• cümə, 29 Mart, 19:37
  • Baku Bakı 14°C

“Tamaşaçılarımızı karikatura ilə bərabər, oxumağa da alışdırırıq”

08.04.20 15:46 3360
“Tamaşaçılarımızı karikatura ilə bərabər, oxumağa da alışdırırıq”
Fərid Hüseynli: "Karikatura cəmiyyəti özünə güldürmək üçün istifadə olunan ən gözəl silahdır"

Nədənsə hər dəfə karikatura deyiləndə, "Molla Nəsrəddin” jurnalını xatırlayıram. Azərbaycan xalqının ictimai və mədəni şüurunun inkişafında mühüm rol oynamış bu jurnalı Cəlil Məmmədquluzadənin dediyi kimi, həyatın özü yaratmışdı. Bu gün də karikaturaçı rəssamlarımızı zəmanə, mühitin özü yetişdirir. Onlar barmaqla sayılası qədər olsalar da, indi nə o jurnallar qalıb, nə də qəzetlərdə karikaturalar. Bu günün karikaturaçıları jurnal və qəzet qoxusundan uzaqdır. Səbəbləri gənc karikaturaçı Fərid Hüseynli ilə müzakirələrdə aydınlaşdıracağıq.
"Kaspi"nin qonağı olan gənc karikaturaçıdan, ilk növbədə karantin günlərini necə keçirdiyini soruşduq.

- Karantin günlərini təyinatına uyğun keçirməyə çalışıram. Məcbur olmadıqca çölə çıxmıram. Sosial öhdəçiliyimi yerinə yetirərək öz izləyicilərimə də bu mövzuda istiqamət verirəm. Karikaturalarımın altında mətnlərdə bu yöndə çağırışlar edirəm. Polislərimizə və həkimlərimizə dəstək olmaq məqsədi ilə izləyicilərimi evdə qalmağa, məcbur olmadıqca çölə çıxmamağa çağırıram. Bu mövzuda karikaturalarımı gündəmə uyğun olduğu üçün deyil, belə çətin gündə vətəndaşlarımızın qayğısına qalan insanlar üçün çəkməyə çalışıram. Bizim üçün fəaliyyətini davam etdirməyə məcbur olan həkimlərimiz, polislərimiz, market və aptek işçilərimiz çətin və təhlükəli dönəmdən keçirlər. Karikaturlarımla onlara bir qədər dəstək olmağa, bacarıq və imkanlarım çərçivəsində bu mövzuda karikaturalar çəkməyə çalışıram. Müəyyən bir təbəqə başqa vaxt giley edirdi ki, kaş, bütün günü evdə qalaydıq, yatıb-dincələ biləydik. Hazırda əllərinə elə bir şans düşsə də, tərslikləri tutub, çölə çıxmaq həvəsi yaranıb.

- İndi sosial şəbəkədə sizin karikaturlarınız gündəmi zəbt edib.

- Deyəsən koronavirusdan xeyir qazanan mənəm (gülürük).

- Karantin günlərində nə edirsiniz?

- Yaxın günlərdə qızım dünyaya gəlib, onunla başımı qatıram. Boş zamanlarımda karikatura çəkirəm və mütaliə edirəm.

- Əvvəllər qəzet və jurnallarımızı karikaturalar bəzəyirdi. Bu gün qəzetlərimizdən karikaturlar yoxa çıxıb. Siz bunu nə ilə əlaqələndirirsiniz?

- Hər dövrün öz tələbi var. Bu günün tələbi isə sosial şəbəkə və saytlardır. Səhər yuxudan oyanıb, köşkə gedib qəzet almaqdansa, elə yerindəcə telefonla istədiyin sayta daxil olub, informasiyanı ordan əldə etmək imkanı var. Bunun nəticəsində də qəzet və jurnallara olan tələbat azalır. Nəticə etibarilə karikaturaçılara tələbat da azalmağa başlayır. Karikaturaçılara müraciət edənlər onlara əməyinin müqabilində çox az qiymətlər təklif edirlər. Bu iş yetərincə zaman aldığı üçün o cüzi məbləğlə razılaşmaq da mümkün olmur. Çox istərdim ki, bugünkü qəzetlərdə karikatura bölümləri olsun.

- Karikatura insanların özlərini özlərinə güldürməsi üçün istifadə edilən sənət olduğu üçün bəlkə də bu gün o qədər də reytinqli deyil.

- Karikatura cəmiyyəti özünə güldürmək üçün istifadə olunan ən gözəl silahdır. Düzdür, bir o qədər də müraciət edilən sahə olmasa da, indi də istifadə edilir. Yeni nəslin nümayəndələrinə karikatura maraqlı gəlir. Əvvəlki nəsillər "Molla Nəsrəddin"in köhnə külliyatına baxıblar və karikaturadan xəbərdardırlar. Yeni nəsil isə bundan xəbərsizdir. İndi sosial şəbəkə vasitəsi ilə görürlər və bu onlara yeni gəlir. İndiki dövrdə karikatura az müraciət olunan sahə olsa da, öz kütləsini tutandan sonra daimi izləyicilər qazanır.

- Sosial şəbəkədə kifayət qədər izləyiciləriniz var. Elə bunun özü marağın çox olduğunun göstəricisi deyilmi?

- İnstagram səhifəmdə hardasa həftəlik 1 milyona yaxın insan aktivliyi görünür. Əslində, bu, yaxşı nəticədir. Sosial şəbəkələrin üstünlüyü odur ki, daha böyük kütlə tərəfindən izlənilirsən. Çatdırmaq istədiyin mesaj daha çox insana çatmış olur. Beləliklə, ucqar bölgələrdə yaşayan insanlara qədər gedib çıxmaq imkanına sahib olursan. Ancaq yenə də dərgi mənim diqqətimi daha çox çəkir.

- İzləyiciləriniz daha çox hansı nəslin nümayəndələridir?

- Statistikaya baxanda görürəm ki, sosial şəbəkədə daha çox gənclər tərəfindən izlənilirəm. Ancaq cəmiyyət içinə çıxanda, yaşlı insanlar mənə yaxınlaşır və çəkdiyim karikaturalar haqqında fikirlər bildirirlər. Məncə, karikaturalarımı onlar daha aydın başa düşürlər. Yaşlıların geridönüşü daha real alınır.

- Bu gün karikaturadan gəlir əldə etmək mümkündürmü?

- Təbii ki, mümkündür. Müxtəlif xəbər saytları, jurnallarla, bunlarla paralel olaraq şirkətlərlə əməkdaşlıq edirəm. Bəlkə də bu sahədə işləyən az olduğu üçün daha çox təklif alıram. Amma məni qane edəcək səviyyədə gəlir əldə edə bilirəm.

- Sizcə, niyə indi karikaturaya maraq göstərənlərin sayı azdır?

- Mən başlayanda, bu sahədə bir neçə karikaturaçı vardı. Onların da işi az-çox kütləyə çıxırdı. Mən isə işlədikcə, əl işlərimi instagram üzərindən paylaşmağa başladım. Bu da məni daha çox tanıtdı. Təəssüf ki, bu gün karikatura sənətini öyrənmək istəyənlər yoxdur. Mən özüm xarici mütəxəssislərin videolarına baxaraq öyrənmişəm. Bunun təhsili olmadığı üçün bu sahə boş qalıb.

- Bir karikaturanı hazırlamaq üçün nə qədər zaman sərf edirsiniz?

- Baxır karikaturaya. Elə karikatura olur ki, ideya olaraq tam mənə səmimi, yaxın gəldiyi üçün onun kölgələrini, işığını, içindəki informasiyanı daha detallı işləyirəm. Elə karikatura da olur ki, gündəmdə olduğu üçün çəkirəm. Tez-bazar yola verdiklərim də olur. Buna görə də zaman dəyişkən olur. Bəzən 1 saata, bəzən də 1 günə çəkirəm.

- Personajları gündəmə uyğun olaraq seçirsiniz? Seçdiyiniz personajlara görə sizdən inciyənlər olubmu?

- Bu günə qədər təsadüfi personalara üstünlük vermişəm. Hadisəni şərh etmək üçün onlara müraciət etmişəm. İndi isə çalışıram ki, cəmiyyətdə tez-tez qarşılaşdığım milli personajlara üstünlük verim. Misal üçün, ictimai nəqliyyatdan istifadə etdikdə, gördüyüm insanların simalarını karikaturalaşdırmağa çalışıram.

- Niyə məhz o insanların?

- Çünki onların timsalında insanlar sanki özlərini görmüş olurlar. Belə olduğu halda, müsbət reaksiyalar verirlər.

- Hər hansı jurnal və qəzetə bir guşə yaratmaq üçün müraciətləriniz olubmu?

- Jurnal təsis edən insanların karikaturaya marağı yoxdur. Bəzən görürsən, elə mənasız şeylərə maliyyə ayırırlar ki, insan bir anlıq düşünür ki, bu sahəyə də maliyyə ayırıb, daha çox oxucu cəlb etmək olardı. Mən öz yaşantımı dərgidən formalaşdırsaydım, daha yaxşı karikaturaya zaman ayırardım. İndi daha çox reklam xarakterli karikaturalar çəkirəm, bu da mənim yaradıcı tərəfimi bir növ tənbəlləşdirir. İdeya gələndə, eyni həvəslə çəkmək olmur. Bir növ kölgədə qalır.

- Karikatura animasiyaya çox yaxın bir sahədir. Animasiya ilə məşğul olursunuzmu?

- Son 2 ildir ki, animasiya üzərində işləyirəm. Bu iş üçün geniş maliyyə, zaman və möhtəşəm texnikalar lazım olsa da, bunların hamısını öz imkanlarım daxilində etməyə çalışıram. Texnikamın gücü çatdığı səviyyədə əlimdən gələni etməyə çalışıram. Animasiyaya, "Youtube" üzərindəki fəaliyyətimi genişləndirmək üçün başlamışdım, amma bir müddətdən sonra dayandırmağa məcbur oldum.

- Nə üçün dayandırdınız?

- Çünki bu çox zaman tələb edirdi və maddi olaraq geridönüşü olmurdu. İzləyici istədiyim qədər deyildi. Bəlkə də çox izlənilsəydi, həvəslənərdim. Bir neçə dəfə televiziyalara müraciət etsəm də, onlardan müsbət cavab almadım. Mənə maraqlıdır, nə üçün uşaqlarımız xarici animasiya filmlərinə baxmalıdır? Öz animasiya filmlərimiz var ikən niyə məhz xaricilərə müraciət etməliyik?

- Sizcə, bu laqeydlik animasiya filmlərimizin sonunu gətirirmi?

- Əlbəttə. Bu, insanlarımızın sənətə olan biganəliyinin nəticəsidir. Efirlərimiz toy verilişləri ilə doludur, insanları maarifləndirmək əvəzinə toy verilişlərinə meyilləndirirlər. Artıq tamaşaçıların beyni toylara və bu kimi verilişlərə formatlanıb. Maarifləndirici verilişlər onlara maraqlı deyil və belə olduğu halda, bu verilişlər reytinqsiz qalır. Sonra da deyirlər reytinq vermədiyi üçün bağladıq.

- Necə düşünürsünüz, bu gün sosial şəbəkələr televiziyaları üstələyə bilibmi?

- Ayrı-ayrı kontentlərdə bu fikrə gəlmək olar ki, sosial şəbəkələr televiziyanı üstələyib. Bu gün "Youtube"un özündə də hər gün efir, fərqli proqramlar izləmək mümkündür. Deyərdim ki, hər birinin öz izləyicisi var.

- Bu günün tamaşaçısı görüntüyə üstünlük verir. Nədənsə uzun mətnləri oxumaq istəmirlər. Siz karikaturalarınızda buna nə qədər önəm verirsiniz?

- Bu günün tamaşaçısı informasiyanı rahatlıqla almağa çalışır. Diqqət etmişəm ki, karikaturalarda söz çox olanda, az like gəlir və görürəm ki, ilkin reaksiya az olur. İlkin reaksiya çox olduqda, o karikatura daha çox insana çatmış olur. 6 ildir instagram üzərindən müəyyən testlərlə yoxlayıram. Tam sözsüz karikaturalar daha çox izlənilir. Misal üçün, bir neçə gün əvvəl koronavirusla zoğal mürəbbəsini paylaşmışam. Dialoq olaraq da "This is Azərbaycan" yazmışdım. Bir gecədə o karikaturanı 2000-dən çox insan bəyənmişdi. Artıq bir ildən çoxdur dostum Seymur Orucla karikaturaları mətn formasında şərh edirik. Fikir verirəm ki, artıq mətnləri oxuyan insanların sayı artıb. Tamaşaçılarımızı karikatura ilə bərabər, oxumağa da alışdırırıq. Çox adam yazır ki, oxumayan adamı oxutdurdunuz. Bunun özü yaxşı nəticədir. Karikaturadan çox mətnə də rəy yazırlar.

- Sərt rəylər yazan olurmu?

- Yetərincə olur. Əvvəllər daha aqressiv rəylər yazırdılar. Onlara bəzən cavab yazırdım, bəzən də bloka atırdım. İndi görürəm ki, hər cür insan mövcuddur və onlar heç zaman məmnun qalmayacaq, buna görə də artıq reaksiya vermirəm.

Xəyalə Rəis






banner

Oxşar Xəbərlər