• şənbə, 20 Aprel, 11:32
  • Baku Bakı 14°C

TANAP ən doğru yoldur

19.03.15 12:48 651
TANAP ən doğru yoldur

Zahid Oruc: “Azərbaycan öz resurslarını təhlükəsizlik amili kimi ortaya qoyur”
Srağagün Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulması mərasimi keçirilib. Azərbaycan, Türkiyə, Gürcüstan prezidentləri İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Giorgi Marqvelaşvilinin iştirak etdiyi mərasimdə bildirilib ki, TANAP Türkiyə və Azərbaycan qardaşlığının Anadoluya atılan imzasıdır. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
TANAP-ın siyasi əhəmiyyəti, region üçün faydası, Azərbaycanın dünyada artan nüfuzuna və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsirləri barədə “Kaspi”nin suallarını Milli Məclisin deputatı Zahid Oruc cavablandırır.
- Zahid müəllim, TANAP-ın siyasi əhəmiyyəti nədən ibarətdir?
- İndiki dövrdə neft-qaz resursları uğrunda mübarizələr heç də 50-70 il bundan əvvəlkindən daha az şiddətlə davam etmir. Əksinə, dünyanın indiki mənzərəsində neft-qaz mənbələri, enerji resursları, təbii sərvətlər əsas nifaq amili kimi çıxış edir. Bəllidir ki, böyük təbii sərvətlərə, neft-qaz yataqlarına malik postsovet ölkələrinə münasibətdə Avropa hansı addımları atmaqdadır. Bu fonda Azərbaycan bütün regional və beynəlxalq şəraiti dəyərləndirərək, ən düzgün yolu seçir. Sonradan bütün digər ölkələrin seçimi Azərbaycan xəttinə doğru istiqamətlənmiş olur. Sanki Azərbaycan bu yolda ilk cığıraçan missiyasını həyata keçirir. Hələ 1990-cı illərin ortalarında - Xəzərin statusunun dəqiqləşmədiyi bir vaxtda Azərbaycanın atdığı addımlar sonrakı dövrlərdə Xəzərətrafı 3 ölkənin də razılaşması ilə müşayiət olundu. İndi də qaz məsələsində eyni vəziyyət müşahidə edilməkdədir. Azərbaycan “soyuq müharibə”dən sonrakı müddətdə Türkiyənin rolunu daha da artıran layihələr reallaşdırmaqdadır. Bir çoxları iddia edirdi ki, keçmiş SSRİ-yə qarşı platsdarm rolunda çıxış edən Türkiyəyə imperiya çökəndən sonra ehtiyac qalmayıb. Ona görə də bu ölkəni yalnız region dövləti statusunda saxlamaq iddiaları ortaya qoyulurdu. Amma Azərbaycanın addımları fərqli bir geosiyasət və geoiqtisadiyyat yaratdı. Fikir verin, cəmi 25 ildir müstəqilliyinə qovuşan və keçmiş SSRİ-yə daxil olan Ukraynanı Avropa İttifaqı assosiativ sazişə cəlb etməkdə, hətta bu ölkəni İttifaqa və NATO-ya üzvlüyə aparıb çıxaracaq xətti həyata keçirməkdədirlər. Həmin xətt Ukraynanın başına hansı bəlalar gətirib, bu, başqa bir müzakirə mövzusudur. Ancaq Türkiyəyə qarşı tamam fərqli yanaşma ortaya qoyulur. 60 ilə yaxındır ki, Türkiyəni Avropa İttifaqının qapıları önündə saxlayırlar. Azərbaycanın neft siyasəti, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşması, Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi-Ərzurum qaz xətti layihələrinin gerçəyə çevrilməsi, TAP və TANAP layihələrinin işlənməsi Türkiyənin Avropa qarşısında əhəmiyyətini artırır, onun manevr imkanlarını daha da genişləndirir, ehtiyaclarını azaldır.
- TANAP-ın gerçəkləşməsi siyasi baxımdan Azərbaycana nə qazandıracaq?
- Azərbaycan bu gün öz resurslarını təhlükəsizlik amili kimi ortaya qoyur. TANAP layihəsi Prezident İlham Əliyevin xarici iqtisadi siyasət uğurudur. Təhlükəsizlik anlamında seçilmiş ən doğru yoldur. Bununla Azərbaycan dünyada hər zaman müharibələrə səbəb olan neft-qaz amilini sülh və əməkdaşlığa, Qərblə yaxşı əməkdaşlığa, öz maraqlarını regional güc mərkəzlərinin mövqeləri ilə ustalıqla uyğunlaşdırmağa yönəldə bilir. Azərbaycanın hazırkı seçimi gələcəkdə Rusiyanı da bizim strateji addımlarımıza müsbət mövqedən yanaşmağa vadar edəcək. Əvvəllər iddia edirdilər ki, “Nabucco” layihəsi reallaşarsa, Türkmənistan qazı da bura cəlb olunacaq və nəticədə Rusiya ilə ölkəmiz qarşı-qarşıya gələcək, savaş çıxacaq. Prezident İlham Əliyev Azərbaycanı bu perspektivdən xilas etdi və hətta Ukrayna münaqişəsini də bir il qabaqladı. Azərbaycan və Türkiyənin birgə layihəsi olan TANAP-la meydana çıxdı. Bu fonda Avropa İttifaqının təzyiqləri ilə Rusiyanın “Cənub axını”nın üzərindən də xətt çəkildi, əvəzində “Türk axını” seçildi. Tarixdən bizə məlumdur ki, Türkiyə ilə Rusiya arasında dəfələrlə müharibələr olub və bunlardan ən çox ziyan çəkən ölkələrdən biri də Azərbaycan olub. Ancaq indi tamam fərqli geosiyasət yaranmaqdadır. Dünyadakı güc mərkəzlərinin istəyinin tamamən ziddinə olaraq, getdikcə Rusiya-Türkiyə ittifaqı formalaşmaqdadır. Azərbaycanın düzgün siyasəti, düzgün seçimi gələcəkdə bu ittifaqın daha da möhkəmlənməsinə səbəb ola bilər. Bundan irəli gələrək, gələcəkdə Rusiya ilə Azərbaycan arasında razılaşmalar da meydana çıxa bilər. Hazırkı dövrdə Rusiyanın buna daha çox ehtiyacı var. Çünki Azərbaycanın Avropaya yolu açıqdır. Ona görə də qaz resursları üzərindən qurulan hər hansı birlik Türkiyə-Azərbaycan-Rusiya ittifaqını gücləndirir. Təbii ki, bu ittifaq Ermənistan başda olmaqla, bizi istəməyən bütün düşmənlərimizin ziyanınadır.
- Sizin bir qədər əvvəl sadaladığınız iqtisadi layihələrdə, eləcə də TANAP-da Türkiyə və Azərbaycanla yanaşı, Gürcüstan da iştirakçıdır. Bu formatda əməkdaşlıq Qafqaz regionuna nə vəd edir?
- Azərbaycan, Gürcüstan və Türkiyə arasında siyasi, mədəni, iqtisadi əlaqələrlə bərabər, tranzit əlaqələr də mövcuddur. Heç şübhəsiz, bu əlaqələr ölkələrimiz arasındakı münasibətlərə müsbət təsir göstərir. Gürcüstan öz coğrafiyasına görə reallaşan bir çox layihələrdə uduş əldə edir. Azərbaycan da Qərbə çıxış dəhlizi kimi bu pəncərəni heç zaman üzünə qapatmaq istəmir. Eyni zamanda o da danılmaz faktdır ki, Gürcüstan dövləti və hazırkı durumda bu dövlətin müstəqilliyi Azərbaycana, Türkiyəyə borcludur. Bunu da onlar heç zaman unutmamalıdırlar. Əgər Ermənistan regionda sülhpərvər rolunda çıxış etsəydi, Gürcüstanın indiki missiyası xeyli aşağı düşərdi. Çünki bayaq sadalanan bir çox iqtisadi layihələr reallaşan zaman Ermənistandan tranzit ölkə kimi istifadə olunacaqdı. Ermənistan indi özü fərqində olmalıdır ki, nələri itirib. Ermənistandan fərqli olaraq, Gürcüstanın Azərbaycan və Türkiyənin birgə layihələrində yaxından iştirak etməsini alqışlayırıq. Bu regionda Azərbaycanın qonşu dövlətlərlə birgə həyata keçirdiyi layihələr Qafqazda sülhə, sabitliyə, birləşdiriciliyə xidmət edəcək.
- Belə layihələrlə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, dünyada, eləcə də Avropada etibarlı tərəfdaş kimi nüfuz qazanır. Bu cür vəziyyət regionumuzun ən böyük problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə necə təsir göstərə bilər?
- Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması, dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanması imkan verəcək ki, özümüzə yeni-yeni tərəfdaşlar qazanaq. Bizim əksər dövlətlərlə siyasi tərəfdaşa, müttəfiqə çevrilməyimiz isə Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ölkəmizin ədalətli mövqeyinin dəstəklənməsinə gətirib çıxaracaq. Ermənilər bütün beynəlxalq təşkilatlarda bizi ittiham edirlər ki, Azərbaycan bütün neft-qaz ehtiyatlarını Qarabağ siyasəti üzərində qurub. Bunda böyük həqiqət var. Azərbaycan bütün imkanlarından istifadə edərək öz ərazi bütövlüyünün təmin olunmasına, beynəlxalq hüququn prinsiplərinə riayət olunmasına çalışır. Diplomatiyada kimsə buna görə Azərbaycanı qınaya bilməz. Biz bu siyasətimizi bundan sonra da davam etdirəcəyik.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər