bu gün dünya dövlətləri arasında etimadsızlıq mühiti formalaşıb. Bu reallıqda dövlətlər arasında əlaqələrin necə olması barədə suala düzgün cavabı əslində Azərbaycan-Türkiyə dostluğu və əməkdaşlığı verir. Bu nöqteyi-nəzərdən TANAP-ın istismara verilməsi bir daha Azərbaycan-Türkiyə xalqları, dövlətləri və liderləri arasındakı dostluq və qardaşlığın təntənəsidir. Dövlət başçısının da vurğuladığı kimi, TANAP-ın istismara verilməsi ilə həm Azərbaycan, həm də Türkiyə dünyanın enerji tarixini birgə yazır. Çünki bu gün dünya dövlətlərinin təhlükəsizliyi həlledici amildir. Bu kontekstdə yanaşdıqda, iki dövlətin əməkdaşlığı nəticə etibari ilə dünyanın enerji xəritəsini dəyişir və bu prosesdə çox mühüm əməkdaşlıq mühiti formalaşır. Əgər Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi çox mühüm strateji layihələrin reallaşdırılmasında 3 dövlətin strateji əməkdaşlığı ön plana çıxırdısa, Cənub Qaz Dəhlizinin reallaşmasında Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya kimi 7 dövlətin əməkdaşlığından söhbət gedir. Eyni zamanda Balkanlardan Bosniya-Herseqovina, Xorvatiya və Monteneqro kimi dövlətlər də bu prosesin potensial iştirakçısıdır. Beləliklə, çox geniş arealda əməkdaşlıq mühiti formalaşır”.

 
Millət vəkili qeyd edib ki, prezident İlham Əliyev mərasimdə TAP layihəsinin 72 faiz icra olunduğunu da nəzərə çatdırıb: "Dövlət başçısı bildirdi ki, Cənub Qaz Dəhlizi və onun mühüm elementi olan TANAP ilk növbədə enerji təhlükəsizliyi, o cümlədən azad rəqabət, enerjinin şaxələndirilməsi layihəsi kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan üçün enerji təhlükəsizliyi ilk növbədə enerji marşrutlarının şaxələndirilməsidir. Avropa İttifaqı üçün enerji təhlükəsizliyi isə ilk növbədə enerji mənbələrinin şaxələndirilməsi ilə bağlıdır. Yəni hər iki tərəf, yəni həm Azərbaycan, həm də Avropa dövlətləri əslində burada şaxələndirmə siyasətinə üstünlük verdiklərini nümayiş etdirir. Bu gün həqiqətən də Azərbaycan Avropa üçün yeni alternativ enerji mənbəyi kimi çıxış edir. Təsadüfi deyil ki, bu gün Avropanın ən böyük meqalayihəsi Cənub Qaz Dəhlizi hesab olunur. Biz hazırda tarixi anları yaşayırıq.  Azərbaycan prezidenti və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan da layihəyə belə qiymət verdilər. Çıxışlarında vurğuladılar ki, TANAP-ın istismara verilməsi tarixi hadisədir, bu, regionun, Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir, sabitliyə, təhlükəsizliyə xidmət edən addımdır”.
 
 
E. Nəsirov bu layihənin reallaşdırılması sahəsində Azərbaycan-Türkiyə münasibətlərində yeni bir mərhələ açıldığını diqqətə çatdırıb: "Bu gün ikitərəfli formatda əlaqələrimiz ən yüksək səviyyəyə qalxmış olur. Onu da qeyd edim ki, son illər Azərbaycan tərəfdən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulub və bunun yaxın illərdə 20 milyard dollara çatdırılması əsas hədəflərdən biridir. İlk növbədə TANAP-ın, uzunluğu 1850 km olan bu kəmərin işə düşməsi, 1-2 ildən sonra TAP-ın reallaşması sayəsində Azərbaycan ilkin olaraq 16 milyard kubmetr qaz ixrac edəcək. Bu həcmin 6 milyard kubmetrini Türkiyə, 10 milyard kubmetrini isə Avropa ölkələri alacaq. Növbəti mərhələdə isə ixrac həcminin 37 milyard kubmetrə çatdırılmasından söhbət gedir və bu bizim ən mühüm hədəflərimizdən biridir. Prezident İlham Əliyevçıxışlarında onu da dəfələrlə qeyd edib ki, Cənub Qaz Dəhlizi ona görə uğurlu layihədir ki, biz enerji siyasətinin əlində alət olmadıq. Enerji siyasətinin əlində alət olduqda, problemlər yaşanır və bu layihələrin heç bir perspektivi olmur. Biz bu layihəni həyata keçirməklə bütün dünyaya həm də onu göstərdik ki, Azərbaycanın təşəbbüskarı olduğu istənilən layihə həyatda təsdiqini tapır. Bu, həm Azərbaycanın dünyada, beynəlxalq aləmdə imicinin möhkəmlənməsinə xidmət edən, həm də bizi beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanıdan layihədir”.
 
Politoloq Qabil Hüseynli də APA-ya açıqlamasında TANAP-ın istismara verilməsini tarixi hadisə kimi qiymətləndirib: "Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsindən sonra həm dünya, həm də Azərbaycan üçün strateji əhəmiyyətə malik olan yeni karbohidrogen kəməri işə salınıb. Bu, həqiqətən də regionun çiçəklənməsinə xidmət edən layihədir. Bu layihədə Azərbaycan, Gürcüstan və Türkiyə iştirak edirsə, perspektivdə bu layihəyə Türkmənistanın qoşulması ehtimalı da böyükdür. Çünki Avropa ölkələri, ABŞ və digər ölkələr çalışır ki, Transxəzər qaz kəməri layihəsi reallaşsın. Həmin mərkəzlər bunu maliyyələşdirməyə də hazırdır. Cənub Qaz Dəhlizi vasitəsi ilə Azərbaycan qazı Avropanın ehtiyaclarının 3-5 faizini ödəyə bilsə, gələcəkdə bu həcm 10 faizə çatacaq. Transxəzər qaz kəməri də işə salınarsa, Cənub Qaz Dəhlizi Avropanın qaza ehtiyacının 30 və daha çox hissəsini təmin edəcək. Çünki Türkmənistanda böyük qaz ehtiyatı var. O cümlədən Azərbaycanın Xəzərdə kəşfiyyatı aparılmış, ancaq qazılmamış quyuları mövcuddur, bu ehtiyatlar da Azərbaycanın payını xeyli artıra bilər. Bu o deməkdir ki, Azərbaycan bölgənin enerji dəhlizi olmaqla yanaşı, həm də Avropanın qaz təchizatında alternativ rol oynayan mühüm mərkəzlərdən birinə çevrilir. Azərbaycan özü ilə bərabər, bölgənin bir neçə ölkəsinin zənginləşməsində, büdcəsinə yeni vəsaitlər daxil olmasında böyük rol oynayır”.
 
Politoloq bu layihəyə qısqanclıqla yanaşanların, bölgəni təsiri altında saxlamaq istəyən mərkəzlərin olduğunu da vurğulayıb: "Bütün bunlara baxmayaraq, Azərbaycan prezidenti çox böyük uzaqgörənlik ortaya qoyaraq, bu layihələri işə salmaqla bölgəni ölkələrin yanacaq enerjisini siyasi diqtə elementinə çevirməkdən yavaş-yavaş uzaqlaşdırır. Bəzi dövlətlərin tərəddüdünə, qısqanclığına, qurduqları planlara baxmayaraq, Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra ikinci böyük layihəni işə salır. Bununla da, Azərbaycan dünya miqyasında enerji təchizatçılarından birinə çevrilir”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6379
GBP 1 İngilis funt sterlinqi 2.2346
TRY 1 Türk lirəsi 0.2937
KWD 1 Küveyt dinarı 5.6076
SEK 1 İsveç kronu 0.1898
EUR 1 Avro 1.9673
CHF 1 İsveçrə frankı 1.7193
USD 1 ABŞ dolları 1.7000