• cümə, 29 Mart, 15:41
  • Baku Bakı 14°C

Tamaşaçı üçün estetik zövq mənbəyinə çevrilən aktyor

05.09.19 14:15 1230
Tamaşaçı üçün estetik zövq mənbəyinə çevrilən aktyor
Onun milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələri, çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla xarakter səviyyəsinə qaldırdığı obrazları incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib. Əvəzolunmaz sənətkarın təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələri bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirilib. O, yaratdığı obrazlarla təkcə tamaşaçını güldürməyib, eyni zamanda, onu düşündürməyi bacarıb. Xalq Artisti, unudulmaz sənətkar Siyavuş Aslan yaradıcılığı vasitəsilə cəmiyyətin diqqət mərkəzində olan problemləri bütün dərinlikləri ilə tamaşaçının yaddaşında həkk etdirə bilib.
Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan görkəmli aktyorun zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verib.
AZƏRTACxəbər verir ki, sentyabrın 5-də Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Siyavuş Aslanın anadan olmasının 84-cü ili tamam olur.
Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Səyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində başlayan Siyavuş Aslan 1958–1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984–1994-cü illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. 1994-cü ildə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib. 1996-cı ildə Siyavuş Aslan yenidən Akademik Milli Dram Teatrına qayıdaraq ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlayıb. O, həmişə səhnədə öz ifa tərzinə xüsusi incəliklərlə yeni çalarlar əlavə edib, çıxışlarını teatrsevərlər və kinosevərlər üçün estetik zövq mənbəyinə çevirməyi bacarıb.
Teatr aktyorluğu sahəsində görkəmli sənətkar kimi tanınan Siyavuş Aslan həm də məşhur kino ustası olub. Onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşadıb. Siyavuş Aslanın teatr və kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbidir.
Onun üçün oynaya bilməyəcəyi rol yox idi. O, "Hamlet”, "Böyük Romul”, "Ax, Paris, Paris”, "Mənim sevimli dəlim”, "Hicran” , "Poçt şöbəsində xəyal”, "Varlı qadın”, "Sevgililərin cəhənnəmdə vüsalı”, "Bizim qəribə taleyimiz” tamaşalarında, "Ulduz”, "Bəyin oğurlanması”, "Yol əhvalatı” filmlərində, "Yaşıl eynəkli adam”, "Qaynana əməliyyatı” və digər teletamaşalarda yaratdığı bir-birindən yaddaqalan obrazlar qalereyası ilə böyük tamaşaçı sevgisi qazana bilib. Sənətkar kimi o özünü dünya dramaturgiyasında, klassik dramaturgiyada sınağa çəkərək realizə edə bilib.
Azərbaycan teatrı və kino sənətinin inkişafında xüsusi xidmətlər göstərmiş Siyavuş Aslanın əməyi daim yüksək qiymətləndirilib. O, bir çox mükafat və fəxri adlar alıb, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifləri olan "Şərəf”, "Şöhrət” ordenlərinə və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
2013-cü ilin iyunun 27-də dünyasını dəyişən unudulmaz sənətkarımız Siyavuş Aslan yaratdığı parlaq obrazlar qalereyası ilə sənətsevərlərin qəlbində, o cümlədən teatrımızın, kinomuzun tarixində əbədi olaraq qalacaq.
banner

Oxşar Xəbərlər