• cümə axşamı, 18 aprel, 19:12
  • Baku Bakı 21°C

“Tamaşaçılarımı razı salmaq üçün var gücümlə çalışıram” Müsahibə

05.12.13 08:08 1764
“Tamaşaçılarımı razı salmaq üçün var gücümlə çalışıram” Müsahibə
3 yaşından musiqiyə böyük marağı olan, Azərbaycan Dövlət Televiziyasında “Bənövşə” və “Nargilə” mahnıları ilə böyük səhnəyə qədəm qoyan, I Muğam televiziya müsabiqəsinin qalibi Bəyimxanım Vəliyeva uzun müddətdən sonra solo-konsert proqramı ilə tamaşaçıları qarşısında çıxış etməyə hazırlaşır. Belə ki, sənətçinin konserti dekabrın 18-də Heydər Əliyev Sarayında baş tutacaq.
Gənc ifaçı konsertinə ona daha çox uğur gətirən “Yollara yağış yağır” mahnısının adını qoyub. Konsertə hazırlaşan ifaçı paytaxtımızda verəcəyi ilk konserti barədə təəssüratlarını “Kaspi”yə bölüşdü. İfaçı əmindir ki, konsertə gələn tamaşaçılar onun sərgilədiyi performansdan razı qalaraq salonu tərk edəcəklər.
Əlimdən bu gəlirdi

- Konsertin hazırlıqları necə gedir?

- Hazırda konsertdə ifa edəcəyim mahnılar üzərində işləyirik. Allahın izni ilə dekabrın 18-i Heydər Əliyev Sarayında məni sevənlərlə konsert proqramı ilə görüşüm olacaq. Çalışıram ki, konsertdə rəngarəng mahnılar ifa edim ki, hər kəsin könlünü oxşaya bilim. İndi repertuarımdan sevilən mahnılarım üzərində çalışıram. Konsertdə muğam və xalq mahnıları ilə bərabər, sevilən bəstəkar mahnılarımı da ifa edəcəyəm. Düşünürəm ki, bu konsert məni sevən tamaşaçılar üçün maraqlı olacaq. Tamaşaçılarıma xoş anlar yaşatmaq üçün mən də öz növbəmdə var gücümlə çalışıram.
- Bildiyimiz qədər, biletlərinin qiyməti 10-60 manat arasındadır. Qiymətlərin bu qədər ucuz olmasına səbəb nədir? Axı belə konsertlərin qiyməti 100 manatdan başlayır...

- Bəli. Biletlərin qiymətinin 10-60 manat arasında olmasına özümüz qərar vermişik. İstəyirəm ki, ürəyi istəyən insanların hamısı konsertimdə iştirak edə bilsin. Bunun üçün hər kəsin imkanı çata biləcək məbləğ müəyyənləşdirmişik. Elə insan var ki, konsertə gəlmək istəyir, ancaq bileti almağa imkanı, gücü çatmır. Bir ifaçı olaraq işin bu tərəfini də düşündüm. İstədim elə olsun ki, ürəyi istəyən hər kəs o konsertdə iştirak etsin. Mənim də əlimdən bu gəlirdi.
- Maraqlıdır, konsertə sənət dostlarınızdan kimləri dəvət edəcəksiniz?

- Dəvətnamələri yeni almışam. Nəzərinizə çatdırım ki, Heydər Əliyev Sarayı tərəfindən mənə verilən dəvətnamələr çox az saydadır. Çalışacam ki, ilk növbədə ustadlarım o konsertdə iştirak etsin. Təbii ki, başda xalq artisti Ağaxan Abdullayev olmaqla, müəllimlərimin hamısını dəvət edəcəm. Biletlərin sayından asılı olaraq sənət yoldaşlarımı da çağıracağımı düşünürəm. Bu barədə hələ bir qərar verməmişəm. Bacardığım qədər çalışacam ki, heç kim məndən incik getməsin. Bu məsələyə xüsusi diqqət yetirəcəm.
İlk təklif onlardan gəlib

- Bu, sizin vətənimizdə verdiyiniz ilk konsertinizdir. 3 yaşından səhnədə olan bir ifaçı üçün ilk konserti indi vermək bir az gecikmiş deyilmi?

- Mənim ilk solo konsertim İsraildə olub. Orada “Qafqaz və Ivrit dağları arasında” adlı Beynəlxalq Musiqi Festivalında da çıxış etmişəm. İsrail musiqiçilərinin müşayiəti ilə iki saatlıq solo konsert verdim. Bundan əlavə, Türkiyədə də konsert proqramı ilə çıxış etmişəm. Bu, mənim vətənimdə ilk konsertim olacaq. Bunun üçün ciddi-cəhdlə çalışıram və işimin məsuliyyətini hiss edirəm. Burada konsert verməyimə gəlincə isə, konsert proqramı ilə çıxış etmək təklifi mənə ilk olaraq Heydər Əliyev Sarayından gəlib. Onlar söylədilər ki, sizin ifanızda konsert proqramı təşkil etmək istəyirlər. Biz də razılaşdıq.
- Konsertdə neçə mahnı ilə çıxış edəcəksiniz?

- İfa edəcəyim mahnıların sayı çoxdur. Onların hamısının adını dəqiq deyə bilmərəm. Hazırda “Bayatı Şiraz” dəsgahının üzərində çalışıram. Qalan mahnıların adlarını tam dəqiqləşdirməmişik. Təxminən deyə bilərəm ki, konsertdə 15-20 mahnı ifa edəcəm.
- Konsert neçə saat davam edəcək?

- Konsertin 2 saat ərzində gerçəkləşəcəyini nəzərdə tutmuşuq.
- Hansısa muğam ifaçısı ilə duet gözlənilirmi?

- Bəli. Tanınmış və sənətinə hörmət etdiyim bir ifaçı ilə duetim olacaq. Ancaq onun adını açıqlamaq istəmirəm. Müraciət etdiyim mahnını da söyləməyəcəm. Bunu konsertə gələn tamaşaçılara sürpriz edəcəyik. Onu da qeyd edim ki, konsertdə yeni mahnılarım da olacaq.
- Bəyimxanım, “Ağ ölüm” layihəsini yekunlaşdıra bildinizmi?

- O layihəni hələ tam yekunlaşdırmamışıq. Araya bu konsert düşdü deyə, layihəni bir az gözlətməli olduq. Konsertdən sonra “Uçurum” adlı mahnıya klip çəkmək istəyirik. Mahnının sözləri Sona Vəliyevaya, musiqisi Novruz Aslana məxsusdur. Konsertdən sonra da yeniliklərimlə tamaşaçılarımı sevindirməyə çalışacam.
Qeyd edək ki, Bəyimxanım Vəliyeva ilk dəfə Azərbaycan Dövlət Televiziyasında böyük səhnəyə qədəm qoyub. O, hansı müsabiqədə iştirak edibsə, hər zaman qələbə qazanıb. B.Vəliyeva “Ananın səsi”, “Yeddi on yeddi”, “Pöhrə-97”, “İstedadlar axtarırıq”, “Kainat” kimi müsabiqələrin də qalibidir. 2002-ci ildə respublika muğam müsabiqəsinin “Qran-pri” mükafatını qazandıqdan sonra xalqın sevimlisinə çevrilib.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər