• şənbə, 20 Aprel, 13:00
  • Baku Bakı 23°C

Taleyin albomu - Fotolar

05.05.18 10:00 1205
Taleyin albomu - Fotolar
Rusiyanın teatr və kino aləmi məşhur sovet aktyoru Yuri Vasilyeviç Yakovlevin 90 illiyini qeyd edir. O, tamaşaçıların yaddaşında 70-dən artıq filmdəki rolları ilə qalıb. Aktyorun adı çəkiləndə "İvan Vasilyeviç peşəsini dəyirşir”, "Qusar balladası”, "Qəribə təsadüf və ya həmişə təmizlikdə” və "Kin-za-za” filmləri yada düşür.
Uğursuz tələbə

Yuri Yakovlev 1928-ci ildə Moskvada anadan olub. Onun atası Vasili hüquqşünas idi, anası Olqa isə Kremlin nəzdində olan poliklinikada pəhriz üzrə tibb bacısı işləyirdi. Onların ailəsi Olqa Mixaylovnanın bacısı və iki qardaşı ilə birgə Podsosnevski döngəsində yaşayırdı. Sonralar isə onlar Kolobovski döngəsinə yeni binaya köçdülər. O vaxtlar artıq Yurinin valideynləri ayrılmışdılar. Oğlan anası ilə qalırdı, atası isə cümə axşamları onu yoluxmağa gəlirdi.

Babası Vasili Nikolayeviç Yakovlev böyük ayaqqabı istehsalçısı idi və Voronej əhalisini ayaqqabı ilə təmin edirdi. Voronej şəhərində Smolenski soborda xüsusi ayaqqabı dükanları var idı.

1937-ci ildə kütləvi təmizlənmə və həbsetmələr başlamışdı. Yurinin dayısı, ictimai xadim Ami İvanovu Tuxaçevski ilə dostluq etdiyinə görə həbs edib məhkəmədən dərhal sonra güllələdilər. Olqa Mixaylovna müdiriyyətin tövsiyəsinə əməl edib işdən çıxdığına görə qurtuldu. 1941-ci ilin payızında Yakovlevlərin yaşadığı binanı təxliyə etdilər. Ailə Ufaya köçdü. Gənc oğlan orada anasının tibb bacısı işlədiyi hospitalda işləməyə başladı. O, paralel olaraq məktəbdə də oxuyurdu. Evə - bu illər ərzində demək olar ki, dağılmış Moskvaya onlar 1943-cü ildə qayıtdılar. Gənc Yakovlev yanacaqdoldurmada fəhlə işləyirdi. Sonralar ABŞ səfirliyi nəzdində avtomobillərin xırda təmiri ilə məşğul olmağa başladı. Axşam məktəbini bitirəndən sonra gənc oğlan gələcəkdə diplomat olmaq arzusuna çatmaq üçün sənədlərini Beynəlxalq Münasibətlər İnstitutuna verməyə hazırlaşırdı. Nəticədə isə fikrini dəyişib özünü aktyorluq sənətində sınamaq qərarına gəldi. O, uzun müddət yaşadığı mənzilin anbarında məşqlər etməyə, tələffüzünə quruluş verməyə başladı. Yakovlevin hədəfi Kinematoqrafiya İnstitutuna daxil olmaq olsa da, nəticədə onun zahiri görünüşü komissiyanın xoşuna gəlmədi. Ona başa saldılar ki, kadrda yaxşı görünməyəcək. Bu, həyatında zahiri görünüşünə görə aldığı ilk xəbərdarlıq deyildi. Hələ müharibədən əvvəl «Timur və onun komandası» filmində ikinci dərəcəli rolda çəkilməyə təşəbbüs etmişdi. İmtahandakı məğlubiyyəti isə onu darmadağın etdi. Amma xoş bir təsadüf onu xilas etdi. İnstitutun dəhlizində rast gəldiyi yuxarı kurs tələbəsi ona sənədlərini Şukin adına peşə məktəbinə verməyi məsləhət gördü. Yeganə təhsil ocağı idi ki, orada imtahanlar hələ də davam edirdi. Qəbul komissiyası Yakovlevə o qədər də heyran olmadı. O hər şeyin məhv olduğunu düşündüyü zaman, kursa tələbə yığan Sisiliya Lvovna müdaxilə etdi və gəncin qəbul olunmasını təkid etdi.

Mühafizəkar və sədaqətli

Şukin adına peşə məktəbində tələbənin işləri pis gedirdi. Elə birinci kursdaca aktyor bacarığı imtahanından «qeyri-kafi» aldığına görə az qalmışdı ki, onu məktəbdən qovsunlar. Onu bu vəziyyətdən yenə də Sisiliya Lvovna çıxardı. O, uğursuz tələbəni öz müdafiəsi altına aldı. Tədricən işlər düzəlməyə başladı. Cavan oğlan stabil olaraq «4» qiymətlər almağa başladı. Heç də təəccüblü deyil ki, Şukin adına məktəbin son kurs tələbəsini Vaxtanqov adına Akademik Teatra məmnuniyyətlə qəbul etdilər. Çox tezliklə Yuri Vasilyeviç baş aktyorlardan birinə çevrildi.

Yakovlev böyük səhnəyə 1952-ci ildən çıxmağa başladı. İlk vaxtlar o, epizodik rollarda çıxış edirdi. Məsələn, Viktor Hüqonun «Rədd edilmişlər» pyesindəki jandarmlardan birini canlandırırdı. Bir ildən sonra gənc aktyor «Makar Dubrava», «Avropa salnaməsi» pyeslərində ikinci dərəcəli rolları, sonra isə Sergey Mixalkovun «Raki» pyesində yaramaz Lenski rolu ilə tamaşaçıların rəğbətini qazandı.

1954-1962-ci illər kinoda intensiv çəkilməyə başladı. 1968-ci ildə aktyora «Hər müdirin öz sadəliyi» tamaşasında Yeqor Qlumov rolu müvəffəqiyyət gətirdi. 60-cı illərin sonlarında aktyor özünü Vaxtanqov Teatrının baş aktyorlarından biri kimi təsdiq etdi. Yakovlevin istedadı, kino sahəsindəki məşhurluğu sayəsində zal tamaşaçılarla dolu olurdu. Aktyoru MXAT-a, Kiçik teatra çağırırdılar. Amma Yakovlev təbiətinə görə mühafizəkar idi, ona görə də öz iş yerinə sədaqətli qaldı.

Vaxtanqov adına Teatrda 60 il ərzində müxtəlif aktyorlarla, rejissorlarla işləmişdi. Vladimir Etuşdan başlayaraq, Roman Viktyukovla bitirmişdi. Teatrdakı axırıncı rolu Yakovlev 2011-ci ildə «Körpü» tamaşasında oynayıb. Ümumilikdə isə əfsanəvi aktyorun yüzlərlə rolu olub.

Aforizmə çevrilən cümlələr

Kino yaradıcılığına aktyor ilk dəfə 1959-cu ildə başlayıb. Ona «Albaniya Skanderberqin ulu döyüşçüsü» adlı sovet-alban tarixi filmində kiçik rol tapşırmışdılar. Bu kino lenti Kann Kinofestivalında nümayiş olunmuşdu. Hətta rejissorluq işinə görə film mükafata layiq görülmüşdü. Amma bu uğur heç bir vəchlə Yakovlevin həyatında dəyişiklik etməmişdi. Bir ildən sonra aktyor «Səhnənin döşəməsində» adlı filmdə kiçik bir rol aldı. 1956 və 1957-ci illərdə daha üç filmə çəkildi.

Aktyorun həyatında müvəffəqiyyət yalnız «Sarsaq» filminin birinci hissəsinə çəkildikdən sonra yarandı. 1959-cu ildə bu kinolent «Sovetski ekran» jurnalında gözəl variant kimi ad aldı. Yuri Yakovlev isə dərhal populyarlıq qazandı. 1961-ci ildə aktyor Eldar Ryazanovun «İnsana yer tapılmır» filmində çəkildi. Bəlkə də buna görə aktyoru Eldar Ryazanovun növbəti filmində - "Qusar balladası”nda Poruçik Rjevski roluna dəvət etdilər. Bu film ekranlara 1962-ci ildə çıxdı və dərhal da məşhurlaşdı. Bu komediyaya demək olar ki, 50 milyon adam tamaşa etdi.

Kinorejissorlar cavan aktyora dəvətlər yağdırmağa başladılar və Yakovlev növbəti onillikdə 20-dən artıq filmə çəkildi. 70-ci illərdə Yuri Vasilyeviç əvvəlcə «İvan Vasilyeviç peşəsini dəyişir» filminə çəkildi. Sınaq çəkilişləri zamanı İvan Vasilyeviç roluna –Yuri Nikulin, Georgi Vitsin,Yevgeni Lebedev,Yevgeni Yevstiqneyev çəkilsələr də, rejissor Leonid Qayday Yuri Yakovlevin üzərində dayanmasından sonralar peşman olmadı. Leonid Qayday bu filmdən rejissorişinə görə 5948 rubl, ssenariyə görə isə 2000 rubl qonorar alıb.

Filmə 1 il ərzində 60 milyondan çox tamaşaçı baxmışdı. Ekran əsəri ABŞtamaşaçılarına "İvan Vasilyeviç: gələcəyə qayıdış” ("Ivan Vasilievich: Back to the Future”) adı ilə tanışdır.
Aktyor daha sonra «Qəribə təsadüf və ya həmişə təmizlikdə» filmində rol aldı. Əvvəlcə onu İppolit rolunda çəkilməyə Oleq Basilaşvili dəvət etdi, həmin vaxtlar onun ailəsində faciə baş vermişdi, buna görə aktyoru Yakovlevlə əvəz etmək qərarına gəldilər. O da obraza peşəkarlıqla daxil oldu.

Sonralar aktyor daha bir neçə kult filmdə - «Kin-za-za», «Vivat, qardomarinlər!» və s. ekran əsərlərində rol aldı. 1993-cü ildən vəfat etdiyi günə kimi 4 filmdə çəkildi. Bunlardan biri «Qəribə təsadüf»ün davamı idi. Amma bu film kino tənqidçilərinin ürəyincə olmadı. Aktyor televiziyaya da çəkilirdi. Həmçinin «Şahzadə Turandot» tamaşasının televiziya versiyasına, Pantalone rolunda çəkilib. Aktyorun səsinin ürəyəyatımlı olmasına görə, onu valların və cizgi filmlərinin səsləndirilməsinə də dəvət edirdilər.

Yuri Yakovlevin kinofilmlərdə işlətdiyi cümlələr nəsillər arasında dillər əzbəri olmuşdu. «Mən banketin davamını tələb edirəm!», «Hamı rəqs etsin!», «Məni tərk et, qarı, mən qüssəliyəm», «Sizin bu körfəz balığınız necə də iyrəncdir!..», «Qulaq as, əzizim...» sözlərini insanlar az qala aforizmə çevirmişdilər.

Yuri Vasilyeviç Rusiya İncəsənət Akademiyasının fəxri nümayəndəsi, RSFSR və SSRİ-nin xalq artisti idi, «Çexov medalı»na, «Büllur Turandot» mükafatına layiq görülmüşdü. «Qızıl maskalar» müsabiqəsinin qalibi idi. Həmçinin vətən qarşısında xidmətlərinə görə «Lenin ordeni», «Qızıl bayraq» ordeni almışdı. Onu ədəbiyyat sahəsində müxtəlif dövlət mükafatlarına da layiq görmüşdülər. Rusiyanın bədii mədəniyyətinə göstərdiyi xidməti prezidentin mükafatı ilə ölçülmüşdü.
Aktyorun sərgüzəştləri

Teatr mühitində aktyor öz məhəbbət sərgüzəştləri ilə məşhur idi. Onun birinci həyat yoldaşı həkim Kira Mançulskaya olub. Bu izdivac 10 ildən az çəkib. Aktyorun həyat yoldaşı uşaq istəmirdi, ona görə də kişi sağa-sola gəzməyə başladı və bunu elə də gizlətmədi. Kira qız uşağı dünyaya gətirəndə, aktrisa Yekaterina Raykinanın da Yakovlevdən hamilə olduğu məlum oldu. Nəticədə seçim qarşısında qalan aktyor Raykinanın yanına getdi.

İkinci izdivac 3 il çəkdi. Cütlük xəyanət və içki üzündən ayrıldı. Onların oğlu isə anası ilə qaldı. Yalnız Yakovlevin Teatr Muzeyinin rəhbəri İrina Sergeyevna ilə olan üçüncü izdivacı xoşbəxt oldu. Qadın bütün münaqişələrə rəğmən, 1969-cu ildə ona oğlu Antonu hədiyyə etdi. Yuri Vasilyeviç və İrina 40 il birlikdə – aktyor ölən günə kimi ömür sürdülər. Yakovlevin bütün uşaqları onun yolunu davam etdirərək aktyorluğu seçdilər.

Yuri Vasilyeviçi tez-tez kitab oxuyan görmək olardı. O, rus klassiklərinə üstünlük verirdi. Aktyor A.P.Çexovu seçərək öz kitabını – «Taleyimin albomu»nu çap etdirir.
Yuri Vasilyeviç Yakovlev 2013-cü il 30 noyabrda teatrın səhnəsində huşunu itirdikdən sonra xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmadı. Aktyorun ölümünün dəqiq səbəbi isə ictimaiyyətə qaranlıq qaldı.
Rusiya mətbuatından çevirdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər