• şənbə, 20 Aprel, 05:09
  • Baku Bakı 15°C

Tamaşaçının diqqət mərkəzində dekorasiya yox, aktyor olmalıdır - Teatr

14.05.16 11:03 2569
Tamaşaçının diqqət mərkəzində dekorasiya yox, aktyor olmalıdır - Teatr
"Debüt” rubrikamızın qonağı C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının gənc rejissoru Nicat Qəribdir. Nicat 1991-ci il fevralın 14-də İmişli rayonunun Əliqulular kəndində dünyaya gəlib. 2008-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram rejissorluğu” fakültəsinə qəbul olub. Yaradıcılığa isə hərbi xidmətdən döndükdən sonra başlayıb.

- Rejissorluğa olan həvəs sizdə necə yarandı?
- Bu sənətə tam sevgi ilə gəlmişəm. Uşaq vaxtı televiziyada nümayiş olunan filmləri izləyirdim. Daha çox hind filmlərini bəyənirdim. Oradakı psixoloji konfliktlər diqqətimi çəkirdi. Anama deyirdim ki, gələcəkdə mən də rejissor olacağam. 10-cu sinifdə oxuyarkən qarşıma məqsəd qoydum. Bu məqsəd uğrunda var gücümlə çalışdım. Nəticədə istədiyim ixtisasa qəbul olundum. Universitetdə mərhum sənətkarımız, peşəkar rejissor Vaqif İbrahimoğlunun kursuna daxil olmuşdum. Tale elə gətirdi ki, V.İbrahimoğlu bizə 3 il dərs keçdi. 3-cü kursdan sonra bizi rejissor Əsgər Əsgərovun kursuna saldılar. Diplom rəhbərim isə Bəhram Osmanov oldu.

- Gələcəkdə aktyor kimi səhnədə, filmlərdə özünüzü realizə etməyi necə, düşünürsünüzmü?
- Əgər yaxşı rejissor olmaq istəyirsənsə, aktyorluq etməyi də bacarmalısan. Belə ki, səhnə həlli, plastikası, səhnə danışığı - bunların hamısına rejissor yaxından bələd olmalıdır. Hərdən tamaşalarımızda epizodik rollarda çıxış edirəm. Bu sənətdə tam sözümü dedikdən sonra bəlkə də aktyor kimi çıxışlarım oldu.

- Ailənizdə incəsənətlə məşğul olan varmı?
- Mənim çalışdığım sahədə işləyən yoxdur. Ancaq ədəbiyyatçılarımız var. Belə ki, qohumlarımdan Qəşəm Nəcəfzadə, Dayandur Sevgin, Kəramət Böyükçöl ədəbiyyat sahəsində qələmləri ilə sözlərini demiş insanlardır.

- Ədəbiyyatçıların içərisində böyümüsünüz. Özünüzdə belə bir istedad varmı?
- Mən özüm də əvvəllər şeirlər yazmışam, hətta mənim 2 şeirlər kitabım çap olunub. İndi də yazıram. Təkcə şeir deyil, pyes, roman da yazıram. Hələ ki onları üzə çıxarmıram. Hər şeyin öz zamanı və dövrü var.

- Deyirsiniz ki, pyes və romanlar yazırsınız. Bəs yazdığınız əsərlər nə zaman öz səhnə həlli tapacaq?
- Əgər pyes yazmaq istəyirsənsə, səhnəni tozuna, aktyoru nəfəsinə qədər tanımalısan. Daxilində dramaturgiyaya gəlmək istəyi varsa, sən teatrla yaşamalısan, o ab-havanı duymalısan. Özüm də teatr sahəsində çalışdığım üçün bu cəhətdən bəxtim gətirib. Niyə də olmasın? Gələcəkdə görsəm ki, mənim yazdıqlarım səhnə əsərinə çevrilə bilər, arzusunda olaram ki, yazdıqlarım öz səhnə həllini tapsın.

- Bu sənəti seçdiyinizə görə qınaqlarla üzləşdinizmi?
- Əslində bu sahəyə bir qədər yüngül sahə kimi baxırdılar, qəbul edə bilmirdilər. Çünki ucqar kənd yerində rejissorluq ixtisası o qədər də populyar deyil. Dayılarımdan təpkilər oldu ki, özümə başqa ixtisas seçim. Amma zaman keçdikcə onlar da gördülər ki, bu sahə də gözəl sahədir. Əslində o qədər də böyük qınaqla üzləşmədim.

- Universitet zamanı öyrəndiklərinizi iş prosesində tətbiq edə bilirsinizmi?
- Əlbəttə. Rəhmətlik Vaqif İbrahimoğludan öyrəndiklərim bugünə qədər də hafizəmdədir. Düzdür, ondan rejissorluğun bütün sirlərinə yiyələnə bilməsəm də, məlum məsələdir ki, tamlıqla bu sənətə yiyələnmək mümkün deyil. Ən azından teatrda tamaşa üzərində çalışanda, ilk olaraq haradan başlamaq lazım olduğunu, personajları necə təhlil etmək lazım gəldiyini, dramaturji təhlili necə aparmalı, aktyor seçimini necə etməli olduğumu Vaqif müəllimdən öyrəndim. Əsgər müəllimin kursunda da bildiklərimi təkmilləşdirdim. Şükürlər olsun ki, öyrəndiklərimi teatra tətbiq edə bilirəm.

- Bir az da İrəvan Teatrına gedən yoldan danışaq.
- Hərbi xidmətdən döndükdən sonra heç bir teatra müraciət etmədim. Film sahəsində səs rejissoru kimi çalışdım. Sonra düşündüm ki, burada vaxt itirirəm. Öz ixtisasım üzrə çalışmaq istəyirdim. Teatrımızın direktoru ilə tanış oldum. Ona özüm haqqında məlumat verdim. İftixar Piriyev məni teatra dəvət etdi və üç ay sınaq müddəti verdi. Üç aylıq sınaq müddətində Demet Çizmelinin "Cümhuriyyətin ilk sədası” adlı pyesi əsasında tamaşa hazırladım. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkdən bəhs edən bir pyes idi. Həmin tamaşa Çanaqqala zəfərinin 100 illiyinə həsr olundu.
Bu gün öz ixtisasımda çalışmağımda direktorumuza borcluyam. O, mənə çox dəstək olur və etimad göstərir. Şükürlər olsun ki, onun etimadını doğrulduram və bundan sonra da doğrultmağa çalışacağam. İkinci işim isə Hidayət Orucovun "İrəvanda xal qalmadı” əsəri oldu. Hazırda isə 3 əsər üzərində işləyirəm. Anton Pavloviç Çexovun "Ayı”, Elçin Əfəndiyevin "O da aşiq ola”, İsrail dramaturqu Yosef Bar - Yosefin "Qəliz adamlar” tamaşaları üzərində çalışıram.

- Teatrın repertuar planını kim seçir?
- Teatrın repertuar planı tutulanda, bədii şura keçirilir və səhnə həlli tapacaq olan əsərlər müzakirə olunur. Teatrın baş rejissoru Oruc Qurbanov və mənim iştirakımla seçimlər olur.

- İrəvan teatrının səhnəsi bərbad vəziyyətdədir. Kiçik bir otaqda tamaşa hazırlamaq sizə çətin deyil ki?
- Əslində doğrudan da teatrın binası bərbad vəziyyətdədir. Teatrımızın payına köçkünlük həyatı düşüb. Əbəs yerə teatrımızın kollektivinə qəhrəman sənətçilər demirlər. Çünki o cür bərbad şəraitdə yaxşı tamaşalar hazırlamaq, maraqlı premyeralar ərsəyə gətirmək çox çətindir. Məlumdur ki, tamaşa öz səhnəsində bişməlidir. Onun musiqisi, işığı, texniki avadanlıqları, rəssam işi teatrın öz səhnəsində hazırlanmalıdır. Bu məsələdə üzərimizə çox ağır yük düşür. Biz tamaşanı şəraitsiz vəziyyətdə hazırladıqdan sonra onun premyerasını böyük səhnədə edəndə işıq, səhnə məsələsini anında həll etməyə çalışırıq. Kollektivimiz hər bir çətinliyə tab gətirir. Hesab edirəm ki, yaxın zamanlarda teatrımız təmir olunar və biz də əziyyətdən azad olarıq.

- Gənc rejissor olaraq teatra hansı yenilikləri gətirməyi düşünürsünüz?
- İstər klassik, istərsə də modern teatrda bəyənmədiyim heç nə yoxdur. Hər bir şey öz dövrünün mükəmməlidir. Teatr rejissorun, aktyorun məhsuludur. Teatr sənəti onların beyninin təzahürüdür. Mən İftixar müəllimlə tanış olarkən o da mənə bu sualı vermişdi. Əslində mənim teatra gətirmək istədiklərim köhnəliyin içində qalan yeniliklərdir. Bu yaxınlarda Əsgər müəllimlə də söhbət edəndə o, bildirdi ki, biz hər şeyi əslində müasir üslubda, yeni formada işləməyə çalışaraq qayəni itirmişik. İtirdiklərimizi bərpa edib yeni formada teatra təqdim etmək istəyirəm. Əslində etmək istədiyim şeylər çoxdur. Buna həm yaşım, həm də təcrübəm kifayət etmədiyi üçün hələ ki gözləyirəm. Zaman gələcək, siz də yeniliklərimin şahidi olacaqsınız.

- Bəs, hədəfləriniz nələrdir?
- Heç zaman gələcək haqda düşünməmişəm. Bu günümlə yaşayan insanam. Gələcəyə gedib çatacağımı da bilmirəm. Çalışdığım sahə üzərində özümü vicdanla cəm edə bilirəmsə, işimin öhdəsindən gələ bilirəmsə, bu elə gələcəkdən xəbər verir.

- Xaricdə təhsil, əcnəbi rejissorlarla fikir mübadiləsi, daha çox təcrübə - bunları istəmirsinizmi?
- Əslində belə şeylər məni maraqlandırmır. Peşəkar rejissor olmaq üçün hər hansı sənədə, hər hansı kağız parçasına ehtiyacım yoxdur. Bunlar rəsmi məsələlər üçün lazımdır. Peşəkar rejissor olmaq istəyirsənsə, müşahidə qabiliyyətini genişləndirməlisən. Özünün baxış bucağın formalaşmalıdır. Daima öz üzərində çalışmalısan. Əgər üzərində çalışmağı bacarmırsansa, dünyanın heç bir peşəkar rejissoru sənə heç nə öyrədə bilməyəcək. Hər şey insanın özündən keçir. Sadəcə, doğru müşahidə etməyi bacarmaq lazımdır. Hələ ki buna ehtiyac duymuram.

- Kimləri özünüzə örnək bilirsiniz?
- Örnək götürdüyüm insan hazırda həyatda yoxdur. Onun məktəbi qəlbimdə, ruhumda, beynimdədir. Dərsini aldığım Vaqif İbrahimoğludur, yerdə qalanlar isə sevdiyim rejissorlardır. Azərbaycan Teatrında yaxşı rejissorlarımız var. Bəhram Osmanov, Əsgər Əsgərov, Oruc Qurbanov kimi böyük rejissorlarımız var. Hətta gənc rejissorlarımızın hər birinə böyük hörmətim var. Onların sənəti mənim üçün ucadır.

- Teatrda müxtəlif yaş dövrünə aid aktyorlar var. Gənc bir rejissorun onları səhnədə idarə etməsi necə qarşılanır?
- Teatrımızda gənc, orta və yaşlı nəslin aktyorları var. Bizim teatrın kollektivi mənə çox dəstək oldu, çox şükür ki, heç bir problemlə üzləşmədim.

- Hərdən gənclərə qarşı paxıllıq da olur. Sizcə, bu, nədən irəli gəlir?
- Bu, nə paxıllıq, nə də qısqanclıqdır. Mənim üçün bu özünü bəyənməklikdən irəli gəlir. Ola bilsin ki, məndən bir neçə yaş kiçik rejissor gələ bilər. Əgər mən onu bəyənmirəmsə, qəbul edə bilmirəmsə, mən heç kiməm. Gənc bir aktyor teatra gəlirsə, deməli, onun qabında nəsə var. Nə olsun ki, təcrübəsi yoxdur? Təcrübə insana birdən verilmir ki? Əgər sən onu bu sənətdə qəbul edə bilmirsənsə, onun inkişafına çalışmırsansa, deməli sən bu sənətin üzqarasısan.

- İndi müasir dövrdə yaşayırıq. Çağdaş dövrdə müasir texnologiyalar səhnələrə yol tapır. Sizcə, səhnədə müasirlik budurmu?
- Teatr canlı sənətdir. Slaydların səhnəyə gətirilməsinin tam əleyhinəyəm. Ondansa oturub film izləyərik. Bəzi gənc rejissorlar çalışırlar ki, filmlə teatrın ortaq məxrəcində bir şey hazırlasınlar. Mən bunun əlehinə deyiləm, əlbəttə, aktyorla elə çalışmaq lazımdır ki, o, həm filmdə, həm də teatr səhnəsində çalışmağı bacarsın. İşıq sistemi, texniki avadanlıqlar nə qədər müasir və zəngin olsa, bu, tamaşanın mükəmməlliyinə xidmət edir. Ancaq sırf səhnənin içərisində teatr səhnəsinə yad olan müasir texnologiyalardan istifadə etməyin tam əleyhinəyəm.

- Bəs dəbdəbəli dekorasiyalar necə?
- Əslində mən onların da əleyhinəyəm. Ona görə ki, bir səhnəni yaratmaq üçün sənə məkan lazımdırsa, balaca bir stuldan da istifadə edə bilərsən. Tamaşaçının diqqətini aktyordan kənara yayındırmaq olmaz. Dekorasiyalarla tamaşaçını qane etmək olmaz. Tamaşa zamanı tamaşaçı düşünməsin ki, görəsən bu dekorasiyanı necə hazırlayıblar? Müxtəlif dekorasiyalardan az miqdarda istifadə etmək olar. Əsasən aktyoru qabartmaq, onu ön plana gətirmək lazımdır. Aktyora öz oyununu göstərməsi üçün səhnə və məkan lazımdır. O dekorasiyadan istifadə etmək faydalıdır ki, həmin dekorasiya aktyora səhnədə xidmət edir. Əgər səhnədə göz oxşamaq üçün möhtəşəm dekorasiya düzəldirəmsə, bu, əlavə pul tələb edir. Möhtəşəm dekorasiyaya verilən pul aktyora verilsə, daha yaxşı olar. Möhtəşəm sənəti nümayiş etdirən aktyordur. Hər şey aktyora xidmət edir.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər