• cümə, 19 Aprel, 22:34
  • Baku Bakı 24°C

TANAP Avropa üçün önəmli layihədir

28.03.18 20:31 692
TANAP Avropa üçün önəmli layihədir
Avropa İnvestisiya Bankı Azərbaycan qazının Türkiyə, oradan da Avropaya nəqlini nəzərdə tutan Transanadolu qaz boru kəməri (TANAP) layihəsinin maliyyələşməsinə 1,15 mlrd. dollar (932 mln. avro) kredit ayrılması barədə qərar qəbul edib. Nüfuzlu "Oil Price” nəşri "Azerbaijan-Europe Gas Pipeline Gets $1B In Funding” başlıqlı məqalədə yazır ki, bank TANAP layihəsinin maliyyələşməsi məsələsini aktiv şəkildə iyun ayından etibarən nəzərdən keçirirdi. "Bank layihənin ətraf mühitə təsiri ilə bağlı narahatçılıqlara, layihədə iştirak payı 58 faiz olan Azərbaycan əleyhinə səslənən iradlara, eləcə də Avropa İttifaqı ilə Türkiyə arasında yaşanan gərginliyə baxmayaraq, sonda belə bir qərar qəbul edib. Dekabr ayında Avropa Parlamentinin bir qrup üzvü Avropa İnvestisiya Bankının rəhbəri Verner Hoyerə məktub yazaraq TANAP qaz kəmərinin maliyyələşməsindən imtina etməyə çağırıb. Lakin kreditləşmənin baş verəcəyi heç kimdə şübhə doğurmurdu”, - deyə məqalədə bildirilib. TANAP layihəsi Avropa İttifaqının əsas layihəsi olan "Cənub Qaz Dəhlizi”nin təməl daşı hesab edilir və Xəzər hövzəsindən Mərkəzi və Cənubi Avropaya qazın nəqlini nəzərdə tutur. Avropa Komissiyası "Cənub Qaz Dəhlizi”ni özünün prioritet layihələri sırasına daxil edib. Layihənin maliyyələşdirilməsi artıq Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiyaları Bankı tərəfindən razılaşdırılıb. Ötən ay Avropa İnvestisiya Bankı TANAP-a daxil olan TAP layihəsinin inşası üçün öz tarixində ən yüksək məbləğdə - 1,5 mlrd. avro kredit ayrılmasını razılaşdırıb. TAP TANAP-la türk-yunan sərhədində birləşəcək. O da vurğulanır ki, TANAP-ın Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşməsi məsələsi Ankara ilə Brüssel arasında gərgin diplomatik münaqişələrdən sonra münasibətlərin normalaşması istiqamətində aparılan danışıqlarla eyni vaxta təsadüf edib. Münasibətlərin pisləməsi Avropa İttifaqının Türkiyəyə 3,5 mln. suriyalı qaçqının saxlanması üçün 2016-cı ildə imzalanan və altı milyard avro ayrılacağı barədə məsələni sual altına saldı.
Yeri gəlmişkən, Rusiyanın nüfuzlu "Ekonomika- seqodnya” nəşri də TANAP layihəsi və onun beynəlxalq əhəmiyyətindən bəhs edən məqalə ilə çıxış edib. Müəllif yazır ki, Avropa qurumlarının TANAP-ı maliyyələşdirməsi Brüssel üçün layihənin nə qədər önəmli olduğundan xəbər verir.
Xatırladaq ki, TANAP layihəsi üzrə işlərin böyük hissəsi artıq görülüb. TANAP-ın baş direktoru Saltuk Düzyol bu yaxınlarda bəyan edib ki, TANAP-ın inşası çərçivəsində qurudakı 4 lot üzrə indiyədək 1570 kilometr uzunluğunda xəndək qazılıb və 1200 kilometr boruların qaynağı tamamlanıb. Türkiyənin təbii qazı qəbul edəcək Əskişəhər məntəqəsində 56 düymlük borulardan istifadə olunur. Boru kəmərinin Əşkişəhərdən Yunanıstan sərhədinə qədər olan hissəsi 48 düymlük borulardan inşa ediləcək. TANAP-ın 19 kilometrlik Çanaqqala boğazı hissəsi 36 düymlük iki paralel boru kəmərindən ibarət olacaq. Boru kəmərinin tikinti işləri çərçivəsində sahələrdə təxminən 10 min işçi çalışır. "Türkiyəyə nəql ediləcək ümumilikdə 6 milyard kubmetrlik qazın 2018-ci il iyunun sonunda ilkin mərhələdə 2 milyard kubmetri qəbul olunacaq. Həmin həcm sonrakı il 4 milyard kubmetrə, daha sonrakı il isə 6 milyard kubmetrə çatacaq”, - deyə S.Düzyol əlavə edib. O, həmçinin bildirib ki, 11,7 milyard dollar ilkin dəyəri olan TANAP layihəsinin tələb olunan kapital xərcləri hazırda 8,5 milyard dollara düşüb. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Bu il Azərbaycanın "Cənub Qaz Dəhlizi” layihəsinə 2 milyard 809 milyon dollar vəsait ayıracağı planlaşdırılır və bu həcmin 55,7 faizi yaxud da 1,566 milyard dolları TANAP-a sərf ediləcək. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. TANAP-ın tikintisinin 2018-ci ilin iyun ayının sonunadək başa çatacağı planlaşdırılır. Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 19 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, "Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

Azər NURİYEV



banner

Oxşar Xəbərlər