Tamaşaçıları “yay intizarı”na salacaq seriallar
Məqalələrin birində oxumuşdum ki, seriallar bir tərəfdən
kütləvi mədəniyyətin fenomenidirsə, digər tərəfdən real həyata təsir alətidir.
Əvvəllər evdar xanımların asudə zamanları üçün nəzərdə tutulan seriallar indi
yeniyetmələr, gənclər, hətta yaşlı nəslin nümayəndələrinin də diqqətini cəlb
edib. Ümumi götürdükdə, "biz yerli seriallara baxmırıq” deyən tamaşaçının
fikirləri ilə reytinq göstəricilərinin üst-üstə düşmədiyinin şahidi oluruq.
Yerli seriallarımızla bərabər, dünyaya açılan peyk antenalar nəticəsində
türk seriallarını da çox izləyirik. Belə ki, son 5 ildə Türkiyədə çəkilən seriallar nəinki
qonşu dövlətlərə, hətta uzaq ölkələrə qədər gedib çıxır, yüksək məbləğdə
satılır da. Odur ki, bizim tamaşaçılarımız da türk seriallarını izləməsində
təəccüblü nəsə axtarmağa dəyməz.
Növbəti həftədən etibarən Türkiyədə nümayiş olunan seriallar mövsüm
sonuna çıxmağa hazırlaşırlar. Artıq əksər seriallarla bağlı verilən anonslarda növbəti
həftədən nümayiş olunmayacağı, tamaşaçıların payıza qədər intizarda qalacaqları
bildirirlər. Bir çox sevilən Türkiyə filmlərinin isə elə üzümüzə gələn həftədən
başlayaraq final bölümü göstəriləcək. Azərbaycanda da türk seriallarının kifayət
qədər tamaşaçısının olduğunu nəzərə alaraq, bu mövsüm başa vuran, amma gələcək
mövsümdə davam edəcək serialları nəzərdən keçirdik.
Zamanından öncə bitən seriallar
İlk olaraq daha tez final bölümü ilə tamaşaçılarla vidalaşan serialları araşdırdıq.
Onlardan "Siyah İnci”, "Kalp Atışı”, "Meryem”,
"Kırgın Çiçekler”, "Kalbimdeki Deniz”, "Bahtiyar Ölmez”, "Şevket Yerim
Dar”, "Yuvamdaki Düşman”, "Börü”, "Kızlarım İçin”, "Gülizar”, "Bir Mucize Olsun”,
"Tehlikeli Karım”, "Servet”, "Mehmed ‘Bir Cihan Fatihi” kimi serialların
adlarını çəkmək mümkündür. Bu seriallar final bölümünü yayımlamaq üçün mövsüm
sonunu gözləmədilər.
6 serialın finalı olacaq
Araşdırmamız zamanı öyrəndik ki, bu mövsüm Türkiyənin 6 məşhur
serialı finala hazırlaşır. Onlardan bizim də sevərək izlədiyimiz "Eşkiya dünyaya hükümdar olmaz”, "Vatanım
sensin”, "İstanbullu gelin”, "Siyah beyaz aşk”, "Aslan Ailem”, "Fazilet hanım
ve kızları” seriallarını misal gətirə bilərik. Hansı ki, bu seriallar bir neçə
il bundan öncə yayıma başlamış, çox böyük reytinq yığmışdı. Rejissorlar
serialları bu ildən artıq uzada bilməyəcəklərini, əks təqdirdə serialların reytinqinin aşağı düşəcəyini
proqnozlaşdırırdılar.
İyunun 9-u uzun müddətdir ki, davam edən "Fazilet hanım ve kızları”
serialının vinal bölümü nümayiş olunacaq. Bu axşam "Vatanım sensin”
serialının da final bölümü tamaşaçılara təqdim olunacaq.
Yeni mövsümdən davam edəcək
seriallar
2018-ci ilin əvvəllərində qadının mübarizəsini və haqsızlığa sinə gərməyindən
bəhs edən, Osman Sınavın rejissorluq etdiyi "Sen anlat Karadeniz"
serialı isə növbəti mövsüm davam edəcək seriallardandır. Növbəti mövsüm "Mehmed
Bir Cihan Fatihi”, "Kadın”, "Ufak Tefek Cinayetler”, "Diriliş Ertuğrul”, "Arka
Sokaklar”, "Savaşçı” "Avlu”, "Aşk ve Mavi", "Çocuklar Duymasın”, "Bizim
Hikaye” də davam edəcək.
Yeni mövsümdə də ekranlarda olacaq seriallardan biri "Eşkiya dünyaya
hükümdar olmaz” serialının bir növ davamı sayılan və eyni janrda çəkilən,
kifayət qədər də tamaşaçı sevgisi qazanan "Çukur”du. Əsasən yeniyetmə və gənclərin diqqətini çəkən
serialda növbəti mövsümdə əlavə obrazların da daxil olacağı qeyd edilir.
Çəkilişləri 2014-cü ildən başlayan "Diriliş Ertuğrul” serialı da sentaybr
ayında 5-ci mövsümü ilə tamaşaçıların görüşünə gələcək. Bu arada "Ufak Tefek
Cinayetler”də öldürülən obrazlar bəlli olub. Ekran işinin mövsüm finalında
dənizdən çıxan qadın cəsədinin Elif, ilk seriyada pəncərədən atılan şəxsin isə
Edip olduğu ortaya çıxıb. Bəs qatil kimdir? Bu sualın cavabı isə serialın
ikinci mövsümündə bəlli olacaq. İkinci mövsümün tizeri isə Türkiyə tarixində
ilk dəfə olaraq mövsüm finalından sonra yayımlanıb. Tizer sosial mediada böyük
səs-küy yaradıb. İddialı prodakşn işi, möhtəşəm kostyumlar və sarsıdıcı
görüntüləri ilə fərqlənən tizerin çəkilişi üçün hovuz dekoru düzəldilib.
Anonsda yer alan bütün kostyumlar özəl olaraq tizer üçün dizayn edilib və
tikilib.
Onu da qeyd edim ki, bu mövsüm Türkiyə telekanallarında "8. Gün”,
"Tehlikeli Karım” serialları da nümayiş olunub. Ancaq bu seriallar o
qədər də reytinq gətirməyib.
Vurğulayım ki, "8.Gün” serialı
6 bölüm yayımlandıqdan sonra final bölümü nümayiş olundu. Səbəb isə serialın
kifayət qədər tamaşaçı toplaya bilməməsi idi. Halbuki, öncədən verilən proqnozlarda
filmin çox baxımlı olacağı qeyd
edilirdi. Serialda hər nə qədər məşhur simalar rol alsa da, proqnozlar özünü
doğrultmadı.
Danılmaz faktdır ki, yuxarıda adlarını qeyd etdiyim seriallar
Azərbaycan tamaşaçıları tərəfindən də izlənilir və sevilir. Türkiyənin son 5 ildə kino və teleserial
sektorunda böyük uğurlar əldə etməsi də xüsusi diqqət çəkir. Nəinki
Azərbaycanda, həmçinin qeyr-müsəlman ölkələrdə də bu teleseriallar sevilir. Təsadüfi
deyil ki, türk serialları bu gün 50-dən çox ölkəyə satılır.
Türk teleseriallarının ən önəmli xüsusiyyəti tamaşaçıya xoş gələ
biləcək yeni üzlər tapmasıdır. Eyni zamanda, geniş kütlələrə xitab edən,
onların hisslərinə tərcüman olan mövzuları ələ almasıdır. Maddi sıxıntılar
yaşayan kəsimlərin eşqləri, gündəlik problemləri, həyata baxışları bu
teleseriallarda geniş şəkildə işlənmişdir. Diqqət etsək, görərik ki, bu
mövzular yalnız türk xalqını düşündürən mövzular deyildir. İnsanlığın ortaq
dərdləri, gündəlik qayğı və macəraları, eşqləri təbii ki, bu teleserialların
ortaq mövzulardır. Seriallardakı
xarakterlər əlbəttə ki, milli dəyərləri və mədəniyyəti əks etdirir. Amma
bununla yanaşı, həm də insanlığa aid olan ümumi dəyərləri qabardır.
Xəyalə Rəis