AZE | RUS | ENG |


"Tamaşaçımız kifayət qədərdir" - Fotolar

“Nizami” Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova: “Azərbaycan kino bazarında artıq canlanma var”

Sevindirici haldır ki, bu gün tamaşaçılar öz asudə zamanlarını kinoteatrlarda keçirməyə üstünlük verirlər. Bir neçə il bundan öncəyə nəzər salsaq, indi kinoteatra üz tutan tamaşaçıların daha çox olduğunun şahidi olarıq. Sözsüz ki, bu işdə reklamın və mətbuatın da rolu danılmazdır. 

Bu gün sizə təqdim edəcəyim müsahibim uzun müddətdir ki, "Nizami” Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan Arzu Əhədovadır. Mətbuat nümayəndələrinin suallarını operativ şəkildə cavablandıran, onlarla dil tapan, problemlərini anında həll etməyə çalışan peşəkar jurnalist Arzu xanım mətbuat katibləri arasında seçilir. Biz də son zamanlar "Nizami” Kino Mərkəzinin uğurlarını və inkişafını görüb, qurumun sözçüsü Arzu xanımla söhbət etdik və kinoteatrda baş verən bütün prosesləri ondan xəbər aldıq.   
 
- Arzu xanım, bildiyimiz qədəri ilə, siz uzun müddət mətbuatda çalışmısınız.
- Bəli, 10 ilə yaxın AZƏRTAC-da kollegiya katibi vəzifəsində çalışdım. Oradan işdən çıxandan sonra bir müddət işləmək istəmədim. Sonra gördüm ki, işsiz qala bilmirəm. Həmin ərəfələr "Nizami” kinoteatrında mətbuat katibinə ehtiyac var idi. Bu işi dəyərləndirmək qərarına gəldim.
 
- Günün istənilən saatı sizə ünvanlanan sualları dinləyib, operativ şəkildə cavablandırırsınız. İşinizə olan məsuliyyətiniz diqqətimizdən yayınmır. 
- Hansı peşənin sahibi olursan-ol, əsas məsələ işə olan sevgidir. Əgər  işini sevirsənsə və ona can yandırırsansa, istədiyin nəticəni də görürsən. Biz ictimai müəssisəyik, ona görə operativlik mütləq olmalıdır. İndi müasir zəmanədir. Çox zaman mətbuat nümayəndələri ilə zamanın tələbi olan "Email”, "Whatsapp”, "Facebook”, bir sözlə, sosial şəbəkələrlə əlaqə saxlayırıq. Hətta şənbə-bazar günləri mənim iş günüm olmasa belə, hər zaman mətbuat nümayəndələrinin suallarını cavablandırıram. Bildiyim məlumatları müraciət edən mətbuat orqanları ilə bölüşürəm. Onu da qeyd edim ki, AZƏRTAC-da işləməyin özü bir məktəbdir. Bu məsuliyyəti bizə AZƏRTAC aşılayıb. Bəlkə də indiki işimdə belə operativ olmağımın təsiri ondan qaynaqlanır. Digər tərəfdən, qarşındakı insana hörmət etmək lazımdır. Telefona cavab verməməyi, çalışdığım müəssisəyə aid sualı cavabsız qoymağı özümə yaraşdırmıram. Gərək biz öz işimizi layiqincə görək. 
 
- Hazırda kinoteatra tamaşaçıların marağı hansı səviyyədədir? 
- Tamaşaçı axını kifayət qədərdir. Burada repertuar da böyük rol oynayır. Belə ki, repertuarın rəngarəngliyindən, əməkdaşlarımızın tamaşaçıları qarşılamağından, binamızın istilik və soyuq sistemlərinin mövsümə görə hazırlanmasından da çox şey asılıdır. Tamaşaçının film izləyərkən komfortunun yerində olmasına çox önəm veririk. Filmlərimiz də hər həftə dəyişir. Belə ki, yeni filmlər repertuara daxil edilir. Hər filmin də öz tamaşaçı auditoriyası var. Yayda bir qədər tamaşaçı axını az olur, o da tətillərdə insanların ölkə daxilində az olması ilə əlaqədardır. Ancaq mövsüm vaxtı hər zaman tamaşaçımız olub. Biz reklama da çox üstünlük veririk. Film nümayiş olunmamışdan əvvəl anonslarımız gedir. 
 
- Bəzən küçələrdə, ictimai nəqliyyat vasitələrinin üzərində nümayiş olunacaq filmlərinizin reklamı ilə rastlaşırıq. Ümumiyyətlə, reklam filmə nə qədər gəlir gətirir?  
- Filmin reklamı çox önəmlidir. Amma tək reklamla baxış sayı əldə etmək mümkün deyil. Filmin ssenarisindən, səslənməsindən, çəkilişindən, kinonu ərsəyə gətirən yaradıcı heyətin peşəkarlığından da çox şey asılıdır. Qala gecələrimiz olmamışdan əvvəl kinoteatrımızın "Facebook” səhifəsində, saytımızda paylaşımlar edirik. Çalışırıq ki, müxtəlif üsullardan istifadə edərək tamaşaçıları kinoteatra cəlb edək. 
Onu da əlavə edim ki, son illər yerli filmlərimiz üstünlük təşkil etməyə başlayıb. Tamaşaçılarımız yerli filmlərə də maraq göstərirlər. Onların içində elələri var ki, heç də xarici filmlərdən geri qalmır. Hələ həmin filmlərdən daha gözəl izlənilir. Hazırda "Hoqqa” filmi nümayişdədir. Kifayət sayda izləyicisi var. Ondan əvvəl "Naxox” filmi təqdim olunmuşdu.  
 
 
 
- Yerli filmlərimiz baxış sayına görə xarici filmlərlə rəqabətə girə bilirmi?
 -  Əlbəttə, rəqabətə girə bilir. Bəzi milli filmlərimiz heç də xarici filmlərdən geri qalmır. Ümumiyyətlə isə, xarici filmlər daha çox izlənilir. Bir çox xarici filmlərimizi alt yazısı ilə veririk. Son vaxtlar isə Azərbaycan dilində dublyaj olunmuş variantda təqdim edirik. 
 
- Hansı ölkənin filmlərinə daha çox üstünlük verirsiniz?
 - Repertuarımızda müxtəlif filmlər yer almaqdadır. Hər həftə mütləq şəkildə yerli filmimiz olmalıdır. Türkiyə, Amerika, Avropa filmlərinə daha çox müraciət edirik. Əgər uşaqlar üçün dünya bazarında hər hansı yeni bir animasiya filmi çıxıbsa, distribyuterlə danışıb, həmin filmi götürürük. Qeyd edim ki, dünya bazarına yeni çıxan filmlərin əksəriyyətini bizim repertuarımızda görə bilərsiniz. Bu gün Azərbaycan kino bazarında kiçik də olsa canlanma var. Əvvəlkinə nisbətən bu gün Azərbaycana daha çox filmlər gəlir.
 
- Kinoteatrda təşkil olunan qala gecələrində filmlərin baş qəhrəmanları da iştirak edir. Maraqlıdır, efirə çıxmaq üçün 10 min manatdan başlayan qiymətlər söyləyən həmin simalar qala gecəsi üçün sizdən nə qədər pul tələb edir? 
- Qalada iştirak edən xarici aktyorlara pul ödəmirik. Biz artıq bir neçə ildir ki, onları Bakıya gətirən distribyuterlərlə çalışırıq. O müqavilə əsnasında aktyorları dəvət edirik. Onlar Azərbaycana filmlərini təqdim etmək üçün gəlirlər. Filmin satılması, baxılması da həmin təqdimatdan asılıdır. Düzdür, bu zaman kinoteatrın özünün bir sıra xərcləri çıxır. Onların buraya gəlməkləri, qalmaqları və s. Ancaq sırf iştirak üçün aktyorlara pul ödəmirik. Qala gecələrinin təməlini məhz bizim kinoteatr  qoyub. Bir neçə ildir ki, kinoteatrımızda qala gecələri keçirilir. Son illər isə bizim yerli qalalarımız da keçirilir. Bacardığımız qədər imkan yaradırıq, çalışırıq ki, təqdimatlarımız çox olsun. Təqdimatı geniş şəkildə keçirilən filmlər daha çox izlənilir. 
 
- Keçirdiyiniz qala gecələrinə əsasən türk aktyorları dəvət olunur. Bəs digər ölkələrin aktyorlarını niyə dəvət etmirsiniz?
- Bu barədə danışıqlar gedir. Biz bunun üçün çalışırıq. Türk filmi bizim tamaşaçı üçün doğmadır. Çünki tamaşaçıların çoxu türk dilini başa düşür. Dil də burda rol oynayır. Xeyli vaxtdır ki, biz türk filmlərini də alt yazılarla təqdim edirik. Türk dilini bilməyən tamaşaçı da o filmi izləyə bilsin. Türk filmləri daha çox izlənilir. Digər tərəfdən, türk kinematoqrafiyası çox yaxşı inkişaf edib, onların filmləri heç də digər xarici ölkələrin filmlərindən pis olmur. 
 
 

- Qala gecələrində kinoteatrda sözün həqiqi mənasında izdiham yaşanır. Həmin gecələrdə özlərini jurnalist kimi təqdim edib, mətbuat üçün nəzərdə tutulan oturacaqlardan yararlananları da görürük. Onlarla necə mübarizə aparırsınız?
- Qala gecələrinə əsasən özümüz əməkdaşlıq etdiyimiz jurnalistləri dəvət edirik. Film haqqında anons da verəndə bizimlə əməkdaşlıq edən jurnalistlər bilirlər ki, bizdə qala filan tarixdə baş tutacaq. Onlar bizdə qeydiyyata keçirlər və biz onları siyahıya salırıq. Bu haqda işdə öz əməkdaşlarımızla da müzakirələr aparırıq. Bəzən qala gecələrində elə saytlardan jurnalistlər gəlir ki... Düzdür, biz heç kimin ürəyini qırmaq istəmirik. Həmin "jurnalist”ləri geri çevirmirik. O da baxır jurnalistin vicdanına. Bir də görürsən ki, bir jurnalist bizimlə əməkdaşlıq etmir, gəlib, yanında da 3-4 nəfər həmkarını gətirib. Həmin an biz zaman ayırıb, onları yoxlaya bilmirik. Həm də lazım da bilmirik ki, kimdənsə bir inciklik olsun. Yerimiz olanda çalışırıq, hamını yerləşdirək ki, filmi izləyə bilsinlər. Son zamanlar qərara gəlmişik ki, sırf bizimlə əməkdaşlıq edən müxbirləri dəvət edək. Hərdən olur ki, çalışdığımız jurnalist ayaq üstə qalır, tanımadığımız jurnalistsə əyləşir. Çalışırıq ki, bu kimi hallar bir daha təkrarlanmasın.  
 
- Yeri gəlmişkən, qala gecələrində iştirak üçün hər hansı bir məşhur aktyor kinoteatra gələndə, əsasən xanım tamaşaçılar bir qədər əndazəni aşır, bəzən az qala, ona hücum çəkirlər. Bu da sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur. Bu cür tamaşaçılara qarşı hər hansı tədbir görməyi necə, düşünürsünüzmü?
- Bizim üçün tamaşaçı tamaşaçıdır. Onlar hansısa aktyorların fanatlarıdır. Gələn tamaşaçı istəyir ki, həmin aktyorla ünsiyyətdə olsun, şəkil çəkdirsin. Ancaq bu mümkün olmur. 600 nəfər insanın arasında hamıya şərait yaratmağa imkanımız yoxdur. O şərait tək bizdən asılı deyil. Həmin aktyor öz komandası - mətbuat katibi, PR meneceri, mühafizəçisi ilə gəlir. Belə olan halda biz də çox müdaxilə etmirik. Hər dəfə distribyuterə deyirik ki, heç olmasa 20-30 nəfərə şərait yaratsınlar ki, onlara da bu qala gecəsi xatirə qalsın. Çalışırıq ki, bizim tamaşaçıya qarşı hörmətsizliyimiz olmasın. Sonuncu dəfə Murad Boz "Dönərsə senindir” filmi ilə gəlmişdi. Onun bir fanatı Murad haqqında kitab çap etdirmişdi. Murad Boz özü heyrətə gəlmişdi ki, bütün bu informasiyaları necə əldə edib. Çox zaman tamaşaçılarımız olur ki, aktyorların rəsmlərini çəkirlər və onlara da şərait yaradırıq ki, şəkillərini təqdim etsinlər. Bacardığımız qədər çalışırıq ki, tamaşaçılarımız hörmətsiz vəziyyətdə qalmasın. Biz istəyirik ki, tamaşaçının ürəyincə olsun. Bəzən bizə irad tutanlar, inciyənlər də olur. Amma biz tamaşaçılarımız arasında ayrı-seçkilik etmirik, hər kəsə eyni gözlə baxırıq. 
 
- Qala gecələrində sonra mətbuat nümayəndələri ilə görüş keçirilir. Gələn qonaqlar öncədən sizə hansı sualların verilməməsi ilə bağlı müraciət edirlərmi?
- Mətbuat konfransı vaxtı elə məqamlar olur ki, bizə də, qonaqlara da xoş gəlmir. Çalışırıq ki, özəl suallar verilməsin. İstəyərik ki, onlar bizdən incik getməsinlər. Ancaq onlar bəzən özəl suallardan imtina edirlər. Həyatları ilə bağlı ümumi suallarda isə problem yaratmırlar. Ümumiyyətlə, müqavilə əsasında belə şərtlər olmur. Gələn aktyorlar Azərbaycanı sevirlər. Misal üçün, Burak Özçivit dəfələrlə Azərbaycana gəlib. Elə olub ki, qaladan sonra səhər təyyarə ilə geri qayıtmalıdır, ancaq xahiş edib ki, biletinin vaxtı dəyişdirilsin, Bakını gəzsin.
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002