• cümə, 26 Aprel, 12:13
  • Baku Bakı 23°C

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib

26.10.16 14:12 1170
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə şahid qismində Nardaran sakini Valeh Abbasov ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəni təsdiq etməyib. Bildirib ki, yazıb-oxuya bilmir.
Sonra onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilib. O, ifadəsində bildirib ki, Taleh Bağırovun Nardaranda Əbülfəz Bünyatovun evində qonaq olmasını, orada gündə iki dəfə yemək verilməsini eşidib həmin evə gedib. T. Bağırovu ilk dəfə orada görüb. T. Bağırov dini mövzulardan başqa, Azərbaycanda dövlət çevrilişi etmək, silahlanmaq, dini dövlət qurulması haqqında çıxışlar edib: "Mən başa düşdüm ki, onların fikri dövlət çevrilişi etməkdir, oradan uzaqlaşdım".
Sonra iclasda ifadə verən Bəxtiyar Aşurov da istintaq zamanı verdiyi ifadəni təsdiq etməyib. Maştağa sakini olan B. Aşurov deyib ki, yolda gedəndə polislər onu saxlayıb ifadə almağa aparıblar.
Onun da ibtidai istintaqa verdiyi ifadə elan edilib. O, ifadəsində deyib ki, Hacı Baxış məscidində Taleh Bağırovun dövlətə qarşı çıxışlar etməsinin şahidi olub.
Prosesdə ifadə verən şahid Samir Babayev isə ötən il noyabrın 5-də Elçin Qasımovun həbsinin səbəbini öyrənmək üçün Sabunçu rayon Polis İdarəsinin qarşısına getdiklərini, orada saxlanılaraq bir gündən sonra sərbəst buraxıldığını, Taleh Bağırovun dövlət əleyhinə çıxışlarının şahidi olmadığını deyib. Bildirib ki, onu BMCMİ-də İslam Ağabəyov dindirib.
Vəkillər isə İ. Ağabəyovun iş üzrə zərərçəkmiş olduğunu deyiblər və bu məsələnin araşdırılması üçün onun yenidən dindirilməsi barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib. Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.
AXCPsədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
banner

Oxşar Xəbərlər